Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2898/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdehnə qarşı «məhdudiyyətin aradan qaldırılması» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «məhdudiyyətin aradan qaldırılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “balam.az”, “baziq.az” internet saytlarına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus “balam.az” və “baziq.az” internet saytlarına giriş məhdudlaşdırılmışdır. Qətnamədə qeyd olunan və yayılması qadağan edilən informasiyalar həmin saytlardan silinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfi dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Səbail rayon Məhkəməsinin 2(009)-2708/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə “balam.az” və “baziq.az” internet informasiya ehtiyatlarına müraciət məhdudlaşdırılmışdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmasına etiraz etməmişdir. O, eyni zamanda bildirmişdir ki, məhkəmə qətnaməsi ilə sözügedən internet səhifələrinə qadağa qoyulmasına səbəb olan məlumatlar qətnamə qəbul edildikdən sonra həmin səhifələrdən silinmişdir. Məhkəmə qeyd edir ki, sözügedən internet informasiya ehtiyatlarında yayılması qanunla qadağan edilən məlumatlar əks olunduğundan məhkəmə qətnaməsi ilə həmin internet informasiya ehtiyatlarına müraciət məhdudlaşdırılmışdır. Bundan sonra həmin məlumatlar sözügedən internet informasiya ehtiyatlarından silindiyindən həmin internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxmışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, sözügedən internet informasiya ehtiyatlarına qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. Eyni Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.7-ci maddəsinə əsasən qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiya hesab olunur. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “balam.az” və “baziq.az” internet informasiya ehtiyatlarına müraciətə qoyulmuş məhdudiyyət götürülsün. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2898/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2898/2025
30.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver