Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-287/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasova Gülnarə Güləli qızının katibliyi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 oğlunun, Cavabdeh2 və onun vəkili Vəkil2 Qabiliyyət oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24,4 kvm-dən ibarət qeyriyaşayış sahəsinin İddiaçı mülkiyyətində olduğu xx.xx.2018-ci il tarixindən qeyriyaşayış sahəsinin təhvil verildiyi xx.xx.2020-ci il tarixinə kimi əldən çıxmış fayda olaraq 7120 manat maddi zərər və mənəvi-psixoloji sarsıntılar keçirməyə görə isə 5000 manat məbləğində mənəvi ziyanın və məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12150 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsini Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi açıq hərrac nəticəsində xx.xx.2018-ci il tarixində almış, xx.xx.2018-ci il tarixində isə AR ƏMDK DƏDRX-dən həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarımı təsdiq edən çıxarış almışdır. Bundan sonra, o, mülkiyyətində olan qeyri-yaşayış sahəsini sahiblik və sərəncamına almaq üçün həmin ünvana gəlmiş və cavabdehlər ona qarşı sərt neqativ reaksiya verərək obyektin açarlarını ona təhvil verməkdən boyun qaçırmışlar. Daha sonra, mülkiyyətində olan əmlak üzərində hüquqlarını həyata keçirmək və mövcud maneələri aradan qaldırmaq üçün ərazi üzrə müvafiq rayon məhkəməsinə müraciət etməli olmuşdur. Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 24.4 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən orada yerləşən və ona məxsus əşyaların boşaldılaraq açarlarla birlikdə İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Eyni zamanda, cavabdehlərdən Cavabdeh2 Xətai rayon məhkəməsinə hərracın nəticələrinin ləğvi əsası ilə iddia ərizəsi ilə müraciət etsə də, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarxili qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Daha sonra, cavabdehlər hər iki qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bir icraatda birləşdirilən mülki iş üzrə rayon məhkəmələrinin qətnamələri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, tərəflər apellyasiya məhkəməsinin qətnaməsindən narazı qaldıqları üçün yuxarı instansiya məhkəməsi olan Ali Məhkəmənin mülki kollegiyasına da kassasiya şikayəti versələr də, cavabdehin şikayəti təmin edilmədən həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirlmədən qüvvədə saxlanılmışdır. Nəticə etibarilə, yuxarı instansiya məhkəməsinin yekun məhkəmə qərarından sonra işin icrası Səbail rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuş və Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixli Akta əsasən ona təhvil verilmişdir. Göründüyü kimi, qeyri yaşayış sahəsinə müvafiq dövlət orqanından mülkiyyətə dair çıxarış aldığı xx.xx.2018-ci il tarixindən bügünə kimi üç məhkəmə instansiyası və iki rayon məhkəməsində məhkəmə çəkişmələri davam etmiş, yekun qərardan sonra nəhayət icra sənədi ilə iş yekunlaşmışdır. Lakin bu müddət ərzində iddiaçı olaraq qeyri-yaşayış sahəsini icarəyə vermək hüququndan tam məhrum olmaqla, maddi zərərə məruz qalmış, həmçinin bu illər ərzində ağır psixoloji və mənəvi zədələr almışdır. Yəni sözügedən qeyri-yaşayış sahəsi vaxtında ona təhvil verilsəydi, onun istifadəsindən və ən azından icarəsindən xeyli miqdarda vəsait əldə edə bilərdi. Eyni zamanda, mülkiyyətində olan obyekti təhvil ala bilməməyi və dəfələrlə cavabdehlə gərgin danışıqları onda dərin psixoloji sarsıntı keçirməyinə gətirib çıxarmışdır. Mövcud qeyri-yaşayış sahəsinin real bazar konyuktuna uyğun olaraq, həmin ərazidə aylıq icarə haqqının rəsmi və dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Biriyinə müraciət olunmuşdur. Həmin idarənin eksperti tərəfindən ərazi üzrə anoloji təklif qiymətləri nəzərə alınmaqla, müvafiq araşdırmanın yekunu olaraq xx.xx.2019-cu il tarixli rəyə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 24.4 kv.m olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün aylıq icarə haqqı 300 manat olaraq müəyyən edilmişdir. Sözügedən icarə obyektinin xx.xx.2018-ci il tarixindən mülkiyyətçidə olmasından təhvil verildiyi xx.xx.2020-ci il tarixinə qədər olan müddəti nəzərə alsa, iddiaçının həmin qeyri-yaşayış sahəsinə görə ədən çıxmış və itirmiş olduğu mənfəət 7120 manat təşkil edir. Yəni 23 ay x 300 azn = 6900 azn + 22 gün x 10 azn = + 220 azn = 7120 AZN. Həmçinin iddiaçıya bu illər ərzində cavabdehlər tərəfindən dəymiş olan mənəvi psixoloji zərəri isə 5 000 AZN məbləğində qiymətləndirmək olar. xx xxxxxx 2021-ci il tarixdə ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Hüseynov X1 Cahandar Tais oğlluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, maddi zərərin əvəzi olaraq 6.000 manatın İddiaçı Cavabdeh2 xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq 7.000 manatın, MPM-nin 120-ci maddəsinə uyğun olaraq iş vaxtının itirilməsinə görə 2.000 manatın və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, cəmi 9030 manatın mülki iş üzrə ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, ilkin iddiaçı cavabdehlərdən əldən çıxmış fayda olaraq 7.120 manat maddi zərər və mənəvi-psixoloji sarsıntılar keçirməyə görə isə 5.000 manat məbləğində mənəvi ziyanın və məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumu olaraq, cəmi 12.150 AZN manatı məbləğində pul tələb edir. Cavabdehlər ilkin iddianı qəbul etmir və əlavə olaraq bildirirlər ki, əksinə, mülki iş üzrə ilkin iddiaçı tərəfindən cavabdehlərə maddi və mənəvi zərər dəymişdir. Belə ki, uzun illər icarə hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Əmlak Komitəsi tərəfindən ona xəbər verilmədən hərrac qaydasında hazırkı iş üzrə ilkin İddiaçı satılmışdır. Halbuki həmin qeyri-yaşayış sahəsini almaqda Cavabdeh2 üstünlük hüququna malik idi və almaq da istəyirdi. Cavabdeh2 pozulmuş hüquqlarının bərpa olunması məqsədilə Əmlak Komitəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin ona satılmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdi. Xətai Rayon Məhkəməsinin 2(011)-6671/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Eyni zamanda İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldırlaraq açarlarla birlikdə iddiaçıya təhvil verilməsi, əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair” iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdi. Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavadehlərə qarşı iddia tələbləri qismən təmin olunmuş, qeyri-yaşayış sahəsinin boşaldılaraq açarlarla birlikdə təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh2 Xətai Rayon Məhkəməsinin və Səbail Rayon Məhkəməsinin qətnamələrindən, İddiaçı isə Səbail Rayon Məhkəməsinin qətnaməsindən apellyaisya şikayətləri vermişdilər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-15036/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların apellyasiya şikayətləri təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti verməmişdir. Cavabdeh2 kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3070 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bunda sonra, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunması üçün Səbail rayon icra və probasiya şöbəsinə yönəlmiş, icra məmuru tərəfindən borclu Cavabdeh2 icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Borclu Cavabdeh2 da qanuni qüvvəyə minmiş məhkəmə qərarını könüllü icra etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh maddi zərəri ekspert rəyi, mənəvi zərəri isə mənəvipsixoloji sarsıntı keçirdiyi arqumenti ilə əsaslandırsa da, yuxarıda qeyd olunduğu kimi, onun “əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, İddiaçı cavabdehlərə qarşı “əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair” iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməmişdir. Bu barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə, mövcud işə mahiyyəti üzrə baxılmadan xitam verilməlidir. İddiaçı həmin qeyri-yaşayış sahəsində Cavabdeh2 məxsus əşyalarını götürməyinə imkan verməmişdir. Bundan əlavə, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini təmir etmişdir. İddiaçı həmin əşyaları və təmirə çəkilən xərcləri ödəməmiş, əsassız yerə mübahisələr yaratmış, eyni predmetlə və eyni əsaslarla məhkəmədə əsassız olaraq 2-ci dəfə iddia qaldırmış, nəticədə Cavabdeh2 maddi zərərlə bərabər mənəvi zərər də yetirmişdir. Bundan əlavə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təqsiri ucbatından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 da mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh1 icarə müqaviləsinin tərəfi, hər hansısa bir işdə iddiaçı, ümumiyyətlə bu işlə bağlı heç bir əlaqəsinin olmamasına baxmayaraq 2-ci dəfə cavabdeh qismində işə cəlb edilmişdir. Beləliklə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı əsassız olaraq şişirdilmiş məbləğin, yəni 12.150 AZN manatının tələb edilməsinə dair iddia ərizəsini və məhkəmə bildirişini görüb həyəcan keçirmişlər. Həmin məktub qonşuların yanında Cavabdeh2 və Cavabdeh1 təqdim edilmişdir. Məhkəmənin həmin məktubunu görən kənar şəxslər nəzərə alsaq ki, cəmiyyətdəki insanların əksər hissəsinin hüquqşünas olmayan təbəqə olması, o cümlədən hüquqşünas olsa belə hər hansısa sahə üzrə ixtisaslaşması, qanunvericiliyi əzbər bilinməməsi onların barəsində mənfi rəyin, yəni hər hansısa qanun pozması barədə fikrini formalaşdırmışdır. Bu məktubları görən kənar şəxslərin Cavabdeh2 və Cavabdeh1 bundan sonra fikirləri heçdə birmənalı olmamışdır. Bu isə onlarda dərin mənəvi-psixoloji iztirab yaratmışdır. Cəmiyyətdə olan nüfuzlarına, o cümlədən şərəf və ləyaqətlərinə ziyan vurulmuşdur. Bununla da onların səhhəti kəskin pisləşmiş, özlərini çox pis hiss etmişlər. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 2 saylı qeyri-yaşayış sahəsii xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-690/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsi, əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər və 5000 manat mənəvi ziyanın tutulması tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 24,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin qeyri-yaşayış sahəsinin açarlarla birlikdə İddiaçı təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(003)-15036/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6671/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3070/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(003)-15036/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-690/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi tam icra edildiyi üçün icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 24.4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin açarı tələbkar İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekpertiza" Biriyinin rəyindən görünür ki, ərazi üzrə anoloji təklif qiymətləri nəzərə alınmaqla, müvafiq araşdırmanın yekunu olaraq, xx.xx.2019-cu il tarixli rəyə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 24.4 kv.m olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün aylıq icarə haqqı 300 manat olaraq müəyyən edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(009)-287/2021 saylı qərardadı ilə ilkin iddia tələbinin əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər tutulması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 1620 manat maddi zərərin cavabdehlərdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 50000 manat tutulması hissəsində aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Məhkəmə hesab edir ki, maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığından mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində də iddia təmin edilməməlidir. Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı maddi zərərin əvəzi olaraq 6.000 manatın İddiaçı Cavabdeh2 xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq 7.000 manatın, MPM-nin 120-ci maddəsinə uyğun olaraq iş vaxtının itirilməsinə görə 2.000 manatın qarşılıqlı iddia üzrə iddiaçıların xeyrinə tutulması tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbləri əsassızdır, belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutları məhkəməyə təqdim etmədilər. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-287/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-287/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver