Məhkəmə qərarları › İş №2(009)-29/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-29/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-29/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, X1 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılmış maneənin aradan qaldırılması və s.” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20 və 20B nömrəli daşınmaz əmlaklardan İddiaçı Anatoliyevna ilə onun arasında payların bölünməsi, kompensasiyanın verilməsi, göstərilənlər mümkün olmadıqda evin hərraca çıxarılması və əldə olunmuş vəsaitin paylara uyğun bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin 20 nömrəli mənzilin 11/12 hissəsi ona, 1/12 hissəsi isə Cavabdeh mülkiyyətindədir. Həmçinin elə həmin ünvanda yerləşən 10 saylı evin 20 nömrəli mənzilin (yeni qaydalarda Bakı şəhəri, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi ev 20 mənzil 1, mənzil 3) 5/6 hissəsi ona, 1/6 hissəsi isə Cavabdeh mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmkakın Dövlət Reyestri Xidməti tərəfindən 08.09.2017-ci il tarixdə ******* nömrəli və 09.09.2017-ci il tarixdə isə ******* nömrəli çıxarış verilmişdir. Mübahisəli mülkdə yerləşən otaqlar biri-biri ilə sıx əlaqəli və iç-içə olduğundan İddiaçı cavabdeh arasında tez-tez mübahisə yaranır və ona məxsus olmayan sahə və otaqları zəbt edərək arada yaşamır və onun üçün dözülməz vəziyyət yaradır. Qeyd etmək lazımdır ki, mübahisəli paylı mənzilin tərəflərin payına düşən hissəsini müəyyən etmək və bölmək mümkün olmadığından İddiaçı onun payına düşən hissəyə pul kompensasiya verilməsi təklif edilmiş, lakin cavabdeh ona təklif edilmiş kompensasiyadan imtina etmişdir. Sonradan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X6 məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20 b saylı mənzillərdə Cavabdeh payının cüzi olmasını (1/6; 1/12) nəzərə alıb paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində, o cümlədən «əmlakların tərəflər arasında paylara bölünməsi» tələbi də göstərilmişdir. Qeyd edir ki, İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsində eyni cavabdehə qarşı «həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması» tələbi olmuş və Məhkəmənin 15.10.2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə əldə edilmiş 23.07.2018-ci il tarixli, 8135 saylı ekspert rəyindən görünür ki, mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Məhz bu səbəbdən məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmiş və iddia tələbinin sonrakı hissəsi, yəni «bölünmüş payların satışa çıxarılması» hissəsini də təmin etməmişdir. Mənzillərin tərəflər arasında naturada bölünməsinin mümkün olmaması barədə qətnamə olduğu eyni tərəfə qarşı eyni əsasla eyni tələbi sürmək əhəmiyyətsiz olduğundan hazırda iddia tələbini dəqiqləşdirir. Tərəflər arasında mübahisə predmeti olan T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 42,5 kv/m olan 20 b saylı mənzildə cavabdehin payı 1/12 hissədir ki, bu da cəmi 3,5 kv/m təşkil edir. Eləcə də T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv/m olan 20 saylı mənzildə cavabdehin payı 1/6 hissədir ki, bu da cəmi 3,55 kv/m təşkil edir. Əlbəttə ki, bu hesablamadan da görünür ki, cavabdehin ümumi əmlakda pay cüzidir. Cavabdehin payı inkar edilməsə də 3,5 kv/m sahədən mənzil kimi istifadə etmək, yaşamaq mümkün deyildir. Adambaşına düşən mənzil sahəsi normasından dəfələrlə azdır. Əgər mənzillərin ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətlərinə uyğun cavabdehin payını pulla ifadə etsək belə nəticəyə gələrik ki, T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzilin bazar qiyməti 115.000 manatdırsa, cavabdehin 1/12 hissədə payının dəyəri 9.583 manat təşkil edir. T.Əliyarbəyov küçəsindəki digər 20 saylı mənzilin qiyməti 88.000 manat müəyyən edilmişdir ki, burada da cavabdehin payının 1/6 hissədə olmasını nəzərə alsaq, payın qiyməti 14.666 manat təşkil edir. Beləliklə mübahisə edilən mənzillərdə cavabdehin payı 3,5+3,55 kv/m sahə, pula ifadə edildikdə isə 9.583+14.666 manat təşkil edir. Onu da qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsi ilə mənzillərin bazar qiyməti müvafiq olaraq 100.000 (20b) və 80.000 (20) manat həddində qiymətləndirilmişdir. Sonrakı pandemiya dövründə və hazırda əksinə daşınmaz əmlak, o cümlədən mənzillər dəyər itirmişdir. Mübahisə edilən mənzillərin hazırkı qiymətləndirilməsinə tənqidi yanaşılmalıdır, qiymətlər real deyil, artırılmışdır. Odur ki, kompensasiyanın məbləği müəyyən edilərkən mənzillərin qimytlərinin real bazar qiymətlərindən artıq göstərilməsi nəzər alınmalıdır. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Anatolevnanın Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20 və 20B saylı mənzillərindən onun istfadəsinə yaratdığı maneələrin qanunsuz hesab edilməsi və onun qeyd olunan mənzillərə köçürülməklə oradan maneəsiz istifadə etməsi, paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilinin cavabdeh İddiaçı Anatolevna tərəfindən icarəyə verildiyinə görə kompensasiya məbləğini müəyyən edərək payına uyğun ona ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20 və 20B saylı mənzillərindən maneəsiz istifadə etməyi üçün mənzillərin giriş (blok və həyət) qapılarının açarlarının verilməsi (və ya sürət çıxarılması üçün təqdim etməsi) cavabdeh İddiaçı Anatolevnaya həvalə edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsində paylı mülkiyyətdə olan mənzillərin otaqlarının biri-biri ilə sıx əlaqəli olmaqla iç-içə olduğunu, guya buna görə aralarında tez-tez mübahisələr yarandığını, ona məxsus olmayan sahələrin və otaqların onun tərəfindən zəbt edilməklə orada yaşamadığını və “bunların” onun üçün dözülməz vəziyyət yaratmasını qeyd etmişdir. İddiaçı onun ögey anasıdır. O, görmə qabiliyyəti məhdud olmaqla 2-ci qrup əlildir. Belə ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10/20 və 10/20B ünvanlarında yerləşən mənzillərdə texniki pasportdakı kimi qonşu (bitişik) otaqlar mövcud deyildir. Mənzildən tam olaraq iddiaçı istifadə etdiyindən, ora daxil olmağı mümkün olmadığından faktiki olaraq müvəqqəti qohumları ilə yaşayır. O, İddiaçı qeyd etdiyi kimi həmin ünvandakı mənzilin hər hansı otağını zəbt etməyi və vaxtaşırı mənzildə olmağı qeyrimümkündür. Onun mülkiyyətində olan, ona aid ərazini ələ keçirmək, İddiaçı ilə mübahisə və münaqişə yaratmaq və onun vəziyyətini dözülməz hala gətirmək üçün heç bir imkanı və ya niyyəti belə olmamış və hazırda da yoxdur. Onun qeyd etdiyi halları təsdiq edən hər hansı sübutu yoxdur. İddiaçı ilə paylı mülkiyyətlərindəki mənzillər bu günədək tam olaraq istifadəsindədir. O, həmin sahələrdən ürəyi istədiyi kimi, maneəsiz istifadə edir. Onun tərəfindən ümumiyyətlə hər hansı otaq zəbt olunmamış, mənzildə istifadə ilə aralarında heç bir mübahisə və ya münaqişə yaranmamışdır. Mənzilin otaqları biri-birindən ayrı, iç-içə olmayan, biri digəri ilə əlaqəsi olmayan və iki giriş qapısından ibarətdirlər. Mənzil iddiaçının tam istifadəsi və sərəncamındadır. İddiaçı həmin mənzillərdən qeyri-yaşayış sahəsi kimi istifadə edir və onun razılığı olmadığı halda otaqları kommersiya fəaliyyəti göstərən şəxslərə yüksək qiymətlərlə icarəyə vermiş və həmin icarə haqlarını da özü alır və paylı mülkiyyətdən əldə etdiyi gəlirlərdən ona bir manat da olsun ödənişlər etmir. Bunlar azmış kimi onu mülkiyyətində olan mənzillərə daxil olmağına maneələr yaradaraq mənzildən istifadə etməyinə də imkan vermir. Cavabdeh İddiaçı Anatolevnanın qeyd olunan qanunsuz hərəkətləri haqqında aidiyyəti dövlət orqanlarına müraciətlər etmiş, müraciətlərini araşdırılaraq zəruri tədbirlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq cavabdeh İddiaçı Anatolevna onun mülkiyyətində olan mənzillərdən istifadəyə yaratdığı maneələrin aradan qaldırılmasını təmin etmir, ona maddi və mənəvi zərərlər vurmaqla onu öz mənzilinə buraxmır. Onu da bildirir ki, cavabdeh İddiaçı Anatolevnanın mülkiyyətində olan mənzilləri razılığı olmadan icarəyə verərək gəlir əldə etdiyinə görə aralarında 2007-ci ildə məhkəmə mübahisələri olmuş, icarə haqqından əldə edilmiş gəlirlərin öz paylarına uyğun aralarında bölünməsi haqqında Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20ci mənzilinə dair cavabdehlə aralarında “qarşılıqlı razılaşma müqaviləsi” bağlanılmışdır. İlkin olaraq o həmin mənzil üzrə icarə haqqından ona ödənişlər etsə də, sonradan qəsdən ödənişlər etməmiş, bu səfər aralarında müqavilə bağlanmış 20 saylı mənzili deyil, Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzili icarəyə verərək gəlirlər əldə etməyə başlamış və həmin gəlirlərdən ona ödənişlər etməmişdir. Halhazırda isə cavabdeh onu mənzilə buraxmır, həmin mənzillərdən gəlir əldə etməyinə də imkan vermir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X6 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı qohumu cavabdeh Tamila Rzabəyovaya qarşı «Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20 b saylı mənzillərin tərəflər arasında paylara bölünməsi, kompensasiyanın verilməsi, göstərilənlərin mümkün olmadıqda evin hərraca çıxarılması və əldə olunmuş vəsaitin paylara uyğun bölüşdürülməsi haqqında» iddia ərizəsi vermişdir. Öz növbəsində cavabdeh də iddiaçıya qarşı «Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20 b saylı mənzillərdən istifadəyə ilk iddiaçının yaratdığı maneələrin qanunsuz hesab edilməsi və qeyd edilən mənzillərə köçürməklə oradan maneəsiz istifadə və paylı mülkiyyətdə olan 20 b saylı mənzilinin ilk iddiaçı tərəfindən icarəyə verilməsinə görə kompensasiya məbləğinin müəyyən edərək, payına uyğun ona verilməsi və mənzillərin açarlarının surətinin ona da verilməsi haqqında» qarşılıqlı iddia ərizəsi vermişdir. Həmçinin onun tərəfindən MPM-nin 53cü maddəsinə əsasən payların naturada ayırlmasının əvvəlki qətnamə ilə qeyri mümkünlüyünü nəzərə alıb iddia tələbini dəqiqləşdirilərək, cavabdehin hər iki əmlakdakı cüzi payının pula ifadə olunan dəyərini kompensasiya şəklində verməklə mülkiyyət hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edir ki, ilk İddiaçı Bakı şəhəri, Səbail Rayon Məhkəməsində eyni cavabdehə qarşı «həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması» tələbi olmuş və Məhkəmənin 15.10.2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə əldə edilmiş 23.07.2018-ci il tarixli, 8135 saylı ekspert rəyindən görünür ki, mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Əmlakın bölməsi texniki cəhətdən mümkün olmadığından məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmiş və iddia tələbinin sonrakı hissəsi, yəni «bölünmüş payların satışa çıxarılması» hissəsini də təmin etməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, tərəflərin hər iki mənzildə payları vardır və paylar DƏDRX-də qeydə alınmış və payın həcmi mübahisə predmeti deyildir. İlk iddiaçının tələbi cavabdehin əmlaklarda olan cüzi payının əvəzində bazar qiymətinə uyğun kompensasiya verilməsidir. Kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 12.07.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İndiki halda istər tərəflər arasındakı 2018ci il tarixdə olan məhkəmə mübahisəsi zamanı, istərsə də hazırkı mübahisədə mübahisə edilən əmlakların bazar qiyməti müəyyən edilmişdir. Əvvəlki mübahisə zamanı evin naturada paylara bölünməsi texniki cəhətdən mümkün olmadığından, iddiaçının qalan tələbləri də məhkəmə tərəfindən təmin edilməmişdir. Əslində iddiaçının qalan tələbi baxılmamış saxlanmalı idi. İlk iddiaya münasibətdə hesab edir ki, mübahisə aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməli, eyni zamanda oxşar mübahisələr üzrə məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulduğu qaydada, yəni payın naturada ayrılmasının mümkün olmadıqda payın ayrılmasının digər qaydası - payın dəyərinin ödənilməsi tətbiq edilir. Əmlakların tərəflər arasında paylara bölməyin mümkün olmaması mühəndis-texniki ekspertizasının rəyi ilə təsdiq edilir. Odur ki, əmlakda payı cüzi olan cavabdehin payının dəyərinin ödənilməsi mübahisənin yeganə və ədalətli həlli yoludur. MM-nin 220.4 maddəsinə görə «....mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. Tərəflər arasında mübahisə predmeti olan T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 42,5 kv/m olan 20 b saylı mənzildə cavabdehin payı 1/12 hissədir ki, bu da cəmi 3,5 kv/m təşkil edir. Eləcə də T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv/m olan 20 saylı mənzildə cavabdehin payı 1/6 hissədir ki, bu da cəmi 3,55 kv\m təşkil edir. Əlbəttə ki, bu hesablamadan da görünür ki, cavabdehin ümumi əmlakda payı cüzidir. Cavabdehin payı inkar edilməsə də, 3,5 kv/m sahədən mənzil kimi istifadə etmək, yaşamaq mümkün deyildir, adambaşına düşən mənzil sahəsi normasından dəfələrlə azdır. Mənzilin əsas təyinatı yaşayış sahəsinə olan ehtiyacın ödənilməsindən ibarətdir, ona görə payın cüzi olub-olmadığı yaşayış sahəsindəki payın miqdarı əsas götürülməklə müəyyən edilməlidir. Yaşayış sahələrində iddiaçının payının miqdarı müvafiq olaraq, 3,5 kv/m və 3,55 kv/m olduğundan və həmin sahənin ümumi sahəyə aid olmasını, yaşayış sahəsinin daha az olmasını nəzərə alsaq, əlbəttə ki, bu həcmdə sahədə yaşamaq mümkün olmadığından iddiaçının pay cüzi hesab olunmalıdır. 20 saylı mənzilin 11.4 kv/m hissəsi qeyri yaşayış sahəsidir. Əgər mənzillərin ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətlərinə uyğun cavabdehin payını pulla ifadə etsək belə nəticəyə gələrik ki, T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzilin bazar qiyməti 115.000 manatdırsa, cavabdehin 1/12 hissədə payının dəyəri 9.583 manat təşkil edir. T.Əliyarbəyov küçəsindəki digər 20 saylı mənzilin qiyməti 88.000 manat müəyyən edilmişdir ki, burada da cavabdehin payının 1/6 hissədə olmasını nəzərə alsaq, payın qiyməti 14.666 manat təşkil edir. Beləliklə, mübahisə edilən mənzillərdə cavabdehin payı 3,5+3,55 kv/m sahə, pula ifadə edildikdə isə 9.583+14.666 manat təşkil edir. Onu da qeyd edir ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qətnaməsi ilə mənzillərin bazar qiyməti müvafiq olaraq 100.000 (20b) və 80.000 (20) manat həddində qiymətləndirilmişdir. Sonrakı pandemiya dövründə və hazırda əksinə daşınmaz əmlak, o cümlədən mənzillər dəyər itirmişdir. Mübahisə edilən mənzillərin hazırkı qiymətləndirilməsinə tənqidi yanaşılmalıdır, qiymətlər real deyil, artırılmışdır. Odur ki, kompensasiyanın məbləği müəyyən edilərkən mənzillərin qiymətlərinin real bazar qiymətlərindən artıq göstərilməsi nəzər alınmalıdır. Qeyd olunanlara əsasən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20 b saylı mənzillərdə Cavabdeh payının cüzi olmasını (1/6; 1/12) nəzərə alıb paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaya gəlincə cüzi də olsa payı olan mənzilə köçürməni tələb etmək qarşılıqlı iddia üzrə iddiaçının hüququdur. Lakin bu tələbi işin halları ilə müqayisədə qiymətləndirərkən ilk iddiaçının cavabdehə real bazar qiymətindən də artıq kompensasiya ödəməyi təklif etməsi, ümumi əmlakda cavabdehin payının cüzi olması, kompensasiyanın verilməsinin onun da mənafeyinə uyğun olması və nəhayət tərəflərin mübahisəsinin başa çatdırılmasının hüquqa əsaslanan ədalətli yolunu məhkəmə nəzərə almalıdır. Qarşılıqlı iddia əmlakın icarəyə verilməsindən ona kompensasiya verilməsi ilə bağlı hissədə əsassızdır. Qarşılıqlı iddia ərizəsində özü də qeyd edir ki, aralarındakı 2008-ci il tarixli razılaşmaya əsasən ilk vaxtlar icarə haqqından ona pul versə də, sonradan həmin mənzili icarəyə verilməmiş və ona pul ödənilməmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2008-ci il tarixli qətnaməsində də görünür ki, Cavabdeh məhz özünün iddiası əsasında «AdaNet» provayder şirkəti sözügedən mənzildən çıxarılmış və 20 saylı mənzilin icarəyə verilməsi başa çatmışdır. Digər mənzilin icarəyə verilməsi ilə bağlı iş materiallarında hər hansı bir dəlil yoxdur və bu iddianı İddiaçı da qəbul etmir. Hesab edir ki, tərəflərin hazırkı mübahisəsinin yeganə və ədalətli yolu ilk iddiaçının bazar qiymətinə uyğun olaraq, cavabdehin payına kompensasiya verməsidir. Bu kompensasiyanın məbləğini obyektiv olaraq məhkəmə müəyyən etməlidir. Mülki Məcəlləsinin 220.3-cü maddəsində nəzərdə tutulduğu qaydada, yəni payın naturada ayrılmasının mümkün olmadıqda payın ayrılmasının digər qaydası - payın dəyərinin ödənilməsi tətbiq edilir. Əmlaklırın tərəflər arasında paylara bölməyin mümkün olmaması mühəndis-texniki ekspertizasının rəyi ilə təsdiq edilir. Odur ki, əmlakda payı cüzi olan cavabdehin payının dəyərinin ödənilməsi mübahisənin yeganə və ədalətli həlli yoludur. MM-nin 220.4-cü maddəsinə görə «....mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. Göstərilənləri nəzərə alaraq ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 10 saylı evin 20 b saylı mənzili 1/12 hissədə Cavabdeh, 11/12 hissədə İddiaçı adına 08.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 10, mənzil 20 (yeni qaydalarla - Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20, M1, m3) 1/6 hissədə Cavabdeh, 5/6 hissədə İddiaçı adına 09.09.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2018-ci il tarixli, 8135 nömrəli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20B saylı mənzillər üzrə tikililərin hazırki vəziyyətdə planlı yerləşməsinin, ölçülərinin, ümumi sahəsinin texniki pasport göstəricilərinə uyğun olduğu, lakin 20 saylı mənzildə 1 saylı tikilinin həyətə tərəf divarında pəncərə boşluğu açıldığı və 3 saylı tikilidən küçə tərəfə olan pəncərənin yerində giriş-çıxış qapısı açıldığı, eyni zamanda 20B saylı mənzilin 5 saylı tikilisinə 4 saylı tikilidə açılan qapının faktiki olaraq bağlandığı və həmin tikiliyə küçə tərəfdən qapı açıldığı müəyyən olunmuşdur. Tədqiq olunan mənzillər üzrə Cavabdeh payı 1/6 və hissə təşkil etdiyini və bu paylara düşən sahənin (yəni hər iki mənzillər üzrə ümumi sahəsi ayrı-ayrılıqda 3,55 kv.metr, yaşayış sahəsi 2,45 və 1,55 kv.metr) “X7”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olmadığını nəzərə alaraq, həmin mənzillərin tərəflərin paylarına uyğun naturada bölünməsi real cəhətdən mümkün deyildir. - Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-721/2018 saylı, 15.10.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakdan tərəflərin payına düşən hissəni müəyyən etməklə qiymətləndirilməsi və həmin əmlakın satışa çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2(103)-314/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(009)- 721/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.07.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 314/2019 nömrəli iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Departamentindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olduğu müəyyən edilmişdir. Bununla bağlı İddiaçı (VÖEN **********) ünvanlı xidmət göstərilərək qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlandırma və maarifləndirmə işləri aparılmış, qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr və məsuliyyət tədbirləri barədə ona geniş izahat verilmiş, nəticəsi “ünvanlı xidmətin göstərilməsi barədə” 05.12.2017-ci il tarixli, ********* nömrəli protokolla rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna verilmiş 17.10.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 10, 20b saylı mənzil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-26 saylı, 12.02.2001-ci il tarixli qətnaməsinə və 2 saylı Bakı “Asan xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26.08.2017-ci il tarixli, 4Ə- 1727 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh (1/12 hissə) və İddiaçı (11/12 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 10, 20 saylı mənzil Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-26 saylı 12.02.2001-ci il tarixli qətnaməsinə və 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26.08.2017-ci il tarixli 4Ə- 1726 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh (1/6 hissə) və İddiaçı (5/6 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. - X2 03.12.2019-cu il tarixli, 77 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin birinci mərtəbəsindəki ümumi sahəsi 42,5 m2 olan mənzilin 1 kv.m-nin orta bazar qiyməti ilə təqribi dəyəri 4143,0 manat, ümumi təqribi dəyəri işə 176078 manat məbləğində müəyyən edilir. - X2 03.12.2019-cu il tarixli, 78 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin birinci mərtəbəsində ümumi sahəsi 21,3 kv.m olan mənzilin (qeyri-yaşayış sahəsi) 1 kv.m-nin orta bazar qiyməti ilə təqribi dəyəri 4566 manat, ümumi təqribi dəyəri isə 97256 manat məbləğində müəyyən edilir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(009)-85/2020 saylı qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və “xxxx” MMC-nin ünvan 3 ünvanında 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı, 20 nömrəli mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə 125/Mİ/21 saylı, 12.04.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 88.000 (səksən səkkiz min) manat, likvid dəyəri 83.000 (səksən üç min) manat məbləğində müəyyən olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(009)-85/2020 saylı qərardadı ilə göstərilən daşınmaz əmlakların bazar qiymətinə uyğun qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə olunmuş və “xxxx” MMC-nin ünvan 3 ünvanında 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 20 b nömrəli mənzilin bazar dəyərinin müəyyən edilməsi üzrə 126/Mİ/21 saylı, 12.04.2021-ci il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 115.000 (yüz on beş min) manat, likvid dəyəri 109.000 (yüz doqquz min) manat məbləğində müəyyən olunmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 10 saylı evin 20 b saylı mənzili 1/12 hissədə Cavabdeh, 11/12 hissədə İddiaçı adına, həmin evin 20 saylı mənzilində (yeni qaydalarla - Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20, M1, m3) 1/6 hissədə Cavabdeh, 5/6 hissədə İddiaçı adına müvafiq olaraq 08.09.2017 və 09.09.2017-ci il tarixlərdə qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, tərəflər iddiaçı cavabdehin ögey anası olmaqla qohumluq münasibətlərindədirlər və mübahisəli mənzillərdə paylı mülkiyyətçilərdirlər. 2018-ci ildə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsində eyni cavabdehə qarşı «həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması» tələbi üzrə Səbail Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilərək keçirilmiş 23.07.2018-ci il tarixli, 8135 saylı ekspert rəyinə əsasən mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə görə tərəflərin paylı mülkiyyətində olan mənzillərin naturada bölgüsünün aparılması mümkün olmadığından, iddiaçı payın əvəzinə pul kompensasiyası verilməsinə dair digər mülkiyyətçiyə müraciət etməsinə dair sübutlarını məhkəməyə təqdim etmədiyindən tərəflərin paylı mülkiyyətində olan mənzillərin açıq hərracdan satılmaqla əldə olunan pul vəsaitlərinin mülkiyyətçilər arasında paylara uyğun bölünməsi məhkəmə aktının qəbul edilməsi qeyrimümkündür. Başqa sözlə, qanuni qüvvəsini almış məhkəmə aktlarından məlum olur ki, iddiaçı payının naturada ayrılması mümkün olmadığı təqdirdə, cavabdehə qarşı pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmiş, əksinə, mənzilin birbaşa satılmasını tələb etmişdir. Hazırki ilk iddia tələbində iddiaçı qeyd edilən məhkəmə aktlarının məzmununa istinad edərək cavabdehin ümumi əmlakda payının cüzi olmasını əsas götürərək sahədən mənzil kimi istifadə etmək, yaşamağın mümkün olmadığını qeyd edərək ona paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməli olmasını iddia etmişdir. Məbləğin əsası kimi T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzilin bazar qiymətinin 115.000 manat, digər 20 saylı mənzilin qiyməti 88.000 manat müəyyən edilməsinə, beləliklə də, cavabdehin müvafiq 20b saylı mənzil üzrə 1/12 hissədə payının dəyərinin 9.583 manat, 20 saylı mənzildə isə 1/6 hissədə olmasını nəzərə alaraq payın qiymətinin 14.666 manat (3,5+3,55 kv/m sahə, pula ifadə edildikdə isə 9.583+14.666) olmasına istinad edilir. Məhkəmə ilk iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2–ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyldirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddənin məzmunundan göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırır. Göstərilən norma mülkiyyətdən mülkiyyətçinin payı ayrılan zaman mülkiyyətçinin payının daxil olduğu, naturada ayrılan əşyanın bölünməsi mümkün olmadığı tədqirdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə müvafiq olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb etmədiyi üçün həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən kompensasiya verilməsi vəzifəsi iddiaçının üzərinə qoyula bilməz. Həmin Məcəllənin 220.5-ci mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2014-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqa tətbiq edilməsinin vacibliyi vurğulanmışdır. Qeyd edilən Qərarda, Mülki Məcəllənin 220.4-cü maddəsində həmin Məcəllənin 220.1- 220.3-cü maddələrində nəzərdə tutulmuş hüququn həyata keçirilməsinin mümkünlüyü - paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi buna onun razılığı olması ilə əlaqələndirilmişdir. Bununla da, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. İşin materiallarından görünür ki, ilk iddia üzrə cavabdeh onun mübahisəli mənzillərdə olan mülkiyyət payına görə təklif edilən kompensasiya məbləği ilə razılaşmamışdır. Razılığın verilməməsi əsası kimi, onun mülkiyyət paylarının heç də cüzi olmamasına, qaldırılan iddianın onun mülkiyyət hüquqlarına xələl gətirməsinə, mübahisəli vəziyyəti nəzərə aldıqda isə təklif edilən məbləğin başqa yaşayış sahəsi alması üçün çox az olmasına istinad edilmişdir. Konstitusiya Məhkəməsinin Qərarında daha sonra göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə, Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşdırılmış hüquqi mövqeni və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, araşdırma zamanı ilk iddiaçının T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 42,5 kv/m olan 20 b saylı mənzildə cavabdehin payının 1/12 hissəyə nisbətdə 3,5 kv/m, ümumi sahəsi 21,3 kv/m olan 20 saylı mənzildə isə 1/6 hissəyə nisbətdə 3,55 kv/m təşkil etməsi, başqa sözlə cavabdehin ümumi əmlakda payının cüzi olmasına dair dəlilləri əsaslı olmamış və məhkəmə mübahisə edilən mənzillərdə cavabdehin payının ümumilikdə 7,05 kv/m sahə olmasını heç də onun bu əmlakda payının cüzi olması kimi qiymətləndirmir. Məhkəmənin qənaətinə görə Mülki Məcəllənin 220.4-cü maddəsinin üçüncü cümləsində göstərilən hal, yəni mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsinin qoyulması hazırki mübahisədə tətbiq edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən ilk növbədə cavabdehin ailəli olmamasını (ilk iddiaçı tərəf bu faktı inkar etməmişdir), tək yaşamasını, gözündən İİ qrup əlil olmasını və belə bir şəxsin mənzillərdə olan paylarından (3,5+3,55) kv/m sahədən sərbəst istifadə edə bilməsini nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə də, hər iki mübahisəli mənzildə ümumilikdə 7,05 kv/m sahəyə malik olan cavabdehin payının cüzi hesab olunmadığına, ilk iddiaçı tərəfin cavabdehin ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmamasına dair məhkəməyə tutarlı və mötəbər sübutlar təqdim edə bilmədiyinə, eləcə də ilk iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə məhkəmə ilk iddianın rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, işin materiallarından görünür ki, tərəflər arasında paylı mülkiyyətçiləri olduqları mübahisəli mənzillə bağlı uzun sürən mübahisələri mövcuddur və İddiaçı Mülki Məcəlləsinin 220-ci maddəsinin müddəalarına əsasən dəfələrlə Cavabdeh mülkiyyət payı ilə bağlı müxtəlif iddialar qaldıraraq ondan mülkiyyət payını ayırmağa, hazırda isə ümumiyyətlə onun həmin mülkiyyət hüququna xitam verilməsini istəmişdir. İşin bu halları İddiaçı Cavabdeh mülkiyyət paylarından istifadəsinə yaradılmış maneələrin olmasına dəlalət edir ki, məhkəmə də bu halların qanunsuz olması qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddiaçı mübahisəli mənzillərin paylı mülkiyyətçisi olduğundan və mülkiyyət hüququnun tərkibina əşyadan istifadə hüququnun da daxil olmasını (Mülki Məcəlləsinin 152.1-ci maddəsi) nəzərə alaraq hesab edir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinə köçürülməli və İddiaçı tərəfindən həmin mənzillərdən Cavabdeh istifadəsinə yaradılmış maneələr qanunsuz hesab edilməli, həmin mənzillərin (blok və həyət) açarları (və ya surətləri) İddiaçı tərəfindən Cavabdeh təqdim edilməklə qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 10 saylı evin 20B saylı mənzilinin cavabdeh İddiaçı Anatolevna tərəfindən icarəyə verilməsi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin 13.04.2021-ci il tarixli məktubundan məlum olur ki, daşınmaz əmlaklarıın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 500 (beş yüz) manat təşkil edir və məhkəmə hesab edir ki, 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manat hissəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 150 (bir yüz əlli) manat hissəsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinə köçürülməli və İddiaçı tərəfindən həmin mənzillərdən Cavabdeh istifadəsinə yaradılmış maneələr qanunsuz hesab edilməli, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinin (blok və həyət) açarları (surəti) İddiaçı tərəfindən Cavabdeh təqdim edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manat hissəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 150 (bir yüz əlli) manat hissəsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinə köçürülsün və İddiaçı tərəfindən həmin mənzillərdən Cavabdeh istifadəsinə yaradılmış maneələr qanunsuz hesab edilsin. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20 b saylı mənzillərinin açarları (surəti) İddiaçı tərəfindən Cavabdeh təqdim edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manat hissəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 150 (bir yüz əlli) manat hissəsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, “xxxx” ASC Abşeron filialı VÖEN: **********, M/h:AZ03NABZ******************** Kodu:805539 S.W.İ.F.T. BİC: 1BAZAZ2X H/h:AZ52İBAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar