Məhkəmə qərarları › İş №2(009)-284/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-284/2025

03.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-284/2025 03.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, 2024-cü ilin oktyabr ayında faktiki istifadəsində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin çirkab sularla dolmasını müşahidə etmişdir. Məsələ ilə əlaqəli Səbail rayonu Su kanal İdarəsinin mütəxəssislərini baxış keçirərək suyun mənbəyinin tapılmasını xahiş etmişdir. Su kanal idarəsinin əməkdaşları gələrək qonşu divarı sökmüş və suyun qonşu Cavabdeh kanalizasiya xəttindən axması aşkarlanmışdır. O, qonşuya təmir bərpa işlərini aparmaq, axan suyun qarşısını alınmasında ona kömək də edəcəyini bildirmişdir. Hazırkı iş üzrə cavabdeh onu kobud surətdə rədd etmiş, əlavə olaraq özünə yaxın qonşuları ona təzyiq göstərmək üçün üzərinə qaldırmışdır. Ona irad tutan qonşular məsələnin mahiyyətini bilərək sakitcə çıxıb getmişlər və o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Onun müraciəti Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsində araşdırılmış və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin ərəfədə o, çirkab sulardan qurtulmaq üçün qoşuya aid kanalizasiya xəttini öz vəsaiti hesabına təmir etmək məcburiyyətində qalmışdır. Eyni zamanda o, bir neçə gün işə gedə bilməmiş, bu hal əldən çıxmış fayda kimi qiymətləndirilə bilər. Cavabdeh təmir xərclərinə 1200 manat xərc çəkdiyini və bu işdə dəstək olmağı, ən azından müştərək qaydada təmir xərclərinə qoşulmağı xahiş etsə də onun təklifi yenə də kobud surətdə rədd olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı maddi zərərin əvəzi olaraq (təmir üçün çəkilən xərclər) 1200 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində, ümumilikdə 1500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, o, bu mənzili keçən ilin oktyabr ayında almışdır. Mənzilinə cavabdeh tərəfindən kanalizasiya suyu axıdılmışdır. Dəfələrlə müraciət etmişdir, lakin nəticəsi olmayıb. O, özü təmir etmişdir, nəticədə xərc çəkmişdir. Cavabdehə xərcin ona ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Ona görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 149 No-li MKİS tərəfindən verilmiş kommunal xidmətləri ödəmək haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı ərizəsi əsasında xx.xx.2024-cü il tarixdən Nasosnı küçəsində yerləşən ö/t 31K saylı evə dair məişət tullantularının daşınma haqqında ödəmək üçün məlumat vərəqəsi açılmışdır. İş üzrə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubuna əsasən müraciətində qeyd etdiyi xüsusat mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/336 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqat ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evlərinin altından kanalizasiya xətti keçir. Həmin kanalizasiya xəttinin cavabdehin evinin altından keçərək iddiaçıya məxsus həyətyanı sahəyə gələn hissəsində təmir işləri aparılaraq həmin boru xətti dəyişdirilmişdir. Həyətyanı sahədə iddiaçı tərəfindən qazıntı işləri aparılmış, kərpic divarı sökülmüş və yenidən inşa edilmiş, həmin sahədən keçən boru xətti dəyişdirilmiş, daha sonra tamet daşla döşəmişdir. İddiaçı tərəfindən Cavabdeh məxsus olan evin kanalizasiya xəttinin yenilənməsi ilə əlaqədar çəkilən xərcin müəyyən edilməsi ilə bağlı qeyd olunur ki, Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İş üzrə X1 əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş smetadan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci dairə Nasosnu 31B ünvanında fərdi yaşayış evində görülən işlərin dəyəri 1872 manat təşkil etmişdir. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Nasosnu küçəsində yerləşən 31B saylı evi iddiaçının faktiki sahibliyindədir. İddiaçının və qonşuluqda yaşayan Cavabdeh fərdi yaşayış evlərinin altından kanalizasiya xətti keçir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh evinə aid olan kanalizasiya xəttindən çirkab suların iddiaçının yaşadığı həyətyanı sahəyə axıdılması və iddiaçı tərəfindən cavabdehə məxsus evin kanalizasiya xəttinin yenilənməsi nəticəsində iddiaçıya ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Su kanal idarəsinin əməkdaşları gələrək qonşu divarı sökmüş və suyun qonşu Cavabdeh kanalizasiya xəttindən axması aşkarlanmışdır. O, qonşuya təmir bərpa işlərini aparmaq, axan suyun qarşısını alınmasında ona kömək də edəcəyini bildirmişdir. Cavabdeh onu kobud surətdə rədd etmiş, əlavə olaraq özünə yaxın qonşuları ona təzyiq göstərmək üçün üzərinə qaldırmışdır. O, çirkab sulardan qurtulmaq üçün qonşuya aid kanalizasiya xəttini öz vəsaiti hesabına təmir etmək məcburiyyətində qalmışdır. Eyni zamanda o, bir neçə gün işə gedə bilməmiş, bu hal əldən çıxmış fayda kimi qiymətləndirilə bilər. Cavabdeh təmir xərclərinə 1200 manat xərc çəkdiyini və bu işdə dəstək olmağı, ən azından müştərək qaydada təmir xərclərinə qoşulmağı xahiş etsə də onun təklifi yenə də kobud surətdə rədd olunmuşdur. Bu səbəbdən iddiaçı maddi zərərin əvəzi olaraq (təmir üçün çəkilən xərclər) 1200 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində, ümumilikdə 1500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evlərinin altından kanalizasiya xətti keçir, həmin kanalizasiya xəttinin cavabdehin evinin altından keçərək iddiaçıya məxsus həyətyanı sahəyə gələn hissəsində təmir işləri aparılaraq həmin boru xətti dəyişdirilmişdir. Həyətyanı sahədə iddiaçı tərəfindən qazıntı işləri aparılmış, kərpic divarı sökülmüş və yenidən inşa edilmiş, həmin sahədən keçən boru xətti dəyişdirilmiş, daha sonra tamet daşla döşəmişdir. İddiaçının müraciəti əsasında "xxxx" MMC qiymətləndirmə təşkilatı tərəfindən tərtib smetasına əsasən Bakı şəhəri, Səbail rayonu, 2-ci dairə Nasosnu 31B ünvanında fərdi yaşayış evində görülən işlərin dəyəri 1872 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, qiymətləndirici təşkilatı tərəfindən tərtib edilmiş smeta ilə iddiaçıya dəymiş maddi zərər irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş 300 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 300 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri – ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 32 cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən dövlət nəfinə iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası xərcinin əvəzi kimi 50 manat məbləğində pul tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat, cəmi 1232 (bir min iki yüz otuz iki) məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar