Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2685/2021 07.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin böyük prokuroru X1 iştirakları ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1(101)-183/17 saylı hökmü ilə mərhum X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3,2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, 2 il sınaq müddətinə məhkum edilmişdir. Həmin hökmə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilinin üzərinə həbs qoyulmaqla müsadirə edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qərarı ilə, həmçinin həmin qərardan X4 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 05 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd olunan iş üzrə ibtidai istintaq mərhələsində Oktay Rüstəmov tərəfindən dəymiş maddi ziyan müəyyən edilmiş və onun yaxınları tərəfindən tam olaraq ödənilmişdir. Buna baxmayaraq, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin əldə edilməsinin bu cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda həmin əmlakın üzərinə həbs qoyulmuş və müsadirə edilmişdir. Halbuki, həmin mənzilin alınmasında mərhum Oktay Rüstəmovun heç bir rolu olmamış, mənzil həyat yoldaşı Elxan Pirəliyevlə birgə vəsaitləri hesabına əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin böyük prokuroru X2 izahatında ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin hökmlə müsadirə edildiyini və hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını bildirərək qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil 29.11.2014-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 20 dekabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 27 iyul 2017-ci il tarixli hökmü ilə X4 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və s. maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə X3 məxsus olub ailə üzvlərinin adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər ravonu, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi, “Elektroştamp” b/y-nin 24 saylı bağ evi, Bakı şəhəri, Səbail rayonu, İqor Ağayev küçəsi, 5 saylı evin 30 saylı mənzili, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 2 saylı evin, 41 saylı mənzili, ünvan 2 ünvanında yerləşən fərdi vaşavış evi, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi 212-də yerləşən fərdi yaşayış evi və Şamaxı rayonu, Məlhəm kəndində 1,3155 ha torpaq sahəsi xüsusi müsadirə edilərək əmtəə birjalarında satılmaqla zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəymiş zərərin ödənilməsinə yönəldilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 - 408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416—420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-183/2017 nömrəli, 27 iyul 2017-ci il tarixli hökmü ilə müsadirə edildiyindən, hökm qanuni qüvvəyə minməklə icraya yönəldiyindən, qeyd edilən tələbə mülki məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada (CPM-nin 408.3-cü maddəsi) baxıla bilər. Ona görə də, İddiaçı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, ərizədə göstərilən xüsusatlarla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2685/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2685/2021
07.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver