Məhkəmə qərarları › İş №2(009)-2904/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2904/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2904/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “VAZ-21063” markalı, **-LC-*** dövlət nömrə nişanlı avtomobil 20.04.2019-cu ildən 20.04.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 20.04.2019-cu il tarixli RXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il fevralın 20-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ-21063” markalı, **-LC-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda “BYD F3” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Səbail RPİ-nin DYPŞ-İ tərəfindən 20.02.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Səbail RPİ-nin DYPŞ-nin 20.02.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 21.02.2020-ci il tarixdə verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “BYD F3” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilə 1050 manat məbləğində zərər dəymişdir. İddiaçı 18.03.2020-ci il tarixdə həmin məbləği zərərçəkmiş şəxs Məmmədov Natiq Yunis oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 1050 manat məbləğində vurulmuş zərər və 30,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1080,30 manat adlınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə PXA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən X1 məxsus «Vaz 21063» markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil 20.04.2019-cu il tarixdən 20.04.2020-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. İş üzrə Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş 20.02.2020-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh 20.02.2020-ci il tarixdə “VAZ-21063” minik markalı, ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə araməsafəsi qaydalarının pozulması nəticəsində AR İXM-nın 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş 21.02.2020-ci il tarixli qüsur aktına əsasən «BYD F3» markalı ** EZ *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 1050 manat ziyan dəymişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş 27.02.2020-ci il tarixli, PXA60549 saylı sığorta aktına əsasən 20.02.2020-ci il tarixdə sığortalanmış “VAZ-21063” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil “BYD F3” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «BYD F3» markalı 99 EZ-487 dövlət nömrə nişanlı avtomaşına 1050 manat ziyan dəymiş və bununla bağlı 1050 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə sığorta ödənişinin alınması üçün plastik ödəmək kartının təhvil-təslim aktından və hesabdan çıxarışından görünür ki, "xxxx" ASC 18.03.2020-ci il tarixdə 1050 manat zərərçəkmiş şəxs Məmmədov Natiq Yunis oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 07.04.2020-ci il tarixli məktubundan görünür ki, 20.02.2020-ci il tarixdə, saat 16.30 radələrində Bakı şəhəri, Salyan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “VAZ-21063” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil “BYD F3” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “VAZ-21063” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta şirkəti tərəfindən 20.04.2019-cu il tarixdən 20.04.2020ci il tarixə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsilə sığortalanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və subroqasiya hüquqlarını olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 1050 manat zərər məbləğini məktubu aldıqdan sonrna 7 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə olmadan idarə etdiyi və icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış «VAZ-21063» markalı ** LC *** dövlət nömrə nişanlı avtomaşınla 22.02.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “BYD F3” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “BYD F3” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1050 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci maddələri ilə inzibati xəta törətmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki,20.02.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BYD F3” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1050 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını etibarnamə olmadan, yəni hüququ olmadan idarə etdiyindən, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 1050 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması və avtomaşını eitbarnamə olmadan idarə etməsi tam təsdiq olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən avtomaşını etibarnamə olmadan idarə etdiyindən, iddiaçının cavabdehə qarşı ödənilmiş ziyanın geri alınması (subroqasiya) hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 1050 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1050 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,50 manat, cəmi 1080,50 (bir min səksən manat, əlli qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar