Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2568/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 nömrəli mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Bakı şəhəri, Səbail r., İ.Ağayev küçəsi, ev 3, 165 saylı mənzilin mülkiyyətçisidir. Lakin buna baxmayaraq, mənzilinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Mənzilə mülkiyyətçi kimi sərbəst sərəncam verməsinə orada yaşamayan adamların qeydiyyatda olmaları mane olur. Cavabdehlər onun uşaqlarıdır və həmin mənzildə pasport qeydiyyatında olsalar da, heç vaxt yaşamamışlar. Daim olaraq başqa yerdə yaşamışlar və hal-hazırda Rusiya Federasiyasında yaşayırlar. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi iddiaçı X1 iddiaçının qarşı aliment tutulması və iddiaçının X2rşı nikahın pozulması və uşaqların iddiaçının yanında saxlanılması barədə iddialara baxaraq, xx.xx.2019-cü il tarixli qətnaməsində müəyyən etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayyəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 13 yaşı, Cavabdeh2 10 yaşı tamam olmuşdur. Komissiya dəfələrlə uşaqların anası ilə əlaqə saxlamış və yazılı müraciət edərək uşaqların Komissiyanın iclasına gəlmələrinin təşkil olunması xahiş etmişdir. Leyla Ramazanovanm nümayəndəsi X.Yaqubov tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizədə uşaqların Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşadıqları,orada məktəbdə təhsil aldıqları qeyd edilmişdir.Eyni zamanda Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar xx.xx.2018-ci il tarixdə anaları ilə və atalarından ayrı yaşayırlar. 2018-ci ilin sentyabr ayından uşaqlar M.Hacıyev adma “Maqaramkent SOŞ №1” adı məktəbə gedirlər. Uşaqların mənzildə qeydiyyatda olmasına görə o, əlavə kommunal xərçləri ödəyir. Uşaqların mənzildə pasport qeydiyyatında qalması bir cox hallarda onun ücün müəyyən maneələr yaradır. Məhz buna görə o, hesab edir ki, mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olumasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Ona görə də məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 nömrəli mənzili (yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi 56, M4, m1) mənzili xüsusi mülkiyyəti kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. 6933693 №li arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 nömrəli mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanmış nikah pozulmuş, 04 may 2005-ci il təvəllüdlü Cavabdeh1 və 12 fevral 2009-cu il təvəllüdlü Cavabdeh2 anasının yanında qalması müəyyən edilmişdir. 12 iyul 2023-cü il tarixli arayışlarda qeyd edilir ki, 04 may 2005-ci il təvəllüdlü Cavabdeh1 və 12 fevral 2009-cu il təvəllüdlü Cavabdeh2 Dağıstan Respublikası, Maqaramkent rayonu, Pioner (Taciba İsrafilova) küçəsi ev 1 ünvanında qeydiyyatdadırlar. 7 №-li Mənzil-İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatında olsalar da, heç zaman həmin mənzildə yaşamayıblar və hazırda da yaşamırlar. Məhkəmə iclasında cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 saylı mənzilində yaşamadığı iddiaçı tərəfin göstərdikləri ilə yanaşı işin digər sübutları ilə tam təsdiq olundu. İddiaçı tərəfin qeyd etdiklərindən və iş materiallarından aydın olur ki, cavabdehlər mübahisəli ünvanda formal olaraq qeydiyyatda olmaqla orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, 228.5-ci maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər İşin hallarından göründüyü kimi, cavabdehlər ölkə xaricində məskunlaşmaqla mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərin sözügedən mənzildə qeydiyyatda qalmaqları formal xarakter daşıyır. Belə ki, cavabdehlər özləri üçün yeni yaşayış yeri edərək, öz mənzillərində məskunlaşmış və bununla da mülkiyyətçiyə məxsus sözügedən yaşayış sahəsindən istifadə əsasları aradan qalxmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 saylı mənzili iddiaçının mülkiyyətindədir və iddiaçının qızı və oğlu olan cavabdehlər bu mənzilə pasport qeydiyyatına alınmışlar, cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına səbəb olan əsaslar aradan qalxmış və onların həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının bilavasitə mülkiyyətində olan əmlakdan istifadəsinə maneə törətməklə yanaşı, axırınıcının əmlak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il il tarixli, 55-İQ nömrəli Qanuna əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi 56, M4, m1) mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi 3 saylı evin 165 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi 56, M4, m1) mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2568/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2568/2024
27.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver