Məhkəmə qərarları › İş №2(009)-273/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-273/2020

10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-273/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mübahisəli ünvanda yerləşən ünvan 1 yerləşən əmlak onun şəxsi mülkiyyətidir. Cavabdeh qanunsuz olaraq özbaşına tikili aparması nəticəsində onun evinin divarında bitişik ev tikmişdir. Həmin tikililərin sökülməsinə dair Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-141/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililər sökülməsinə dair tələb təmin edilmişdir. Hal-hazırda onun istinad divarını zəbt edib özünə ev tikdiyi üçün günəş şuasının düşməməsi nəticəsində həyətə tökülən qrunt sularının evinin divarlarını və döşəməsini nəmişlikdən qəzalı hala düşmüşdür. Təmir işləri görsə də, heç bir nəticə verməmişdir. Onu dəfələrlə cavabdeh və onun qızı X2 təhqir və hədələr etmişlər. Cavabdehin və onun ailə üzvlərinin qərəzli və təhqiramiz hərəkətləri nəticəsində sağlamlığına ziyan dəymişdir. Dəfələrlə bütün dövlət orqanlarına və məhkəməyə müraciət etsə də, nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Tikililərin sökülməsi ilə bağlı məhkəmə prosesində keçirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3787 saylı, xx.xx.2019-cu il tarixli ekspertiza rəyin nəticəsi hissəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan göstəricilərinə əsasən mübahisəli ünvanda inşa olunan ikinci mərtəbəsinin qonşuluqda yerləşən 10 saylı fərdi yaşayış evinə (evin dəhlizinə və iki yataq otağına) təbii işığın (günəş şüaları) düşməsinə və hava axınına müəyyən dərəcədə maneçilik törətməsi müəyyən edilir. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 5000 manat təşkil edir. Həmçinin cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilinə korlanmış təmirin nəticəsində təmir dəyəri 5000 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Göstərilənləri nəzərə alaraq iddiaçı onun mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 5000 manat pul cavabdehdən onun xeyrinə tutulması, mənəvi ziyan olaraq 500 manat cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, məhkəməyə ödənilən 30 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, ekspert rəyinin birinci hissəsi ilə, yəni cavabdeh tərəfindən aparılmış tikinti nəticəsində onun mülkiyyətində olan evin otaqlarının alt hissəsində havalandırma üçün nəzərdə tutulmuş dəlilər bağlanması barədə gəldiyi nəticə ilə razıdır. Lakin ekspert tərəfindən dəyən ziyan məbləği kimi qeyd etdiyi 1470 manatla razı deyil. Eyni zamanda cavabdehin ekspert rəyini sübut növü kimi qəbul edilməməsi barədə etirazı ilə də razı deyil. onun bütün tikililəri qanunindir və texniki pasportda əks olunmuşdur. Cavabdehin tikilisi isə qanunsuzdur. Cavabdehin ümumiyyətlə həmin tikiliyə heç bir aidiyyəti və sənədi yoxdur. Problem cavabdeh tərəfindən mövcud tikili üzərində ikinci mərtəbə tikməsi zamanı betonlama işlərinin aparılması zamanı yaranmışdır. Yəni havalandırma borularının qarşısı cavabdehin qanunsuz apardığı tikililər nəticəsində bağlanmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, ekspertin rəyi ilə razı deyil. öz mülahizələrini yazılı surətdə etiraz kimi məhkəməyə təqdim etmişdir. Bildirir ki, iddiaçı ilə əvvəllər də aralarında mülki mübahisə olmuş, həmin mübahisə ilə əlaqədar məhkəmə qətnamələri mövcuddur. Mülki iş üzrə ekspertiza keçirilmişdir, ekspert rəyində müəyyən edilən hallar da mövcuddur. Qətnamədə müəyyən edilən hallar preyudisial hallar daşıyır. Rəy verən ekspert öz səlahiyyətlərindən kənara çıxaraq heç bir əsaslı dəlillər göstərmədən onun apardığı tikilinin iddiaçının mülkiyyətində olan evə ziyan vurulması ilə nəticələnməsini qeyd etmişdir. Ekspert aşkar surətdə ona qarşı qərəzli mövqedə olmuşdur. Sanki faktiki hallar barədə şahid ifadəsi kimi qeyd etmişdir. İddiaçının mənzillərinə məhz onun tərəfindən qanunsuz olaraq əvvəllər keçid kimi istifadə olunan ərazidə əlavə tikilinin aparılması olmuşdur. Ziyan çəkən otaqlar onun evindən kifayət qədər aralı məsafədə yerləşir. bu səbəbdən hesab edir ki, ekspert rəyi məhkəmə tərəfindən sübut kimi qəbul edilməməli və iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş FM seriyalı 009141 №-li qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 10 saylı evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-141/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin sökülməsi qət edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 32408 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 10 saylı evin divarları və döşəmələri üzərində zədələrin (qüsurların) olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində Cavabdeh tərəfindən aparılmış tikinti inşaat işləri nəticəsində həmin ünvanın 10 saylı yaşayış evinin alt hissəsində (döşəmənin altında) quraşdırılmış havalandırma üçün nəzərdə tutulmuş dəliklər bağlandığından, 10 saylı yaşayış evinin döşəməsinə və divarlarına ziyanın dəydiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 10 saylı yaşayış evinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1470 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 10 saylı evi iddiaçının mülkiyyətindədir və cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 8 saylı evdə yaşayır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılmış tikinti işləri nəticəsində iddiaçının mülkiyyətində olan evinə ziyan dəymiş, evin divarları və döşəmələri üzərində qüsurlar yaranmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılmış tikinti inşaat işləri nəticəsində iddiaçının mülkiyyətində olan evin divarları və döşəmələri üzərində yaranmış qüsurlar məhkəmə ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsində yerləşən 10 saylı evin divarları və döşəmələri üzərində zədələrin (qüsurların) olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 8 saylı evin 2-ci mərtəbəsində cavabdeh tərəfindən aparılmış tikinti inşaat işləri nəticəsində iddiaçının evinin alt hissəsində (döşəmənin altında) quraşdırılmış havalandırma üçün nəzərdə tutulmuş dəliklər bağlandığından, həmin evinin döşəməsinə və divarlarına ziyanın dəydiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçıya məxsus evinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün 1470 manat lazım olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılmış tikinti inşaat işləri nəticəsində iddiaçının mülkiyyətində olan evinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 5000 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 1470 manat məbləğində tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə cavabdehin ekspert rəyinin sübut kimi qəbul edilməməsi barədə etirazda göstərilən dəlillərinə qiymət verərək hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən hal Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı mülkiyyətində olan mənzilə təbii işıq və hava axınının daxil olması ilə bağlıdır. Həmin məhkəmə aktlarında hazırki mübahisə predmetini təşkil edən hallarla bağlı heç bir araşdırma aparılmamış və ona hüquqi qiymət verilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 1470 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülkihüquq məsuliyyəti daşıyır. Bu səbəbdən iddia tələbi maddi ziyanın tutulması hissədə qismən təmin edilməli və cavabdehdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 1470 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş 500 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X5 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 500 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir və ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində də pul tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1470 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar