Məhkəmə qərarları › İş №2(009)-2678/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2678/2021

07.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2678/2021 07.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili M.R.Tağıyevin, Cavabdeh1 və onun vəkili R.Z.Əliyevin iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinə məxsus qarajların istifadəyə tanınması və qarajdan özbaşına istifadə etmənin cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı fərdi yaşayış evinə məxsus qarajların istifadə tanınması və qarajdan özbaşına istifadə etmənin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 22 nömrəli fərdi yaşayış evində 1989-cu ildən 7 nəfərdən ibarət öz ailə üzvləri ilə yaşayırlar. Onların qonşuluqlarında yerləşən X1 ailəsinin qeydiyyatsız yaşadığı 7-ci Buxta küçəsi 2 nömrəli özbaşına tikili 09.03.1995-ci ildə yanaraq sıradan çıxmışdır. X1 həyat yoldaşı X15 yanmış boş mənzili və mənzilə məxsus olan 2 qarajı 1998-ci ildə ona satmış və bununla bağlı mənzilin hüquq müəyyənedici sənədləri olmadığından alqı-satqını rəsmiləşdirə bilməmişlər. Sonra onun atası yanmış mənzili X1 həyat yoldaşı X7 razılığı ilə bərpa edərək tikintinin öz adlarına sənədləşdirilməsi üçün ərizə ilə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişlər. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının mənzil məsələlərinə dair komissiyasının 22.04.1994-cü il tarixli pr12 nömrəli rəyi ilə təsdiq edilərək onu mənzil növbəsinə götürmüşlər. Sonra mənzil Səbail RİH-nin yaşayış fonduna daxil edilmiş və ona sığınacaq kimi verilmişdir. Mənzilin və mənzilə məxsus olan 2 qarajında onlara mənzillə birlikdə satılması mənzilin ilkin sahibi X2 həyat yoldaşı X7 yazdığı ərizədə öz əksini tapmışdır. Belə ki, X2 həyat yoldaşı X15 mənzilin onlara satılması ilə bağlı ərizəsində göstərmişdir ki, o, yaşadığı evin, yəni Bayıl qəsəbəsi, Buxta küçəsi, ev 2 və evin qarşısında olan 2 qarajı ilə birlikdə ona satıb pulunu da almışdır. Yaşadığı ev və 2 qaraj ona məxsusdur. Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 2 nömrəli fərdi yaşayış evi və evlə birlikdə qaraj mənzilin əsl sahibi X1 həyat yoldaşı X15 tərəfindən ona satılmış və mənzil onun valideynləri tərəfindən təmir edilərək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il 557 nömrəli sərəncamı ilə ona verilmişdir. Amma buna baxmayaraq iş üzrə cavabdeh hansı ki, mənzilə və qaraja heç bir aidiyyəti olmayan Cavabdeh1 qanunsuz olaraq qaraja daxil olaraq qarajdan istifadə edir. Bununla belə dəfələrlə cavabdehə irad bildirsələr də, lakin bu heç bir nəticə vermir. Cavabdeh daha da bu məsələni ciddiləşdirərək üzərlərinə güc tətbiq etmək istəmişdir. Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 2 nömrəli fərdi yaşayış evi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il 557 nömrəli sərəncamı ilə ona verilməsinin göstərilməsinə baxmayaraq, evə məxsus qarajın ona verilməsi sərəncamda göstərilməmişdir. Amma buna baxmayaraq evlə birlikdə qarajın da onlara satılması ilə iş üzrə üçüncü şəxs qismində cavabdeh olaraq göstərilmiş şəxs mənzilin əsl sahibi X1 həyat yoldaşı X15 tərəfindən yazılmış ərizədə mənzillə birlikdə 2 qarajında onlara satıldığı göstərilmişdir. Onlar artıq 1998-ci ildən bu günədək 23 ildir ki, qeyd olunan mənzildən və qarajdan fasiləsiz və etirazsız istifadə edirlər, amma buna baxmayaraq son 5-6 ay müddətdir ki, iş üzrə cavabdeh əsassız və qanunsuz olaraq onların qarajdan istifadə etməsinə maneə yaradır. 23 ildir ki, aldıqları mənzillə birlikdə mənzilə məxsus qarajlardan fasiləsiz etirazsız istifadə etdikləri üçün və qarajlar mənzilin əsl sahibi tərəfindən ona satıldığı üçün onun istifadəsinə tanınmalı və cavabdeh tərəfindən qarajlardan özbaşına istifadə etməsinə qadağan edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı özünə məxsus Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi, 2 nömrəli fərdi yaşayış evinin qarajlarının iddiaçının istifadəsinə tanınması və qarajlardan özbaşına istifadə etmənin Cavabdeh1 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X16 iddia tələbinin tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin göstərmişdir ki, 1998-ci ildə iddiaçı tərəfindən Cavabdeh2 məxsus ev və onun qarşısında olan 2 qaraj alınarkən, Arzu qarajlardan birinin əmisi cavabdeh İradənin atası Taqib tərəfindən istifadə olunmasına icazə verilməsini xahiş etmiş və demişdir ki, əmisi qarajdan ölənədək istifadə etsin. Taqib kişi 2 ildir ki, vəfat etmişdir, ondan sonra iddiaçı dəfələrlə qarajın onlara təhvil verilməsini bildirsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, qaraj 1972-ci ildə atası tərəfindən tikilmiş, ölən vaxtadək atası orada maşın saxlamışdır. Həmin qaraj heç vaxt Arzu gilə məxsus olmamışdır. Arzu gilin 2 qarajı olmuşdur, onlardan biri evin alt hissəsində, digər isə sonralar atasının tikdiyi qarajın yanında tikilmişdir. Atasının ölümündən sonra atasına məxsus qarajın açarları ondadır, o, istifadə edir. İddianı əsassız hesab edir və məhkəmədən onu rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, anadan olduğu 1966-cı ildən İradə gilin qonşuluğunda yaşayır, ağılı kəsdiyi vaxtdan qarajı İradənin atasına məxsus olmasını görmüş, qarajda İradənin atası ölən günədək öz avtomaşını saxlamışdır. Arzu evi Mayagülə satmışdır, orada evin altında bir qaraj, evdən kənarda isə iki qaraj var, biri Arzunun atasının, biri isə Taqib kişinin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, İradə gilin qonşuluğunda yaşayır, oraya 2001-ci ildən gəlmişdir, gəldiyi vaxtdan qarajdan İradənin atası Taqib kişinin istifadə etdiyini və avtomaşını saxladığını görmüşdür, rəhmətə getdikdən sonra qarajın açarı İradədə olmuş, İradə fiziki qüsurlu olduğu üçün avtomaşını ilə birlikdə onu müvafiq yerlərə aparıb gətirir, bir il olar ki, İradə həmin qarajda ona məxsus avtomaşını saxlamağa icazə vermişdir, heç bir təmənna olmadan. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının 22.04.1998-ci il tarixli, 557 nömrəli sərəncamın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, M.Yolçuyeva 1989-cu ildən 7 nəfər ailə üzvü ilə (özü, atası, anası, 3 qardaşı, bacısı) 7-ci Buxta döngəsi, y/sahəsi 34,6 kv.m. olan 22 No-li özbaşına tikilidə yaşayır. Onların qonşuluğunda yerləşən əvvəllər mərhum X3 ailəsinin qeydiyyatsız yaşadığı 7-ci Buxta küçəsi, 2 No-li özbaşına tikili 09.03.1995-ci ildə baş vermiş yanğın nəticəsində tam yanmışdır. Mərhumun h/yoldaşının razılığı ilə M.Yolçuyeva atası tərəfindən bərpa edilmiş tikilinin öz adına sənədləşdirilməsini xahiş etmişdir.Səbail rayon İHB-nın mənzil məsələlərinə dair komissiyasının 22.04.1998-ci il tarixli (pr.No12) rəyin təsdiq edilməsi və M.Yolçuyeva yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi, 7-ci Buxta küçəsi, 2 No-li özbaşına tikili rayon İH-nin yaşayış fonduna daxil edilməsi, 7-ci Buxta küçəsi, 2 No-li evi sığınacaq kimi X8 verilməsi qərara alınmışdır. İş üzrə X12 tərəfindən yazılmış ərizədən görünür ki, o, yaşadığı evi, yəni (Bayıl qəsəbəsi, 7-ci Buxta, ev 2) şəxsi evini, evin qarşısındakı 2 qarajı ilə birlikdə X6 1998-ci ildə satıb pulunu da almışdır. Yaşadığı şəxsi ev və 2 qaraj Yolçuyeva Mayagülə məxsusdur. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il tarixli 557 saylı sərəncamı ilə iddiaçı ailəsi ilə birlikdə (7 nəfər – özü, atası, anası, 3 qardaşı, bacısı) Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta döngəsi, yaşayış sahəsi 34,6 kv.m olan 22 No-li özbaşına tikilidə yaşamışlar. Onun qonşuluğunda yerləşən əvvəllər mərhum X3 ailəsinin qeydiyyatsız yaşadığı 7-ci Buxta küçəsi, 2No-li özbaşına tikili 09.03.1995-ci il tarixdə baş vermiş yanğın nəticəsində tam yanmışdır. X14 həyat yoldaşının razılığı ilə iddiaçı atası tərəfindən bərpa edilmiş tikilinin öz adına sənədləşdirilməsni xahiş etmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.04.1998-ci il tarixli 447 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin mənzil məsələlərinə dair komissiyanın 22.04.1998-ci il tarixli 12 No-li rəyi təsdiq edilərək iddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş, 7-ci Buxta küçəsi, 2No-li özbaşına tikili rayon icra hakimiyyətinin yaşayış fonduna daxil edilmiş və həmin ev sığınacaq kimi iddiaçıya verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta küçəsi, 2No-li evin qarşısında özbaşına inşa edilmiş qarajlar yerləşir və həmin qarajlardan biri hazırda cavabdehin istifadəsindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2 qaraj hazırda yaşadığı evin sahibi olmuş mərhum Qurban Hümbətov tərəfindən 1998-ci ildə ona satılmış və həmin qarajlar ona məxsusdur. Lakin cavabdeh onun razılığı və icazəsi olmadan həmin qarajları zəbt etmişdir. Bu səbəbdən iddiaçı həmin qarajlara onun istifadə hüququnun tanınması və həmin qarajlardan özbaşına istifadənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə mübahisəli qarajlara iddiaçının istifadə hüququnun tanınması tələbinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə onun tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilən Məcəllənin 152.1-ci maddəsiən əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Qanunun tələbinə əsasən istifadə hüququ mülkiyyət hüququnun ünsürü olmaqla əmlakdan istifadənin bir formasıdır. Hazırki mübahisə üzrə mübahisəli əmlaklar – qarajlar daşınmaz əmlaklar olduğu üçün həmin əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Nəzərə alsaq ki, mübahisəli qarajlar özbaşına tikilidir və qanun özbaşına tikili üzərində hər hansı hüququn tanınmasına yol vermir, həmin əmlak üzərində iddiaçının istifadə hüququnun tanınması yolverilməzdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mübahisəli qarajlar üzərində iddiaçının istifadəsinin (istifadə hüququnun) tanınması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mübahisəli qarajdan cavabdehin özbaşına istifadəsinin qadağan edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməməlidir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). AR Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli qarajlar eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və onlar özbaşına tikili statusuna malik olması, onlardan istifadə ilə əlaqədar məhkəmədə iddia qaldırmağı məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. AR Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Qeyd edilən Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hər hansı əşya barəsində onun öz sahibləri istifadə etmək səlahiyyətlərini həyata keçirə bilərlər və bu səbəbdən əmlakın həqiqi sahibi digər şəxsin həmin əmlak barəsində həyata keçirtdiyi özbaşına istifadəyə son qoyulmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli qarajların X9 pul ödənilməklə almasını iddia etsə də, həmin qarajın aldığı vaxtdan cavabdehin atasının istifadəsində olması iddiaçının nümayəndəsinin izahatı ilə etiraf edilmişdir. Məhkəmə əvəzli surətdə alınan əmlak üzərində uzun müddət ərzində iddiaçının sahiblik hüququnun həyata keçirilməməsini onun həmin əmlak üzərində sahiblik hüquqlarına malik olmaması kimi qiymətləndirir və əmlakın əvəzli surətdə əldə olunması barədə iddiaçının dəlillərini ağlabatan və məntiqli hesab etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər mübahisəli qarajın məhz cavabdehin atasına məxsus olması və həmin qarajdan yalnız onun istifadə etməsini göstərmişlər. AR Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qanunun tələbindən də göründüyü kimi sahibilk hüququ əmlaka faktiki sahibliyin həyata keçirilməsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli qaraj uzun müddətdir ki, cavabdehin sahibliyindədir. İddiaçı həmin qarajların cavabdehin qanunsuz sahibliyində olmasını iddia etsə də, bu halları da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Beləliklə iddiaçı mübahisəli qarajlar üzərində hər hansı hüququn, həmçinin mübahisəli qarajların cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı sübutlar təqdim edə bilmədiyindən, irəli sürülmüş iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı ona məxsus Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta (indiki Elşən İsmayılov) küçəsi 2 saylı fərdi yaşayış evinin qarajlarının onun istifadəsinə tanınması və qarajdan özbaşına istifadə etmənin cavabdehə qadağan edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar