Məhkəmə qərarları › İş №2(009)-25/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-25/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-25/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 oğlunun iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10000 manat məbləğində zərərin əvəzinin, mənəvi ziyana görə 7000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cari ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən 500 saylı H/h-də gizir rütbəsində xidmətə başlamışdır. İşlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışlarında böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. İşinin son dərəcə gərgin və fiziki güc tələb etməsinə baxmayaraq onların öhdəsindən tam gəlməyi bacarmışdır. Hər gün eyni vaxtda, yəni səhər saat 06:00-dan, axşam saat 23:00-dək çöl şəraitində və ayaq üstə dayanmaq rejimində faəliyyət göstərmişdir. İyun ayında artıq ayaqlarının diz nahiyyələrində kəskin ağrıların başladığını və bu nahiyyələrə maye yığıldığını müəyyən etmişdir. Dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməsinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar. Artıq xəstəlik daha kəskin xarakter aldıqdan, hər axşam hərarətlə müşahidə olunmağa başladıqdan, tamam halsız vəziyyətə düşdükdən, artıq xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərdilər. Müayinə zamanı onda diz qapaqlarına maye yığılması, qara ciyərin “hepatit-C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur. Bundan sonra o, ciddi tələb və israr etdikdən sonra rəhbərliy hospitalda stasionar müalicə adı ilə yerləşdirilməyinə razılıq verdi. Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan natriy- xlor, besilin preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların onun müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, elə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmağına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmağını tələb etdilər. Onu təyinatı üzrə mükəmməl müalicə olmağı üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməyinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verildi. Belə ki, hospitalın baş həkimi nə qədər qəribə səslənsə də, bu barədə hüquqşünasla konsilium etdiyini və hüquqşünasın onun Bakıda daha ciddi səhiyyə müəssisəsində müalicə olunmağına mənfi rəy bildirdiyini əsas götürərək, bu tələbini qəbul edə bilməyəcəyini demişdir. Məlumdur ki, sözügedən xəstəliklərin hər biri özlüyündə ciddi və ağır xəstəliklər kateqoriyasına aiddir. Ona görə də bu xəstəliklərin hər biri ayrı-ayrılıqda uyğunlaşdırılmış səhiyyə müəssisələrində və ixtisaslaşdırılmış peşəkar həkim heyyətinin müstəsna nəzarəti altında həyata keçirilməlidir. Hətta “ Hərbi qulluqçuların statusu” haqqında qanunda da konkret olaraq göstərilir ki, “Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir.” Səhhətindəki xəstəliklərin ciddiliyini nəzərə alaraq onun mükəmməl müalicəyə ehtiyacının olması səbəbindən dövlət başçısına, 1-ci Vitse prezidentə və digər aidiyyəti qurumlara ünvanladığı müraciətlər sükutlə qarşılanmış və biganə yanaşılmışdır. Haqq səsinin eşidilməsi üçün digər müraciətləri ictimai xarakter daşıyır. Belə ki bununla bağlı başqa müraciətləri isə ölkədə fəaliyyət göstərən KİV-lərə yönləndirilmişdir. Onu mənəvi-psixoloji cəhətdən daha çox narahat edən mübtəla olduğu bu xəstəliklər deyil, yüksək ideallar, vətənə xidmət, torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması üçün canından belə keçməyə hazır olduğu halda ona qarşı son dərəcə laqeyd, biganə münasibət, xəstəliklərimin hərbi hissə rəhbərliyindən heç kimi maraqlandırmadığı, əksinə onların bu xəstəliklərin daha da dərinləşməsinə rəvac verməkləri mütəhəssir edir. O və onun kimi yüzlərlə vətənə canı ilə, qanı ilə xidmət etməyə hazır olan vətəndaşlarımızda ikrah hissi oyadır. Ordumuz haqqında olan yüksək fikirləri şübhə altına alır. Müharibə vəziyyətində olan ölkəmizdə vətəndaşlarımızın döyüş əzminə sarsıdıcı zərbə vurur. Azərbaycan Respublikası Konstitusiyasının 41 maddəsində göstərilib ki, “ hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır”. Hərbi qulluqçuların statusu haqqında qanunun 13-cü maddəsində isə deyilir “hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə- profılaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər.” İnsan Hüquqları və əsas X1 Avropa Konvensiyasının 3-cü maddəsində göstərilib ki, ”heç kəs işgəncəyə, qeyri insani və ya layəqəti alçaldan rəftara və ya cəzayə məruz qalmamalıdır.” Hakimiyyət tərəfindən səhhətindəki agır problemlərlə bağlı müraciət edən şəxsə zəruri tibbi yardımların göstərilməməsi özündə qeyriinsani və ləyəqəti alçaldacaq rəftar kimi fikir yaradır. Bütün bunlardan sonra xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün hərbi hissənin rəhbərliyinin adına raport yazaraq onu işdən azad etmələrini istəsə də, “şərəf məhkəməsi” adlı toplantı keçirərək hazırkı durumu ilə heç bir əlaqəsi olmayan xidməti uyğunsuzluq müddəası ilə onu işdən azad etmişlər. Raportundan da göründüyü kimi o, xəstəliyi ilə əlaqədar işdən azad olunmağını xahiş etsə də, hərbi hissə rəhbərliyi ona qarşı qərəzli və qanunazidd mövqe tutaraq onu tamam ayrı maddə ilə işdən xaric etmişdir. İddiaçı 01.12.2019-cu ildə daxili-mədə qanaxması ilə əlaqadar təcili tibbi yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilmişdir. Hepatit '“C” xəstəliyi ilə əlaqadar qara ciyər funksiyasını itirmiş və nəticədə mədədə varikoz damarı genişlənərək partlamışdır. Sonradan ağır xəstə kimi 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişdir. Diaqnoz “qara ciyər fibrozu.” Hərbi hospitalda vaxtında və düzgün müalicə etməməsi onu agır vəziyyətə saldı. Dərmanların bir hissəsini borc-xərclə alsa da,qalanını indiyə kimi ala bilmir. Naxçıvan şəhərində xidmətdə olduğu müddətdə hökumət orqanları, qaraciyər fıbrozunun diaqnozunu ləngidərək və hərbi hospitalda qaraciyər fibrozunun müalicəsi üçün kifayət qədər tibbi yardımla təmin etməyərək, sağlamlığını qorumaq və rifahınıı yaxşılaşdırmaq üçün heç bir tədbir görməmişdir. Ona qarşı lazımi dərəcədə rəftarın olmaması ona fiziki və mənəvi əziyyət vermişdir. Lakin bu cür rəftar onun insani ləyaqətini alçaldır, eləcə də onda mənəvi və fiziki müqaviməti qırmaq qabiliyyətində olan qorxu, sıxıntı hissi yaradır. Bu cür hərəkətlər “insan ləyaqətini alçaldan ” kimi xarakterizə edilə bilər. Dövlət şəxsin yüksək keyfiyyətli tibbi yardım alması, müalicə forma və üsullarının insan ləyaqətinə qarşı normətə cavab verməsi və ona əziyyət verməməsi uçun təabırlər görməlidir. Ona göstərilən tibbi xidmətin keyfiyyətsizliyi, faktiki olaraq adekvat tibbi yardımdan məhrum olmağı ağır nəticələrə gətirib çıxarmışdır. Ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftar olmuşdur və uzun müddət müalicə etmədiklərini, onun vəziyyətini, işgəncələrə məruz qalmağını nəzərə alsaq, nəticə etibarilə Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüquqlar pozulmuşdur. Beləliklə, hərbi hissənin rəhbərliyinin, həmçinin hərbi hospitalın baş həkimi, ona təyin olunmuş həkimi, eləcə də, hüquqşünasın ona qarşı qərəzli məqsədi etinasız, laqeyd və biganə münasibəti nəticəsində hazırda xəstəliklərim son dərəcə kəskin xarakter almış, onu yataq xəstəsinə çevirmişdir. Aşkar olunan xəstəliklərin mükəmməl müalicəsi üçün kifayət qədər vəsait tələb olunur. İddiaçı özündə bu xəstəlikləri aşkar etdiyi ilkin mərhələdə hərbi hissə rəhbərliyinə bu barədə məlumat verdikdən sonra verilsəydi xəstəlikləri bu qədər ağır forma almayacaqdı. Hazırda tam müalicəsi üçün bir neçə ay intensiv stasionar terapiya keçməyi tələb olunur. Bu isə o deməkdir ki, uzunmüddətli müalicə dövründə dərman preparatları, digər malicə ləvazimatları üçün onun gücü daxilində olmayan pul vəsaiti tələb olunur. Təxmini hesablamalara görə hal-hazırda onda mövcud olan üç xəstəliyin müalicəsi üçün 9-10 min manat civarında pul vəsaiti nəzərdə tutulur. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 7000(yeddi min) manat dəyərləndirir. Onda aşkar olunmuş xəstəlikdən sonra qulluq etdiyi hərbi hissədə, həmçinin müalicə adı ilə yerləşdirildiyi hərbi hospitalda, sonrakı dövrlərdə isə Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən ona olan başdansovdu münasibətin onun xəstəliyinin onlar üçün əhəmiyyətsiz bir şey olduğunu gördükdən sonra bu qənaətə gəlməyində tam haqlıdır. Məhz bu xəstəliklə əlaqədar düşdüyü acınacaqlı vəziyyət ona olan mənfi münasibət nəticəsində daha da acınacaqlı hal almışdır. Xüsusilə müharibə vəziyyətdə olan bir ölkənin ordusunda onun hərbiçisinə, həm də ağır xəstəliyə tutulmuş hərbçisinə qarşı qeyri-insani münasibət heç bir məntiqə sığmayan və ağıla gəlməyən böyük biyabırçılıq, dövlətimiz və onun ordusuna heç də başucalığı gətirməyən bir üzqaralığıdır. Xəstələndikdən sona ona qarşı Müdafiə Nazirliyinin biganəliyi nəticəsində xəstəliyi daha da dərinləşmiş və xroniki hal almışdır. Xəstəliyin ilkin mərhələsində onun mükəmməl müalicə almasına heç bir şərait yaradılmaması, əksinə qulluq etdiyi hərbi hissədə onda heç bir xəstəliyin olmamasını söyləsə də, sonda onun xəstəliklə ölüm-dirim mübarizəsinə girməyinə səbəb olmuşdur. Onun cavan yaşlarında ölümcül xəstəliyə tutulmağı hərbi hissədən başlasa da, Müdafiə Nazirliyi onun bu mərətdən xilas olmağı üçün heç bir addım atmamış, onu bir Azərbaycan vətəndaşı, hərbçisi kimi kənarda qoyaraq taleyin ixtiyarına buraxmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 iddia tələbinin əsassız olduğunu bildirdi və izahatında göstərdi ki, ehtiyatda olan gizir İddiaçı 21.08.2019- 02.09.2019-cu il tarixlərdə N nömrəli hərbi hissədə “Reaktiv oliqoartrit, hər iki diz oynağının zədələnməsi ilə, C virus hepatiti” diaqnozu ilə stasionar müalicə almışdır. Daxil olduqda hər iki diz oynağında şişkinlik, ağrı, halsızlıqdan şikayət etmişdir. Müayinə nəticəsində xəstədə qanın ümumi analizində leykositlərin miqdarı 8.5, CRP (1+) qeyd edilmişdir. AST 126.5, ART 97.7, QQT 204.1 olmuşdur. Hospitalda xəstəyə müvafiq müalicə təyin edilmiş, (Antibakterial, QSİP və steroid preparatlar, vitaminoterapiya, hepatoprotektorlar, vena daxili, əzələ daxili) və per-os təyin olunmuşdur. Müayinə əsnasında xəstədə aparılan analizlərdə antı HCV - pozitiv qeyd edilmişdir. Xəstənin anamnezindən məlum olur ki, 2019-cu ilin mart ayında xidmətə qəbul olunmuş və bu zaman tibbi müayinədən keçdikdə heç bir şikayət bildirməmiş, təyin olunmuş müayinələr nəticəsində hərbi xidmətə yararlı hesab edilmişdir. Hərbi hospitala qəbul olmadan öncə tədqiqatla əlaqədar olaraq, hərbi hissə komandanlığı tərəfindən hərbi həkim komissiyasına göndərilmiş və ambulator qaydada hərbi həkim komissiyasından keçirilərək “Reaktiv oliqoartrit, hər iki diz oynağınnı zədələnməsi ilə” diaqnozu müəyyən edilmiş və xəstəliklər cədvəlinin 86-cı maddəsinə əsasən, 14 gün xidməti vəzifələrinin icrasından azad olunduqdan sonra stasionar müalicəyə göndərilməlidir qərarı verilmişdir. Xidmət etdiyi müddətdə və ondan öncə xəstədə “C” virusu hepatitinin aşkar olunmasının qəti şəkildə inkar etmiş və bu xəstəliyə aid heç bir şikayətinin olmadığını bildirmişdir. Xəstə “C” virus hepatitinə yoluxma yolu ehtimal olunan bütün risklər (Qan və qan preparatlarının köçürülməsi, həyat yoldaşı və uşaqlarında “C” virus hepatiti xəstəliyinin olması, cərrahi və invaziv tibbi müdaxiləyə məruz qalması, riskli seksual davranış, ineksion narkomanlıq, tatuyaj və digər dəri örtüyünün zədələnməsi manipulyasiyasının keçirilməsi və s.. səbəblər) inkar edilmişdir. Stasionar müalicəyə daxil olduqda əsas şikayəti oynaqlarda şişkinlik (oynaqdaxil mayenin toplanması) olduğundan, əsas xəstəliyi “reaktiv oliqoartrit, hər iki diz oynağınnı zədələnməsi ilə” hesab edilmiş və müvafiq müalicə nəticəsində müalicənin sonunda oynaqlarda şişkinlik çəkilmiş, xəstədə klinik labarator sağalma baş vermiş və kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. Əsas: çıxarış ekiprizı, xəstəlik tarixi №1764. Hepatit “C” virusuna yoluxma (antı HCV pozitiv) faktı stasionar müalicə müddətində ilk dəfə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 04 aprel 2009-cu il tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “C" virus hepatitinin müalicəsi üzrə klinik protokola müvafiq olaraq, kəskin ifadə olunmuş “C” virus hepatitli pasiyetnlərdə orqanizmin virusdan öz-özünə təmizlənməsi 67% hallarda simptomların yaranmasından sonrakı 3-4 ay müddətində baş verə bilər. Digər tərəfdən “C" hepatitli pasiyentlərin öz-özünə sağalma ehtimalı daha böyük göstərilir. Müvafiq protokola əsasən, “C” hepatitinə yoluxma faktı müəyyən edildiyi vaxtdan etibarən pasiyentlərin 8-12 həftə ərzində müşahidə edilməsi zəruridir. Əgər bu müddət ərzində özözünə sağalma qeyd olunmazsa, onda virus əleyhinə terapiyanın təyin edilməsi vacibdir. Bunları nəzərə alaraq və hospitaldan yazıldıqda xəstənin qaraciyər funksiyasının pozulmasını göstərən laborator və instrumental müayinələrin nəticələrində (ART 40.7, AST 35.4, Bilirubin 17.7, QQT 57.9, ALP 299.6) potologiya qeyd edilmədiyindən əsas xəstəlik müalicəsi bitdikdən sonra xəstənin dispanser həkim müşahidəsinə götürülməsi, bir ay sonra təkrar müaynəyə göndərilməsi və müvafiq müalicə taktikasının seçilməsi üçün yenidən hərbi hospitala göndərilməsi tövsiyyə edilmişdir. 07.09.2019-cu il tarixdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar olaraq xəstə hərbi hospitala müraciət etməmişdir. Ehtiyata buraxılarkən həkimlərin tövsiyyələrinə baxmayaraq xəstə xəstəliyinin səbəb əlaqəsinin dəqiqləşdirliməsinin və hərbi xidmətə yararlığının təyin olunması üçün hərbi həkim komissiyasından keçirilməsindən imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, ehtiyatda olan gizir İddiaçı iddiası əsassız hesab olunaraq rədd edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan 02.09.2019-cu il tarixli, 1764 №-li xəstəlik tarixi çıxarış epikrizindən görünür ki, İddiaçı Məcid oğlunun deməsinə görə özünü 2 aydır ki, xəstə hesab edir. Xəstəliyinin səbəbini əlaqələndirə bilmir. Xəstəliyinin dizlərində ağrı ilə başladığını deyir, 2019-cu ilin avqust ayında Qarnizon HHK-dan keçərkən «C» virus hepatiti aşkar olunmuşdur. Son günlər şikayətləri artdığı üçün N nömrəli hərbi hissəyə göndərilmiş və kardiopulmonologiya bölməsinə stasionar müalicəyə qəbul edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 888/KEŞ nömrəli, 23.11.2021-ci il tarixli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. «N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsi»ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, 21.08.2019-cu il taridə onda «Hepatit C» virusunun olduğu müəyyən edilmişdir.

2. İddiaçı «Hepatit C» virusunun olduğu müəyyən edilmiş və laborator müayinələrin nəticələrini nəzərə alaraq ona müvafiq təyinat verilmiş, dispanser müşahidə və təkrar müayinə məsləhət görülmüşdür. 3. «Hepatit C» virusu»na yoluxma müxtəlif yollarla, əsasən qan vasitəsi ilə baş verir. 4. İddiaçı müəyyən edilən əsas xəstəlik, yəni «Reaktiv oliqoartrit»lə əlaqədar ona müvafiq müalicə planı təyin edilmiş və adekvat aparılmışdır. 5. İddiaçı aparılmış müalicələrdən sonra onda müsbət dinamika əldə edilmişdir. 6. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar ona müvafiq təyinat verilmiş və onda mövcud olan «Hepatit C» virusunun xronikləşməsi, serrozla fəsadlaşması xəstəliyin ağır kliniki gedişi ilə, «Qida borusu venalarının varikoz genişlənməsi» isə damar patologiyası ilə əlaqədar olmuşdur. 7.8. İddiaçı aparılmış qısa müddətli müalicədən sonra xəstənin qanında ALT, AST və bilirubin fraksiyaları normallaşdığı üçün antiviral müalicənin təyin olunması məqsədəmüvafiq olmamışdır. Həmçinin dispanser müşahidəyə götürülməsi və 1 aydan sonra təkrar müayinəyə göndərilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xəstəliyin ilkin mərhələsində onun mükəmməl müalicə almasına heç bir şərait yaradılmaması, ona göstərilən tibbi xidmətin keyfiyyətsizliyi, faktiki olaraq adekvat tibbi yardımdan məhrum olmağı ağır nəticələrə gətirib çıxarmış, hərbi hissə rəhbərliyinin, hərbi hoispitalın baş həkiminin ona biganə münasibəti nəticəsində hazırda xəstəlikləri son dərəcə kəskin xarakter almış, onu yataq xəstəsinə çevirmişdir. Hazırda onda mövcud olan xəstəliklərin müalicəsi üçün 9000- 10000 manat civarında pul vəsaiti tələb olunur. Eyni zamanda belə vəziyyət onun mənəvipsixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır ki, cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 7000 manat dəyərləndirir. Bu səbəbdən iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 07.09.2019-cu il tarixdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar olaraq iddiaçı hərbi hospitala müraciət etməmişdir. Həkimlərin tövsiyyələrinə baxmayaraq iddiaçı ehtiyata buraxılarkən xəstəliyinin səbəb əlaqəsinin dəqiqləşdirliməsinin və hərbi xidmətə yararlığının təyin olunması üçün hərbi həkim komissiyasından keçirilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən iş üzrə obyektiv araşdırma aparımlası ilə əlaqədar məhkəmətibbi ekspertizası təyin edilmişdir və ekspertizanın 888/KEŞ nömrəli, 23.11.2021-ci il tarixli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. «N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsi»ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, 21.08.2019-cu il taridə onda «Hepatit C» virusunun olduğu müəyyən edilmişdir.

2. İddiaçı «Hepatit C» virusunun olduğu müəyyən edilmiş və laborator müayinələrin nəticələrini nəzərə alaraq ona müvafiq təyinat verilmiş, dispanser müşahidə və təkrar müayinə məsləhət görülmüşdür. 3. «Hepatit C» virusu»na yoluxma müxtəlif yollarla, əsasən qan vasitəsi ilə baş verir. 4. İddiaçı müəyyən edilən əsas xəstəlik, yəni «Reaktiv oliqoartrit»lə əlaqədar ona müvafiq müalicə planı təyin edilmiş və adekvat aparılmışdır. 5. İddiaçı aparılmış müalicələrdən sonra onda müsbət dinamika əldə edilmişdir. 6. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar ona müvafiq təyinat verilmiş və onda mövcud olan «Hepatit C» virusunun xronikləşməsi, serrozla fəsadlaşması xəstəliyin ağır kliniki gedişi ilə, «Qida borusu venalarının varikoz genişlənməsi» isə damar patologiyası ilə əlaqədar olmuşdur. 7.8. İddiaçı aparılmış qısa müddətli müalicədən sonra xəstənin qanında ALT, AST və bilirubin fraksiyaları normallaşdığı üçün antiviral müalicənin təyin olunması məqsədəmüvafiq olmamışdır. Həmçinin dispanser müşahidəyə götürülməsi və 1 aydan sonra təkrar müayinəyə göndərilməsi tövsiyyə olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddiaçıya göstərilmiş tibbi xidmətlərin cavabdeh tərəfindən qüsurlu yerinə yetirilməsi ilə bağlı halların ekspert rəyi ilə təsdiq olunmamasını, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçı isə cavabdehin hərəkətləri nəticəsində ona 10000 manat ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi təmin edilmədiyindən, müvafıq olaraq, tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır, belə ki, həmin tələb digər tələbdən birbaşa asılıdır və məhz onun mövcudluğu halında məhkəmə tərəfındən qiymətləndirilərək münasibət bildirilə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:

İddiaçı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar