Məhkəmə qərarları › İş №2(009)-270/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-270/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-270/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Ş.B.Süleymanlının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz qoyulmuş dəmir qapı və plastik pəncərələrin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz qoyulmuş dəmir qapı və plastik pəncərələrin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, o, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Bərdə şəhərində anadan olmuşdur, ailəlidir, iki oğlu, bir qızı var. Həyat yoldaşı uzun illərdir ki, vəfat etmişdir və övladlarını tək başına böyüdüb boya-başa çatdırmışdır. Qızı İ qrup əlildir. Hemodialez xəstəsidir. Min bir əziyyətlə pul qazanıb qızının iynə-dərmanına xərcləyir ki, qızının müalicəsi davam etsin. Bununla bağlı da daima həkim nəzarətindədir. Müayinə və müalicələr alır. Qızı Prezident təqaüdçüsüdür. Uzun illərdir ki, kirayədə qalırlar. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 733 saylı sahənin bir hissəsi Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 15-ci Səbail küçəsi, 117-də yerləşən ərazidə xx.xx.2023-cü ildə Qeydiyyat tarixinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin verdiyi sənədə əsasən Çıxarışı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi Torpaq sahəsinin planı və ölçüsü də mövcud olan, 0,03 sot olan torpaq sahəsi almışdır. Düşünmüşdür ki, həmin torpaq sahəsində ev tikdirər ailəlikcə birlikdə övladları ilə yaşayarlar. Qızının ağır xəstəliyinə başı qarışdığına görə vaxtlı-vaxtında torpaq sahəsinə baxmağa gedə bilmirdi. Bunu özünə flirsət bilən qonşusu Cavabdeh onun xəbəri və icazəsi olmadan evininarxa divarı, yəni onun həyətinə baxan hissədə özünə qanunsuz və əsassız olaraq dəmir qapı və pəncərələr qoydurmuşdur. Bununla bağlı da dəfələrlə özünə şifahi olaraq xəbərdarlıqlar etsə də, heç bir məhəl qoymamış üstəlik onu və ailə üzvlərini şantaj, hədə-qorxu və təhqirlər etmişdir. Üstəlik də əlindən hr hansı tikili belə edə bilmir bilərək səs-küy salır, davalar edir ki, “sən burdan hasar edə bilməzsən, hasar məni evinin havalandırması önün kəsirsən” O, başa düşə bilmir ki, bir insan özü qanunsuz əməl törədərək, necə başqasını günahkar çıxarda bilər. Cavabdehin yoldaşı Etiram adlı şəxs keçmiş polis işçisi olduğuna görə heç nədən, heç kimdən qorxmadığını söyləyərək, qanunsuz əməllərini davam etdirmişdir. Öz evinin ayrıca dəmir qapısı, pəncərələri olmağına baxmayaraq onun həyatyanı sahəsinə də göz tikərək əlavə dəmir qapı və pəncərələr qoymuşdur. Onun 0,03 sot torpaq sahəsi alanda cavabdehin evinin yan hissəsi onun torpağından düz hasar kimi görsənirdi. Sonra isə cavabdeh onu sökərək dəmir qapı və pəncərələr qoymuşdur. Böyük şəraiti olan evi olmasına baxmayaraq bununla yetirməyərək onun torpağında qanunsuz əməllər etmişdir. Bütün olanlara dözməyərək polisə müraciət etmişdir. Bununla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına müraciət etsə də, heç bir faydası olmadı çünki cavabdehin həyat yoldaşı keçmiş polis əməkdaşı olduğu üçün onlarla dostluq münasibətləri vardır. Hətta həyətinə baxan hissəyə qanunsuz dəmir qapı pəncərə qoyduğuna görə Səbail Rayon İcra hakimiyyətinə də müraciət etmişdir. Məsələ ilə bağlı dərhal araşdırma apardılar, hətta sonra məlum olmuşdur ki, qanunsuz qoyulmuş qapı-pəncərədən əlavə də cavabdeh evinin tikilişin edərkən onun həyətyanı torpaq sahəsinin ərazisinə də daxil olmuşdur. Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları da ona məhkəməyə müraciət etməsini məsləhət gördülər. Yuxarıda qeyd etdiyi qanunsuz əməlləri rəhbər tutaraq o, da pozulmuş hüquqlarının bərpasına görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ona verilmiş (********** nömrəli) Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 733 saylı sahənin bir hissəsi, Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 15-ci Səbail küçəsi, 117-də yerləşən 0.03 sot torpaq sahəsinin ərazisində qanunsuz qoyulmuş dəmir qapı və pəncərələrin sökülməsi öhdəliyinin cavavdeh Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onlar oranı alanda boş yer idi. Onların imkanları olmadığı üçün Emin adlı qonşu ilə bərabər alıb yarıya bölmüşlər. Yəni onlar öz aralarında həll etmişlər. Vəfaya aid olmadı. Sonradan Emin adlı qonşu da çıxıb xaricə getmiş və demişdir ki, torpağı satır. O, da o hissəni almışdır. Cavabdehin onlar tərəfindən mübahisələndirilən qapısı birbaşa onların mülkiyyətində olan torpaq sahəsinə açılır, yəni həmin qapıdan çıxan şəxs onların torpaq sahəsinə daxil olmalıdır. Cavabdehin evi onların torpaq sahəsinin qurtaracağı sahədə inşa edilmişdir. O, qapı sökülməsə də, onun bağlanmasını və həmin qapıdan istifadə edilməməsini istəyir. Torpaq sahəsinə hasar tikilisi inşa etmək fikiri var. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, onların torpaq sahələri arasında hər hansı bir yol yoxdur. Qapı birbaşa onların mülkiyyətində olan torpaq sahəsinə açılır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şəxsin mülkiyyətində olan torpaq sahəsi üzərində ev 10 ildən yuxarıdır ki, tikilib, həmin torpaq sahəsi ilkin cavabdehin anası Səkinə Hüseynovanın adına olmuş, sonra bağışlama ilə Cavabdeh adına keçmişdir. Məhkəməyə təqdim etdiyi 2014-cü ilin torpaq sahəsinin plan ölçülərində mübahisəli torpaq sahələri arasında yol kimi ara məsafəsinin olması müəyyən edilir. Eyni zamanda 2018-ci il torpaq sahəsinin plan ölçüsündə isə bu sahənin mövcudluğu da müəyyən edilir. Ekspert də 2,60 m. enində həmin yolun torpaq sahəsinin plan və ölçüsündə qeyd edildiyini göstərmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 733 saylı sahənin bir hissəsi - Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 732 saylı sahənin bir hissəsində yerləşən 0.01 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 732 saylı sahənin bir hissəsində yerləşən 0.01 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/762 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən: - 1-ci sual üzrə: İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 733 saylı torpaq sahəsi və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 732 saylı torpaq sahələrinin faktiki koordinatları müəyyən edilmiş və həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur; - 2-ci sual üzrə: cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair 2014-cü il tarixlərdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündəki qeyd edilən torpaq sahəsi planında tərəflərin mülkiyyətində olan torpaq sahələri arasında “yol” kimi ara məsafəsi göstərilmişdir və həmin yolun eni 2.60 metr təşkil edir. Cavabdehə məxsus torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları mülki iş materiallarında mövcud deyil; - 3-cü sual üzrə: cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili, cavabdehə məxsus torpaq sahəsində inşa edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 733 saylı sahənin bir hissəsində (Yeni qaydalarla: ünvan 1) yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı, həmin ünvanda yerləşən 732 saylı sahənin bir hissəsində yerləşən 0,01 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərə mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahələri arasında 2,60 m. “yol” kimi ara məsafəsi mövcuddur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, qızının ağır xəstəliyinə başı qarışdığına görə vaxtlı-vaxtında mülkiyyətində olan torpaq sahəsinə baxmağa gedə bilmirdi. Bunu özünə flirsət bilən qonşusu Cavabdeh onun xəbəri və icazəsi olmadan evinin arxa divarı, yəni onun həyətinə baxan hissədə özünə qanunsuz və əsassız olaraq dəmir qapı və pəncərələr qoydurmuşdur. Bununla bağlı da dəfələrlə özünə şifahi olaraq xəbərdarlıqlar etsə də, heç bir məhəl qoymamış üstəlik onu və ailə üzvlərini şantaj, hədə-qorxu və təhqirlər etmişdir. Üstəlik də əlindən hər hansı tikili belə edə bilmir bilərək səs-küy salır, davalar edir ki, “sən burdan hasar edə bilməzsən, hasar məni evinin havalandırması önün kəsirsən” O, başa düşə bilmir ki, bir insan özü qanunsuz əməl törədərək, necə başqasını günahkar çıxarda bilər. Cavabdehin yoldaşı Etiram adlı şəxs keçmiş polis işçisi olduğuna görə heç nədən, heç kimdən qorxmadığını söyləyərək, qanunsuz əməllərini davam etdirmişdir. Öz evinin ayrıca dəmir qapısı, pəncərələri olmasına baxmayaraq onun həyatyanı sahəsinə də göz tikərək əlavə dəmir qapı və pəncərələr qoymuşdur. Onun 0,03 sot torpaq sahəsi alanda cavabdehin evinin yan hissəsi onun torpağından düz hasar kimi görsənirdi. Sonra isə cavabdeh onu sökərək dəmir qapı və pəncərələr qoymuşdur. Böyük şəraiti olan evi olmasına baxmayaraq bununla yetirməyərək onun torpağında qanunsuz əməllər etmişdir. Bütün olanlara dözməyərək polisə müraciət etmişdir. Bununla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına müraciət etsə də, heç bir faydası olmadı çünki cavabdehin həyat yoldaşı keçmiş polis əməkdaşı olduğu üçün onlarla dostluq münasibətləri vardır. Hətta həyətinə baxan hissəyə qanunsuz dəmir qapı pəncərə qoyduğuna görə Səbail Rayon İcra hakimiyyətinə də müraciət etmişdir. Məsələ ilə bağlı dərhal araşdırma apardılar, hətta sonra məlum olmuşdur ki, qanunsuz qoyulmuş qapı-pəncərədən əlavə də cavabdeh evinin tikilişin edərkən onun həyətyanı torpaq sahəsinin ərazisinə də daxil olmuşdur. Bu səbəbdən iddiaçı ona verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 733 saylı sahənin bir hissəsində (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 15-ci Səbail küçəsi, 117) yerləşən 0.03 sot torpaq sahəsinin ərazisində qanunsuz qoyulmuş dəmir qapı və pəncərələrin sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinin alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 733 saylı torpaq sahəsi və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 732 saylı torpaq sahələrinin faktiki koordinatları müəyyən edilmiş və həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsinə dair 2014-cü il tarixlərdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündəki qeyd edilən torpaq sahəsi planında tərəflərin mülkiyyətində olan torpaq sahələri arasında “yol” kimi ara məsafəsi göstərilmişdir və həmin yolun eni 2.60 metr təşkil edir. Cavabdehə məxsus torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları mülki iş materiallarında mövcud deyil. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili cavabdehə məxsus torpaq sahəsində inşa edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini cavabdeh tərəfindən inşa olunan binanın onun torpaq sahəsinin sərhəddində yerləşməsini, tikilinin pəncərə və qapısının birbaşa onun mülkiyyətində olan torpaq sahəsinə açılmasına əsaslanaraq, qapı və pəncərənin sökülməsi barədə tələb irəli sürmüşdür. Lakin yuxarıda qeyd edildiyi kimi, ekspert rəyi ilə torpaq sahəsinin plan və ölçüsünə istinad edərək müəyyən edilmişdir ki, tərəflərə mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahələri arasında 2,60 m. “yol” kimi ara məsafəsi mövcuddur. Yəni cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi binanın pəncərə və qapısı iddiaçının mülkiyyətində olan torpaq sahəsinə deyil, onlar arasında yerləşən “yola” açılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 64.1-ci maddəsinə əsasən tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: 64.1.1. tikinti obyektinin təyinatına görə istismar şəraiti; 64.1.2. ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; 64.1.3. tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Eyni Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. Beləliklə məhkəmə iclasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa olunan tikilinin qapı və pəncərəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bilavasitə açılması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, həmçinin iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı ona verilmiş (********** nömrəli) Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 733 saylı sahənin bir hissəsi, Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 15-ci Səbail küçəsi, 117-də yerləşən 0.03 sot torpaq sahəsinin ərazisində qanunsuz qoyulmuş dəmir qapı və pəncərələrin sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar