Məhkəmə qərarları › İş №2(009)-268/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-268/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-268/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Elxan Elşən oğlu Eminovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 7350 manat məbləğində pulun alınaraq ona verilməsi və bundan sonra da övladının baxım və xəstəxana xərclərinin cavabdeh tərəfindən qarşılanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, xx.xx.2023-cü il tarixində üçüncü övladı X3 dünyaya gətirmişdir. Hamiləlik dövründə və keysəriyyə əməliyyatı üçün Bakı şəhəri, Badamdar, 1-ci yaşayış massivi 31 ünvanında yerləşən cavabdeh “X5” həkimi Abdullayeva Nigara (əlaqə nömrəsi: ***-***-**-**) müraciət etmişdir. Hamiləliyinin ilk aylarından etibarən həkim, ginekoloq Nigar Abdullayevanın müşayiəti altında olmuş, həkimin yönləndirdiyi bütün müayinələrdən keçmişdir. O, Nigar Abdullayevaya ikinci övladının “Covid-19” pandemiyası dövründə “serebral iflic” olaraq dünyaya gəldiyini, maddi imkanının yaxşı olmadığını və bir xəstə uşağa maddi və mənəvi olaraq çətinliklə baxdığını bildirmiş, əgər bətnindəki uşaqda da hər hansı bir xəstəlik varsa və ya xəstə olaraq dünyaya gəlmək ehtimalı varsa hamiləliyi sonlandırmaq istədiyini bildirmişdir. Lakin, Nigar Abdullayeva övladının sağlam olduğunu, hamiləliyində heç bir patoloji hal olmadığını, xəstə doğması üçün də heç bir risk olmadığını bildirərək onu müxtəlif müayinələrə analizlərə yollamışdır. Ona “narahat olmayın, sizə sağlam uşaq verəcəm” deyərək yalan vədlər vermişdir. Lakin, övladı dünyaya gəldikdən qısa bir müddət sonra onda normal olmayan hallar müşahidə etmiş və bu barədə həkimə məlumat vermişdir. Həkim yenə də heç bir problemin olmadığını təkidlə bildirmişdir. Daha sonra övladını başqa həkimlərə aparmış və ona bildirmişlər ki, övladı eşitmə və görmə qüsurludur-serebral iflicdir. Həkim səhvi və savadsızlığı ucbatından ikinci övladı da serebral iflic olaraq dünyaya gəldi. Müayinə və müalicələr üçün hamiləlik dövründə 60 0 (altı min) manat, keysəriyyə əməliyyatı üçün isə 1350 (min üç yüz əlli) manat pul alaraq onu aldatmış və övladının xəstəliyini tamah ucbatından gizlətmişdir. O, 7 nəfər ailə üzvüylə keçmiş məcburi köçkünlərin yaşadığı yataqxanada şəraitsiz şəkildə çətinliklə yaşayır. Üç övladından ikisi yataq xəstəsidir, həmçinin yaşlı qaynanası və qaynatası var. Ailədə sadəcə həyat yoldaşı fəhlə işləyərək yaşam xərclərini və üçüncü övladının doğumu üçün borc aldıqları 7350 (yeddi min üç yüz əlli) manatı ödəməyə çalışır. Həkim müayinələr zamanı doğumun mənfi nəticəsini görə bilərdi, görməli idi (yəni müəyyən səy göstərməli idi) və ya görürdü, ancaq əhəmiyyət verməmiş, tamah ucbatından bunu onlara bildirməmişdir. Bir qayda olaraq xəstəxana onda işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MMC tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı elektiv keysəriyyə kəsiyi əməliyyatı ilə doğuş diaqnozu qoyulmuş, o, 10 yanvar 2023-cü il tarixdə keysəriyyə spinal anesteziya (tibbi sərf xaric) əməliyyat olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin 751/KEŞ saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən, onda “Kvadroplegik spastik serebral iflic. Mikrosefaliya. Qıcolma və spazm” kimi xəstəliklərinin olduğu müəyyən edildi. “Uşaq serebral iflici” baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gəlir. Adətən erkən uşaqlıq dövründə aşkarlanır və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunur. “Uşaq serebral iflici”nin yaranma təhlükəsi 3 mərhələyə bölünür. 1. Hamiləlik zamanı: ananın infeksion xəstəliklərə tutulması, rezus konflikt, ananın səhhətində olan problemlər (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar, anemiya, stress, pis qidalanma vitamin və mikroelementlərin çatmamazlığı, zərərli vərdişlər) və yaş faktoru aiddir. 2. Doğuş zamanı: dölün asfıksiyası, doğuş travması, vaxtından əvvəl doğuşlar və ya gec doğuşlar. 3. Doğuşdan sonra: İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti, beyin infeksiyaları, qazdan zəhərlənmə və ya digər səbəblərdən baş verən oksigen çatmamazlığı, beyin travmaları, beyinə qansızına, məişət zəhərlənmələri, beyində olan şişlərin olması və s. aiddir. Qeyd olunanları nəzərə alaraq, X2 qeyd edilən “Uşaq serebral iflici”nin yaranma səbəblərdən konkret olaraq hansının həll edici olması haqqında fikir söylənilməsi mümkün olmadı. X4 təyin edilmiş hazırki diaqnoz onun ana bətnində olduğu müddətdə inkişaf mərhələsindən asılı olaraq xəstəlik əlamətlərini bəzi hallarda müəyyən etmək mümkün olmur. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində üçüncü övladı X3 dünyaya gətirmişdir. Hamiləlik dövründə və keysəriyyə əməliyyatı üçün cavabdeh “X5” həkimi Nigar Abdullayevaya müraciət etmişdir. Hamiləliyinin ilk aylarından etibarən həkim, ginekoloq Nigar Abdullayevanın müşayiəti altında olmuş, həkimin yönləndirdiyi bütün müayinələrdən keçmişdir. Uşaq dünyaya gəldikdən qısa bir müddət sonra onda normal olmayan hallar müşahidə etmiş və bu barədə həkimə məlumat vermişdir. Həkim heç bir problemin olmadığını bildirmiş, daha sonra başqa həkimlərə aparmış və ona bildirmişlər ki, övladı eşitmə və görmə qüsurludur-serebral iflicdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh hospitalda işləyən həkim Nigar Abdullayevanın onun hamiləliyi dövründə uşağın sağlam olduğunu bildirməsinə, lakin uşağın xəstə doğulmasına, başqa sözlə uşağın vəziyyəti barədə həkim tərəfindən ona düzgün məumat verilmədiyinə istinad etmişdir. Məhkəmə, iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir ( Mülki Məcəllənin 1112-ci maddəsi). Məhkəmə, iddianın dəlillərinə münasibət bildirərək qeyd edir ki, qanunun mənasına görə məhz yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi məhz mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(009)-268/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8”nin 751/KEŞ saylı xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunur ki, X1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən, onda “Kvadroplegik spastik serebral iflic. Mikrosefaliya. Qıcolma və spazm” kimi xəstəliklərinin olduğu müəyyən edildi. “Uşaq serebral iflici” baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gəlir. Adətən erkən uşaqlıq dövründə aşkarlanır və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunur. “Uşaq serebral iflici”nin yaranma təhlükəsi 3 mərhələyə bölünür. 1. Hamiləlik zamanı: ananın infeksion xəstəliklərə tutulması, rezus konflikt, ananın səhhətində olan problemlər (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar, anemiya, stress, pis qidalanma - vitamin və mikroelementlərin çatmamazlığı, zərərli vərdişlər) və yaş faktoru aiddir. 2. Doğuş zamanı: dölün asfıksiyası, doğuş travması, vaxtından əvvəl doğuşlar və ya gec doğuşlar. 3. Doğuşdan sonra: İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti, beyin infeksiyaları, qazdan zəhərlənmə və ya digər səbəblərdən baş verən oksigen çatmamazlığı, beyin travmaları, beyinə qansızına, məişət zəhərlənmələri, beyində olan şişlərin olması və s. aiddir. Qeyd olunanları nəzərə alaraq, X2 qeyd edilən “Uşaq serebral iflici”nin yaranma səbəblərdən konkret olaraq hansının həll edici olması haqqında fikir söylənilməsi mümkün olmadı. X4 təyin edilmiş hazırki diaqnoz onun ana bətnində olduğu müddətdə inkişaf mərhələsindən asılı olaraq xəstəlik əlamətlərini bəzi hallarda müəyyən etmək mümkün olmur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, iddiaçı tərəfindən ekspert rəyini təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da ekspert rəyinin əsaslılığına şübhə yaradacaq hər hansı bir hal müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə tərəfin izahatı ilə yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları, o cümlədən ekspert rəyini nəzərə alaraq hesab edir ki, X2 qeyd edilən “Uşaq serebral iflici”nin yaranma səbəblərdən konkret olaraq hansının həll edici olması haqqında fikir söylənilməsi mümkün olmamışdır. X4 təyin edilmiş hazırki diaqnozun onun ana bətnində olduğu müddətdə inkişaf mərhələsindən asılı olaraq xəstəlik əlamətlərini bəzi hallarda müəyyən etmək mümkün olmur. Başqa sözlə iddiaçının iddiasını əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar