Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-244/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçı X3, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2770 manat məbləğində pulun, vəkilə ödənilmiş 1000 manat məbləğində pulun və ödənilmiş 59 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin aprel ayında iddia ərizəsi vermək və onu məhkəmədə müdafiə etməsi üçün ünvan 1 ünvanında yerləşən ofislərində özlərini vəkil kimi təqdim etdikdən sonra tanımışdır. Belə ki, X8 öz nəşrlərinə əlavə etməklə çap etdirdiyi kitabda müəllifi olduğu “Aşıq Valeh” (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007), eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitabı “Aşıq Valeh” (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 338 səhifə, 2011-ci il) kitablarındakı folklor əsərlərini rasimləri ilə birlikdə istifadə etmiş və köçürmüşdür. Bildirmək istəyir ki, cavabdehlər hüquqi yardım göstərilməsi adı ilə ondan 200 manat, dövlət rüsumunun ödənilməsi adı ilə 70 manat, məhkəmədə işin onun xeyrinə həll edəcəklərini söz verərək 1.500 manat və 1.000 manat almışlar. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər vəkil deyil və onu aldadıblar. Belə ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 dəfələrlə zəng edib onu aldadaraq aldıqları pulu geri qaytarmalarını tələb etdikdə hər dəfə bir bəhanə etdilər, sonra isə heç telefonuna da cavab verməyərək pulu qaytarmaqdan yayındılar. Bundan başqa, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onu aldatdıqlarına görə Bakı şəhəri Yasamal RPİ-nə şikayət ərizəsi İlə müraciət etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin HK-1, 1597 saylı, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Müstəntiq ona bildirmişdir ki, mülki qaydada məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iddiaçı X5 və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh3 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, o, cavabdeh olduğu 2(009)-2602/2024 saylı mülki iş üzrə, İddiaçı ona münasibətdə iddia tələbini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, o, iddiaçı ilə hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış və xidmət haqqı da iddiaçı ilə razılaşdirilmiş qaydada aparılıb ki, iddiaçı şəxsən müqavilə ilə tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Daha sonra əlavə xidmətlərə görə həmin müqaviləyə 1 saylı əlavə əsasında əlavə xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir və bu əlavə xidmətlər də iddiaçıya göstərilmişdir. Bu xidmətlərin göstərilməsinə dair bütün müvafiq ərizə, vəsatət və digər sənədlər mövcüddur. O, 2013-cü il tarixindən etibarən hüquq təhsili əsasında və fərdi sahibkarlıq subyetki olaraq qanuni fəaliyyət göstərir. İddiaçının xeyirinə çoxsaylı ərizə, vəsatət və müraciətlər ünvanlamışdır və onun xeyirinə müvafiq prosedurlar aparılıb, Bakı Apellyasiya Məhkəməsində müvafiq ekspertizaların təyin edilməsi istiqamətində vəsatətlər məhkəmə tərəfindən qəbul olunaraq ekspertiza təyin edilmişdir. Bundan əlavə, o, öncədən dəfələrlə iddiaçıya onun işinin perspektivi barədə ona məlumat vermiş, lakin o hər dəfəsində “gəlin cəhd edək” ifadəsını qeyd etmişdir ki, iddiaçının bu israrı səbəbində onlar müqavilə bağladılar və o ona müvafiq xidmətlər göstərmişdir. Hazırda iddiaçının ona qarşı irəli sürmüş olduğu pul tələbi ilə bağlı iddia tələbini ədalətsiz və əsassız hesab edir, bu səbəbdən ki, mülki münasibətlər hər iki tərəfin qarşılığlı razılığı əsasında həyata keçirilir və xidmətlərin dəyəri, xidmət göstərən şəxs tərəfindən müəyyən edilir. O, iddiaçıya demək olar ki, 1 ildən artıq çoxsaylı məsləhətlər, ərizə, vəsatət, müraciət və digər xidmətlər göstərmiş və qarşılığında əldə etmiş olduğu bu xidmət haqqının kifayət qədər ədalətli olduğunu düşünür. Məlumdur ki, xidmət göstərilən an xidmət göstərən şəxs bu xidmətin ərsəyə qəlməsi üçün vaxtını, biliyini sərf edir və nəticədə öz şəxsi həyatını qeri plana atmalı olur. İddiaçı demək olar ki, hər gün onun vaxtını alıb, hər dəfəsində ona vaxtını sərf etmişdir, hesab edir ki, bu gün iddiaçının ona qarşı irəli sürmüş olduğu iddia tələbi heç bir halda əsaslı və ədalətli ola bilməz. Bundan əlavə, iddiaçı onun barəsində hüquq mühafizə orqanlarına şikayət etməklə onun işgüzar nüfuzuna zərər vurmuş və ona mənəvi iztirab yaşatmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ona münasibətdə irəli sürmüş olduğu iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair müvafiq məhkəmə aktının qəbul etməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, cavabdehi olduğu 2(009)-2602/2024 saylı mülki iş üzrə, İddiaçı ona münasibətdə iddia tələbini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Bildirir ki, o, Cavabdeh1, 65 yaşındadır, təqaüdçüdür. X2 fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə arada bir qedibgəlir və qızı üçün yemək hazırlamaq məqsədi ilə orada olur. İddiaçının öz arzusu və istəyi ilə qızının fəaliyyət göstərdiyi ofisə yaxınlaşaraq ona köməklik göstərilməsini xahiş etdiyinin şahididir və qızı ilə müqavilə bağlanıldıqdan sonra demək olar iddiaçı hər gün ofisə gələrək, hər dəfəsində məsləhətlər və ərizələr əldə etmişdir. İddiaçını o, bu cür tanımışdır və onunla hər-hansısa başqa bir iş birliyi olmamışdır. İddiaçıdan o, hərhansısa pul vəsaiti almamışdır. O, iddiaçıya heç bir xidmət göstərməmişdir. Bu səbəbdən iddiaçının ona qarşı pul tələbi ilə çıxış etməsini tamamilə əsassız və ədalətsiz hesab edir. İddiaçı müqavilə üzrə xidmət haqqını qızına ödəmişdir və bu ödəniş əsasında qızı X9 ona dəfələrlə uzun müddət ərzində hüquq xidmətləri göstərmişdir. İddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, cavabdehi olduğu 2(009)-2602/2024 saylı mülki iş üzrə İddiaçı ona münasibətdə iddia tələbini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, o, iddiaçı ilə hər-hansısa müqavilə münasibətlərində olmamış və iddiaçıya xidmət göstərməmişdir, bu səbəbdən iddiaçıdan hər-hansısa pul vəsaiti almamışdır ki, bu iddiaçıya da məlumdur. İddiaçını ümumillikdə 2 dəfə görmüş və sadəcə onun məsələsi ilə bağlı səmimi söhbətləri olub, bundan başqa, o, həmin şəxslə hər-hansısa mülki münasibətlərdə olmamışdır ki, bu faktı təkzib edən heç bir əqd və ya digər mötəbər əhəmiyyət kəsb edən sübut yoxdur. Onun yaxın qohumu olan X9 iddiaçıya hüquq xidmətlərinin göstərilməsi haqqında müqaviləsi əsasında iddiaçıya müvafiq xidmətlər göstəmiş və bu xidmətlər əsasında qarşılıqlı razılıq əsasında ona müqavilə üzrə xidmət haqqı ödənilmişdir ki, hesab edir ki, belə olan halda ona qarşı irəli sürülmüş iddia tələbi başa düşülən deyil. Əlavə olaraq məhkəməyə bildirir ki, iddiaçı ilə X9 arasında müqavilə münasibətləri yaranan tarixdə və bu xidmətlər həyata keçirilən zaman, o, ölkə xaricində olmuşdur. Hesab edir ki, iddia irəli sürülən zaman əsaslı, qanuni və ədalətli olmalıdır. Əsassız olaraq irəli sürülən iddia tələbi heç bir halda qəbul və təmin edilə bilməz. Bundan əlavə qeyd etmək istəyir ki, o, 2024-cü ilin aprel ayından etibarən Azərbaycan Respublikasında deyil və bu etirazını elektron məhkəmə portalı vasitəsi ilə, məhkəməyə təqdim edir. Heç şübhəsi yoxdur ki, məhkəmə işə qanuni və ədalətli şəkildə baxaraq qanuni, əsaslı və ədalətli qətnamə qəbul edəcəkdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı ona münasibətdə irəli sürmüş olduğu iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair müvafiq məhkəmə aktını qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara alınmışdır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur. İş materiallarında olan “sifarişçi” İddiaçı və “icraçı” fərdi sahibkar X9 arasında bağlanmış 03 may 2023-cü il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndindən görünür ki, Sifarişçinin tapşırığı ilə İcraçı bu Müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında, Sifarişçiyə xidmətlərin göstərilməsini, Sifaritşçi isə göstərilən hüquq xidmətlərini qəbul edərək, müqavilə ilə müəyyən olunmuş məbləği icraçıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən hazırki müqavilənin 1.1-ci bəndi üzrə göstəriləcək hüquq xidmətlərinin dəyəri 200 manat miqdarında müəyyən edilir. Müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə 03 may 2023-cü il tarixində bağlanılır və tərəflər arasında öhdəliklər tam həcmdə yerinə yetirilənədək qüvvədədir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və (və ya) mənəvi zərəri ( o cümlədən əldən çıxmış fayda şəklində də) ödəməlidir. Müqavilənin 6.2-ci bəndinə əsasən zərərçəkmiş tərəf zərərin vurulmasının həqiqiliyini və həcmini, habelə öhdəliklərin yerinə yetirilməməsi ilə zərərin vurulması faktı arasında mövcud olan səbəbli əlaqəni müvafiq sübutlarla təsdiq etməlidir. İş materiallarında olan “sifarişçi” İddiaçı və “icraçı” fərdi sahibkar X9 arasında bağlanmış 03 may 2023-cü il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, 03 may 2023-cü il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndi üzrə nəzərdə tutulmuş hüquq xidmətlərinin icrası istiqamətində əlavə hüquqi prosedurların həyata keçrilməsi (ərizələrin, məhkəmə ekspertizasının təyin edilməsi üzrə vəsatət və bundan irəli gələn digər hüquq xidmətlərinin həyata keçirilməsi) məqsədi, bu əlavə hüquq xidmətlərinə görə Sifarişçi, İcraçıya 2.500 (iki min bez yüz) manat xidmət haqqı ödəyir və icraçı qeyd edilən əlavə hüquq xidmətlərinə görə bu xidmətlərin əvəzi olaraq bu məbləği qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fıziki və hüquqi şəxslərin azad sufətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı və cavabdeh fərdi sahibkar X9 arasında 03 may 2023-cü il tarixli hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh X1 müəyyən etdiyi müddət və şərtlər əsasında, iddiaçıya hüquqi xidmətlərin göstərilməsini, iddiaçı isə göstərilən hüquq xidmətlərini qəbul edərək, müqavilə ilə müəyyən olunmuş məbləği cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh X9 tərəfindən müqavilə öhdəliklərinin pozulması və ona maddi ziyan dəyməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 21-ci maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehlərdən 2770 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-244/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-244/2025
13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver