Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2578/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “təzminat və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “təzminat və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayon Səfərbərlik idarəsinin hərbi-həkim komissiyasının səhv və səhlənkar qərarı nəticəsində sağlamlıq hüququ və sosial təminat hüququ pozulduğuna görə ona təzminat ödənilməsi barədə qərar qəbul edilməsi, 100.000 (yüz min) manat məbləğində təzminat cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, bu məbləg aşağıdakı bölmələr üzrə tələb olunur: 50.000 manat maddi təzminat – müalicə xərclərinə, gələcəkdə əmək qabiliyyətimin məhdudlaşmasına və itirilmiş sosial təminat imkanlarına görə; 30.000 manat mənəvi təzminat – əsassız xidmət keçməyi, psixoloji sarsıntıları, ailə həyatında və cəmiyyət qarşısında çəkdiyi mənəvi əziyyətlərə görə; 20.000 manat sağlamlığa dəymiş fiziki zərərə görə əlavə təzminat - xəstəliyinin ağırlaşmasına, kəllə-beyin travması fəsadlarının güclənməsinə, serebral kista, kdt, nevroloji problemlərin dərinləşməsinə görə, onun şəxsi işinin qanunsuz məhv edilməsi ilə bağlı məhkəmə tərəfindən hüquqi qiymət verilməsi və müvafiq aktın əsli və xəstəlik təsdiq edən akt cavabdehdən tələb edilməsi, cavabdeh qurum tərəfindən ona hərbi təzminat ödənilməsi barədə qərar qəbul edilməsi, onun iş qabiliyyətinin məhdudlaşdırılması gələcəkdə yüksək maaşlı dövlət vəzifələrinə qəbuluna mane olduğundan, məhkəmədən xahiş edir ki, cavabdeh qurum tərəfindən onun dövlət qulluğu və güc strukturları səviyyəsində yüksək maaşlı işlə təmin olunmağı üçün tədbirlər görülməsi barədə qərar qəbul edilməsi, onun MD-3 statusu nəzərə alınmadan sərhəd mövqelərində xidmət aparmağa göndərilməyi, sıra düzülüşlərində azad edilməməyi, ağır naryadlara cəlb olunmağı, silah təhkim olunaraq karol postlarına çıxarılmağı və xüsusilə taktiki təlimlərdə D-30 topunda heyət üzvü kimi iştirak etməyi nəticəsində sağlamlığına ciddi zərər dəymişdir. Bu səbəbdən tələb etdiyim təzminat məbləği artırılaraq nəzərə alınmalı, dövlətin ona vurduğu maddi və mənəvi zərərin tam şəkildə ödənilməsinə qərar verilməli, iddiası üzrə qərar qəbul edilərkən onun sosial statusu, yəni qanunvericilikdə nəzərdə tutulan güzəştlər, o cümlədən tibbi xidmətlərdən, ictimai nəqliyyatdan və digər sosial təminat növlərindən ödənişsiz və ya güzəştli qaydada istifadə hüququnun tətbiqi nəzərə alınması, tələb edilən təzminat məbləğinin ödənilməsində gecikmə baş verdiyi halda, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, həmin məbləğ üzrə faiz hesablanaraq əlavə faiz ödənişi tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və kommersiya məhkəmələri, inzibati və kommersiya kollegiyaları tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti inzibati orqandır. Odur ki, İddiaçı ərizəsinə predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “təzminat və s.” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və həmin ərizə ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “təzminat və s.” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2578/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2578/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver