Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-280/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, ev 17 - “A” tikilidən ibarət hissədə onun, “B” tikilidən ¼ hissədə Cavabdeh1, “B” tikilidən ¼ hissədə Cavabdeh2 və “B” tikilidən 2/4 hissədə Cavabdeh3 paylı mülkiyyətindədir. ünvan 1, ev 17-nin onun payına düşən “A” hissəsi faktiki olaraq divarla digər paylardan ayrılmış, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Eləcə də digər payçıların payları da bir-birindən ayrılmış, hər bir hissə ayrıca ev kimidir, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Lakin ona məxsus payın naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmədiyinə görə, ona məxsus payın naturada ayrılması barədə sənəd əldə edə və payına düşən hissəyə dair ayrıca çıxarış ala bilmir. Buna görə də müəyyən çətinliklər yaranır. Evinə dair Çıxarışda bütün payçıların adı qeyd edilir. Bu səbəbdən də ünvan 1, ev 17-nin onun payına düşən hissəsinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1, ev 17-nin onun payına düşən “A” tikilidən ibarət hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şamil qızı, Cavabdeh3 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139,07 kv.m. olan 17 saylı evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 (“B” tik-dən ¼ hissə), Cavabdeh2 (“B” tik-dən ¼ hissə), İddiaçı (“A” tikilisi), Cavabdeh3 (“B” tik-dən 2/4 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/337 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1, ev 17-nin iddiaçının payına düşən “A” tikilidən ibarət hissəsinin faktiki vəziyyəti üzrə bölündüyündən, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğundan, o cümlədən tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) ayrı-ayrı olduğuna görə, iddiaçının payına düşən “A” tikilidən ibarət hissəsinin naturada real bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,2.2,2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun faktiki vəziyyəti üzrə mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 17 saylı evin “A” tikilisi İddiaçı, “B” tikilisinin ¼ hissəsi Cavabdeh1, “B” tikilisinin ¼ hissəsi Cavabdeh2, “B” tikilisinin 2/4 hissəsi Cavabdeh3 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 1, ev 17-nin onun payına düşən “A” hissəsi faktiki olaraq divarla digər paylardan ayrılmış, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Eləcə də digər payçıların payları da bir-birindən ayrılmış, hər bir hissə ayrıca ev kimidir, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Lakin ona məxsus payın naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmədiyinə görə, ona məxsus payın naturada ayrılması barədə sənəd əldə edə və payına düşən hissəyə dair ayrıca çıxarış ala bilmir. Buna görə də müəyyən çətinliklər yaranır. Evinə dair Çıxarışda bütün payçıların adı qeyd edilir. Bu səbəbdən iddiaçı ünvan 1, ev 17-nin onun payına düşən “A” tikilidən ibarət hissəsinin naturada ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, - Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. - Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). - Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. - Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Məhkəmə tərəfindən mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyü ilə bağlı ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə iddiaçının payına düşən “A” tikilidən ibarət hissəsinin faktiki vəziyyəti üzrə bölündüyündən, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olduğundan, o cümlədən tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) ayrı-ayrı olduğuna görə, iddiaçının payına düşən “A” tikilidən ibarət hissəsinin naturada real bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,2.2,2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun faktiki vəziyyəti üzrə mümkün olduğu müəyyən edilmişdir. Bu səbəbdən texniki pasportda öz əksini tapan, iddiaçının istifadəsində olan və ekspert rəyinə əsasən iddiaçıya ayrılması mümkün olan tikilinin ona ayrılması qanuni hesab edilə bilər. Beləliklə məhkəmə texniki pasportda öz əksini tapan və iddiaçının istifadəsində olan “A” tikilinin iddiaçıya ayrılmasının ekspert rəyinə əsasən texniki cəhətdən mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139,07 kv.m olan 17 saylı evin İddiaçı düşən “A” tikilisindən ibarət hissəsi naturada ayrılsın. İddiaçı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-280/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-280/2025
03.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver