Məhkəmə qərarları › İş №2(009)-2506/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2506/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2506/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24,000 manat pulun, 162 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, uzaq qohumları vasitəsilə 2018-ci ildə 53 saylı tam orta məktəbin əvvəlki direktoru olan cavabdehi tanımışdır. Həmin dövrdə Firəngiz onun özünü hörmətini qazanaraq ondan iş üçün xx.xx.2018-ci ildə 4500 manat, xx.xx.2018-ci ildə 3000 manat, xx.xx.2018-ci ildə 5000 manat, xx.xx.2018-ci ildə 6000 manat, xx.xx.2019cu ildə 4000 manat, xx.xx.2019-cu ildə 1500 manat, xx.xx.2019-cu ildə 2000 manat və ən son xx.xx.2020-ci ildə 2000 manat pul olmaqla ümumilikdə 28000 manat pulu evinin yaxınlığında almışdır. 10 ay ərzində 28000 manat məbləğdən hər ay 200 manat olmaqla ödənişlər etməyə başladı. xx.xx.2023-cü il tarixdə 1000 manat məbləği də qaytararaq, ümumilikdə 4000 manat pul qaytarmışdır. Dəfələrlə qalan 24.000 manat məbləğində pulun qaytarılmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. Daha sonra iddiaçı öyrənmişdir ki, cavabdeh dələduzdur və bir çox insanları aldadaraq pullarını mənimsəmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş qəbzdə 28.000 manat borcu olduğu qeyd edilmişdir və qeyd imza ilə təsdiq edilmişdir. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında razılaşdırılmış əqddən yaranmış öhdəlik Cavabdeh tərəfindən tam yerinə yetirilməmiş, borc alan müxtəlif tarixlərdə almış olduğu ümumilikdə 28,000 manat məbləğində pul vəsaitini tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh borc məbləğdən hazırki vaxta kimi sadəcə 4,000 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qalan ödənilməmiş 24,000 manat məbləğində borc pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hazırkı iddia ərizəsi və izahatlarından məlum olur ki, onu hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddədə təsbit edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının təqdim etdiyi qəbzin iddiaçının tələbində istinad etdiyi halın mövcudluğunu təsdiq edə biləcək sübut kimi qəbul olunmasının mümkünlüyü barədə məhkəmə qeyd edir ki, prosessual qanunda yazılı sübuta dair tələblər nəzərdə tutulmuşdur. Həmin normaya əsasən yazılı sübut-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; yazılı sübutun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçının sübut kimi təqdim etdiyi həmin qəbz prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərinə cavab verir. Bundan başqa cavabdeh tərəf məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə iclasları barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə iclaslarından yayınmaqla iddiaçının istinad etdiyi yazılı sənəddə qeyd edilənlərin təkzib etmək imkanından istifadə etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə bu onun vəzifəsi olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin prosessual qanunvericiliklə üzərinə düşüən vəzifəni yerinə yetirməməsi (etməli olduğunu etməməsi), sübutetməyə dair məsələdə heç bir halda iddiaçının əlavə “yüklənməsi” üçün əsas ola bilməz. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 162 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24,000 manat məbləğində pul vəsaiti və ödənilmiş 162 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar