Məhkəmə qərarları › İş №2(009)-317/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-317/2023

31.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-317/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh2, “X11” MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdehlər Cavabdeh2 və “X11” MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və “X11” MMC-dən müştərək qaydada 2500 manat pulun və ödənilmiş 45 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı olduğu torpaq mübahisəsi ilə bağlı Cavabdeh2 atası X6 ilə “X11” MMC vasitəsilə tanış olub. Faiq Məmmədov ondan 1000 manat pulu borca götürdü və bununla əlaqədar yazılı qəbz imzalayıb ona verdi. X6 rəhmətə getdikdən sonra oğlu Cavabdeh2 ilə tanış olub və o mübahisəni həll edəcəyinə dair ona söz verib. Bununla əlaqədar ondan 1500 manat pul istəyib. O borca girib pulu verdikdən sonra mübahisəni həll etmədi və bugünə kimi onun pulunu qaytarmır. Bununla əlaqədar, dəfələrlə cinayət təqibi orqanlarına müraciəti olsa da, cinayət işi rədd edilmişdir. Hazırda mülki qaydada cavabdehlərə verilmiş pul məbləğinin ona qaytarılmasını tələb edir. Etirazın dəlilləri: Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı artıq 8 ildir ki əsassız olaraq barəsində hüquq mühafizə orqanlarına şikayətlər edir ki hər dəfəsində tərəfindən bununla bağlı Polis orqanlarına izahatlar və maddi sübutlar təqdim edib ki mərhum atası X6 26 fevral 2014-cü il tarixində dünyasını dəyişdikdən sonra İddiaçı ona qarşı əsassız və ədalətsiz olaraq pul tələbi irəli sürür. İddiaçının bir çox məhkəmə işlərində iddia ərizələrinin tərtib edilməsi, dövlət orqanlarında nümayəndəlik və digər xidmətləri olmuşdur ki təəsüflər olsun ki iddiaçı buların heç birinə məhəl qoymadan əsassız və ədalətsizcəsinə ona qarşı pul tələbi irəli sürür. Bildirmək istəyir ki, mərhum atası iddiaçının vəkalətli nümayəndəsi olmuşdur və Bakı İnzibati İqtisad məhkəməsində işin müsbət həlinə nail olmuşdur, əlavə olaraq o iddiaçının kredit borcu ilə bağlı icra şöbəsinə dəfələrlə onu müdafiə etmək məqsədi ilə, təmənnasız olaraq ( heç bir ödəniş almadan ) ərizələr tərtib edib. Eyni zamanda, iddiaçı hazırki iddia tələbinə dair iddia müddətini ötürmüşdür ki, bu da hazırki iddianın rədd edilməsi üçün mötəbər qanuni əsasdır. Odur ki iddia tələbi əsassız olduğundan eyni zamanda iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə də ünvanlayaraq bildirmişdir ki, İddiaçı hazırki iddia tələbinə dair iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbi ilə də rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X11” MMC-nin icraçı direktoru X7 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh1 MMC-nə qarşı irəli sürmüş olduğu iddia tələbini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edərək bu iddia tələbinə etiraz edirlər. Belə ki, iddiaçı onlara münasibətdə iddia ərizəsində qeyd etmiş olduğu tələbi hesab edirdər ki, əsaslandırılmayıb və onların iddiaçı ilə aralarında bağlanılmış xidmət müqaviləsinin 2013 cü ilə təsadüf edir ki, artıq müqavilə bağlanan tarixdən 9 ildən çox vaxt keçib və bu da ümumiyyətlə hazırki iddia tələbi üzrə iddia müddətinin ötürülməsi deməkdir. İddiaçı iddia tələbi əsassız olduğundan və eyni zamanda iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 və “X11” MMCnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 və X11 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2013-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında tapşırıq müqaviləsindən görünür ki İddiaçı və 19 fevral 2013-cü il “**********” saylı qeydiyyat şəhadətnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC-nin icraçı direktoru X6 arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə - X1 istintaq, məhkəmə və sair dövlət orqanlarında İddiaçı nümayəndəsi olmaq, ona vurulmuş ziyanın ödənilməsi üçün lazım olan bütün hüquqi hərəkətləri etmək hüququ var. Müqavilədə qeyd olunmuşdur ki İddiaçı 7 gün müddətində X3 500 manat məbləğində pul ödəməyə borcludur. - xx.xx.2013-cü il tarixli Etibarnamədən görünür ki İddiaçı Azərbaycan Respublikası MPM-nin 74-cü maddədə nəzərdə tutulan hüquqlarla, imza etmək hüququ olmaqla, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, onlardan imtina etmək hüququ ilə bütün hüquqlarla, o cümlədən,işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini tam və ya qismən etiraf etmək ilə bütün məhkəmə orqanlarında mülki işləri və cinayət işlərini aparmağı, iddia ərizələrinin,apellyasiya və kassasiya şikayətlərinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsini, iddianın təmin edilməsini,iddia predmetinin və ya əsasının dəyişdirilməsini, barışıq sazişi bağlanmasını, məhkəmə aktından şikayət verilməsini, məhkəmə aktlarından şikayət verməyi, məhkəmə aktının məcburi icrası tələbləri, iddia ərizəsi verməyi, adımdan imza etməyi və bütün dövlət və qeyri dövlət orqanlarında ,ƏMDKY DƏDRX-də vəs.onu təmsil edərək bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X3 etibar etmişdir. - xx.xx.2013-cü il yazılı qəbzdən görünür ki, X6, İddiaçı xx.xx.2013-cü il tarixdə 1 ay müddətinə borc olaraq 1000 manat məbləğində pul götürmüşdür. - Yazılı qəbzdən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarıxədək 1300 manat məbləğində pulu ona ödəməyi söz vermişdir, 500 manat pulu xx.xx.2015-ci ildə ödəyib geridə qalan 800 manat məbləğində pulu isə 2016-cı ilin fevral ayına gədər ödəyəcəyini, xx.xx.2016-ci il tarixində isə borcu olan 350 manat məbləğində pulu 1 ay müddətinə ödəyəciyini bildirmişdir. - xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 izahat verərək bildirmişdir ki, vətəndaş 2017-ci ilin noyabr ayında vətəndaş qardaşı, Cavabdeh2 ilə, Eldarın hər 3 məhkəmə işi üzrə onun və ailə üzvlərinin hüquqlarının müdafiə olunması istiqamətində köməklik göstərməyini qardaşı, Cavabdeh2 xahiş etmişdir. Vətəndaşın xahişi əsasında aralarında 3 ədəd xidmət müqaviləsi bağlanılmış və hər müqavilə üzrə 330 ( üç yüz otuz ) manat olmaqla, ümumillikdə 990 ( doqquz yüz doqqsan ) manat pul vəsaiti xidmət və müqavilə haqqı olaraq ödənilmişdir. Daha sonra bağlanılmış müqavilələr üzrə qardaşı üzərinə düşən öhdəliklə bağlı müəyyən hərəkətlər etmişdir və bu ərəfələrdə təhsilinən bağlı Ukraynaya getmişdir, işin davam olunması onun tərəfindən həyata keçirilmiş və vətəndaşın ona vermiş olduğu etibarnamə əsasında onun hüquqlarını məhkəmələrdə müdafiə etmişdir. Vətəndaş bütün bunlara şəxsən şahididir və bu məhkəmə protokollarında da mövcüddur. Lakin buna baxmayaraq vətəndaş xidmət haqqı olaraq ödəmiş olduğu pul vəsaitini ondan geri tələb etmiş, baxmayaraq ki dəfələrlə Bakı 2 - saylı inzibati - iqtisadi məhkəməsinə, Xətai rayon Məhkəməsinə dəfələrlə gedib gəlmiş və iddia ərizələri ilə, məhkəmələrə müraciət etmişdir. Vətəndaşı o, əvvəllər tanımamış gohumluq əlaqəsi olmamışdır. Material üzrə izahatı alınmış Cavabdeh2 izahatında X4 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir və X2 qəbul edilmiş qərarla razılaşmadığı halda Yasamal rayon prokurorluğuna və Yasamal rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. - xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında qərardan görünür ki qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5 və qeyrilərinin müraciətləri əsasında toplanmış material üzrə Yasamal RPİ- nin İŞ-nin sabiq baş müstəntiqi polis mayoru Əli Məmmədovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd ediiməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, və material əlavə araşdırılma aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. - 30 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ona borc münsaibətləri ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 atası X6 ilə “X11” MMC vasitəsilə tanış olmuş və onlar arasında xx.xx.2013-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında tapşırıq müqaviləsi bağlanmışdır. Sonuncu müqaviləni MMC-nin icraçı direktoru kimi imzalamışdır. Bundan sonra iddiaçı X1 adına Azərbaycan Respublikası MPM-nin 74-cü maddədə nəzərdə tutulan səlahiyyətləri özündə əks etdirən xx.xx.2013-cü il tarixli Etibarnamə vermişdir. X6 26 fevral 2014-cü il tarixində vəfat etmişdir. İddiaçının tələbinə əsasən mərhum Faiq Məmmədov ondan 1000 manat pulu borca götürərək bununla əlaqədar yazılı qəbz imzalayıb ona vermiş, o rəhmətə getdikdən sonra oğlu Cavabdeh2 ilə tanış olmuş və sonuncu mübahisəni həll edəcəyinə dair ona söz verərək ondan 1500 manat pul istəmiş, o da borc götürüb pulu verdikdən sonra mübahisəni həll etməyərək bugünə kimi onun pulunu qaytarmamış, bununla əlaqədar, dəfələrlə cinayət təqibi orqanlarına müraciəti olsa da, cinayət işi rədd edilmişdir. Hazırda iddiaçı hesab edir ki, Cavabdeh2 ondan aldığı 1500 manat borcu və atası Faiq Məmmədova verdiyi 1000 manat borcu digər cavabdeh “X11” MMC-i ilə birlikdə ona qaytarmalıdırlar. İşin materiallarından görünür ki, İddiaçı Cavabdeh2 verdiyi şikayətlər üzrə polis orqanlarında dəfələrlə araşdırma aparılmış, xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixlərdə Yasamal RPİ-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İşin materiallarından görünür ki, mərhum X6 iddiaçı ilə xx.xx.2013-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında tapşırıq müqaviləsi bağladıqdan, öz adına 1 il müddətinə xx.xx.2013-cü il tarixli Etibarnamə aldıqdan sonra xx.xx.2013-cü il tarixdə İddiaçı xx.xx.2013-cü il tarixdə 1 ay müddətinə qaytarmaq şərti ilə borc olaraq 1000 manat məbləğində pul götürmüş və bu barədə ona yazılı qəbz vermişdir. Daha sonra Cavabdeh2 iddiaçıya xx.xx.2015-ci il tarıxədək 1300 manat məbləğində pulu ona ödəməsi, 500 manat pulu xx.xx.2015-ci ildə qaytarması, qalan 800 manat məbləğində pulu isə 2016-cı ilin fevral ayına gədər ödəyəcəyi, xx.xx.2016-ci il tarixində isə 350 manat məbləğində pulu 1 ay müddətinə ödəyəciyi barədə yazılı qəbz vermişdir. Cavabdeh2 iddiaçıya verdiyi qəbzlərin məzmunundan aydın olur ki, cavabdeh iddiaçıdan aldığı 1300 manat puldan 500 manat ödəməsi barədə yazılı qəbz vermiş, qalan məbləğlərin ödənilməsinə dair yazılı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddiaçının Cavabdeh2 vaxtilə mərhum atasına verdiyi 1000 manat borc pulu istəməsi ilə bağlı qeyd edir ki, cavabdehin mərhum atası X1 hüquqi varisi olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda isə iddia həmin məbləğə dair hissədə əsaslı sayıla bilməz. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin iddiaçı qarşısında hansı əsaslarla mülki məsuliyyət daşıması iddiaçı tərəfindən əsaslandırılmamış və məhkəmə tərəfindən də MMC-nin iddiaçı qarşısında öhdəliyinin olması müəyyən edilməmişdir. Buna görə də məhkəmənin qənaətinə görə iddia sözügedən MMC-yə münasibətdə də əsaslı sayıla bilməz. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının Cavabdeh2 verdiyi borc puldan müəyyən məbləğ qaytarılması müəyyən edildiyindən ona münasibətdə iddia bütünlükdə əsassız sayıla bilməz və sonuncu qaytarmadığı borc məbləği həddində iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısıdır. Beləliklə müəyyən edilmişdir ki, tərəflər (İddiaçı ilə Cavabdeh2) arasında borc münasibətləri mövcud olmuşdur. Cavabdeh iddiaçı ilə arasında borcun alınması və ya verilməsi tarixləri razılaşdırılmış və bununla bağlı sadə yazılı formada (qəbz) imzalanmışdır ki, iddiaçı da hazırda bu qəbzlərdən istifadə edərək cavabdehdən qaytarılmayan borc məbləğinin alınmasını tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizələrini nəzərə alaraq hesab edir ki, hər bir halda, yəni Cavabdeh2 atası X1 hüquqi varisi olması halında belə, Cavabdeh1 MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı olması halı müəyyən edilsə idi belə, eləcə də Cavabdeh2 verdiyi borcun onun tərəfindən tam qaytarılmadığı halda belə iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. - 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir çox Qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Qeyd edildiyi kimi, tərəflər (İddiaçı ilə Cavabdeh2) arasında sonuncu qəbz üzrə borc münasibətlərinin tarixi (qaytarılma müddəti) xx.xx.2016-cı il tarixi olmuşdur. Buna görə də iddiaçının cavabdehdən aldığı sonuncu borca dair qəbzdən irəli gələn iddia müddəti xx.xx.2019-cu il tarixədək olmuşdur ki, iddiaçı həmin vaxtadək iddia irəli sürməli idi. Belə ki, MM-nin 373.2-ci maddəsindən də aydın olur ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Baçqa sözlə, borc münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. İş materiallarından isə görünür ki, iddiaçının iddia ərizəsi xx.xx.2022-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən 3 il 7 ay vaxt keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının keçən müddət ərzində hüqüq mühafizə orqanlarına müraciət etməsi və onun ərizələri əsasında araşdırmaların davam etməsi iddia müddətinin axımını dayandırması üçün hüquq əsas deyildir və onun mülki qaydada məhkəməyə hazırki iddia ilə müraciət etmək üçün kifayət qədər imkanı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması, bununla da iddianın qismən də olsa əsaslı olması, lakin iddia müddətinin buraxılması müəyyən edildiyi üçün məhkəmə tərəfindən iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəsi nəzərə alınmaqla iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar