Məhkəmə qərarları › İş №2(009)-2699/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2699/2021

15.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2699/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh2 işə cəlb edilməklə) Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-dan "Kio" motors şirkətinin mütəxəssisinin qiymətləndirməsi nəticəsində əmlakına dəyən maddi ziyan 1200 manat və mənəvi zərər olaraq 1500 manat, ümumilikdə 2700 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır, şəxsi istifadəsində olan avtomobili binanın həyətində olan yaşadığı mənzilin qarşısında saxlayır. Həmin binanın qarşısında 2018-ci ildən "xxxx" MTK tikinti işlərinə başlamış, bu illər ərzində bu tikinti təşkilatı onlarla qonşu olduğu üçün yaşadıqları binada bir çox fəsadlar baş vermişdir. Bu yaxınlarda bu tikinti təşkilatı ərazidə aparılan işlə əlaqədar olaraq yeni tikilən binanın alt hissəsinə yığılmış qrunt sularını təmizləyərkən mərkəzi kanalizasiya sistemindən deyil, onların binasının həyətində yerləşən kiçik həcmli kanalizasiya qovşağına qoşulmuş və bunun nəticəsində yaşadığı mənzili su basmış və ona küllü miqdarda maddi və mənəvi ziyan dəymişdir. Bu ilin sentyabr ayının 29-da həmin tikinti təşkilatı onların binasının qarşısında hasar divarlarının suvaq işlərinə başlamış, onun avtomobili "Kia" Sportage hər zaman olduğu kimi binanın həyətində park edilmiş vəziyyətdə olarkən, hasar divarının o biri üzündə olan işçi Cavabdeh2 tərəfindən suvaq vurularkən iri palçıq kütləsi avtomobilinin üzərinə tökülmüş və avtomobilinin ön şüşəsi çatlamış, kapotu, sol qapıları, tavanı cızılmış və boyanmağa ehtiyac yaranmışdır. Avtomobilin siqnalizasiyasının səsinə həyətə çıxarkən artıq avtomobilinin üzərində xeyli palçıq olmuş, onun xəbərdarlığından sonra işə ara verilmiş, Cavabdeh2 bildirmişdir ki, bilərəkdən bu hadisə baş verməmişdir. Bu barədə o, tikinti şirkətinin rəhbərliyinə xəbər vermiş, cavabdeh Kristal Abşeron MTK-nın Bayıl Filialının direktoru Əliyev Nazim işçini cəzalandıracağını və ziyanı ona ödətdirəcəyini söyləmişdir. Barışıq yolu ilə məsələni həll etməyə çalışsa da, Nazim Əliyev bu işin ona aid olmadığını söyləmiş, ironik tərzdə işçini məhkəməyə verməyi məsləhət görmüş, işçiləri işə götürərkən müqavilə bağlayıb tikintidə baş verən hadisələrə özlərinin cavabdeh olduğunu söylədiyini bildirmişdir. Tikintidə təhlükəsizlik işlərinə cavabdeh məsul şəxs bilavasitə tikinti rəhbəri Nazim Əliyevdir, ona görə baş vermiş hadisədə əmlakına dəyən maddi ziyan və özünə dəyən mənəvi ziyan tam olaraq tikinti rəhbəri tərəfindən ödənilməlidir. Tikinti işləri aparılarkən təhlükəsizlik işlərinə çox önəm verilməlidir, təkcə tikinti işləri aparılan ərazidə deyil, ətrafda yerləşən mülki vətəndaşların əmlaklarına ziyan dəyməməsi üçün xüsusi xəbərdarlıq vasitələri quraşdırılmalıdır. Amma baş vermiş hadisədə heç bir xəbərdarlıq olmamış, nə işçilər, nə də mülki vətəndaşlar xəbərdar edilməmiş, şirkətin təhlükəsizlik mühəndisi işə nəzarət etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Cavabdeh2 iş üzrə əsl cavabdehlə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, o, "xxxx" MTK ilə aralarında bağlanmış podrat müqaviləsi əsasında MTK tərəfindən aparılan tikintidə divar hörgüsü və suvaq işlərini görür. İddia ərizəsində göstərilən vaxt o, divara suvaq vurarkən iri palçıq kütləsi divarın arxa tərəfindən dayanmış iddiaçıya məxsus avtomobilin ön şüşəsinə və sol tərəfdən maşının güzgüsünə və qapısına tökülmüşdür, maşının kapotuna palçıq düşməmişdir. Həmin hərəkət onun tərəfindən qəsdən edilməmişdir. Onun suvaq üçün istifadə etdiyi palçıq kütləsi xırda qum dənələrindən ibarətdir, tərkibində daş yoxdur və ona görə də, iddiaçının maşınına heç bir ziyan vura bilməzdi. İddiaçının maşınının üzərinə palçıq düşdüyü üçün o öz köməkçimi göndərdi ki, maşının üzərinə düşən palçığı təmizləsin və o da palçığı təmizlədi. O, cavabdeh MTK ilə bağladığı müqavilədə yalnız özünün və işçilərinin təhlükəsizliyi ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin məhkəməyə iddia tələbinə qarşı öz etirazını ünvanlayaraq, iddia tələbinin əsassız olduğunudan rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini tam əsassız hesab edərək etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK-nın Bayıl filialı ilə podratçı Cavabdeh2 arasında hörgü və suvaq işlərinin görülməsi üçün 15.04.2021-ci il tarixdə 487 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq Cavabdeh2 tikintidə hörgü və suvaq işləri görmüş və həmin ərazi Cavabdeh1 MTK tərəfindən ona təhvil verilmişdir. 29.09.2021-ci il tarixdə Cavabdeh1 MTK-nın binasından 20 m aralıda 2.5 m hündürlüyündəki hasarda suvaq işləri görülən zaman qum dənələri ona məxsus avtomobilin ön şüşəsində təxminən 25-30 sm uzunluğunda çat əmələ gətirmiş və ona maddi ziyan vurulmuşdur. 487 nömrəli podrat müqaviləsinə əsasən Cavabdeh2la MTK arasında bağlanmış “Podrat müqaviləsi”nin Xidmətlərin göstərilmə qaydası haqqında 2-ci maddəsinin 2.5-ci bəndində göstərilmişdir ki, “İcraçı” "xxxx"nin sifariş verdiyi xidmətlərin həyata keçirilməsi üçün aralarında bağlanmış müqaviləni əsas götürərək razılaşma əsasında subpodratçıları cəlb edə bilər və müqavilə öhdəliklərini yerinə yetirərkən (hündürlükdə işləyərkən), işlədiyi yerdə (sahədə) qanunvericilikdə nəzərdə tutulmuş bütün təhlükəsizlik tədbirlərini təmin etmədikdə, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası “Qaydaları” tələblərini kobud şəkildə pozduqda və bu səbəbdən baş vermiş hər hansı bədbəxt hadisəyə görə məsuliyyəti “İcraçı” daşıyır. Subpodratçıların qəbulu sifarişçi ilə razılaşdırılmalıdır.” Tərəflərin öhdəlikləri haqqında 3-cü maddənin 3.2.5ci bəndində göstərilmişdir ki, “İcraçı” "xxxx"nin sifariş verdiyi xidmətləri yerinə yetirən zaman özünün və cəlb etdiyi subpodratçının hərəkətləri və hərəkətsizliyi nəticəsində, “Sifarişçiyə” və kənar şəxslərin əmlaklarına vurduqları zərərə görə məsuliyyət daşıyır.” İddiaçının avtomobilinə dəymiş maddi ziyana görə Cavabdeh1 MTK heç bir məsuliyyət daşımır. Odur ki, iddianın tamamilə qanunsuz və əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 MTK-nın nümayəndəsinnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab etmişdir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 15.04.2021-ci il tarixli 487 nömrəli "xxxx" Kristal Abşeron MTK-nın Bayıl Filialının direktoru X2 ilə “İcraçı” Cavabdeh2 arasında bağlanmış podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində "xxxx" mişar daşından, müxtəlif növ kərpiclərdən daxili və xarici divarların hörülməsi, suvaq işlərinin görülməsi xidmətlərinin göstərilməsini sifariş verib «İcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə "xxxx"nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin Xidmətlərin göstərilmə qaydası haqqında 2-ci maddəsinin 2.5-ci bəndində göstərilmişdir ki, “İcraçı” “Sifarişçinin” sifariş verdiyi xidmətlərin həyata keçirilməsi üçün aralarında bağlanmış müqaviləni əsas götürərək razılaşma əsasında subpodratçıları cəlb edə bilər və müqavilə öhdəliklərini yerinə yetirərkən (hündürlükdə işləyərkən), işlədiyi yerdə (sahədə) qanunvericilikdə nəzərdə tutulmuş bütün təhlükəsizlik tədbirlərini təmin etmədikdə, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası “Qaydaları” tələblərini kobud şəkildə pozduqda və bu səbəbdən baş vermiş hər hansı bədbəxt hadisəyə görə məsuliyyəti “İcraçı” daşıyır. Subpodratçıların qəbulu sifarişçi ilə razılaşdırılmalıdır.» Tərəflərin öhdəlikləri haqqında 3-cü maddənin 3.2.5-ci bəndində göstərilmişdir ki, “İcraçı” “Sifarişçinin” sifariş verdiyi xidmətləri yerinə yetirən zaman özünün və cəlb etdiyi subpodratçının hərəkətləri və hərəkətsizliyi nəticəsində, “Sifarişçiyə” və kənar şəxslərin əmlaklarına vurduqları zərərə görə məsuliyyət daşıyır.” İş materiallarında olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 27 ünvanda yaşayan qonşular tərəfindən tərtib edilmiş qonşuluq aktından görünür ki, 29.09.2021-ci il tarixdə İddiaçı məxsus "Kia" Sportage avtomobili binanın həyətində park edilmiş vəziyyətdə olarkən Kristal Abşeron MTK binanın qarşısında hasar divarına suvaq işləri apararkən iri palçıq kütləsi avtomobilin üzərinə tökülmüş və avtomobilin ön şüşəsi çatlamış, kapotu, sol qapıları, tavanı cızılmış və boyanmağa ehtiyac yaranmışdır. İş materiallarında olan servisə daxil olmuş avtomobilin təmir xərci barədə AVTOSERVİS 199 saylı arayışdan görünür ki, "Kia" Sportage markalı avtomobilin təmirinə çəkilən xərc 1200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 29.09.2021-ci il tarixdə İddiaçı məxsus "Kia" Sportage markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomaşın yaşadığı Səbail rayonu, Xanlar küçəsi, 27 saylı binanın həyətində park edilmiş vəziyyətdə olarkən, Cavabdeh1 MTK-ya məxsus tikintidə işçi Cavabdeh2 tərəfindən hasara suvaq vurularkən palçıq kütləsinin iddiaçıya məxsus avtomobilin üzərinə tökülməsi nəticəsində avtomobilin ön şüşəsi çatlamış, kapotu, sol qapıları, tavanı cızılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktından görünür ki, Cavabdeh2 hərəkəti nəticəsində onun avtomaşınına 1200 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, cavabdehlər arasında bağlanmış podrat müqaviləsinə əsasən “Sifarişçinin” sifariş verdiyi xidmətləri yerinə yetirən zaman “İcraçı” özünün və cəlb etdiyi subpodratçının hərəkətləri və hərəkətsizliyi nəticəsində, “Sifarişçiyə” və kənar şəxslərin əmlaklarına vurduqları zərərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin olunmalıdır. Məhkəmə iddianın mənəvi ziyanın əvəzi kimi 1500 manat tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə görə cavabdehlərdən onun xeyrinə 1500 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehlərin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikas Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 1200 (bir min iki yüz) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar