Məhkəmə qərarları › İş №2(009)-291/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-291/2021

19.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-291/2021 19.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və xəstəliyin bərpası xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın və xəstəliyin bərpası xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdə təxminən saat 07.30 radələrində işə gedərkən Q.Qarayev prospekti, 65 saylı ünvanın qarşısından yolu sağdan sola keçən zaman yolun ortasında olan ayrıc zolağa 2-3 məsafə qalmış, 8-ci km Bazarı istiqamətindən “Neftçilər” metrostansiyası istifadəsində hərəkətdə olan “Mersedes” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşın yüksək sürətlə ggələrək qabaq hissəsi ilə onu vurmuşdur. Həmin vaxtı avtomaşının zərbəsinin təsirindən onu bir neçə metr qabağa ataraq yerə yıxılmışdır və sürücü avtomaşını saxlamış, ətrafdakı insanların köməyi ilə onu avtomaşınına mindirərək “X2”nə aparmışdır. Həmin klinikada həkimlər onu ilkin müayinə etmiş və onun sol tərəfdən oturaq (çanaq) sümüyünün qapalı sınıq və diz qapağının sınığı xəsarəti aldığını bildirmişlər. O, uzun müddət köməksiz vəziyyətdə müalicə alsa da, nəticəsi tam müsbət olmamışdır. O, xəstəliyinin müalicəsi ilə əlaqədar müxtəlif səhiyyə müəssisələrində həm diaqnostik baxış, həm də müalicə keçirilmiş və ona bildirilmişdir ki, onun xəstəliyi ömürlükdür. Xəstəliyinin müalicəsi və müayinəsi ilə əlaqədar o, dəfələrlə təkrar-təkrar bir neçə dəfə müayinədən keçmişdir.

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Travmotologiya və Ortopediya İnstitutunda a/k 1017 saylı, xx.xx.2018-ci il tarixli arayışında “Sol oturaq sümüyünün, sol encik sümüyünün başının köhnəlmiş (1 ay müddətində) bitişməkdə olan qəlpəli sınıqları, sol diz oynağının iç yan bağın zədələnməsi, diz oynağının postranatik artrozu, ayrı sindromu, MRT müayinəsi, yataq valdus defomiyası” diaqnozu qoyulmuşdur.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutunun a/k 1017 saylı,xx.xx.2018-ci il tarixli arayışında, Sol oturaq sümüyünün, sol envik sümüyünün başının köhnəlmiş (64 gün müddətində) bitişməkdə olan qəlpəli sınıqları, hər iki asitabulun oynaq kənarlarının itiləşməsi, sol diz oynağının sinoviti, nudial nuniskin və ya nudial kollateral bağın zədələnməsi, diz oynağının postranatik artrozu, diz oynağının konstruksiyası, qeyri-stabilliyi, valqus deformasiyası, dounu ağrı sindromu” diaqnozu qoyulmuşdur. Ona qoyulmuş diaqnoz olaraq “Ancaq incik sümüyünün sınığı, sol oturaq sümüyünün (çanaq sümüyünün), sol incik sümüyünün başının bitişmiş sınığı, hərəkətin və yerişin pozulmaları, aşağı ətraf funksiyasının pozulması, diz kaseti, diz oynağının xroniki qeyri-sabitliyi,...sol diz atofiyası və üzülməsi,...sol aşağı ətraf əzələlərinin atrofiyası, ağrı sindromu, yerişin pozulması. Diz oynağının oynaq qığırdağının zədələnməsi,... sol diz oynağının medial meniskin arxa buynuzunun qismi meniskektomiyası, qalan meniskin degerasiyası. Ön çarpaz bağın qismən qopması. Osteofit, sol diz oynağında ağrı, potoloji hərəkətlər, osteofitlər, hərəkət məhdudluğu”. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Xidməti tərəfindən təqdim edilmiş **********31 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2786003AADJD saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Aldığı xəsarət nəticəsində sağlamlığın məhdudlaşmış və hazırda onun sağlamlığının bərpası üçün böyük məbləğdə vəsait lazımdır. Lakin bununla əlaqədar o, baş vermiş hadisəyə qədər iş yerindən xəstəliyinin müalicəsi ilə əlaqədar ona yardım edilməsini xahiş etsə də, ona müsbət cavab verilməmişdir. Ona yardım edilməsi barədə müraciətinə AR Ə və ƏDSMN-yi ona cavab verilməmişdir. Ona görə də o, məcbur olub ona xəsarət yetirən təqsirləndirilən şəxs - cavabdehdən onun müalicəsi üçün vəsait ödəməlidir. Eyni zamanda cavabdehin cinayət əməli nəticəsində o, bir neçə ildir ki, nəyin ki, maddi, eyni zamanda ona mənəvi zərər ödəməlidir. Ona vurulmuş mənəvi zərəri o, 20.000 manat qiymətləndirir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş xəsarətə görə cavabdehdən maddi ziyana görə 10.000 manat və mənəvi ziyana görə 20.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, əməliyyat olunmalıdır. Cavabdeh onu aldatmışdır. Onun xəstəxanadan sənədləri var ki, onun əməliyyatına 10.000 manat pul lazımdır. Doğrudur o, notariat qaydada ziyanın tam ödənilməsi barədə ərizə yazmışdır. Lakin o ərizəni cavabdeh onu aldatdığı üçün yazmışdır. Sonra apellyasiya şikayəti vermiş, orada da onu aldatmışlar, şikayəti geri götürmüşdür. Ya cavabdeh onun ayağını düzəltməli, ya da ömrünün axırına qədər ona pul verməlidir. O bu işi belə qoymayacaq, hər yerə şikayət edəcəkdir. Cavabdehdən əl çəkməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə yazılı etirazını göndərmiş və etirazında göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 07.30 radələrində idarə etdiyi və texniki cəhətdən saz olan “Mersedes” markalı, 99FM223 dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nizami rayonu ərazisində hərəkətdə olarkən idddiaçını vurmuşdur və buna müvafiq olaraq AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işi balanmışdır. İddiaçı qarşısında üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmişdir. Həm maddi cəhətdən, həm də mənəvi cəhətdən ona kifayət qədər pul vermişdir. Məhz buna görə də iddiaçı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi ilə bir daha bəyan etmişdir ki, onun tərəfindən ona maddi ziyan tamamilə ödənilmişdir, heç bir şikayəti yoxdur və gələcəkdə də belə bir şey olmayacaqdır. İddiaçı bu işlə bağlı Bakı şəhəri Nizami rayon Məhkəməsində də bu fikrinin üstündə durmuş və nəhayət həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə o, cinayət məsuliyyətindən azad edilmişdir və barəsində olan icraat materiallarına xitam verilmişdir. İddiaçı bundan da bilərəkdən apellyasiya şikayəti vermiş və yenə də ondan pul alaraq apellyasiya şikayətini geri götürmüşdür. Hesab edir ki, iddiaçının davamlı şikayətlər etməsi ondan əlavə haqsız olaraq pul almaq imkanını dəyərləndirilməsi kimi başa düşülə bilər. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə «xxxx» Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 047524 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «xxxx» Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh məxsus «Mercedes Benz C200» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, xx.xx.2018-ci il tarixdə sığortalanmış avtomobil törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı az ağır dərəcəli xəsarətlər almış, İddiaçı sağlamlığına 1500 manat zərər dəymiş və bununla bağlı 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış və Bakı şəhəri 30 saylı notarial kontorunda təsdiq edilmiş ərizəsinin kserosurətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən ona dəyər maddi ziyan tamamilə ödənilmişdir. Ona görə də onun Cavabdeh qarşı heç bir şikayətin və maddi tələbinin olmadığını və gələcəkdə də olmayacağını göstərilmişdir. İş üzrə Nizami rayon Məhkəməsinin 1(007)-144/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materiallarınа Cavabdeh zərərçəkmiş şəxs İddiaçı ilə barışdığına və ona vurulmuş maddi zərəri tam ödədiyinə görə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-586/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə dair 28.02.018-ci il tarixli qərarından zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayətindən imtina etdiyinə görə onun tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. İş üzrə tibbi sənədlərdən görünür ki, İddiaçı aldığı avtoqəza nəticəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Sol oturaq sümüyünün yerdəyişməyən sınığı” diaqnozu ilə “Diaqnoz” tibb mərkəzində müalicədə olmuşdur. xx.xx.2018-ci il tarixdə İddiaçı FTTOİ-də müayinə olunmuş, “Sol oturaq və sol incik sümüyünün qəlpəli sınığı” diaqnozu ilə müalicə almışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-c il tarixədək “Sol diz oynağının medial yan bağının qopması, medial meniskin yırtığı, ön çarpaz bağın hissəvi zədələnməsi. Xroniki sinovit. Qonartroz İİ dərəcə, sol incik sümüyünün başının yerdəyişmiş sınığı” diaqnozu ilə yenidən stasionar müalicə olmuş. xx.xx.2018-ci il tarixə “Atroskopiya, medial meniskin rezeksiyası. Medial yan bağın bərpası əməliyyatına məruz qalmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək növbəti dəfə qeyd olunan diaqnozla 3 nömrəli ŞKX-da stasionar müalicədə olmuş, lakin aparılan müalicələr az effektli olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinikada MRT müayinəsindən keçirilmiş və ona diz oynağının protezləşməsi əməliyyatı təklif olunmuşdur. İddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə FTTOİ-də müayinə olunmuş və “Sol diz iç menisk yırtığına görə meniskektomiya. Ön çarpaz bağın tam qopması. İç yan bağın hissəvi yırtığı” diaqnozu ilə müalicə olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlililk təyin edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixdə törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya az ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. Həmin yolnəqliyyat hadisəsində cavabdeh barəsində AR CM-nın 263.1-ci maddəsi ilə sədaləşdirilmiş icraat materialları açılmışdır. Lakin cavabdehlə iddiaçı arasında məhkəmə gedişatında barışıq olduğundan və cavabdeh tərəfindən vurulmuş maddi ziyan ödənildiyindən, sadələşdirilmiş icraat materiallarına xitam verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən yazılmış notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, iddiaçı ona yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın tam ödənilməsini və ona qarşı maddi tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, yol-nəqilyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan cavabdeh tərəfindən tam ödənildiyindən və iddiaçı cavabdehə qarşı hər hansı maddi tələbinin olmamasını və gələckdə də olmayacağı ilə bağlı notariat qaydada ərizə verdiyindən, onun vurulmuş ziyana görə cavabdehdən yenidən pul tələb etməsi əsaslı hesab edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçıya İİİ dərəcəli əlillik təyin olunsa da və o, məhdud əmək qabiliyyətli hesab olunsa da, onun tərəfindən hazırda müalicəsinin davam etdirilməsi ilə bağlı 10.000 manat pulun tələb edilməsi ilə bağlı da hər hansı sübut təqdim olunmamışdır. Digər tərəfdən iddiaçı gələcəkdə cavabdehə qarşı vurulmuş ziyanla bağlı tələb irəli sürməyəcəyi barədə öhdəlik götürməklə, sağlamlığının pozulması ilə bağlı gələcəkdə yaranan əlavə xərclərlə bağlı tələblərdən də imtina etmişdir. AR Mülki Məcəllənin 1123.1-ci maddəsinə əsasən əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Qanunvericiliyin tələblərindən görünür ki, zərərçəkmiş şəxs təyn olunmuş zərərin miqdarı artdığı zaman onun əvəz miqdarının müvafiq surətdə tələb etmək hüququna malikdir. Lakin iddiaçı ona vurulmuş zərərin artması və cavabdeh tərəfindən ona ödənilmiş maddi təzminatın hazırda səhhətinin bərpasına kifayət etməməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. X3 Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X3 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də X3 Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X1 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 20000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş xəsarətə görə cavabdehdən maddi ziyana görə 10.000 manat və mənəvi ziyana görə 20.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar