Məhkəmə qərarları › İş №2(009)-254/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-254/2022

14.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-254/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Buta Airways” Aviaşirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Buta Airways” Aviaşirkətindən 810 manat pul məbləğində pul vəsaitinin, həmçinin 30 manat miqdarında iş üzrə ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 24 mart 2020-ci il tarixdə Bakıdan-İstanbula, 27 mart 2020-ci il tarixdə isə İstanbuldan-Bakıya, 15 aprel 2020-ci il tarixdə isə Bakı-Moskva- Peterburq reysinə, 19 aprel 2021-ci il tarixdə isə Peterburq-Moskva-Bakı reysinə bileti almışdır. Bakı-İstanbul-Bakı olan uçuşla bağlı 230 manat, Bakı-Moskva-Peterburtq reysinə isə 579 manat ödəniş etmişdir. Dünyada baş verən “COVİD-19” pandemiya xəstəliyi ilə bağlı sərhədlər bağlandığından uçuş mümkün olmamış. Bununla bağlı cavabdeh olan şirkətdən pulunu tələb etmişdir. Şirkət isə şifahi şəkildə ona hər dəfə qısa zamanda pulu qaytarılacağını bildirmişdir. Sonradan pulun qaytarılması ilə bağlı rəsmi şəkildə onlayn qaydada müraciət eləmişdir. Cavabında isə bildirmişlər ki, pandemiya dövrünə düşən biletlərin qaytarılması həyata keçirilmir. Pulun qaytarılmaması ilə bağlı aralarında hər hansı bir razılıq olmamışdır. Onun həmin pula çox ehtiyacı vardır. Əri Allahverdiyev filankəs filan tarixdə vəfat etmişdir. Övladları hər ikisi tələbədir və ödənişli əsaslarla oxuyur. Onların bütün xərclərini o, təkbaşına qarşılayır. Ailəni yeganə dolandıran şəxs odur. Beləliklə, cavabdeh “Buta Airways” Aviaşirkəti onun pulunu ödəməkdən boyun qaçırdığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona ödənilməmiş borcu 810 manat təşkil edir və hesab edir ki, həmin borc cavabdehdən tutulmalıdır. Məhkəmənin 02.02.2022-ci il tarixdə keçirilən hazırlıq iclasında "xxxx" QSC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, onun cavabdeh kimi işə cəlb olunmasını xahiş etmiş və bildirmişdir ki, “Buta Airways” Aviaşirkəti "xxxx" QSC-nin struktur bölməsidir, hüquqi şəxs deyildir və Əsasnaməyə uyğun fəaliyyət göstərir, məhkəmədə tərəf ola bilməz. Cəmiyyətin Nizamnaməsinə görə “Buta Airways” Aviaşirkətinin öhdəliklərinə son cavabdeh "xxxx" QSCdir. İddia tələbi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən cavabdehdən Bakı-İstanbul-Bakı istiqamətində uçuş üçün **********828 nömrəli aviabilet alınmış və buna görə 230,78 manat vəsait ödənilmişdir. Bakı-Moskva-Sankt-Peterburtq-Moskva-Bakı istiqamətində dəyəri 579,10 manat olan **********695 nömrəli aviabileti iddiaçı birbaşa Rusiya Federasiyasının S7 Aviaşirkətindən əldə etmiş və bu daşımanın cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan biletin dəyərinin qaytarılması üçün iddiaçı müvafiq qaydada S7 Aviaşirkətinə müraciət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmədən etirazın iş materiallarına əlavə edilməsini, 810 manat iddia məbləğinin 230,78 manat hissəsində "xxxx" QSC-nin hesabına qismən təmin edilməsini, 810 manat iddia məbləğinin 579,10 manat hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı "xxxx" QSC-nin əsl cavabdeh qismində işə cəlb edilməsinə etiraz etmədiyini bildirmiş, iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Buta Airways” Aviaşirkəti tərəfindən verilmiş biletdən görünür ki, İddiaçı tərəfindən Bakı-İstanbul-Bakı istiqamətində uçuşla bağlı 230,78 manat ödəniş etmişdir. İş materiallarında olan Rusiya Federasiyasının S7 Aviaşirkəti tərəfindən verilmiş biletdən görünür ki, İddiaçı tərəfindən Bakı-Moskva-Sankt-Peterburtq-Moskva-Bakı istiqamətində uçuşla bağlı 579,10 manat ödəniş etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X1 14.09.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Buta Airways” Aviaşirkətinin İddiaçı ünvanlanmış 20.11.2021-ci il tarixli məktubundan görünür ki, hal-hazırda xüsusi reyslər keçirilir və pandemiya dövrünə düşən bieltlərin qaytarılması həyata keçirilmir, müntəzəm reyslərin uçuşları və satışları tam bərpa olunandan 60 gün sonra email vasitəsi ilə yenidən müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmən hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (AR MM-nin 1091.2-ci mad.). Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı “Buta Airways” Aviaşirkətinə Bakı-İstanbul-Bakı istiqamətində olan uçuşla bağlı 230,78 manat ödəniş edərək bilet almış, lakin iddiaçıdan asıli olmayan səbəblərdən uçuş baş tutmamışdır. İddiaçı uçuşla bağlı ödədiyi 230,78 manat vəsaitin ona qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən həmin vəsaitin qaytarılmasından imtina olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" QSC Bakı-İstanbul-Bakı istiqamətində həyata keçirilməmiş uçuşla bağlı iddiaçıdan əldə etdiyi 230,78 manat pulu iddiaçıya qaytarmamaqla əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Ona görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdehdən 579,10 manat vəsaitin tutulması hissəsində iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Cavabdehin düzgün müəyyən olunmaması irəli sürülmüş tələbin sübut olunmamasını təsdiq edir, hazırki iş üzrə cavabdeh isə iddiaçının hüquqularının və qanunla qorunan maraqlarının pozucusu deyildir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı Bakı-Moskva- Sankt-Peterburtq-Moskva-Bakı istiqamətində uçuşla bağlı Rusiya Federasiyasının S7 Aviaşirkətinə 579,10 manat ödəniş etmişdir və iddiaçı həmin vəsaitin qaytarılması ilə bağlı "xxxx" QSC-yə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, iddiaçı ödədiyi vəsaitin qaytarılması ilə bağlı tələbi ona cavab verməli olmayan şəxsə qarşı irəli sürmüşdür və müvafiq olaraq, cavabdeh iddiaçının hüququnu pozmuş şəxs kimi tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Ona görə də məhkəmə hesab edir ki, 579,10 manat vəsaitin tutulması hissəsində iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı irəlü sürüldüyündən əsassızdır və təmin edilməməlidir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə 230,78 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə 230,78 (iki yüz otuz manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar