Məhkəmə qərarları › İş №2(009)-2800/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2800/2021

02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2800/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2010-cu ilin mart ayının əvvəlində məlumat almışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində çox mərtəbəli bina tikilir. O, mənzil almaq üçün həmin MTK-ya gəlmişdir. 18.03.2010-cu il tarixdə MTK-nın sədri Ədalət Qənbərovla görüşmüşdür. Ona "xxxx" MTKdan 1 otaqlı mənzil almasını bildirmişdir. Sonuncu ona demişdir ki, bir otaqlı mənzilləri var. Ona bir neçə mənzil təklif etmişdir. O, 3-giriş, 5-ci mərtəbədə 177 saylı bir otaqlı 71,3 kv.m. mənzil bəyənmişdir. "xxxx" MTK-nın sədri Ədalət Qəmbərovla həmin mənzili 21.390 manata razılaşmışdır. O, "xxxx" MTK ilə müqavilə bağlamışdır. Mənzilin dəyərini tam ödəməsi barədə MTK ona maliyyə arayışı vermişdir. Bundan sonra o, "xxxx" MTK ilə mütəmadi olaraq əlaqə saxlamışdır. 2012-ci ilin axırı idi, MTK binanı tikib ona təhvil vermişdir. O, mənzili bu günə kimi təmir etdirə bilməmişdir. Buna səbəb odur ki, Cavabdeh və X4 ona imkan verməmişlər. B.Əsədullazadə 30.12.2006-cı il tarixdə "xxxx" MTK-nın sədr vəzifəsini icra etməyən, sədr vəzifəsindən kənar bir şəxslə "xxxx" MTK-nın təsisçisi Telman Səfərovla iki müqavilə bağlamışdır. Sözügedən bu nömrəsiz müqaviləyə əsasən sözügedən binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 kv.m. olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 kv.m. olan 177 saylı mənzillərin hər birinin dəyəri 44.500 manat olmaqla, ümumilikdə 89.000 manata ona təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK Cavabdeh bu saxta nömrəsiz müqaviləsini guya icra etməli idi. İcra etmədiyinə görə o, "xxxx" MTK-ya və X1 qarşı Suraxanı rayon məhkəməsində iddia qaldırmışdır. Cavabdeh özünün iddia ərizəsində 30.12.2006-cı il tarixdə Telman Səfərovla bağladığı iki müqavilədə göstərilən halları tələb etmişdir. Suraxanı rayon Məhkəməsi Cavabdeh iddiasına baxaraq 03.02.2016-cı il tarixdə iddianı qismən təmin etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13, 4-cü mərtəbədə yerləşən 172 saylı mənzilin və 3-cü mərtəbədə yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s., ev 13, 177 saylı mənzilin "xxxx" MTKdan alınaraq Cavabdeh təhvil verilməsini qət etmişdir. 05.02.2016-cı il tarixli qətnamə icraya yönəldilmişdir. İcra məmuru bu barədə ona nə bildiriş göndərmiş, nə də telefon vasitəsilə məlumat verməmişdir. İcra məmuru Rəhilənin qanunsuz saxta hərəkətlərini dəstəkləyərək, onun işdə olmasından sui-istifadə edərək, onun evinin qapısını çıxarmış, mənzili Rəhiləyə təhvil vermişdir. İddiaçı Cavabdeh 30.12.2006-cı il tarixdə müqavilələr bağlamış və onlara əlavə edilmiş sənədlər "xxxx" MTK tərəfindən deyil, həmin vaxtı və yaxud MTK-nın heç vaxtı sədri olmamış sədr səlahiyyətini icra etməyə ixtiyarı olmayan MTK-nın sədri olmamış X5 ilə bağlanan müqavilələr və sənədlərdir. Həmin müqavilələr və sənədlər necə qanuni ola bilər. Bu müqavilələr və ona əlavə olunemuş sənədlər saxta yolla əldə edilmiş sənədlər deyilmi? Əgər qətnamə qanuni idisə, niyə qətnamənin surətini ona verməmişlər. O, qətnamənin surətini müxtəlif yerlərə şikayət etməklə 2017-ci ilin ortalarında ala bilmişdir. Bundan sonra 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə şikayət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi işə baxıb qərar qəbul etmişdir ki, iş İnzibati-İqtisadi Məhkəməsinə aid deyil. Bundan sonra o, Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Bakı Apellyasiya Məhkəməsi 12.07.2018-ci il tarixdə işə baxıb Suraxanı rayon Məhkəməsinin qətnaməsini öz qüvvəsində saxlamışdır. Qanuni mənzilini mülkiyyəti əlindən alınan şəxs hansı vəziyyətə düşə bilər, nə qədər həyacan stres keçirər. Cavabdeh ona vurduğu mənəvi ziyanın həddi varmı? O, bundan sona Ombudsmana iki dəfə şikayət ərizəsi yazmışdır. Ombudsman 11.03.2020-ci il və 21.04.2020-ci il tarixdə ona cavab məktubu yazmışdır. X3 ona vurduğu maddi və mənəvi ziyan göz qabağındadır. Tam sübut olunmuşdur. Suraxanı rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsinin nəticə hissəsində “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13, 4-cü mərtəbədə yerləşən 172 saylı mənzilin və 3-cü mərtəbədə yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13, mənzil 177 saylı mənzilin "xxxx" MTKdan alınaraq Cavabdeh təhvil verilməsi” göstərilmişdir. Aşağıda qeyd edib göstərdiyi hallar mənzilin ona məxsus olmasını sübut etmişdir.

1. Ona məxsus olan mənzil sözügedən binanın 5-ci mərtəbəsində yerləşir. Rəhilənin saxta müqaviləsində qeyd olunan mənzil binanın 4-cü mərtəbəsində yerləşir.

2. Ona məxsus olan mənzil 71,3 kv.m.-dir., Rəhilənin saxta müqaviləsində qeyd olunan mənzil 144,5 kv.m.-dir.

3. Ona məxsus olan mənzilin dəyəri 21.390 manatdır. Rəhilənin saxta müqaviləsində qeyd olunan mənzilin dəyəri 44.500 manatdır.

4. Cavabdeh saxta müqaviləsində qeyd olunan 144,5 kv.m. mənzil bir mənzildən ibarətdir, ayrı-ayrı mənzillərdən ibarət deyil.

5. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 ünvanında inşa edilən çox mərtəbəli binanın smeta-layihə sənədlərində 144,5 kv.m. mənzil yoxdur. Qeyd etdiyi faktlar sübut etmişlər ki, Cavabdeh ona məxsus olan mənzili bilərəkdən qanunsuz halda zəbt etməklə, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh onun sözügedən mənzilində yaşamamasından sui-istifadə edərək icra məmurunun qanunsuz hərəkətləri vasitəsi ilə zəbt etmişdir. Onu mülkiyyət hüququndan məhrum etmişdir. Rəhimlə Əsədullazadə onun mülkiyyətini əlindən almışdır. İndi də əlindən almağa cəhd etməklə, ona maddi və mənəvi ziyan vurur. Deməli, Cavabdeh özünün qanunsuz, hüquqa zidd hərəkətləri ilə ona birbaşa zərər vurmuşdur. Həmin zərər ondan alınıb ona ödənilməlidir. 2018-ci ilin iyun ayında Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti yazmışdır. Apellyasiya Məhkəməsi 12.07.2018-ci il tarixdə işə baxıb 13.02.2016-cı il tarixli Suraxanı rayon Məhkəməsinin qətnaməsini öz qüvvəsində saxlamışdır. O, Apellyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin Mülki Kollegiyası 21.12.2018-ci il tarixdə işə baxıb onun kassasiya şikayətini təmin etməmişdir. Cavabdeh yenidən Suraxanı rayon Məhkəməsinə vermişdir. Suraxanı rayon Məhkəməsi Rəhilənin xeyrinə qətnamə çıxartmışdır. O, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi 13.01.2020-ci il tarixdə işə baxıb Cavabdeh xeyrinə qətnamə çıxartmışdır. O, bundan sonra ayrı-ayrı dövlət təşkilatlarına şikayətlər yazmışdır. Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin Mülki Kollegiyası 21.05.2020-ci il tarixdə işə baxmış onun şikayətini təmin etmişdir. Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsini ləğv etmiş, işi Apellyasiya Məhkəməsinə qaytarmışdır. Apellyasiya Məhkəməsi 18.09.2020-ci il tarixdə işə baxaraq onun iddiasını təmin etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13 saylı binanın 5-ci mərtəbəsində yerləşən 177 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilməsini qət etmişdir. Cavabdeh Apellyasiya Məhkəməsinin 18.09.2020-ci il tarixli qətnaməsindən Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Ali Məhkəməsinin Mülki Kollegiyası özünün 17.02.2021-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.09.2020-ci il tarixli qərarını öz qüvvəsində saxlamışdır. Apellyasiya Məhkəməsi işi icraya yönəltmiş, ona məxsus olan mənzil Cavabdeh alınıb ona təhvil verilmişdir. Cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh ona vurduğu maddi və mənəvi ziyanı məhkəmə qaydasında tələb etməyə onun haqqı vardır. Maddi ziyanı onunla əsaslandırmışdır ki, 2016-cı ildən bu günə kimi yollara verilən nəqliyyat xərci, özünün ərzaq xərci, müdafiə olunmaq üçün vəkilə verdiyi pullarıdır. Cavabdeh 18.09.2020-ci il tarixli Apellyasiya Məhkəməsinin qətnaməsilə indi də razılaşmır, onu məhkəmələr yolunda süründürür. 2021-ci il tarixdə Ali Məhkəməsinin mülki kollegiyası kassasiya qaydasında 11.03.2021-ci il tarixdə işə baxmış, Cavabdeh kassasiya şikayətini təmin etməmişdir. Bununla bərabər Cavabdeh 2021-ci il tarixdə onun haqqında Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh öz iddiasını bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" y/s, 13 saylı binanın 5-ci mərtəbəsində yerləşən 177 saylı mənzilə dair onunla "xxxx" MTK arasında bağlanmış 18.03.2010-cu il tarixli 67 saylı müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Suraxanı rayon Məhkəməsi 09.06.2021-ci il tarixdə işə baxmış, Cavabdeh iddiasını rədd etmişdir. Cavabdeh Suraxanı rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi 11.08.2021-ci il tarixdə işə baxmış, Suraxanı rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı müqaviləni etibarsız hesab edilməsi tələbinə da ir mülki iş üzrə icraata xitam vermişdir. O, maddi ziyanı onunla əsaslandırmışdır ki, 2016-cı ildən bu günə kimi yollara verilən nəqliyyat xərci, özünün və vəkillərinin ərzaq xərci, ayrı-ayrı dövlət orqanlarına yazdığı ərizələrə çəkilən xərc, vəkilə köçürtdüyü xərcləri 25.000 manata qiymətləndirmişdir.Mənəvi ziyanı onunla əsaslandırır ki, Cavabdeh 2017-ci ildə qanunsuz, əsassız olaraq onun xəbəri olmadan, onun evini əlindən alıb zəbt etmişdir. O, bu səbəbə görə nə qədər əsəb, həyacan, stress keçirmişdir. 2016-cı ildən bu günə kimi o, məhkəmələrin qapılarında sürünüb əsəb içində yaşamışdır. İndi də Rəhilə onu məhkəmə qapılarında süründürür. O, və onun ailəsi əsəb, həyacan, stess içində yaşayırlar. Buna görə də Cavabdeh tərəfindən ona vurulan mənəvi ziyanı 500.000 manat qiymətləndirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona vurduğu 25000 manat məbləğində maddi ziyanın, 500.000 manat məbləğində mənəvi ziyanın ondan alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edəərk göstərmişdir ki, sözügedən 177 saylı mənzili o, 2006-cı ildə almışdır. Sonradan həmin MTK-yə sədr gələn hal-hazırda vergidən bir milyon manata yaxın yayındığına görə Suraxanı rayon Məhkəməsində cinayət işi gedən Ədalət Qəmbərov yüzlərlə vətəndaşın mənzili kimi onun mənzilini təhvil vermək istəməmədikdə o, məhkəməyə müraciət etməli olmuşdur. Konstitusiya Məhkəməsinə qədər uzanan prosesdə mənzilin ona məxsus sübut edilmişdir. Məhz həmin ərəfədə onunla düşmənçilik edən Ə.Qəmbərov İddiaçı onun mənzilinə dair arxa tarixlə saxta müqavilələr vermişdir ki, məhkəmələrdə bu sənədlərə aydınlıq gətirmiş onun xeyrinə qərar verilmişdir. Məhkəmə qərarı qüvvəsini aldıqdan sonra icra qaydasında "xxxx" MTK-dan alınaraq ona təhvil verilmişdir. Bundan sonra o, mənzili təmir etmişdir. Bu təmir ona 30.000 manata başa gəlmişdir. Məhz o, təmiri başa batdırdıqdan sonra İddiaçı mövcud qanunvericiliyə zidd olaraq təkrarən eyni predmet üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı öz müqaviləsi saxta və əhəmiyyətsiz olduğu halda onun mənzillərinin müqaviləsini saxta adlandırmış, lakin unutmuşdur ki, hətta istinad etdiyi istintaqda belə onun mənzillərinin sənədlərinin doğru-düzgünlüyü tanınmışdır. Digər tərəfdən müddət etibarı ilə o, ondan 4-5 il öncə, yəni 2006-cı ildə həmin mənzilləri almışdır. Birinci və ikinci instansiyalar onun bu iddiasını rədd etsələr də nə qədər təəccüblü də olsa, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmiş və geri qaytarmışdır. Bundan sonra isə bu mənzilin ona İddiaçı təhvil verilməsi qərara alınmışdır. İcraçılar onu mənzildən çıxardaraq İddiaçı təhvil verdikdən sonra o, Ədliyyə Nazirliyi, İcra Baş İdarəsinə müraciət etdikdən sonra Ali Məhkəmənin 21.12.2018-ci il tarixli qətnaməsi yenidən icraya yönəlmiş və halhazırda İddiaçı şikayətinə əsasən Suraxanı rayon məhkəməsində baxılır. Onun bütün iddia tələbləri pul verib mənzil aldığı "xxxx" MTK-nın rəhbərliyi ilə olmuşdur. Onun İddiaçıla heç bir ədavəti olmayıb. İddiaçı onun haqda söylədikləri yalan və böhtandan başqa bir şey deyildir. Əslində İddiaçı özü ona mənəvi əziyyət vermişdir. Belə ki, həmin mənzilin 2006-cı ildən onun olduğunu bilə-bilə Ə.Qəmbərovla əlbir olaraq saxta sənədlərlə məhkəmələrə vicdansızcasına iddialar vermiş və onun haqlarını tapdalayaraq ona həm də maddi ziyanlar vurmuşdur. Onun bir neçə yalanını faktlarla sübut etməyə çalışacaq. Əvvəlla, iddiada göstərdiyi kimi İddiaçı sözügedən mənzili 2010-cu ildə bəyənə bilməzdi. Belə ki, layihə üzrə bina 16 mərtəbədə tikilməli idi. Həmin bölgüyə görə 177 saylı mənzil onun müqaviləsində olduğu kimi 4-cü mərtəbədə olmalı idi. Çünki binanın 15 mərtəbə tikiləcəyini Ə.Qəmbərov 2010-2012-ci illərdə öncədən bilə bilməzdi. Buna baxmayaraq, İddiaçı yazılan müqavilədə 177 saylı mənzilin 5-ci mərtəbədə yerləşməsi göstərilmişdir. Müqavilədə 177 saylı mənzilin hansı mərtəbədə yerləşməsi və hansı sahəyə malik olmasını dəqiqli ilə göstərilməsi, bu müqavilənin sonradan arxa tarixlə saxta yolla hazırlanmasından xəbər verir. Suraxanı rayon icra məmurları tərəfindən mənzil ona təhvil verilərkən mənzilin qapısı və pəncərələri olmamışdır. Bütün bunları o, sonradan təmir edərək düzəltdirmişdir. Göründüyü kimi, İddiaçı qapının sındırılmasını göstərməklə burda da yalan danışır. İddiaçı öz saxta sənədlərinə don geyindirmək üçün onun sənədlərinin saxta olduğunu iddia edir. O, həmin mənzilin, hətta həmin binanın ilk alıcısıdır. "xxxx" MTK-nə iki mənzilə görə nağd ödədiyi 89.000 manat elə onun yanında da armatur alınmışdır. Onun sənədlərində müqavilələrinin ayrılmaz tərkib hissəsi olan mədaxil kassa orderi vardır ki, İddiaçı sənədində yoxdur. Mənzilin qiymətinə də saxtakarlıqdan xəbər verir. Belə ki, o, torpağın sahibi və binanın ilk alıcısı (katlovandan) olmasına baxmayaraq, ondan hər kvardata görə 300 manat, bundan 5 il sona İkram da hər kvardara görə eyni məbləği vermişdir. Halbuki, əgər həqiqətən də 2010-cu ildə alsaydı, həmin illərdə mənzillər kvardatı 600-650 manat satılırdı. Telman Səfərova gəldikdə isə Baş prokurorluq yanında KQMİ-də gedən istintaq zamanı onun sədrliyi və imzası ilə satılan mənzilləp, şəxsən onun aldığı 172 və 177 saylı mənzillər tanınmışdır. Təkcə bir fakt qeyd etmək istəyir ki, binanın tikildiyi torpaq sahəsi onların şirkətlərinə məxsus olmuşdur. Məhz T.Səfərovla Bakı şəhər İH ilə bağladıqları üç tərəfli müqavilə əsasında torpaq onların mülkiyyətlərindən alınaraq MTK verilmişdir. Eyni zamanda KQMİ-də dindirilən T.Səfərov o vaxt ki, təsisçilərin MTK-nə rəhbərlik etməsini ona etibar edilməsini və möhurun onda olduğunu etiraf etmişdir. Əgər sözügedən mənzil İddiaçı satılmışdırsa, niyə İddiaçı özü və ya MTK-nın sədri iki ilə yaxın gedən istintaqda bunu bildirməmişlər. Bu bir daha müqavilənin sonradan yazılması göstərir. Hal-hazırda onun əlindən qanuni qüvvəsini almış məhkəmə qərarı var və icraya yönəlmişdir. 177 saylı mənzilinin çatışmayan sahəsinə görə məhkəmə qərarı ilə "xxxx" MTK-dən 24.000 manat məbləğin borcludan alınaraq ona verilməsi qət edilmişdir və icraya yönəlmişdir və bunun İddiaçı heç bir aidiyyatı yoxdur. Hal-hazırda 172 saylı mənzilə görə də çatışmayan sahənin pulunu "xxxx" MTK-dən geri almaq üçün Suraxanı rayon Məhkəməsində hakim Nərminə xanım Rzayevanın icraatında məhkəmə prosesi gedir. 172 saylı mənzilin S.Əmişovdan alınaraq ona verilməsi barədə məhkəmə qətnaməsi var və icraya yönəlmişdir. İddiaçı və S.Əmişov nə üçün "xxxx" MTK-nə qarşı təzminat açmır. Eyni mənzilə iki nəfərə satan MTK-dır, o, yox. Elə bu fakt onların həmin MTK-nın sabiq sədri Ədalət Qəmbərovla əlbir olduğunu göstərmirmi? KQMİ-də bütün mənzillərin araşdırılması aparılmış və iki istintaq getmişdir. Birində N.Əliyevin satdığı mənzillərin saxtalığı sübut olunmuş və sonuncu həbs olunmuş, digər istintaqın nəticəsində isə həyat yoldaşı Asif Əsədullazadə bəraət almışdır.O, öz haqqını "xxxx" MTK-dən hüquqi yolla istəyir. Yəni o, İddiaçı yerində başqası olsaydı belə o, yenə də mənzillərini "xxxx" MTK-dan istəyir və bunun MTK-dan başqa heç kimə aidiyyatı yoxdur. Hal-hazırda qanuni qüvvəsini almış və icraya yönəlmiş qətnamənin icra olunmasını tələb edir. İddiaçı iddiası ilə bərabər Sübhan Əmişov da eyni məzmunda ona qarşı iddia qaldırmışdır (hakim Rəna xanım Qafarova). Bu onların əlbir olaraq əsassız, vicdancasına iddia qaldıraraq ona qarşı qərəzli olduqlarından xəbəb vermirmi. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbini rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə iddiaçının adından iştrak etmək üçün gələrək etibarnamə təqdim etmiş T.Seyidov isə vəkil orderini məhkəməyə təqdim etmədiyi üçün səlahiyyətli şəxs olmadığından prosesdə iştirakı qeyri-mümkün hesab edilmiş, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə məhkəmə işə iddiaçının iştirak olmadını baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, əvvəllər İkram Mahmudorvu tanımamış, iddiası "xxxx" MTKyə qarşı olmuş, məhkəmə proseslərinə İddiaçı özü qoşulmuş, onun tərəfindən İddiaçı hər hansı bir ziyan vurulmamışdır. Məhkəməyə geniş etirazını təqdim etmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə "xxxx" MTK-nın sədri X5 ilə Cavabdeh arasında bağlanmış 30.12.2006-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, icraçı "xxxx" MTK Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsinin şərq hissəsində tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada yerləşən 4-cü mərtəbədə, 177 saylı, 3 otaqlı, ümumi sahəsi 144,5 kv.m. olan mənzili inşa edib alıcıya verməyi, alıcı Cavabdeh isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə "xxxx" MTK tərəfindən verilmiş şəhadətnamə-arayışının kserosurətindən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, "xxxx" yaşayış sahəsinin şərq hissəsində tikilən binada 4-cü mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 144,5 kv.m. olan 177 No-li mənzil Cavabdeh ayrılmış və Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmiş, onun şirkətə borcu yoxdur. İş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-475/2016 saylı 03.02.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13M, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh "xxxx" MTK-dan alınaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.12.2018-ci il tarixli, 2(102)- 8282 saylı qərarın surətindən görünür ki, Suraxanı rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və X2 qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13M, 4-cü mərtəbədə yerləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" y/s, ev 13M, 3-cü mərtəbədə yerləşən 3 otaqlı 172 saylı mənzilin "xxxx" MTK-dan alınaraq Cavabdeh təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.12.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12.07.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-83/2019 saylı 18.04.2019-cu il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 172 saylı mənzilindən cavabdeh X8 ailə üzvləri ilə çıxarılması qət edilmişdir. İş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)-137/2020 saylı, 05.06.2020-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, cavabdeh "xxxx" MTK-dən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən 13M saylı binanın, 177 saylı mənzilinin çatışmayan 80.7 kv.m. sahəsinə görə 24855,60 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18.09.2020-ci il tarixli 2(103)-5932/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1781/2019 saylı, 10.10.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Suraxanı rayon icra və probasiya şöbəsi, Cavabdeh və 3-cü şəxs "xxxx" MTK-ya qarşı “mənzilin boşaldıb təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.09.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1781/2019 saylı, 10.10.2019-cu il tarixli qətnaməsi ləğv edilməsi,iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin 3-cü giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 71,3 kv.m. olan 177 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(102)- 1627/2021 saylı qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5932/2020 saylı, 18.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(103)-7918/2021 saylı qərardadın surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, ünvan 3, 5-ci mərtəbədə yerləşən 177 saylı mənzilə dair İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 18.03.2010-cu il tarixli 67 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2071/2021 saylı, 09.06.2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.08.2021ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2071/2021 saylı 09.06.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasında alınmış mənzillərlə bağlı məhkəmə mübahisələri olmuşdur. Həm iddiaçı, həm cavabdeh "xxxx" MTK-dan mənzillər almış və bununla bağlı hər iki tərəfin müqaviləsi mövcuddur. Lakin müqavilələrdə göstərilən mənzillərin sahəsi, mərtəbələri, otaqların sayı fərqli olsa da, faktiki olaraq həm iddiaçı, həm cavabdeh eyni mənzilə iddia edir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin "xxxx" MTK-ya qarşı mənzillərin təhvil verilməsi barədə iddiası əsaslı hesab edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi ,ev 13M, 4-cü mərtəbədə yeorləşən 3 otaqlı 177 saylı mənzilin və Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi ,ev 13M, 3-cü mərtəbədə yeorləşən 3 otaqlı 172 saylı mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmin qətnamələrin icrası ilə bağlı iddiaçının ona məxsus olmasını iddia etdiyi mənzil cavabdehə təhvil verilmiş və bu səbəbdən iddiaçı cavabdehin adına verilmiş müqavilələrin saxta olması, sahəsi 71,3 kv.m olan mənzilə dair cavabdehin hər hansı müqavilənin olmamasını iddia edərək cavabdehin bu hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın ödənilməsini iddia edir. Belə ki, iddiaçı 2016-cı ildən hal-hazıra qədər yollara verilən nəqliyyat xərci, özünün və vəkillərinin ərzaq xərci, ayrı-ayrı dövlət orqanlarına yazdığı ərizələrə çəkilən xərc, vəkilə köçürtdüyü xərcləri 25000 manat qiymətləndirmişdir. Həmçinin cavabdeh tərəfindən onun mənzilini zəbt edildiyinə görə və çoxsaylı məhkəmə iclasları keçdiyindən o, və onun ailəsi əsəb, sarsıntılı keçirtmişlər. Buna görə cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 500.000 manat təşkil etmişdir. Bu səbəbdən irəli sürülmüş iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətlərində hər hansı hüquqa zidd əməlin olmasını, yaxud qanunla müdafiə edilən təqsirli və birbaşa maddi ziyanın və ya zərərin vurulmasına səbəb olan hərəkətlərin edilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etəmmiş, təqdim etdiyi sübutlar isə bunu təsdiq etmir. Yəni cavabdehin iddiaçıya maddi ziyanı vurulmasına gətirib çıxardan hər hansı hüquqa zidd əməlin edilməsi məhkəmə tərəfindən müəyyən edilməsmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Beləliklə yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında mənzillə bağlı olan mübahisə ilə əlaqədar iddiaçının müəyyən xərclər çəkməsi qəbul edilsə də, bu xərclərin cavabdehin təqsirli və ya hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsi müəyyən olunmamışdır. Yəni iddiaçının öz hüquqlarının bərpası ilə əlaqədar xərc çəkməsi, cavabdehin öz əmlak hüquqlarının müdafiəsi arasında hər hansı səbəbli əlaqənin olması məhkəmə tərəfindən müəyyən olunmadığı üçün, cavabdeh iddiaçının çəkdiyi xərclərə görə maddi məsuliyyət daşıya bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf irəli sürdüyü tələblərin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona ziyan vurulmasını iddia etsə də, belə bir ziyanın ona vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı ümumiyyətlə ona maddi ziyanın vurulmasının mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyana görə 25000 manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 500.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 500.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Cavabdeh maddi ziyana görə 25.000 manat və mənəvi ziyana görə 500.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar