Məhkəmə qərarları › İş №2(009)-280/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-280/2021

08.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-280/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Ərazi idarəsi işə cəlb edilməklə Cavabdeh qarşı “payların naturada bölgüsü və paylı mülkiyyətə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Ərazi idarəsi işə cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzildə ona məxsus ümumi sahəsi 126.70 kv.m olan 4 yaşayış otağının, payının digər paylı mülkiyyətçi Cavabdeh payından ayrılması, ayrılmış paya müvafiq olaraq mənzilin ölçülərinin müəyyənləşdirilməsi və ayrılmış paya dair ayrıca ünvan, həmin paya dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, b.23, 18 saylı mənzilin ümumi sahəsi 126.70 kv.m olan 4 yaşayış otağını X5 qanuni əsaslarla AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi üzrə 27 sentyabr 2019-cu il tarixində rəsmi qaydada ona satmış və müqaviləyə əsasən **********26-05101-093013 reyestr nömrəli Elektron Çıxarış verilmişdir. Lakin Çıxarışda hüquq sahibləri bölməsində əmlakı ona satan X3 qardaşı Cavabdeh ayrıca 1 otağa dair hüququ qeyd edilmiş, belə ki, daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınarkən paylı mülkiyyətdə olan daşınmaz əmlak kimi göstərilmişdir. 27 iyun 2000-ci il tarixində ünvan 2 ünvanda yerləşən 1 otaqlı ayrıca mənzil X6 tərəfindən mənzil bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlanmışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 27 sentyabr 2000-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Hazırda isə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, b.23, mənzil 18-də yerləşən 4 yaşayış otağını isə X6 29 mart 2011-ci il tarixində rəsmi qaydada mənzil bağışlama müqaviləsi ilə X4 bağışlamışdır. Sözügedən ünvana məxsus rəsmi sənədlərdən də açıq-aydın görünür ki, əmlaklar bir-birindən ayrı tikililərdir. Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, b.23, mənzil 18-də yerləşən 4 yaşayış otağına dair verilmiş Çıxarışda Cavabdeh adının payçı kimi qeyd olumnası onun mülkiyyət hüququndan səmərəli şəkildə istifadə etməyinə, əmlakı barədə müstəqil sərəncamlar verməyinə mane olur. Mövcud problemin aradan qaldırılması üçün cavabdehə dəfələrlə müraciət edərək bölgü sxeminin tərtib edilməsi üçün mütəxəssislərin əraziyə baxış keçirməsinə razılıq verməyini xahiş etsə də, o buna razı olmamışdır. O, sözügedən əmlakı Cəfərov Bağırdan almamışdan qabaq, yəni 14 dekabr 2018-ci il tarixdə, ünvan 1-də yerləşən mənzilin bölgü sxeminin tərtib edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmiş və ərizənin icrası olaraq 26 dekabr 2018-ci ildə İdarə tərəfindən ona və qardaşı Cavabdeh məxsus əmlakın sxemi tərtib edilmişdir. Sxemdə onların hər birinə məxsus əmlak barədə müddəalar tam şəkildə təsbitini tapmış, belə ki, sxemdən açıq-aydın görünür ki, ünvan bir olsa da, mənzillər birbirindən tam ayrıdır və bir-birilərinə heç bir aidiyyətləri yoxdur. İdarə tərəfindən təfsilatı ilə sxem tərtib edilsə də, hazırki iş üzrə Cavabdeh bölgünü imzalamaqdan əsassız yerə imtina etmişdir. Razılıq əldə olunmadığı üçün də tərtib edilmiş sxem notarial qaydada təsdiq edilə bilməmiş və əmlaka dair paylı mülkiyyətə xitam verilməsi mümkün olmamışdır. X5 özünə aid əmlakı ona satdıqdan sonra Cavabdeh X4 qarşı heç bir hüquqi əsası olmayan “vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin işin obyektiv araşdırılması nəticəsində iddia ərizəsi əsassız olduğundan iddianın rədd edilməsi barədə 2(009)-2818/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qətnamə qəbul edilmiş və həmin qətnamə mübahisələndirilmədiyindən qanuni qüvvəsini almışdır. Cavabdeh qardaşına qarşı etdiyi qanunsuzluqları hazırda ona qarşı etməyə çalışır. Onunla məhkəmədən kənar hansısa razılığa gəlinməsi qeyri-mümkündür. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, b.23, m. 18-də yerləşən daşınmaz əmlakın bölünməsinə dair bölgü sxeminin tərtib edilməsi üçün 16 sentyabr 2020-ci il tarixində aidiyyəti qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətlə əlaqədar mütəxəssislər sözügedən ünvana gələrək ona məxsus əmlakın sxemini tərtib edə bilsələr də, cavabdeh və onun ailəsi mütəxəssislərin əmlaka baxmasına, sxem tərtib etməsinə imkan verməmişdir. Cavabdehin bölgü sxeminin tərtib edilməsinə heç cürə razılıq verməməsi səbəbindən paylı mülkiyyətə xitam verilməsi üçün əmlakın paylara uyğun məhkəmə qaydasında naturada ayrılması, ayrılmış paya müvafiq olaraq əmlakın ölçülərinin müəyyənləşdirilməsi və ayrılmış paya dair ayrıca ünvan, həmin paya dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi zəruridir. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, b.23, 18 saylı mənzilin ümumi sahəsi 126.70 kv.m olan 4 yaşayış otağı xüsusi mülkiyyət hüququ əsasında onun tam mülkiyyətindədir. İşin materiallarından o da bəlli olur ki, X3 və Cavabdeh hər birinə ataları tərəfindən sözügedən əmlakın müəyyən hissələrinin qanuni şəkildə bağışlanması, X3 özünə bağışlanılmış əmlakı qanuni əsaslarla ona satması və hüquqların qeydiyyata alınması barədə çıxarışların verilməsi əmlakın paylı mülkiyyət olmasını aradan qaldıran hallardır. Həmçinin əmlak üzrə tərtib edilmiş sxemlərdən də göründüyü kimi paylar bir-birindən ayrıdır və bununla da payların bölgüsü texniki cəhətdən mümkündür. Belə ki, ona məxsus 4 otaqla, cavabdehə məxsus 1 otağın tək bir ortaq cəhəti, bağlılığı var ki, o da onların bir ünvanda göstərilməsidir. Əgər yerində baxış keçirilərsə, zəruri ekspert, mütəxəssis rəyi alınarsa payların bir-birindən bağımsız olduğu bəlli olar. Cavabdehə məxsus 1 otağın onun mülkiyyətinə heç bir bağlılığının olmaması, əmlaklar arasında kifayət qədər məsafənin olması, payların naturada bölünməsininin texniki cəhətdən mümkünlüyü və buna maneə olacaq hansısa halın mövcud olmaması tələbin təmin edilməsinə əsas verir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, b 23 saylı evin 18 saylı mənzilinin 4 otağı 30.09.2019-cu il tarixdə, ********** nömrə ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına, mənzilin 1 otağı isə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-təmir ekspertizasının 10/912 №-li, 12 iyul 2021ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 23 saylı evin 18 saylı mənzilinin İddiaçı mülkiyyətində olan hissəsinin təcrid şəklində ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Ekspert rəyindən görünür ki, tədqiq olunan mənzilin faktiki vəziyyətini, planlı yerləşməsini, İddiaçı istifadəsində olan tikililərin digər tikililərdən təcrid olunaraq ayrıca giriş-çıxış yolunun olmaqla, yaşayış və yardımçı tikililər ilə təmin olunduğunu nəzərə alaraq, tədqiq olunan mənzildən İddiaçı payına düşən hissəsinin təcrid şəklində ayrılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq sahəvi qanunvericilik aktı olan Mülki Məcəllədə də öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Mübahisə mülkiyyət hüququ, eləcə də paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan payın ayrılması məsələləri ilə bağlı olduğu üçün məhkəmə mübahisənin hüquqi həlli ilə əlaqədar aşağıdakıları qeyd edir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Qanunverici fərdi mülkiyyət halından fərqli olaraq paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətdə olan əmlaka və öz pay hüququna sərəncam səlahiyyətinin reallaşdırılması, habelə payın ayrılmasının tələb edilməsi və həyata keçirilməsi qaydalarını müəyyən etmişdir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2, 220.3 və 220.4-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, qanuni mexanizm payın ayrılmasının mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə, mübahisənin müəyyən edilmiş faktiki hallarına mülki qanunvericiliyin tələbləri və yuxarıda şərh edilən hallar baxımından yanaşaraq qeyd edir ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 23 b saylı evin 18 saylı mənzilində yerləşən 4 yaşayış otağından ibarət olan payının Cavabdeh məxsus 1 otaqdan ibarət payından naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmin paylar ayrılmaqla paylı mülkiyyətə xitam verilməli, tərəflərin paylarına uyğun müvafiq çıxarışın verilməsi AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Ərazi idarəsinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 23 b saylı evin 18 saylı mənzilində yerləşən 4 yaşayış otağından ibarət olan payı Cavabdeh məxsus 1 otaqdan ibarət payından ayrılmaqla paylı mülkiyyətə xitam verilsin. Tərəflərin paylarına uyğun müvafiq çıxarışın verilməsi AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Ərazi idarəsinə həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar