Məhkəmə qərarları › İş №2(009)-2800/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2800/2025

29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2800/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və mənəvi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, dişlərində yaranan problemlərlə bağlı Yasamal rayon ərazisində yerləşən diş klinikasına müraciət etmişdir. Orada özünü peşəkar stomatoloq həkim kimi təqdim edən Elçin adlı həkimin qəbulunda olmuşdur. Elçin həkim 2024-cü ilin noyabr ayının ortalarında onun dişlərini müayinə etmiş və ona bildirmişdir ki, onun həm alt, həm də üst dişləri müalicə edilməli və ümumilikdə ona 9 ədəd implant diş qoyulmalıdır. Həm alt, həm də ki, üst dişlərinin ümumi müayinəsi, mualicəsi və 9 ədəd implant dişlərin qoyulması üçün ondan 10.500 manat pul istəmişdir. O, ona pulu hissə-hissə olmaqla ödəyəcəyini bildirmişdir. Elçin həkim onunla razılaşmış və ona xx.xx.2024-cü il tarixdə "xxxx" ASC kartından həkimin kartına 2000 manat pul köçürtmüşdür. O, pulu həkimin kartına ödədikdən sonra həkim onun sağlam dişlərini yontdu. Sonra o, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC kartından həkimin kartına 2570 manat pul köçürtmüşdür. Həkim onun sağlam dişlərini yontduqdan sonra ona əvvəl 9 diş deyib, amma 8 implant diş əktdi. Həmçinin onu da qeyd edir ki, Elçin həkim ilk dəfə onun qəbulunda olanda ona bildirmişdir ki, ona Koreyə istehsalı olan implantların birini 350 manat, İsveç istehsalı olan implantın birini 700 manat qiyməti olsa da, ona həmin İsveç istehsalı implantı 500 manata qoyacağını bildirmişdir. Amma sonradan ona məlum olmuşdur ki, Elçin həkim ona nə İsveç istehsalı olan implantı, nə Koreya istehsalı olan implantı dişi əkməmiş, Türkiyə istehsalı olan qiyməti 100 manat olan implantları əkmişdir. Sonadan ondan əlavə olaraq 500 manat alıb sümük əkəcəyini bildirmişdir. Sümüyü də adi şprislə onun damağına vurduğunu demişdir. O, həkimdən nə səbəbə onun sağlam dişlərini yontub iltihablaşmağa gətirib çığırmasını bildirdikdə, həkim ona “bunu sən istədin mən də etdim” demişdir. İmplant dişlərin əkilməsi normal üsulla deyil, qeyri peşəkar üsulla edilirdi. Elçin özünü həkim adlandıran şəxs qeyri peşəkarlığını hər bir hərəkətlərində göstərirdi. Sümüyü deşib implantları normal deyil, diş yolan aparatla eyni ölçüdə deşib implant dişləri çümüyə əkirdi. Ona 500 manat məbləğində sümük tozu adı ilə 100 manatlıq sümük tozundan istifadə edirdi. Özünü həkim adlandıran Elçin heç sümük tozunu belə düzgün şəkildə istifadə etmirdi. Elçin adlı həkim sümüyə bərkitdiyi 9 ədəd deyib, lakin 8 ədəd əkdiyi implantların heç biri tutmamışdır. O, bunu həkimə deyəndə narahat olmamasını ona bildirmişdir. Artıq o, həkimin qeyri-peşəkarlığını görüb tutmayan implantların sökülməsini ondan tələb etmişdir. Maraqlısı da odur ki, Elçin həkim sökdüyü implantları ona vermirdi. O, ona bildirəndə ki, sökdüyün implantları özünə nə üçün vermir, sonuncu müxtəlif bəhanələr edirdi. O, sonda Elçin həkimdən müalicəni dayandırmağı tələb etmiş və ona verdiyi pulları ona qaytarmağını bildirmişdir. Lakin həkim pulu ona qaytarmamışdır. Bir müddət sonra Elçin həkim artıq həmin klinikaya gəlmədi. O, klinikaya gedərkən həkimin yanında onun köməkçisi və həm də həyat yoldaşını görürdü. Sonradan o, həmin klinikaya gedən də həmin köməkçinin, yəni Nilufər adlı xanımdan Elçin həkimin, yəni onun ərinin harda olduğunu soruşmuş, Nilufər adlı xanım Elçin həkimin orda olmadığını və etibarnamə əsasında onu təmsil edən şəxs olduğunu ona bildirərək, narazı qalan pasiyentlərin dişlərinin başqa həkimlər tərəfindən özü müalicə etdirdiyini ona bildirmişdir. O, bir neçə ay Nilufər adlı xanımın yanında gedib Elçin həkimə, yəni onun həyat yoldaşına verdiyi pullarını tələb etmişdir. Nilufər adlı xanım etibarnamə ilə gəlib ona iltizam verərək Elçin həkimə verdiyi pulu hissə-hissə ona qaytaracağına söz vermişdir. Lakin 4570 manat puldan 1300 manat məbləğində pulu ona qaytarmışdır. Sonradan Nilufər adlı xanımda onun telefon zənglərinə cavab verməmişdir. O, da hansı həkimə getmişdirsə, ondan təzədən implant dişlərini əkilməsi və dişlərin yenidən müalicəsi üçün 12.000 manat pul istəmişlər. Hal-hazırda o, damağını müalicə etdirmişdir. Yenidən damaq müalicə olunduğundan sonra implant dişlər əkdirmişdir. Onun dişlərinin müalicəsinə 2000 manatdan artıq xərc çıxmışdır. Onun halı pisləşdiyi üçün o, həkim müayinələrinə getmişdir. Həkimlər cavabdehin ona qarşı etdiyi bu hərəkətlərin nəticəsində ürəyində damar genişlənməsinin olduğunu bildirmişlər. O, artıq bir neçə aydır ki, müalicə olunur. Cavabdehlər isə onun telefon zənglərinə belə cavab vermir və ondan aldığı pulu könüllü şəkildə ona qaytarmırlar. Bu səbəbdən də o, əlində olan sübutları toplayıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 və Cavabdeh2 bu müddətdə onun pulunu qanunsuz saxlamaqla ona vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd edilir ki, borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinni uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, MPM-nin 264-cü maddəsinə görə məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində dələduzluq, özbaşınalıq kimi cinayətlərin tərkibi vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 və Cavabdeh2 verdiyi 3.170 manat pulun ödənilməsi, bütün bunlardan yaşadığı stresdən tapdığı ürək damar xəstəliyinin müalicəsi üçün xərclədiyi 2000 manat pulun ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi və ödədiyi dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, Cavabdeh1 Firdovçi oğlu və Cavabdeh2 əməllərində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad çıxarıb araşdırılması üçün prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən ona dəyən ziyanın bir hissəsi qaytarılıb, 3.150 manatı qaytarılmayıb. Cavabdeh1 tərəfindən ona qoyulan implantın 3-nü Elçin həkim çıxarmış, qalan 5-ni isə başqa klinikada çıxartdırmışdır. Hazırda həmin 5 implant ondadır. Onu qaytarmamışdır ona görə ki, ona dəyən ziyan ödənilməmişdir, ödənilən kimi qaytaracaqdır. Elçin həkim implantın birinə görə 500 manat ondan pul almış, 500 manat da sümük əkmək adı ilə almışdır. Halbuki sümük əkilməmiş, implantlar da ən ucuz implant olan Türkiyə istehsalı olmuşdur. Həmin implantların qiyməti 100 manatdır. Elçin həkim implantları adi diş müalicə aparatı ilə ağız boşluğuna yerləşdirmişdir ki, buna görə onun damağı zədələnmişdir. O, irəli sürdüyü tələbin tam təmin olunmasını istəyir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, Cavabdeh1 onun həyat yoldaşıdır, uzun müddətdir səhhətində yaranan problemlə bağlı Türkiyədə müalicə alır. Aprel ayında iddiaçı vəkillə gələrək həyat yoldaşı tərəfindən dişi ilə bağlı qoyulan implantarın pulunu tələb etmiş, o, məcbur olub iltizam yazmışdır. Həyat yoldaşı ilə əlaqə saxlayanda pulu qaytaracaqlarını bildirmişdir. Pulun bir hissəsini qaytarmışlar, belə ki həyat yoldaşı Türkiyədən ona pul göndərmiş, o, da iddiaçıya vermişdir. İddiaçı hər həftə 500 manat pulun ödənilməsini tələb etmiş, onların buna imkanı olmamışdır. Həyat yoldaşı ilə əlaqə saxlayanda bildirmişdir ki, 5 implantın qiyməti 1270 manat təşkil edir ki, implantlar iddiaçıdadır, onun qiyməti çıxılmaqla ödənilməyən 1900 manatı hissə-hissə ödəyəcəkdir. Məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli iltizamın surətindən görünür ki, o, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, İddiaçı dəymiş ziyan 4500+70= 4570 manat 3 ay müddətinə tam olaraq hər həftə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. O, implantların çıxarılmasında iştirak etmiş, implant ona qaytarılıb, ümumilikdə 9 implant əkilib, 3-ü Elçin doktor özü çıxarıb, altısı ona qaytarılıb. Müddət ərzində o, pulu ödəmədiyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2024-cü ilin noyabr ayında iddiaçı diş klinikasına müraciət etmiş və diş həkimi Cavabdeh1 tərəfindən müayinə etdikdən sonra, iddiaçının dişlərinin ümumi müayinəsi, müalicəsi və 9 ədəd implantların qoyulması və sümük əkilməsi ilə bağlı razılığa gəlmişlər. Həmin razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh1 cəmi 4570 manat məbləğində pul verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 9 ədəd qoyulmuş implantların heç biri tutmamışdır, iddiaçı tutmayan implantların sökülməsini və ödənilmiş pulun qaytarılmasını Cavabdeh1 tələb etmişdir. İmplantarın 3-ü Cavabdeh1 tərəfindən çıxarılmış, 5-i isə digər klinikada çıxarılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 köməkçisi, eyni zamanda həyat yoldaşı Cavabdeh2 iddiaçıya 4570 manat məbləğində dəymiş ziyanın 3 ay müddətində hər həftə ödənilməsini öhdəlik götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, dəymiş ziyan məbləğinin bir hissəsi iddiaçıya qaytarılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh1 və Cavabdeh2 verdiyi 3.170 manat pulun ödənilməsi, bütün bunlardan yaşadığı stresdən tapdığı ürək damar xəstəliyinin müalicəsi üçün xərclədiyi 2000 manat pulun ödənilməsi, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi və ödədiyi dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad çıxarıb araşdırılması üçün prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, implantların qoyulması və stomatoloji xidmət göstərilməsi barədə münasibət iddiaçı ilə həkim Cavabdeh1 arasında olsa da, digər Cavabdeh2 Cavabdeh1 köməkçisi və həyat yoldaşı olmaqla iddiaçıya dəyən ziyanın ödənilməsi öhdəliyini üzərinə götürdüyündən, məhkəmə hesab edir ki, hazırkı tələb üzrə hər iki Cavabdehlik daşıdığından iddiaçının hər iki cavabdehə qarşı iddia qaldırması əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (maddə 24).Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar (maddə 57). Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar (maddə 59). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında stomatoloji xidmətlərin göstərilməsi və implantların qoyulması ilə bağlı münasibətlər olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 9 ədəd implantların qoyulması və stomatoloji xidmətlərin göstərilməsi üçün Cavabdeh1 ümumilikdə 4570 manat məbləğində pul ödənilmiş, lakin həmin implantların tutmaması ilə əlaqədar iddiaçı onların sökülməsini tələb etmiş, bununla bağlı ona ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, vurulmuş ziyanın qaytarılması ilə bağlı digər Cavabdeh2 tərəfindən öhdəlik götürülmüş və onun tərəfindən ziyanın bir hissəsi ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 tələb olunan pulun real olmaması, ödənilməyən ziyan məbləğinin 1900 təşkil etməsini, həmin pulun onlar tərəfindən iddiaçıya qaytarılmasından imtina edilmədiyini, lakin həmin pulun bir dəfəyə ödəmək iqtidarında olmadığını bildirmişdir. Cavabdeh2 ödənilməyən ziyan məbləğinin 1900 manat təşkil etməsini onunla əsaslandırmışdır ki, qoyulan 5 implant iddiaçıdadır, onun da məbləği 1270 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı 5 implantın onda olduğunu etiraf etmiş, ziyan ödəniləcəyi təqdirdə onları qaytaracağını bildirmişdir. Məhkəmə cavabdehlərin üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 3.170 manat pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən yaşadığı stresdan tapdığı ürək damar xəstəliyinin müalicəsi xərclədiyi 2000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin maddi ziyanla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb əsassız hesab edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdehlər üzərinə götürdüyü öhdəlikləri pozsalar da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə də iddia tələbi əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (51,70 manat) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının cavabdehlərin əməllərində cinayət tərkibi olduğuna görə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 3.170 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,70 manat, cəmi 3.221,70 (üç min iki yüz iyirmi bir manat, yetmiş qəpik) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar