Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-298/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, iddiaçının nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə 18 yanvar 2023-cü il tarixdə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20,750 manat məbləğində pulun və 155 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında olan razılaşmaya əsasən MMC-yə məxsus lak-boya satışı ilə əlaqədar məhsullar cavabdehə təqdim olunsa da, o həmin məhsulları sataraq pulu mənimsəmişdir. Belə ki, razılaşmaya əsasən cavabdeh şirkətin məhsullarını guya yaxşı biznes əlaqələri və alıcı kütləsi ilə münasibətləri olduğuna görə satacaq və məhsulun dəyərini şirkətə qaytaracaqdı. Amma cavabdeh şirkətdən məhsulları götürdükdən sonra etimad qazanmaq üçün ilk əvvəllər məhsulların satışından az da olsa ödənişlər etsə də sonradan ödəmələri ödəməkdən yayınmış və MMC-yə 17 dekabr 2021-ci il tarixə 20,750 manat məbləğində borcu yaranmışdır. Cavabdeh borcunun olmasına dair qəbz verərək borcunu hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin vaxtdan 1 il müddət keçməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini tam müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 17 dekabr 2021-ci il tarixli Cavabdeh və "xxxx" MMC tərəfindən imzalanmış qarşılıqlı borcların üzləşdirilməsi aktında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə 20,750 manat borcu vardır. xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən imzalanmış qəbzdə qeyd olunmuşdur ki, Cavabdeh 2020-2021-ci illər ərzində "xxxx" MMC-dən şirkətə məxsus olan lak boya məhsullarını nisyə olaraq almış və nəticədə bugünki günə 20,750 manat borcu yaranmışdır. Hazırda maddi imkansızlıq səbəbindən 20,750 manat borcu birdəfəlik qaytara bilmir, amma borcu hissə-hissə qaytarmağı öhdəsinə götürür. 06 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul edir və iddiaçıya 20,750 manat borcu olduğunu etiraf edir. AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Qanunvericiliyin göstərilən tələblərinə və iş materiallarında olan sübutlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə (eyni zamanda sonradan iddiaçıya məxsus lak-boya məhsullarını aldığına dair qəbz yazıb imzalamaqla) ondan lak-boya məhsulları nisyə götürüb və satıb dəyərini təşkil edən pul vəsatini iddiaçıya qaytarması barədə şifahi razılığa gəlmişdir. Cavabdeh bundan sonra sözügedən məhsulları satmış, lakin iddiaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin məhsulların satışından əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmamaqla üzərinə götürüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da cavabdeh iddiaçıya ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin hesab edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırkı iddia tələbi təmin olunduğundan, ödənilmiş 155 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 20,750 manat pul vəsaiti və ödənilmiş 155 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-298/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-298/2023
18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver