Məhkəmə qərarları › İş №2(009)-305/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-305/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-305/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətinə qarşı «sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətinə qarşı sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətindən xx.xx.2017-ci il təvəllüdlü övladları X1 vurulmuş zərərin əvəzi olaraq 500 manatın və mənəvi zərər olaraq 2000 manatın və 30 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar xx.xx.2017-ci il təvəllüdlü X4 valideynləridirlər. İşdə olduqlarından, azyaşlı övladlarını həm iş yerlərinə, həm də evlərinə yaxın olan uşaq bağçalarından birinə qoymaq qərarına gəlmişlər. Bu məqsədlə bir neçə uşaq bağçasına baxdıqdan sonra, cavabdehin ünvan 1 ünvanında yerləşən "Cavabdeh" X7 filialına müraciət etmişlər. Orada onları qarşılayan və özünü uşaq bağçasının administratoru kimi təqdim edən Güllü xanım onlara övladlarının bağçada olduğu müddətdə onun hərtərəfli inkişafı üçün bağçanın yüksək dərəcəli, peşəkar heyəti tərəfindən bütün zəruri tədbirlərin görüləcəyindən əlavə, övladlarının tam qayğı ilə əhatə olunacağını, bağçanın ərazisinin və sinif otaqlarının təhlükəsizlik kameraları ilə müşahidə altında olduğuna əmin etdiyindən, övladlarını həmin uşaq bağçasına qoymaq qərarına gəlmişlər. Bu məqsədlə cavabdehlə azyaşlının qanuni nümayəndəsi olaraq atası İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə "Azyaşlının məktəbəqədər hazırlığının təşkili haqqında müqavilə" bağladılar və o, müqavilənin imzaladıqdan sonra müqavilənin 3.1 bəndində nəzərdə tutulan 300 manat aylıq ödənişi cavabdehə verdi. Cavabdehdən müqavilənin bir nüsxəsini ona verməsini istəsə də, cavabdehin nümayəndəsi olan Güllü xanım bildirdi ki, müqavilənin surətini rəhbərlik imzalayaraq möhürlədikdən sonra onlara verəcəklər. xx.xx.2020-ci il tarixdə, təxminən saat 12 radələrində, bağçadan azyaşlının anası İddiaçı2 zəng gəlmiş və bildirilmişdir ki, uşaq narahat olduğundan, başçaya gəlib, uşağı sakitləşdirsin. Azyaşlının anası təcili bağçaya getmiş və orada ona bildirmişlər ki, uşaq guya özü yıxılıb və ağrıyır. Uşağın anası olan İddiaçı2 iş yerinə yaxın olduğu üçün təcili uşağı işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hospitalına gətirmiş və hospitalda övladlarını rentgen etdikdən sonra, ona sağ bazu sümüyünün aşağı ümumi sınığı diaqnozu qoyularaq, ilkin tibbi yardım göstərilib, qoluna gips sarğısı qoydular. Hadisənin hansı şəraitdə baş verməsini öyrənmək üçün cavabdehə müraciət edərək, müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərə baxdıqda gördü ki, otaqda cavabdehin iki əməkdaşının olmasına baxmayaraq, uşaqlar nəzarətsiz qalmış və bağçanın digər oğlan uşağı onların övladını itələyərək yerə yıxdıqdıqdan sonra, cavabdehin əməkdaşları övladlarına yaxınlaşmışdır. Bundan sonra, cavabdehlə aralarında olan müqaviləni ləğv edərək, ona ödədikləri 300 manatı geri almışlar. Buna baxmayaraq, dəfələrlə cavabdehə övladlarının sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün çəkdikləri xərclərin qarşılanması ilə bağlı müraciət etsələr də, cavabdeh bundan müxtəlif üsullarla yayınmışdır. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 12 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasi Məktəbəqədər X2 Əsasnaməsi"nin 5-ci bəndinə görə, Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Həmin Əsasnamənin "Tərbiyəçinin vəzifələri"ndən bəhs edən 47-ci bəndinə görə, uşaqların həyatını qorumaq, onların fiziki və ruhi sağlamlığını möhkəmləndirmək; uşaqlara qayğı göstərmək və onların emosional sağlamlığını təmin etmək; uşaqların bir-biri ilə əlaqələrini və münasibətlərini tənzimləmək; uşaqların məktəbə hazırlanmasını təmin etmək; uşaqlarda başqalarının hüquqlarına və böyüklərə hörmət hissi tərbiyə etmək və uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq ailə ilə qarşılıqlı əlaqə saxlamaq Tərbiyəçinin vəzifələri kimi müəyyən edilmişdir. Övladlarının müalicəsini aparmaq üçün hazıradək onun sağlamlığının bərpa edilməsi (tibb müəssisələrində müayinə və alınan dərmanlar) nəticəsində dəymiş maddi zərər 500 manat civarındadır, mənəvi zərərə gəldikdə isə azyaşlı övladlarının cavabdehin məsuliyyətsizliyi nəticəsində almış olduğu xəsarətlərdən ağrılara düçar olması, ilk 10 gün müddətində dözülməz ağrılardan ümumiyyətlə gecə və gündüz ağlaması, hər dəfə həkim müayinəsi zamanı və ya ona iynə vurularkən stress keçirməsi, gecələr ağrılardan yata bilməməsindən onların da yuxusuz gecələr keçirmələri, bir valideyn olaraq onların da mənəvi sarsıntı iztirab keçirmələrinə səbəb olmuşdur. Bütün bunlara görə onlara dəymiş mənəvi zərəri 2000 manat qiymətləndirirlər. xx xxxx 2021-ci il tarixdə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətindən xx.xx.2017-ci il təvəllüdlü X1 vurulmuş zərərin əvəzi olaraq 500 manatın və mənəvi zərər olaraq 2000 manatın, hüquqi yardıma görə ödənilmiş 300 manatın və 30 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini müdafiə edərək həmçinin izah etdilər ki, uşaqları nəzarətsiz qaldığından bu hadisə baş vermiş və müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərə baxdıqda görmüşdür ki, otaqda cavabdehin iki əməkdaşının olmasına baxmayaraq, uşaqlar nəzarətsiz qalmış və bağçanın digər oğlan uşağı onların övladlarını itələyərək yerə yıxdıqdıqdan sonra, cavabdehin əməkdaşları övladlarına yaxınlaşmışdır. Onlar cavabdehə qarşı hazırki mübahisə ilə məhkəmədə iddia qaldırmaq üçün hüquqi prosedurlardan keçmək və məhkəmədə onları təmsil etmək üçün vəkillə müqavilə bağlamış və göstərilən hüquqi yardıma görə vəkilə 300 manat məbləğində haqq ödəməklə əlavə xərcə düşmüşlər. Buna səbəb cavabdehin törətmiş olduğu delikt üzrə yaranmış öhdəliklərini könüllü şəkildə icra etməməsi olduğundan, hesab edirlər ki, vəkilə hüquqi yardım üçün ödənilmiş məbləğ də cavabdehdən onların xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, iddiaçıların iddia ərizəsində irəli sürdüyü ilk “dəlil“ bundan ibarətdir ki, “...Bu məqsədlə cavabdehlə azyaşlanm qanuni nümayəndəsi olaraq atası İddiaçı1 arasında xx.xx.2020-ci il tarixdə “Azyaşlının məktəbəqədər hazırlığının təşkili haqqında müqavilə” bağlanmış və o, müqavilənin imzaladıqdan sonra, müqavilənin 3.1-ci bəndində nəzərdə tutulan 300 manat aylıq ödənişi cavabdehə vermiş. Cavabdehdən müqavilənin bir nüsxəsini ona verməsini istəsə də, cavabdehin nümayəndəsi olan Güllü xanım bildirdi ki, müqavilənin surətini rəhbərlik imzalayaraq möhürlədikdən sonra onlara verəcəklər.”İddiaçdarın irəli sürdükləri bu “dəlilin” heç bir əsası yoxdur. Belə ki, qeyd edilən müqavilənin 2 əsil nüsxəsindən biri müqavilən bağlandıqdan və ödəniş həyata keçirildikdən sonra ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə verilmişdir. İddiaçıların iddia ərizəsində irəli sürdüyü digər “dəlil” bundan ibarətdir ki, “...xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində bağçadan azyaşlının anası İddiaçı2 zəng gəlmiş və bildirilmişdir ki, uşaq narahat olduğundan, başçaya gəlib, uşağı sakitləşdirsin. Azyaşlının anası təcili bağçaya getmiş və orada ona bildirmişlər ki, uşaq guya özü yıxılıb və ağrıyır. Uşağın anası olan İddiaçı2 iş yerinə yaxın olduğu üçün təcili uşağı işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hospitalına gətirmiş və hospitalda övladını rentgen etdikdən sonra, ona sağ bazu sümüyünün aşağı ümumi sınığı diaqnozu qoyularaq, ilkin tibbi yardım göstərilib, qoluna gips sarğısı qoydular. Bundan sonra, cavabdehlə aralarında olan müqavilənin ləğv edərək, ona ödədikləri 300 manatı geri almışlar. Buna baxmayaraq, dəfələrlə cavabdehə övladlarının sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün çəkdiyimiz xərcləri qarşılanması ilə bağlı müraciət etsələr də, cavabdeh bundan müxtəlif üsullarla yayınmışdır.” İddiaçıların irəli sürdükləri bu “dəlilin” də heç bir əsası yoxdur və tamamilə yalandan ibarətdir. Belə ki, iddiaçılar öz iddia ərizəsində bu hadisənin baş verməsində ilk iddia üzrə cavabdehin təqsirinin və ya səhvinin nədən ibarət olması barədə heç bir dəlil irəli sürməmişlər və ya sürə də bilməzlər, çünlki onlar da tam aydın və dəqiq şəkildə hadisənin baş verdiyi gündən bilirdilər ki, burada uşaq bağçasının heç bir təqsiri və ya səhvi yoxdur, belə ki, həmin hadisə-uşaqların birbirinə dəymələri hər iki uşağın hərəkətdə olarkən bir birlərinə lazımi diqqət göstərməmələri və ehtiyatsızlıqları nəticəsində baş vermişdir. Hətta iddiaçılar öz qanunsuz və əsassız iddialarına hüquqi əsas yaratmaq üçün onların qızı ilə toqquşan körpə oğlan uşağına belə böhtan atmaqdan çəkinməmişlər. Onlarda olan və uşağın valideynlərdən birinin baxdığı videogörüntüdən də açıq-aşkar və heç bir şübhə mübahisə doğurmayan şəkildə məlum olur ki, uşaqlar dərs bitdikdən sonra gəzintiyə çıxmaq üçün geyinməyə hazırlaşarkən ön tərəfinə (irəliyə) baxmadan (yan tərəfə baxaraq) sürətli addımlarla hərəkət etməkdə olan azyaşlı bir oğlan uşağı ilə hərəkətdə olan iddiaçıların qız övladı toqquşur (bir-birinə dəyirlər) və bu toqquşmanın təsirindən həmin qız uşağı öz müvazinətini saxlaya bilməyərək yan üstə yerə düşmüş və yerə düşərkən öz qolu öz bədəninin altında qalaraq zədələnmişdir. Hadisədən dərhal sonra həmin uşağa ilkin tibbi yardım, lazımi qayğı və diqqət göstərilmiş və bu barədə zədə alan qız uşağının valideyninə əlaqə saxlanılaraq müvafiq məlumat verilmişdir. Uşağın atası hadisə olan gün nahar fasiləsində bağçanın filialına gələrək və özünün AR Daxili İşlər Nazirliyinin Hospitalında həkim vəzifəsində işlədiyini və şəxsən videogörüntülərə baxmaq istədiyini bildirmiş və onun bu istəyi təmin edilərək bütün görüntülər ona göstərilmiş və o, video görüntülərə diqqətli şəkildə (həm yavaşladılmış, həm də normal hərəkət şəklində) və dəfələrlə baxmışdır. Uşağın atası videogörüntülərə baxdıqdan sonra filialın işçisinə bildirmişdir ki, o, belə başa düşür ki, bu uğursuz hadisə (hətta xalçalı yerdə bu cür uğursuz yıxılmaq və zədə almaq) onlarla olmalı imiş. Filialın işçisi həmin valideynə cavab olaraq bildirmişdir ki, “özünüz də videogörüntülərdən gördünüz ki, hadisədən əvvəl, istər hadisə zamanı, istərsə də hadisədən sonra işçilər tərəfindən hər hansı bir diqqətsizlik, laqeydlik və qayğıdan kənar hal yoxdur, sadəcə uşaqlar dərsdən sonra fasilə zamanı gəzintiyə çıxmaq üçün həyətə (yəni hava almaq saatına çıxan zaman) düşən zaman həmişə sevincək olurlar və onların ayaq üstə və hərəkətdə olması sırf o sevinc emosiyalarından dolayıdır və oğlan uşağı sevincək olaraq hərəkət edən zaman təsadüfən sizin qızınıza dəymişdir, burada hec kim onu itələmir, yıxmır, sadəcə olaraq digər uşağın ona dəyməsi nəticəsində sizin də qeyd etdiyiniz kimi uğursuz yıxılaraq müvazinətini itirir və bir növü uşağınız öz qolunun üzərinə düşür”. Həmin valideyn də cavab olaraq bildirmişdir ki, “mənim şəxsən sizə və bağçaya qarşı heç bir pritenziyam yoxdur.” Sonra həmin valideyn Aylanın daha dərslərə davam edə bilməyəcəyini və sabah, yəni hadisə günün səhərisi günü ananın yaxınlaşıb ödənişi götürəcəyini bildirmişdir və o, bağçadan mehriban və razı şəkildə xudafızləşərək ayrılmışdır. Səhərisi gün digər valideyn (ana) deyil, məhz özü yaxınlaşıb uşağa görə ödənilən 300 manat məbləğində ödənişi geri almışdır. İddia ərizəsinin “dəfələrlə cavabdehə övladlarının sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün çəkdikləri xərcləri qarşılanması ilə bağlı müraciət etməsi, cavabdehin bundan müxtəlif üsullarla yayınması” barədə “dəlili” də həqiqətə uyğun deyil. Hadisə olan gün uşağın atası bağçaya dair hər hansı bir pretenziyasının olmadığını bildirib, hər hansı bir xərcin qarşılanması barədə xahiş etmədən və tələb irəli sürmədən mehriban və razı şəkildə ayrılmışdır. Bağçanın işçiləri də bu düzgün və ədalətli davranışa və zədə alan şəxsin azyaşlı uşaq olduğuna görə, humanizm prinsipindən yanaşaraq ağılabatan, real və sübut olunan xərclərdə öz imkanları daxilində köməklik edə biləcəyləri və uşağa dair tibbi sənədləri təqdim etmələrini təkluf etmişdir. Uşağın anası bağçaya cəmi 115 manat məbləğində xərci özündə əks etdirən 4 ədəd qəbz təqdim etmişdir və bağçanın işçiləri həmin məbləğin ödənilə biləcəyini valideynlərin nəzərinə çatdırılmışdır. Hətta həmin qəbzlərin bəzilərində ödənişin təyinatı belə göstərilməmişdir. Valideynlər unudurlar ki, uşaqlara, xüsusilə də azyaşlı uşaqlara görə dövlət tibb müəssisələrində göstərilən tibbi və digər yardım dövlət tərəfindən dövlətin hesabına həyata keçirilir, yəni valideynlərin heç bir əlavə xərc çəkmələri tələb olunmur və buna da zərurət yoxdur. İddiaçıların qeyd etdiklərinə əsasən həmin uşağın aldığı zədənin xarakterini, növünü və ağırlıq dərəcəsini alsalar da uşaqlar üçün nəzərdə tutulan istənilən dövlət tibb müəssisəsində dövlət tərəfindən dövlət hesabına asanlıqla həyata keçirilə bilər və bunun üçün də böyük məbləğli əlavə xərc də tələb olunmur. Hətta həmin tibbi yardım əksər özəl tibb müəssisələrində həyata keçirilsə belə göstərilən məbləğdən az məbləğdə həyata keçirilə bilər. İddia ilə bağlı mövqeyi ondan ibarətdir ki, iddiaçıların xx.xx.2017-ci il təvəllüdlü övladları X4 xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 11- 12 radələrində Kaspi-X9 Nərimanov Filialında dərs bitdikdən sonra bütün uşaqlar gəzintiyə çıxarılarkən digər uşağın ehtiyatsızlığından ona dəyməsi və hər ikisinin yerə yıxılması zamanı (baş verən təsadüfi hadisə zamanı) X1 vurulmuş zərərin baş verməsində cavabdehin heç bir təqsiri (səhvi) yoxdur və buna görə iddia təmin edilməməli və həmin iddia tam rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “Azyaşlının məktəbəqədər hazırlığının təşkili haqqında müqavilə”dən görünür ki, Cavabdeh X10 Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında uşağın məktəbəqədər təhsilinin təşkili ilə əlaqədar müqavilə bağlanmış və həmin müqavilə əsasında tərəflər öz üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən “Bağça” tədris prosesində “Azyaşlı”nın şəxsiyyətinə hörmətlə yanaşmaq, onu fiziki və psixoloji zorakılığın bütün təzahürlərindən qorumaq, “Azyaşlı”nın fərdi xüsusiyyətlərini nəzərə alaraq, onun əxlaqi, fiziki və psixoloji sağlamlıqlarının möhkəmləndirilməsi üzrə zəruri şərait yaratmaq öhdəliyini götürür. İş materiallarında olan mədaxil formundan görünür ki, “Cavabdeh» X8 Kəmalə tərəfindən 300 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Baku CİTY Hospitalın ödəniş qəbzindən görünür ki, dirsək oynağı rentgenoqrafiyası (sağ:iki proyeksiyalı) üçün İddiaçı1 tərəfindən 30 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Baku CİTY Hospitalın ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 30 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Avromed Company ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə 25 manat, xx.xx.2020-ci il tarixdə 35 manat və xx.xx.2020-ci il tarixdə 38,3 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Mərkəzi Klinikanın hesabından görünür ki, cəmi 111,12 manat ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Avromed Company ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən xx.xx.2020-ci il tarixdə 46,8 manat, xx.xx.2020-ci il tarixdə 48 manat və xx.xx.2020-ci il tarixdə 42,12 manat ödəniş edilmişdir. İş materiallarında olan Aptek-Avropa qəbzindən görünür ki, 13,00 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan satış çəkindən görünür ki, «xxxx» MMC-yə 30.00 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Baku CİTY Hospitalın ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 30 manat ödəniş edilmişdir. İş materiallarında olan Mərkəzi Klinikanın ambulator xəstənin tibbi kartından çıxarışdan görünür ki, xəstə xx.xx.2017-ci il təvəllüdlü X5 “Bazu sümüyünün aşağı ucunun sınığı” diaqnozu qoyulmuş, xəstəyə bazu said əl langet tipli gips sarğısı qoyulmuşdur. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 12 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasi Məktəbəqədər X2 Əsasnaməsi"nin 5-ci bəndinə görə, mMəktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Həmin Əsasnamənin "Tərbiyəçinin vəzifələri"ndən bəhs edən 47-ci bəndinə görə, uşaqların həyatını qorumaq, onların fiziki və ruhi sağlamlığını möhkəmləndirmək; uşaqlara qayğı göstərmək və onların emosional sağlamlığını təmin etmək; uşaqların bir-biri ilə əlaqələrini və münasibətlərini tənzimləmək; uşaqların məktəbə hazırlanmasını təmin etmək; uşaqlarda başqalarının hüquqlarına və böyüklərə hörmət hissi tərbiyə etmək və uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq ailə ilə qarşılıqlı əlaqə saxlamaq Tərbiyəçinin vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117.1-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Məhkəmə iclasında sübutların sübutların tədqiqi ilə kifayət qədər müəyyən oluyndu ki, Cavabdeh Uşaq Bağçası ilə İddiaçı1 arasında iddiaçıların övladı xx.xx.2017-ci il təvəllüdlü X6 ilə əlaqədar olaraq xx xxxxxxxx 2020-ci il tarixli “Azyaşlının məktəbəqədər hazırlığının təşkili haqqında müqavilə” bağlanmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində iddiaçıların övladı xx.xx.2017-ci il təvəllüdlü X6 bağçada yıxılaraq xəsarət almış və tibb müəssisəsi tərəfindən uşağa “Bazu sümüyünün aşağı ucunun sınığı” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, azyaşlının sağlamlığının bərpa edilməsi (tibb müəssisələrində müayinə və alınan dərmanlar) nəticəsində iddiaçılara dəymiş maddi zərər 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X1 ziyan məhz Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının səhlənkarlığı nəticəsində dəymişdir və ona görə də, həmin ziyanın aradan qaldırılması ilə bağlı iddiaçıların çəkmiş olduğu xərclər cavabdehdən onların xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən onlara göstərilən hüquqi xidmətlə bağlı 300 manat məbləğdə vəsait ödənilmişdir. Məhkəmə hesab edir ki, AR MPM-nin 121.1-ci maddəsinə əsasən həmin məbləğ cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında iddiaçılar izah etdilər ki, övladlarının həkim müayinəsi zamanı və ya ona iynə vurularkən stress keçirməsi, gecələr ağrılardan yata bilməməsindən onların da yuxusuz gecələr keçirmələri, bir valideyn olaraq onların da mənəvi sarsıntı istirab keçirmələrinə səbəb olmuşdur. Onlara mənəvi ziyan dəymişdir ki, həmin ziyanın əvəzi kimi 2000 manat onun xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçılar mənəvi zərərə görə cavabdehdən onlarn xeyrinə 2000 manat tutulması barədə tələb irəli sürsələr də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişlər, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 500 manat maddi ziyan, hüquqi yardıma görə 300 manat tutularaq iddiaçılara ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş dövlət rüsumunun 30 manat cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh X10 Məsuliyyətli Cəmiyyətindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 500 (beş yüz) manat maddi ziyan, hüquqi yardıma görə 300 (üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar