Məhkəmə qərarları › İş №2(009)-272/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-272/2022

03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-272/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativindən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq pilot layihə əsasında tikilmiş yaşayış binasından ona düşən mənzilin ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1980-cı ildən Krasin küçəsi, indiki Qurban Abbasov küçəsi ev 4 ünvanında atası Mahmud Seyfullayevə məxsus evdə qeydiyyatda olmaqla yaşamışdır. O, xaricdə olduğu müddətdə sözü gedən ünvandakı ev sökülmüşdür. Ona məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 15.04.2014cü il tarixli 173 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar və Qurban Abbasov küçələrinin arasında yerləşən 58-59 nömrəli məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri yaşayış tikililəri “X4 Kompleksi” MMC tərəfindən sökülmüş və pilot layihə əsasında yerində 3 girişli 8 mərtəbəli yaşayış binası inşa edilmişdir. Söküntü müddətində o, Bakı şəhərində olmadığından “X4 Kompleksi” MMC-nin rəhbərliyi tərəfindən ona nə kompensasiya, nə də ki mənzil verilməmişdir. Kompensasiyanın ödənilməsi və ya mənzillə təmin olunma barədə 06.09.2021-ci il tarixdə ərizə ilə “X4 Kompleksi” MMC-yə müraciət etsə də, 16.09.2021-ci il tarixli, 54 saylı məktubla onun müraciətinə imtina cavabı verilmişdir. Buna görə də pilot layihə əsasında tikilmiş yaşayış binasından ona düşən mənzilin ayrılaraq ona verilməsini məkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativinin nümayəndəsi X2 iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı atasına məxsus olan Qurban Abbasov (köhnə Krasin) küçəsi 4 ünvanında yerləşən 13 saylı ev qəzalı olduğu üçün 1981-ci ildə ailə order əsasında Əhmədli yaşayış B Massivinə kvartal 5 mənzil 76 ünvanına köçürülmüşlər və özü də daxil olmaqla ailə üzvləri həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. 13 saylı ev qəzalı olduğu üçün icra hakimiyyəti orqanları tərəfindən sökülmüşdür. Bunu 26 saylı Mənzil Kommunal İstismar Sahəsinin sənədləri də təsdiq edir. Sözügedən ünvanda “X4 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən müvafiq sərəncamlar ilə 2014-cü ildən başlayaraq köçürmə prosesi zamanı bütün mülkiyyətçilərin və qeydiyyatda olan şəxslərin razılıqları alınmış və mülkiyyətçilərlə müvafiq olaraq alqı-satqı müqavilələri bağlanılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Məhmud oğlu tərəfindən “X4 Kompleksi” Mənzil Tikinti Kooperativinin rəhbərliyinə ünvanlanmış 06.09.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ona düşən kompensasiyanın və ya mənzilin verilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan “X4 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı Məhmud oğluna ünvanlanmış 16.09.2021-ci il tarixli, 54 nömrəli cavab məktubundan görünür ki, qeyd etdiyi ünvanda ona məxsus mənzil mövcud olmamış, köçürmə prosesində bütün mülkiyyətçilərin və mənzillərdə qeydiyyatda olan şəxslərin razılıqları alınmış və mülkiyyətçilərlə müvafiq olaraq alqı-satqı müqavilələri bağlanmışdır. İş materiallarına əlavə olunmuş Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 31 yanvar 2022-ci il tarixli 1-Dax-30 saylı məktubdan görünür ki, 46 saylı MKİS-nin qeyd etdiyinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Rayon Xalq Deputatları Sovetinin 26 Bakı Komissarları adına İcraiyyə Komitəsinin 18/1393 nömrəli, 25.07.1980-ci il tarixli qərarı ilə yaşayış balansından çıxarılıb. İddiaçı və onun ailə üzvləri 18 9929 nömrəli, 24.12.1981-ci il tarixli order əsasında Əhmədli Yaşayış B Massivi kvartal 5, mənzil 76-ya köçürülmüşlər. 46 saylı MKİS-də saxlanılan sənədlərə əsasən İddiaçı 1974-cü ildən 1982-ci ilə kimi Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi (keçmiş Krosin), ev 4, mənzil 13-də qeydiyyatda olmuş, 1982-ci ildə həmin ünvandan bütün ailə üzvəri ilə qeydiyyatdan çıxarılmışlar. Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi (keçmiş Krosin), ev 4 Bakı şəhər İcra Hakimiyyəti Başçısının 173 nömrəli, 15.04.2014-cü il tarixli sərəncamı əsasında X4 Kompleksi MMC tərəfindən sökülmüşdür, söküntü vaxtı İddiaçı həmin mənzildə qeydiyyatda olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin yaşadığı və qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən ev qəzalı ev kimi Rayon Xalq Deputatları Sovetinin 26 Bakı Komissarları adına İcraiyyə Komitəsinin 18/1393 nömrəli, 25.07.1980-ci il tarixli qərarı ilə yaşayış balansından çıxarılmışdır. İddiaçı və onun ailə üzvləri 18 9929 nömrəli, 24.12.1981-ci il tarixli order əsasında Əhmədli Yaşayış B Massivi kvartal 5, mənzil 76-ya köçürülmüşlər. İddiaçı 1974-cü ildən 1982-ci ilə kimi Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi (keçmiş Krosin), ev 4, mənzil 13-də qeydiyyatda olmuş, 1982-ci ildə həmin ünvandan bütün ailə üzvəri ilə qeydiyyatdan çıxarılmışlar. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi (keçmiş Krosin), ev 4 Bakı şəhər İcra Hakimiyyəti Başçısının 173 nömrəli, 15.04.2014-cü il tarixli sərəncamı əsasında X4 Kompleksi MMC tərəfindən sökülmüşdür, söküntü zamanı İddiaçı həmin ünvanda qeydiyyatda olmamaqla yaşamamışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 246-cı maddələrinə və s. qanunvericilik aktı normalarına istinad edərək, cavabdeh tərəfindən onun mülkiyyət hüquqularının pozulmasını iddia edərək cavabdeh tərəfindən pilot layihə əsasında tikilmiş yaşayış binasından ona düşən mənzilin ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının dəlillərini iş materialları ilə müqayisəli şəkildə təhlil etməklə hüquqi qiymət verərək, qanunvericiliyin tələblərini də nəzərə alaraq hesab edir ki, cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının pozulmasının baş verməsi halı sübuta yetirilmir. Belə ki, iddiaçı söküntünün aparılması nəticəsində hüquqlarının pozulmasını iddia etsə də, söküntüdən əvvəlki dövrdə həmin ərazidə ona məxsus mənzilin və ya yaşayış yerinin, eləcə də həmin mənzilə (yaşayış yerinə) hər hansı bir hüququnun mövcudluğu barədə heç bir sübut növü məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı iş materialları ilə təsdiq olunur ki, İddiaçı və onun ailə üzvlərinin yaşadığı və qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən ev qəzalı ev kimi Rayon Xalq Deputatları Sovetinin 26 Bakı Komissarları adına İcraiyyə Komitəsinin 18/1393 nömrəli, 25.07.1980-ci il tarixli qərarı ilə yaşayış balansından çıxarılmış, İddiaçı və onun ailə üzvləri 18 9929 nömrəli, 24.12.1981-ci il tarixli order əsasında Əhmədli Yaşayış B Massivi kvartal 5, mənzil 76-ya köçürülmüş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 173 nömrəli, 15.04.2014-cü il tarixli sərəncamı əsasında cavabdeh “X4 Kompleksi” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi (keçmiş Krosin), ev 4-ün sökülməsi zamanı da İddiaçı həmin ünvanda qeydiyyatda olmamaqla yaşamamışdır. Bununla da, iddiaçının iddia tələbini əsaslandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən mübahisəli ünvanda söküntü və tikinti işləri aparılan zaman onun (iddiaçının) həmin ünvanda hər hansı bir əmlak hüququ mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (MM 157.8) Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslı olmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X4 Kompleksi” Mənzil Tikinti Kooperativinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar