Məhkəmə qərarları › İş №2(009)-249/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-249/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-249/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmli, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «borc» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 05 yanvar 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «subroqasiya» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 160 manat sığorta ödənişi məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Hyundai Accent” markalı, ** LM *** dövlət nömrə nişanlı 16.09.2019-cu il tarixdən 16.09.2020-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 03 fevral 2020-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Hyundai Accent” markalı, ** LM *** dövlət nömrə nişanlı avtomobillə “Changan CS 75” markalı, ** MZ *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhər DYPİ-nin 03.02.2020-ci il tarixli TP 34872229 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh İXM-nin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Qüsur aktına əsasən “Changan CS 75” markal ** MZ *** nömrə nişanlı avtomobilə 160 manat dəymiş zərər hesablanmış və həmin vəsait zərərçəkmişə ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş TP seriyalı ******* №-li İnzibati xəta haqqında protokolun və arayışın surətlərindən görünür ki, 03.02.2020-ci il tarixdə “Hyundai Accent” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Changan CS 75” markalı, ** MZ *** dövlət nömrə nişanlı avtomobil toqquşmuş və təqsir “Hyundai Accent” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündə olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh avtomaşını etibarnamə olmadan idarə etmişdir. 07 iyul 2021-ci il tarixli 003057 №-liödəniş tapşırığından görünür ki, 160 AZN sığorta ödənişi "xxxx" ASC tərəfindən X1 (zərərçəkmiş) hesabına ödənilmişdir. Mülki Məcəllənin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, Cavabdeh iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan «Hyundai Accent» markalı ** LM *** dövlət nömrə nişanlı avtomobili etibarnmə olmadan idarə edərkən «Changan CS 75» markalı ** MZ *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində «Changan CS 75» markalı ** MZ *** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 160 manat məbləğində pul vəsaitini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, 160 manat vəsaitin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-də sığortalanmış «Changan CS 75» markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 160 AZN, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, ümumilikdə isə 190 AZN məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar