Məhkəmə qərarları › İş №2(009)-2573/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2573/2021

07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2573/2021 07.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi zərərə görə isə 5000 (beş min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı bacısıdır. Onunla aralarında bağlanmış 15 mart 2021-ci il tarixli 10 (on) illik icarə müqaviləsinə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124.8 kv.m olan qeyriyaşayış sahəsini icarəyə götürmüşdür. Müqavilə şərtlərinə əsasən hər ay icarə haqqı kimi ona 150 manat pul ödəmiş və hər ay aylıq ödənişləri müqavilədə nəzərdə tutulandan da yüksək məbləğdə vaxtlı-vaxtında etmişdir. Müqavilə bağlandıqdan təxminən 5 (beş) ay sonra avqust ayının ortalarında mağazada xidmət edən satıcı xanım İddiaçı zəng vurub bildirmişdir ki, cavabdeh əsəbi halda mağazaya daxil olub və ona məxsus satış üçün düzülmüş geyim əşyalarını vitrindən düşürdərək mağazanın döşəməsinə tökmüşdür və qəzəbli bir halda ondan mağazanı tərk etməklərini tələb etmişdir. İddiaçı gəlib çıxdıqda ona məxsus satış üçün mağazada düzülmüş geyim əşyalarının demək olar ki əksəriyyəti yerlə bir olmuşdur. Təmiz qalanları isə özü salafanlara yığıb çıxarmışdır. Ondan bu hərəkətinin səbəbini soruşduqda ona bildirmişdir ki: "Ondan yaxşı müştəri tapıb mağazanı ona verəcək, Siz çıxmalısız ki, mən obyekti təmir elətdirim". Ona aralarında olan müqaviləni xatırladıqda isə İddiaçı "kağız parçasının onun üçün əhəmiyyətsiz bir şey olduğunu bildirmişdir". Əgər cavabdeh onunla aralarında olan müqaviləni pozmaq istəyirdisə müqavilənin bəndində qeyd olunduğu kimi ən azı 1 (bir) ay qabaqcadan yazılı xəbərdarlıq etməli idi. Əgər o hərəkəti etmiş olsaydı İddiaçı də satış üçün nəzərdə tutulan geyim əşyalarını yerləşdirmək üçün başqa bir obyekt axtarışına çıxardı, tapdıqdan sonra əşyaları ordan çıxardardı .Onun bu qərəzli hərəkətindən sonra geyim əşyalarını sata bilmədiyindən ona xeyli maddi ziyan dəymişdir. Yay fəslinə aid olan malların əksəriyyəti hələ də onun mağazasındadır. Dəfələrlə ondan dəyən ziyanı qarşılmağnı tələb etməyinə baxmayaraq sonda mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Faktiki olaraq İddiaçı geyimlərin satışından aylıq 5000 (beş) min manat xeyir götürürdü və cavabdeh qərəzli hərəkətinə görə ona dəyən 5000 (beş) min manat maddi ziyanı, ailə üzvü və doğma kimi ona bəxş etdiyi əsəb, keçirdiyi yorğunluq, sarsıntı və həyacana görə isə 5000 (beş min) manat mənəvi zərər ödəməlidir. Cavabdeh 11.10.2021-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində ona qarşı qaldırılmış iddia tamamilə əsassızdır. Belə ki, iddiaçı onun doğma bacısıdır. Onun ailəsində maddi imkansızlıq səbəbindən boşanma halları baş verməməsi üçün Cavabdeh və valideynləri uzun illər ailəni himayələrində saxlamışdır. Sözü gedən mağaza Cavabdeh xüsusi mülkiyyəti olub, həmin mağazada Türkiyə Respublikası istehsalı və maya dəyəri 32000 (otuz iki min) manat olan geyim əşyaları ilə birlikdə bacısı İddiaçı yoldaşının razılığı ilə 10 il müddətinə icarəyə vermişdir. İcarə haqqı dəyəri 300000 (üç yüz min) manat olan qeyri-yaşayış binası hər ayı üçün 150 (yüz əlli) manat icarə haqqı ilə razılaşdıq. Belə razılaşdıq ki, Cavabdeh və ailəsinə məxsus olan geyim əşyalarını sataraq pulunu onlara ödəyəcək. İddia ərizəsində iddiaçı göstərir ki, onun əşyalarını yerə tökərək küçəyə atmışdır və maddi və mənəvi zərər vurmuşdur. Bacısı İddiaçı 25 iyun 2021-ci il tarixdə ona və yoldaşına zəng edərək mağazanı tərk etmək istədiyini və ona sərf etmədiyini söyləmiş və mağazanı təhvil almaqlarını tələb etmişdir. Bacısı olduğu üçün onlar bu qərarı normal qarşılamış və ona necə sərf edərsə elə də olsun demişlər. 29 iyun 2021-ci il tarixində o və yoldaşı Kərimov Musa ilə mağazaya gəlmişlər. Bacısı Vüsalənin qərarına əsasən mağazada ona məxsus olan çox az sayda geyim mallarını ayırmağına kömək etmiş və onlara məxsus olan geyim mallarını hesablamağa başlamışlar. Cavabdeh həmin mağazada 32000 (otuz iki min) manatlıq olan geyim əşyalarının 16400 (on altı min dörd yüz) manata yaxın hissəsi yox idi. Səbəbi soruşduqda isə o bildirdi ki, malları nisyə satıb, səhəri gün 2700 (iki min yeddi yüz) manat, qalanını isə 1 ay müddətində ödəyəcəyinə söz verdi. Bundan sonra bacısı Vüsalə özünə aid olan geyim mallarını səhəri gün götürəcəyini və açarı həmin vaxt verəcəyini söyləmişdir. Cavabdeh və yoldaşı onunla razılaşıb saat 22:12 radələrində mağazadan getmişlər. Bacısı isə 22:13 radələrində qızı ilə birlikdə mağazanı bağlayıb getmişdir. Kamera görüntüsündə bunlar öz əksini tapmışdır. Həmin ticarət obyekti 24 saat müddətində video kamera nəzarətində olur. 30 iyun 2021-ci il tarixdə axşam radələrində bacısı mağazanın açarını onlara təhvil vermişdir. Sonra onlar yenidən malları hesablamış və dəyən ziyan ümumi 20000 (iyirmi min) manat civarındadır. Həmin video kameradan iddiaçının necə və nə cür öz əmlaklarını yığaraq tərk etdiyi video görüntünü disk şəklində təqdim edilmişdir. İddiaçı tərəfindən qaldırılan iddiadan sonra, Cavabdeh kamera görüntülərini incələmiş və görmüşdür ki, 30 iyun 2021-ci il tarixində səhər saat 06:00 radələrindən 18:00 radələrinə qədər bilinməyən səbəbdən kamera çəkilişi dayanmışdır. Saat 18:00 radələrindən sonra yenidən kamera çəkilişi davam etmişdir. Və bu kadrlarda İddiaçı məxsus geyim malları böyük paketlərə yığılmış vəziyyətdə maşına aparıldığı görünür. Halbuki, ona məxsus olan geyim malları çox az sayda idi. O, öz əşyaları ilə bərabər Cavabdeh məxsus olan geyim mallarını da götürmüşdür. O, iddia edir ki, yalnız özünə aid olan geyim əşyalarını aparıb. Əgər belədirsə, niyə həmin vaxt kamera çəkilişi dayanıb? Onun öz əşyalarını paketlərə yığdığı görünmür. Mağazanı ona icarəyə verəndə açarı dəyişmişlər və açar yalnız onun özündə olub. Cavabdeh onun müqaviləni pozması haqqında X3 müraciət etməməyinin səbəbi, doğma bacısı və güvəndiyi olduğu üçün olub. İddiaçıdan pulu tələb etdikdə, özünü guya müdafiə etmək məqsədi ilə Cavabdeh qarşı belə bir iddia qaldırmış və məqsədi ona dəymiş zərəri ödəməməkdir. Odur ki, həmin ticarət mağazasının icarə haqqı bu gün 1000 (min) manatdan yuxarıdı. Cavabdeh bacısına görə 150 (yüz əlli) manata icarəyə vermişdir ki, onun 32000 (otuz iki min) manat dəyərində olan geyim əşyalarını da sataraq pulunu ödəsin. Lakin, iddiaçı ona məxsus olan 32000 (otuz iki min) manat dəyərində olan əmlakın 16400 (on altı min dörd yüz) manatını mənimsəmişdir. Cavabdeh bu barədə Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Halhazırda iddiaçı bu iddianı məhkəmədə qaldırmaqla özünü məsuliyyətdən kənarda qoymaq istəyir. İddiaçının əməlində AR.CM-in 177-ci maddəsi ilə cinayət əməli vardır. Bu iddianın Cavabdeh qarşı qaldırılması ancaq bu yolla özünü müdafiə etmək məqsədi daşıyır. Məhkəməyə təqdim edilən diskdə iddiaçının mağazanı tərk edərkən öz mallarını necə yığaraq tərk etdiyini sübut edən video görüntülər vardır. İddia tamamilə əsassızdır. AR.MPM-in 14.2, 77.1 və s. maddələrinə əsasən iddiaçı qaldırdığı iddianın məhkəmə qarşısında sübut etmə vəzifəsini daşıyır. İddia ərizəsində göstərilənlər tamamilə yalandır və şər böhtan xarakteri daşıyır. Odur ki, həmin iddianı əsassız hesab edərək iddanm təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, müqavilə şərtlərinə əsasən hər ay icarə haqqı kimi cavabdehə 150 manat pul ödəmiş və hər ay aylıq ödənişləri müqavilədə nəzərdə tutulandan da yüksək məbləğdə vaxtlı-vaxtında etmişdir. Cavabdeh etiraz ərizəsində 30000 manatlıq malın mağazada olduğunu qeyd edir, əgər mağazada mal var idisə icarə müqaviləsində qeyd edərdi. 150 manat üçün 10 illik müqavilə bağlayan şəxs 30000 manatlıq mal verəndə müqavilədə o şərti göstərərdi. O barışıq üçün cəhd göstərmişdir. Lakin cavabdeh nə orada qalan əmlakı qaytarır, nə də razılaşır. Mağazanın açarını da dəyişib. Atası orada olan malları alıb qaytaracağını desə də malları qaytarılmamışdır. 5 günlük getdiyi üçün ayın 31-i malları sayaraq onlara təhvil vermiş, bu kamerada öz əksini tapmışdır. Ola bilməz ki, həmin gün kamera çəkməsin. Lakin komputer onlarda qaldığından özü videoları təqdim edə bilmir. Aylıq qazancı da komputerdə görsənir. Cavabdeh video görüntüləri təqdim etsə, oradan görünəcəkdir. Onlar ona lazım olan hissələri videodan siliblər. Ayın 26-sı Ayselin gəlib paltarları yerə tökməsi videoda var, lakin 31-i olan görüntülər yoxdur. Obyekt ona boş olaraq icarəyə verilmişdir. Cavabdeh barışığa cəhd etmədiyindən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 etiraz ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 1S-8881 saylı, 15.03.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124.8 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı 15.03.2031-ci il tarixədək aylıq 150 manata icarəyə vermişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk öncə qeyd edir ki, icarə müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulursa iddiaçı bununla bağlı cavabdehə müraciət edərək icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, ona vurulmuş maddi və mənəvi ziyanı tələb edə bilərdi. İddiaçı tərəfindən isə icarə müqaviləsinin ləğvi ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdeh tərəfindən 5000 manat maddi və 5000 manat mənəvi zərər vurduğunu təsdiq edən hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə də, məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün heç bir əsas yoxdur, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələri) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar