Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2619/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan X8 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-dən (Yeni qaydalarla: AZ 1010, ünvan 1 istifadə hüququ itirilmiş hesab olunması və həmin qətnamənin göstərilən şəxslərin həmin ünvana qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-dən (Yeni qaydalarla: AZ 1010, ünvan 1 onun xüsusi mülkyyətindədir. Həmin mənzil ona mərhum atasından vərəsəlik hüququ əsasında qalmışdır. Cavabdeh onun keçmiş arvadı olub 2017-ci ildə onunla aralarında olan nikah ləğv olunmuşdur. Nikahları ləğv olandan sonra cavabdeh yetkinlik yaşına çatmayan X4 da götürərək başqa ünvana getmişdir. Lakin cavabdeh formal olaraq qeydiyyatda qalmışdır. Cavabdehin onun evində pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə mənzil kommunal xərclərini ödəməkdə çətinlik çəkir, müəyyən sənədləşmə işlərini apara bilmir, bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı dövründə İddiaçı ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirərək Cavabdeh yetkinlik yaşına çatmayan X8 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-dən (Yeni qaydalarla: AZ 1010, ünvan 1 istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, əsasən oğlunun məktəbi ilə bağlı oradan qeydiyyatdan çıxmaq istəmir, qeydiyyata düşməyə ünvanı yoxdur. Həmin mənzilə köçəndə qayınatası da orada yaşayıb, münasibətləri həmişə yaxşı olub. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 1 saylı notariat ofisinin xüsusi notariusu X2 verdiyi xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik həhadətnaməsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-də qeydiyatda olan İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 vərəsə olaraq və şəhadətnamə verilən əmlak Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-dir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37 (Yeni qaydalarla: AZ 1010, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, giriş 88, M3, m4 xx.xx.2025-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı Cavabdeh və X8 Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-də qeydiyyatdadırlar. - Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (009)-318/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında olan nikahın ləğv edilməsi 06 aprel 2017-ci ildə qeydə alınmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-1(112)-12086/2025 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı, Cavabdeh və X8 üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37 xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş, onun vəfatından sonra həmin mənzili oğlu, hazırki iş üzrə iddiaçı qanuni vərəsəlik qaydasında əldə etmiş və mənzilə tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci ildə dövlət qeydiyyatına alınmış, hazırda da mülkiyyətindədir. İşin materiallarından görünür ki, tərəflərin arasında bağlanmış nikah Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-318/2017 saylı qətnaməsi ilə pozulmuş və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 anası Cavabdeh yanında qalması qət edilmişdir. İşin materiallarından həmçinin görünür ki, iddiaçı və cavabdeh, eləcə də onların övladı mübahisəli yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı həmin ünvanda qeydiyyatda olan Cavabdeh və X3 qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə müraciət etmiş, lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Buna görə İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh və X3 Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37 (yeni qaydalarla: AZ1010, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli 2-1(112)-12086/2025 nömrəli qərarı ilə iddia təmin edilməmiş və qərar onunla əsaslandırılmışdır ki, mübahisə predmeti ünvanda qeydiyyatda olan şəxslər iddiaçının keçmiş arvadı və uşağıdır. Üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. Qeyd olunan mövqedən çıxış edərək hesab edilir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxsin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olubolmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onları iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. Təsadüfi deyildir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (müvafiq icra hakimiyyəti orqanlarının məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı, eləcə də əmlaka dair hüquqla bağlıyaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. ... Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin materiallarından görünür ki, cavabdeh iddiaçının atası olan X1 onun oğlu ilə 2014-cü ildə nikahlarını qeyd edərək həmin mənzilə gəlin köçmüş, qeydiyyata alınmış, bu nikahdan bir övladları dünyaya gəlmişdir. Mülkiyyətçinin ölümündən sonra isə mənzil vərəsəlik qaydasında iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə cavabdehin istifadə hüququna malik olub-olmaması məsələsi 2009cu ildə qüvvəyə minən Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. - 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdeh əvvəlki mülkiyyətçinin digər qohumu statusunda mübahisəli mənzilə köçürülməklə yaşamış, hazırda isə yeni mülkiyyətçi olan iddiaçı ilə cavabdeh arasında nikah münasibətləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarından göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Konstitusiya Məhkəməsi qərarında eyni zamanda göstərilmişdir ki, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Hazırki işin hallarından görünür ki, tərəflər arasında bağlınmış nikah 2017-ci il tarixdən pozulmasına və cavabdehin övladı ilə mübahisəli mənzildə qeydiyyatlarının olmasına baxmayaraq onlar bundan sonra həm əvvəlki mülkiyyətçi, onun vəfatından sonra isə hazırki mülkiyyətçi olan iddiaçı ilə birlikdə yaşamırlar. Belə olan halda da hazırda keçmiş ailə üzvü statusunda olan cavabdehin mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasının müzakirə edilməsi üçün heç bir hal da müəyyən edilməmişdir. Beləliklə də məhkəmə sadalanan normaların tələblərinə və işin araşdırılmış hallarına əsasən hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-dən (Yeni qaydalarla: AZ 1010, ünvan 1 istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan X6 münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2 və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından və hazırkı iş üzrə də məhkəmə aktı ilə onun anasının himayəsində qalması qət olunduğundan onun yaşayış yeri digər valideyni olan anasının yaşayış yeri sayılmalıdır. Belə ki, qeyd edilən normada cəm halda valideynlər göstərilsə də, norma özlüyündə uşağın yanında yaşadığı və himayəsində olduğu valideyni ehtiva edir. Bundan əlavə, işin araşdırılmış hallarından görünür ki, cavabdeh mübahsəli mənzildən çıxıb gedəndən azyaşlı uşaq yalnız onunla birlikdə yaşamışdır. Başqa sözlə, uşağın nikah pozulmasından sonra valideynlik hüquqlarını itirməmiş atasının yanında yaşamağa qalması faktı olmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki iddia yetkinlik yaşına çatmayan X6 münasibətdə də təmin edilməlidir. Məhkəmə göstərilən nəticələrə gələrkən həmçinin iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının nəzərə alınmasını da mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülki Prosessual Məcəllənin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan X8 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 37-dən (Yeni qaydalarla: AZ 1010, ünvan 1 istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2619/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2619/2025
22.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver