Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-249/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlər Cavabdeh və X4 ilə aralarında razılığa gələrək, həyat yoldaşı X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə etdirmək üçün Türkiyə Cumhuriyyətinə müalicəyə aparmaq məqsədi ilə pula ehtiyacı olduqlarını bildirmişdirlər və ondan 17.000 ABŞ dolları pula və həmçinin məbləğ kifayət etmədiyindən əlavə olaraq qızıl-zinət əşyalarını ondan alıb lombarda qoyacaqlarını bildirərək götürmüşlər. Yazılı olaraq ondan götürdükləri qiymətli kağız və qızıl-zinət əşyalarını götürərək imza etmişlər və bir il ərzində qaytaracaqları barədə öhdəlik götürərək, xx.xx.2022-ci il tarixli qəbzi imzaları ilə təsdiq etmişlər. xx.xx.2022-ci il tarixli qəbzdə qeyd etdikləri kimi götürülmüş borcu xx.xx.2023-cü il tarixə qədər ödəməli idilər, lakin müqavilə şərtlərinə əməl etməmişlər və artıq iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə şərtləri icra edilməmiş, borc geri qaytarılmamışdır. Keçən müddət ərzində, yəni xx.xx.2022-ci ildə X4 dünyasını dəyişmişdir və həmin ərəfədə o, borcla bağlı müraciət etməmiş, ümumiyyətlə onlar ailəvi dost olmuşlar və ona görə o, inanaraq borc vermişdir. Hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan imtina edirlər və sonuncu dəfə guya evlərini sataraq borcu qaytaracaqlarını bildirmişlər. Göründüyü kimi, borcun qaytarılması barədə ümumi razılıq əldə edilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh və mərhum X1 qanun üzrə vərəsələri götürülmüş borcu qaytarmalıdırlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ondan aldıqları 17000 ABŞ dolları pul məhkəmə qətnamə qəbul etdiyi günün məzənnəsinə uyğun, qızıl-zinət əşyalarının bazar qiymətinə uyğun qiymətə hesablanaraq və 177 manat dövlət rüsumu tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, mərhum X4 və Cavabdeh ilə aralarında razılığa gələrək, X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə etdirmək üçün Türkiyə Cumhuriyyətinə müalicəyə aparmaq məqsədi ilə pula ehtiyacı olduqlarını bildirmişlər və ondan 17.000 ABŞ dolları pula və həmçinin bu məbləğ kifayət etmədiyindən əlavə olaraq qızıl-zinət əşyalarını ondan alıb lombarda qoyacaqlarını bildirərək götürmüşlər. Yazılı olaraq ondan götürdükləri qiymətli kağız və qızıl-zinət əşyalarını götürərək imza etmişlər və bir il ərzində qaytaracaqları barədə öhdəlik götürərək xx.xx.2022-ci il tarixli qəbzi imzaları ilə təsdiq etmişlər. Pulu və qızıl-zinət əşyalarını şəxsən mərhum X2 təqdim etmişdir. İddia ərizəsində göstərdiyi qızızinət əşyalarının dəyərini müəyyənləşdirərək bildirmək istəyir ki, qara komplekti – 30 qr – 4500 manat, göy komplekti - 50 qr – 7500 manat, firuzə - 27 qr – 4050 manat, rubin – 31 qr – 4650 manat, skelet – 36 qr – 5400 manat, sırğan sepi və qolbağı ilə dəst – 100 qr – 15000 manat, sep və sırğalar (qarışıq) – 36 qr – 5400 manat olmaqla, cəmi 46500 manat təşkil edir. Hesab edir ki, Cavabdeh X1 ondan aldığı 17000 ABŞ dolları və götürülmüş qızı-zinət əşyalarını qaytarmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh mərhum X1 qanun üzrə vərəsəsi Cavabdeh ondan aldıqları məhkəmə qətnamə qəbul etdiyi günün məzənnəsinə uyğun 17000 ABŞ dolları pulu, qızılzinət əşyalarını, onları qaytarmaq mümkün olmadığı halda bazar qiymətinə uyğun qiymətə hesablanmış 46.500 manatı və 177 manat dövlət rüsumu tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 4 saylı evin 37 saylı mənzili tam mülkiyyət hüququ üzrə X1 mülkiyyətindədir. İş üzrə Cavabdeh və onun həyat yoldaşı X4 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, o, Cavabdeh və yoldaşı X4 onkoloji xəstəliyi ilə əlaqədar Türkiyəyə aparmaq məqsədi ilə İddiaçı müəllimdən 5 komplekt və 17.000 ABŞ dolları borc olaraq götürmüşlər. 1 il müddətində bu pulu qaytarmağa söz vermişlər. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 578 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi “Mədəaltı vəzi başının bədxassəli yenitörəməsi” göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı onkoloji xəstəliyə tutulmuş X2 müalicəsi üçün B.Babayevə və onun həyat yoldaşı Cavabdeh xx.xx.2022-ci il tarixdə 46.500 manat məbləğində qızıl-zinət əşyaları və 17.000 ABŞ dolları nağd pul vermişdir. Bu barədə Bayram Babayev və Cavabdeh yazılı iltizam vermiş və iddiaçıdan götürdükləri pul və qızıl-zinət əşyalarını 1 il ərzində qaytaracaqları barədə öhdəlik götürmüşlər. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2). Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, mərhum Bayram Babayevin xəstəliyi ilə əlaqədar müalicəsi üçün iddiaçıdan 17.000 ABŞ dolları nağd pul və 46.500 manat məbləğində qızıl zinət əşyalarının alınmasını, bununla da iddiaçıya borcun olmasını və hazırkı vaxtadək qaytarılmamasını nəzərə alaraq hesab edir ki, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 177 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 17.000 (on yeddi min) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulsun. Cavabdeh İddiaçı xeyrinə ümumi dəyəri 46.500 manat olan aşağıdakı əmlaklar natura şəklində tutulsun: - dəyəri 4.500 manat olan 1 ədəd çəkisi 30 qr.qara komplekt, - dəyəri 7.500 manat olan 1 ədəd çəkisi 50 qr. göy komplekt, - dəyəri 4.050 manat olan 1 ədəd çəkisi 27 qr. firuzə, - dəyəri 4.650 manat olan 1 ədəd çəkisi 31 qr. rubin, - dəyəri 5.400 manat olan 1 ədəd çəkisi 36 qr. skelet, - dəyəri 15.000 manat olan çəkisi 100 qr. sırğan sepi və qolbağı ilə dəst, - dəyəri 5.400 manat olan çəkisi 36 qr. sep və sırğalar (qarışıq). AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh İddiaçı xeyrinə mövcud olmayan əmlakların dəyəri tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-249/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-249/2024
12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver