Məhkəmə qərarları › İş №2(009)-3009/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-3009/2025

10.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-3009/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X1 qızı və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1 qızı və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 almışdır. Alqı-satqıdan sonra Cavabdeh1, Əsədova - X3 və Cavabdeh3 Bakı şəhəri, Səbail Rayonu, X8 küçəsi, ev 56, mənzil 10 ünvanına qeydiyyata saldırmışdır. Daha sonra qeyd olunan mənzil alqı-satqı edilən zaman cavabdehləri ünvan 3 ünvanına qeydiyyat saldırmışdır. Qeyd edir ki, cavabdehlər lazimi qaydada alqı-satqı edildikdən sonra ərizə verərək mənzildən istifadə hüququna xitam verilməsinə, habelə müqavilə rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmalarını öhdələrinə götmüşlər. Lakin hazıradək onun mülkiyyətinə verilmiş evə iş üzrə olan cavabdehlər qeydiyyatda qalmışdır. Cavabdehlərin mübahisəli mənzildə yaşamamalarına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalmaları onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1, Əsədova - X2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, b.22/24, 43a saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab olunması və onların həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas olması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, cavabdehləri qeydiyyata saldığı mənzil obyekt kimi istifadə olunur, orada yaşayış yoxdur. Ona görə bildirişlər obyektdə işləyən şəxslər tərəfindən qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1, X1 qızının və Cavabdeh3 faktiki yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri onlar tərəfindən əldə edilməmiş, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 22/24 saylı evin 43 a saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1, Əsədova - X5 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 22/24 saylı evin 43a saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Cavabdeh1 ilə (satıcı qismində) İddiaçı (alıcı qismində) bağlanılmış və 5 saylı Asan Xidməti Mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Fəthi Xoşqinabi küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzilini alıcıya satmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 22/24 saylı evin 43a saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Fəthi Xoşqinabi küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzilini İddiaçı cavabdeh qismində göstərdiyi Cavabdeh1 almışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Fəthi Xoşqinabi küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzilini Cavabdeh1 aldıqdan sonra onu və onun ailə üzvləri olan digər cavabdehləri mülkiyyətində olmuş Bakı şəhəri Səbail rayonu, X7 küçəsində yerləşən 56 saylı evin, 10 saylı mənzilinə qeydiyyata salmış, həmin mənzillə bağlı alqı-satqı müqaviləsi bağlandığı üçün cavabdehləri digər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 22/24 saylı evin 43a saylı mənzilinə qeydiyyata salmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, onlar mülkiyyətçi olan iddiaçının ailə üzvü deyil və həmin mənzildə heç vaxt yaşamamışlar, hazırda da yaşamırlar. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı 2024-cü ildə cavabdehləri mülkiyyətində olan mənzilinə qeydiyyata salmış, cavabdehlər onun mənzilində yaşamamış, bu səbəbdən o, cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR MPM-nin 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədə olan AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən cavabdehlər Cavabdeh1, X1 qızı və Cavabdeh3 mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir və qeydiyyata alınsalar da, mənzil üzrə istifadə hüququ əldə etməmişlər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin cavabdehlərin qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, iddia tələbi təmin edilə bilməz. Yəni şəxsin o halda istifadə hüquqlarına xitam verilə bilər ki, həmin hüquqlar yaranmış olsun. Lakin məhkəmə iclasında cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, bu hal iddiaçının ərizəsi əsasında cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas ola bilər. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, X1 qızına və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1, X1 qızı və Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 22/24 saylı evin 43 a saylı mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi cavabdehlərin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar