Məhkəmə qərarları › İş №2(009)-311/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-311/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-311/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərər üçün 37400 manat və mənəvi zərər üçün 10000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi bina nömrə 1-də yerləşən, bazar qiyməti 36 000 manat olan 14 “A” nömrəli mənzil və həmin mənzildə ümumi dəyəri 1400 manat təşkil edən 42 adda olan ev əşyaları olmuş və həmin ev satılmışdır. Həmin evin saxta etibarnamə əsasında satılması nəticəsində ona 37400 manat maddi ziyan dəymişdir. Həmin ev Bakı şəhər XDS İcraiyyə Komitəsinin 124 saylı, xx xxxxxx 1995-ci il tarixli qərarı ilə ona verilmişdir. Reyestr nömrəsi 1270 olan Qeydiyyat Vəsiqəsi vardır. (Qeydiyyat vəsiqəsinin ərizəyə əlavə edir) Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 124 nömrəli, xx xxxxxx 1995-ci il tarixli sərəncamına əsasən pulsuz olaraq onun və X10 adına şərikli olaraq özəlləşdirilmişdir. Onun adına-Xırdalan qəsəbəsi, H.Z.Tağıyev küçəsi İ nömrəli evin 14 nömrəli mənzili 615 manat dəyərində, sahəsi 25.1 kv.m olan 1 otaq verilmişdir. (Bu barədə arxiv sənədinin surəti ərizəyə əlavə edir) Əvvəl Bakı şəhəri 12-ci X8 Dövlət Notariusu işləmiş Cavabdeh xx.xx.1995-ci il tarixdə özü təsdiq etmiş və 4-E-6-1830 nömrəli saxta etibarnamə tərtib etmişdir. Həmin saxta etibarnamədə İddiaçı X5 guya hər hansı bir hüquqlarının həyata keçirilməsinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və X1 3676 nömrəli, xx xxxxxxx 1997-ci il tarixli Ekspert rəyində, nəticə hissəsində İddiaçı adından xx xxxxxx 1995-ci il tarixdə 12 saylı Notariat kontoru tərəfindən 4E6 1830 saylı reyestr üzrə verilmiş etibarnamədə “İmza” (Подпись) qrafasında imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəticədə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona 37400 manat maddi ziyan dəymişdir. Cavabdeh saxta etibarnamə tərtib etməsə idi o nə mənzilindən məhrum olmazdı, nə də hazırkı ziyan dəyməzdi. Bundan əlavə o bu illər ərzində stress, əsəb keçirmiş, xəstəlik tapmış, gözləri kor olmuş və hal-hazırda gözdən İ qrup əlildir. Hesab edir ki, notarus Altay Abbosovun qanunsuz hərəkətləri nəticəsində ona 10000 manat mənəvi zərər də vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, X4 harada olması ilə bağlı heç bir məlumat yoxdur. Ümumiyyətlə Azərbaycanda deyildir. Bu səbəbdən də iddia ərizəsində cavabdeh kimi Cavabdeh qeyd etmişlər. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 1270 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 1, mənzil 14-də yerləşən 1 otağın mülkiyyət hüququ Abşeron rayon İH şəhər XDS İcraiyyə Komitəsinin 124 nömrəli, xx xxxxxx 1995-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyatdan keçib. İş materiallarında olan İV-ЖГ 480227 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 (iddiaçının anası) xx xxxxxx 1998-ci il tarixdə Zaqatala rayonunda vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin 16/231 saylı xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 1, mənzil 14 bəxşiş müqaviləsinə əsasən xx.xx.1995-ci ildə mülkiyyət hüquqları İddiaçı adına qeydiyyatdan keçib. xx.xx.1995-ci ildə alğı-satqı müqaviləsi əsasında X6, xx.xx.1995-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən X2, xx.xx.1996-cı il tarixdə isə alğı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçının nümayəndəsinin və vəkilinin izahatından və işdə olan sənədlərdən fərz edilir ki, iddiaçının hüququnun pozulması Etibar Həsənovun hərəkəti nəticəsində baş verdiyi ehtimal olunur. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə razılıq vermədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Həmçinin məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməlidir. Belə ki, hüquq münasibətinin yarandığı vaxt xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73 və 78-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti 3 il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. İş materiallarından görünür ki, iddiaçı hüququnun pozulmasını 1997-ci ildən bilmiş lakin, 23 il sonra xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının ilkin məhkəməyə müraciətini nəzərə alsaq belə yenə də müddət ötürülmüşdür. (12 il sonra müraciət etmişdir) Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar