Məhkəmə qərarları › İş №2(009)-247/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-247/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-247/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan Cavabdeh MMC ilə onun arasında xx.xx.2018-ci il tarixdə “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. İstinad edilən müqavilənin 1.1-ci bəndinə görə Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın “D” blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140 kv.m. olan 51-ci mənzili "xxxx"ya verməsi, "xxxx"nın isə mənzili qəbul edib müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ona ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixdə icra edib, Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsində inşa etdiyi birinci binanın “D” blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət, ümumi sahəsi 140 kv.m. olan 51-ci mənzilin hər kv.metrinə görə Cavabdeh MMC-yə 800 manat olmaqla, ümumilikdə 140x800=112.000 manat nəğd şəkildə ödəyib müvafiq maliyyə arayışı almışdır. Lakin müqavilənin bağlandığı vaxtdan 5 il 10 ay müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini nəinki tam icra etməmiş, ümumiyyətlə öhdəliyinin icrasına başlamamış, hətta öhdəliyini icra etmək niyyətində olduğunu göstərən davranışlar belə nümayiş etdirməmişdir. Cavabdehin öhdəliyinin icrasına başlamaması onunla təsdiq olunmuşdur ki, aralarında müqavilə bağlanarkən birinci binanı “D” blokunun 7-ci mərtəbəsinin inşası artıq tamamlanmış vəziyyətdə olmuşdur. Lakin ötən 5 il 10 ay müddət ərzində cavabdeh “D” blokun tikintisini ümumiyyətlə davam etdirməmiş və tikinti işlərini davam etdirməməsinin səbəbləri barədə payçılara hər hansı qaydada məlumat verməmişdir. Odur ki, o, cavabdehə qarşı “ödənilmiş pul məbləğinin geri alınması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1823/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 112.000 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1823/2021 saylı qətnaməsinin qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq, Cavabdeh MMC bu günədək ona məxsus 112.000 manat pul məbləğini geri qaytarmamış və qaytarmaqdan yayınmaqda davam etməkdədir. Göründüyü kimi, işin yuxarıda qeyd edilən halları ilə tam təsdiq olunur ki, cavabdeh aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etmək niyyətində olmadığı halda, ondan əsassız olaraq 112.000 manat pul almışdır. Cavabdeh ona məxsus 112.000 manat pul məbləğini ondan alaraq üzərinə götürdüyü öhdəliyi icra etməməklə ona maddi və mənəvi zərər vurmuşdur. Cavabdehin ona vurduğu maddi zərər aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyib ona məxsus 112.000 manat pul vəsaitindən qanunsuz istifadə etməklə, onu 5 il 10 ay ərzində həmin pul vəsaitlərindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum etməsinə ifadə olunmuşdur. Göründüyü kimi, cavabdehin ona məxsus 112.000 manat pul vəsaitindən 5 il 10 ay ərzində qanunsuz istifadə etməsi həmin pul vəsaitindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən onu məhrum etmişdir. Odur ki, cavabdehdən ona qaytarmalı olduğu 112.000 manat pul məbləğindən əlavə, onun həmin pul məbləğini qanunsuz olaraq özündə saxlayıb ondan 5 il 10 ay müddətində istifadə etməklə, ona qaytarılmasını gecikdirdiyinə görə illik 9% olmaqla, ümumilikdə 112.000 x 9% : 100 x 5 il 10 ay = 58.800 manat alınıb onun xeyrinə ödənilməlidir. Bununla belə yuxarıda qeyd etdiyi kimi cavabdeh ona maddi zərərlə yanaşı mənəvi zərər də vurmuşdur. Belə ki, Cavabdeh MMC-nin ona məxsus 112.000 manat pul vəsaitini qanunsuz olaraq özündən saxlayıb, ondan 5 il 10 ay ərzində istifadə etməsi, həmin pul vəsaitlərindən onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etməsi onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Cavabdeh MMC-nə ona vurduğu mənəvi zərərin əvəzinin pulla kompensasiya edilməsinə gəldikdə hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdeh ona 10.000 manat məbləğində kompensasiya ödənilməlidir. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh MMC-dən ona vurduğu maddi zərərə görə 58.800 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, habelə ödənilmiş 296,4 manat dövlət rüsumunun, ümumilikdə 69.096,4 manat pul məbləğinin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, dəfələrlə pulun geri verilməsi ilə bağlı cavabdeh təşkilatın səlahiyyətli şəxslərinə müraciət etsə də, onlar bundan imtina etmiş, mühafizəçiləri vasitəsi ilə ona təzyiq və təhdidlər edərək ərazidən kənarlaşdırılmış, nə üçün məhkəməyə müraciət etməsini bəhanə gətirərək “get icrada işi həll etsinlər” demişlər, bütün bunlar onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Hətta bir dəfə cavabdeh təşkilatın ağsaqqal əməkdaşı onu mühafizəçilərin əlindən zorla almışdır. Cavabdeh MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvanı məlum olmadığından onun nümayəndəsini məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə hüquqi şəxsin hüquqi ünvanından məhkəmə bildirişi müvafiq qeydlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Cavabdeh MMC ilə "xxxx" qismində İddiaçı arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməklə olan binasında, bina 1, “D” bloku, 8-ci mərtəbədə yerləşən sahəsi 140 kv.m. olan 3 otaqlı 51 saylı mənzili "xxxx"ya verməyi, "xxxx" isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, mərtəbə 8, sahəsi 140 kv.m. olan 3 otaqlı, 51 saylı mənzilinin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, “D” bloku, mərtəbə 8, sahəsi 140 kv.m. olan 3 otaqlı, 51 saylı mənzilin tikinti dəyərini ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" adlanacaq vətəndaş İddiaçı tam ödəmişdir, MMC-yə borcu yoxdur. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh MMC-dən 112.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-345/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2 icraata başlaması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu Cavabdeh MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması qərara alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-387/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, Səbail rayon icra şöbəsinin icra məmuru Aslan Astanovun təqdimatı təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1823/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən, ümumi sahəsi 1.1791 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Astan Astanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, icra sənədi üzrə tələbin yönəldiyi əmlakın Yasamal rayonu ərazisində olduğuna görə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1823/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli sənədinin icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, icraatda olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1823/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh MMC-dən 112.030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci ildə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Cavabdeh MMC-yə göndərilmişdir. Lakin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq Cavabdeh MMC tərəfindən təmin edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada Cavabdeh MMC barəsində məcburi icra tədbirləri tətbiq olunacaqdır. Cavabdeh MMC-dən tələb olunur ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin edilsin. Əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilməsi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacaqdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq Cavabdeh MMC barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacaqdır. Daha sonra isə Azərbaycan Respublikası CM-nin 306.1-ci (2.000 manatdan 4.000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhruetmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Cavabdeh MMC barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəkdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın “D” blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140 kv.m.olan 51-ci mənzilinin tikintisinə dair xx.xx.2018-ci il tarixdə müqavilə bağlanılmış, 112.000 manat mənzilin dəyəri iddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və mənzili iddiaçıya təhvil verilmədiyindən, iddiaçı Cavabdeh MMC-yə ödənilmiş 112.000 manat pulun qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-dən İddiaçı xeyrinə 112.000 manat məbləğində pulun tutulması qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh 112.000 manat pul məbləğini ondan alaraq üzərinə götürdüyü öhdəliyi icra etməməklə ona maddi və mənəvi zərər vurmuşdur. Cavabdehin ona vurduğu maddi zərər aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyib ona məxsus 112.000 manat pul vəsaitindən qanunsuz istifadə etməklə, onu 5 il 10 ay ərzində həmin pul vəsaitlərindən adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum etməsinə ifadə olunmuşdur. Odur ki, cavabdehdən ona qaytarmalı olduğu 112.000 manat pul məbləğindən əlavə, onun həmin pul məbləğini qanunsuz olaraq özündə saxlayıb ondan 5 il 10 ay müddətində istifadə etməklə, ona qaytarılmasını gecikdirdiyinə görə illik 9% olmaqla, ümumilikdə 112.000 x 9% : 100 x 5 il 10 ay = 58.800 manat alınıb onun xeyrinə ödənilməlidir. Bununla belə yuxarıda qeyd etdiyi kimi cavabdeh ona maddi zərərlə yanaşı mənəvi zərər də vurmuşdur. Belə ki, Cavabdeh MMC-nin ona məxsus 112.000 manat pul vəsaitini qanunsuz olaraq özündən saxlayıb, ondan 5 il 10 ay ərzində istifadə etməsi, həmin pul vəsaitlərindən onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etməsi onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Cavabdeh MMC-nə ona vurduğu mənəvi zərərin əvəzinin pulla kompensasiya edilməsinə gəldikdə hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdeh ona 10.000 manat məbləğində kompensasiya ödənilməlidir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-dən ona vurduğu maddi zərərə görə 58.800 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat, habelə ödənilmiş 296,4 manat dövlət rüsumunun, ümumilikdə 69.096,4 manat pul məbləğinin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadi-sosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 112.000 manat məbləğində pul vəsaitinin 5 il 10 ay ərzində ona qaytarmamaq səbəbindən əldə edəcəyi gəlirlərdən məhrum olmaqla maddi ziyan çəkməsinə dair dəlilləri üzrə qeyd edir ki, həmin pul vəsaitinin vaxtında veriləcəyi təqdirdə həmin pul vəsaitindən hansı gəlir əldə edəcəyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı pul vəsaitinin ona qaytarılmasının gecikdirilməsinə görə cavabdehin həmin pul vəsaitindən faydalanmasını əsas gətirərək maddi ziyanın əvəzi kimi cəmi 58.800 manat məbləğində pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan cavabdehdən pul vəsaitindən uzun müddət istifadəyə görə faizlər tələb edən iddiaçı cavabdehin həmin vəsaitdən faydalandığını sübut etməlidir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona qaytarılmalı olan 112.000 manat məbləğində pul vəsaitindən faydalanmasına dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə aaraq hesab edir ki, iddiaçı tərəfindən maddi ziyanın ödənilməsi ilə bağlı irəli sürdüyü tələbə dair sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən, iddia tələbi maddi ziyanın tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və X1 haqqında» Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərilir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul məbləğinin uzun müddət qaytarılmaması, hər dəfə cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsinə müraciət edərkən təzyiqlərə məruz qalması ilə əlaqədar iddiaçının mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Lakin məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə görə cavabdehdən tələb etdiyi 10.000 manat ağlabatan deyildir və buna görə də məhkəmə cavabdehdən mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul alınaraq iddiaçıya verilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (50 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 3.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar