Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2525/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 25 dekabr 2024-cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10,700 manat pulun və 122 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Cavabdeh1 2006-cı ildən tanıyır. O, dükanında satıcı işləmiş, onunla münasibətləri normal olmuşdur. 2017-ci ilin sentyabr ayının ortalarında Xatın ona müraciət edərək bildirmişdir ki, uşaqlarının təhsil haqqını ödəmək üçün 20 faizlə sələmə pul götürüb, ayda 1200 manat faiz ödəyir, ona görə də iddiaçıdan 11000 manat borc pul istəmişdir ki, sələmə götürdüyü pulu geri qaytara bilsin. Xatının pulu qaytarmaq imkanın olmadığını bildiyinə görə məsələni əvvəlcə Aydına deyərək oğlanlarının təhsil haqqı üçün 11000 manat pulun verilməsini, pulun veriləcəyi halda iddiaçının banka 12 ay ərzində hər ay 1100 manat ödəməli olduğunu bildirdikdə Aydın bu məsələdən xəbəri olduğunu demiş, pulun qaytarılması üçün Xatına köməklik edəcəyini bildirmişdir. Bundan sonra biznes krediti üçün “Accessbank” ASÇ-dən pul götürərək Xatına 11000 manat pul vermişdir. Xatın pulu qaytaracağına söz versə də vədinə əməl etməmiş, sonra məlum olmuşdur ki, o, uşaqları ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Məsələ ilə bağlı Aydını yanına çağırdığında o, Xatının başqa borclarını ödədiyindən pulu qaytara bilmədiyini bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından göründüyü kimi Xatın izahatında borcunun olduğunu etiraf etmiş, pulun əri Aydın ilə birlikdə götürdüyünü bildirmişdir. Lakin indiyə kimi iddiaçının pulunu qaytarmadığını etiraf etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O,eyni zamanda bildirmişdir ki, cavabdeh hazırki vaxta kimi borcdan cəmi 300 manat məbləğində pulu ona geri qaytarmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı özünə münasibətdə qəbul edərək, təmin olunmasına etiraz etməmişdir. O, eyni zamanda bildirmişdir ki, digər cavabdehin hazırki borca heç bir aidiyyatı yoxdur. Borcu iddiaçıdan o özü üçün alıb və öz şəxsi məqsədləri üçün xərcləyib. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 yanvar 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd edilir ki, Cavabdeh1 izahatında İddiaçı göstərdiyi xüsusatları təsdiq edib, 2023-cü ilin dekabr ayına kimi ödəyəcəyinə vəd vermişdir. Lakin sonradan Cavabdeh1 vədinə əməl etməmiş və İddiaçı pulunu qaytarmamışdır. Yəni İddiaçı 11,000 manat pulu Cavabdeh1 borca vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçıdan borc pul istəmiş və iddiaçı ona geri qaytarılması şərtilə 11,000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliklərini tam yerinə yetirməyərək, həmin məbləği iddiaçıya geri qaytarmamışdırl AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MMnin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. Göründüyü kimi, iddiaçı 2017-ci ildən yaranmış borcları tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı 2017-ci ildən yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırki halda iddiaçının tələb etdiyi 2017-ci ildən yaranmış pul əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, cavabdehin əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı Cavabdeh1 2017-ci ildə verdiyi puldan 10,700 manatının geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə digər cavabdehdən pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı özü də ərizəsində pulu Cavabdeh1 verdiyini qeyd edir. Bundan başqa eyni zamanda 02 yanvar 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda da qeyd edilir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 11,000 manat pulu Cavabdeh1 borca vermişdir. Bu səbəbdən tələb digər Cavabdeh2 münasibətdə əsassız hesab edilməlidir. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismın təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 122 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10,700 (on min yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub İddiaçı ödənilsin. Ödənilmiş 122 manat dövlət rüsumunun 70 manat hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2525/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2525/2024
25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver