Məhkəmə qərarları › İş №2(009)-321/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-321/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-321/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Xaliq qızının cavabdehlər «xxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti və X5 qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xaliq qızı cavabdehlər “xxxxxxxxxxxxx” ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 963,18 manat maddi zərər, mənəvi zərərə görə 3000,00 manat, iddia ərizəsi üçün dövlət rüsumuna çəkilmiş xərc olan 30 manatın “xxxxxxxxxxxxx’' ASC-dən və Cavabdeh2 müştərək qaydada, əldən çıxmış faydaya görə 1000 manatın isə sonuncudan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** UJ *** dövlət qeydiyyat nişanlı, buraxılışlı, sedan tipli nəqliyyat vasitəsi onun mülkiyyətində olmaqla, xx.xx.2014-cü il tarixli ƏN-İV 140952 saylı etibarnaməyə əsasən qızı X3 tərəfindən idarə olunmaqdadır. Cavabdeh2 idarə etdiyi “Saipa Tiba” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda inzibati xəta törətməklə onun mülkiyyətində olan və həmin vaxt qızı tərəfindən idarə olunan ** UJ *** dövlət qeydiyyat nişanlı, “Toyoto Corolla” minik markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh2 təqsiri və zərər vurması öz təsdiqini tapmışdır. Zərərvuran Cavabdeh2 idarə etdiyi “Saipa Tiba” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mülki məsuliyyət “xxxxxxxxxxxxx” ASC-də icbari sığortalanmışdır. Nəqliyyat vasitəsinə dəymiş maddi zərər 963,18 manat təşkil edir (“X9” MMC-də xx.xx.2019-cu il tarixdə öz təşəbbüsü ilə keçirilmiş SQ06925 saylı qiymətləndirmə aktı). Hadisə baş verdikdən sonra “xxxxxxxxxxxxx” ASC-də olarkən qızı avtomobilinə aid sənədləri təqdim etmişdir. Hadisənin baş verməsindən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, “xxxxxxxxxxxxx” ASC tərəfindən qiymətləndirmənin aparılmadığını gördüyündən, öz təşəbbüsü ilə öz hesabına avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini təşkil etmiş, həmin sənədi qızı xx.xx.2019-cu il tarixdə ASC-yə təqdim etmişdir. Bu müddət ərzində ASC tərəfindən avtomobilinə dəymiş zərərin qiymətləndirilməsi təklif olunmamış (həmin günlərdə bir dəfə telefonla 120 manat, ikinci dəfə isə 240 manat sığorta ödənişi təklif olunmuş), yalnız həmin gün qüsur aktını təqdim etdikdən sonra sığorta əməkdaşı özünün təyin etdiyi təmir müəssisəsinə gedərək avtomobilimə baxış keçirilməsinə imkan yaratmağı qızından xahiş etmiş, o da avtomobili həmin təmir müəssisəsinə aparmışdır. Bundan sonra isə “xxxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə ona təqdim olunan xx.xx.2019-cu il tarixli 07/SÖ-738 saylı məktubla “İcbari sığortalar haqqında” qanunun 20-ci maddəsinin 3cü bəndinə əsaslanaraq, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ümumilikdə 480 manat sığorta ödənişini qəbul etməyi, əks halda hadisə nəticəsində zərər dəymiş avtomobilini təmir üçün onlar tərəfindən təyin olunacaq təmir müəssisəsinə təqdim etməyi təklif olunmuş, tərəfindən təqdim edilən qiymətləndirmənin qəbul edilməməsi əsaslandırılmadığından hesab edir ki, həmin vaxt qüsur aktı toplanmış sənədlərə ümumiyyətlə əlavə olunmamış və qiymətləndirmə zamanı isə müstəqil ekspert kimi özlərinin mütəmadi çalışdıqları təmir müəssisəsinin təqdim etdiyi sənəd əsas götürülmüşdür. Bundan əlavə, hadisə zamanı o və ailə üzvləri (qızları) gecə vaxtı tək 3 saatdan artıq avtomobildə işıqlandırması olmayan “sahibsiz” ərazidə yolda hərəkət hissəsində həm sığorta əməkdaşlarının gəlməsini gözləmiş, həm də gecə vaxtı manevr qaydalarım kobudcasına pozan səbrsiz sürücünün təqsiri üzündən törədilmiş hadisədən gərginlik və sarsıntı keçirdiyi üçün məlum olmuşdur ki, qızı hadisədən sonra avtomobilin yaxın işıqlarını söndürməyi unutmuşdur. Buna görə də, avtomobildə nasazlıq yaranmış, bu səbəbdən də onu hərəkətə gətirmək mümkün olmamışdır. Nasazlığı aradan qaldıra bilmədiklərindən, onu gecə saatlarında evakuatorla təmir müəssisisəsinə aparmışlar. Gecə yarısı həmin nasazlıq öz hesabına aradan qaldırıldıqdan sonra ailə üzvləri ilə evə gedə bilmişdir. Hadisədən keçən bütün bu müddət ərzində qızı dəfələrlə “xxxxxxxxxxxxx”nın ofisində olmuş, telefonla əlaqə saxlamışdır. Lakin onlar müəyyən etdikləri məbləği əsaslı hesab edərək, rəsmi müraciətinə baxmayaraq, bugünədək özlərinin tərtib etdikləri zərər aktının bir nüxsəsinı təqdim etməmişlər. Buna görə də, hesab edir ki, ona hadisə nəticəsində maddi zərərdən əlavə, mənəvi zərər də dəymişdir. Həmin mənəvi zərəri 3000 manat məbləğində dəyərləndirir. Hazırda qızı tərəfindən idarə olunan avtonəqliyyat vasitəsinin sol farasında hadisə səbəbindən sınıq olduğundan, yağışlı hava şəraitində onu idarə edə bilmir, həmçinin avtoyumaya belə verə bilməyib özü yuyur. Avtomobilindəki həmin nasazlığa görə, (xüsusən, istismarı qadağan edən nasazlıq, faradakı sınığa görə) DYP əməkdaşları qızını dəfələrlə saxlamışlar. Artıq uzun müddətdir ki, o, maşını həmin qaydada idarə edir. Onun avtomobili 2014-cü il istehsalı olsa da, hadisədən sonra çox səliqəsiz bir görkəm alıb (bufer açıq-aydın yerindən tərpənmiş, fara isə çat yox, sınıqdır) və avtomobilinə əvvəllər hansısa avtonəqliyyat vasitəsinin sürücü tərəfindən işlədilmiş keyfiyyətsiz və harda istehsal olunduğu məlum olmayan ehtiyat hissələrinin quraşdırılması və ya standarta cavab verməyən yerlərdə göstərilən təmir-bərpa işlərinə heç bir halda razı olmayacaq. Hesab edir ki, baş verən sığorta hadisəsi ilə əlaqədar avtomobilinə dəymiş zərər bütün hallarda onu dəyərdən salmışdır (iki detala kənar müdaxilə edilməsi, həmçinin onların yenidən boyanması) və avtomobilini qısa müddətdə satmağa hazırlaşan biri kimi hazırda o onu öz dəyərindən daha aşağı qiymətə satmalıdır. Yəni hətta bu nöqsanlar aradan qaldırılsa belə, qeyd olunan sığorta hadisəsi baş verməsəydi, o avtomobilini daha artıq qiymətə satacaqdı. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər “xxxxxxxxxxxxx’' ASC-dən və Cavabdeh2 müştərək qaydada 963,18 manat maddi zərər, mənəvi zərərə görə 3.000,00 manat, 3000 manat avtomobilin əmtəə dəyərinin azaldılması əvəzi, iddia ərizəsi üçün dövlət rüsumuna çəkilmiş xərc olan 30 manat, ümumilikdə 6993,18 manat pulun, bundan əlavə 01.04.19-cu il tarixdən başlayaraq qətnamə icra ediləcək tarixədək ödənilməli olan sığorta ödənişinin hər gün üçün 0,1% həcmində dəbbə pulunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavəsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında olan mübahisə avtomobilə dəymiş zərərdən irəli gəlir. Avtomobilə dəymiş zərər cəmiyyət tərəfindən 480 manat məbləğində müəyyənləşdirilmiş və iddiaçının ünvanına məktub ünvanlanaraq avtomobilə dəymiş zərərin məbləği ilə bağlı məlumat verilmişdir. Həmçinin məktubda avtomobili təmir olunması üçün servisə təqdim edilməsi bildirilmişdir. Lakin iddiaçı qanunvericiliyin tələbini pozaraq özü istədiyi bir servisdə qiymətləndirmə etmiş və cəmiyyətdən əlavə pul məbləği tələb etmişdir. Qanunvericiliyin tələbinə görə avtomobilə dəymiş zərər sığortaçı tərəfindən müəyyən edilməlidir. Tərəf zərər məbləği ilə razılaşmadığı təqdirdə müstəqil ekspertin seçilməsi ilə bağlı müraciət etməli və daha sonra yenidən qiymətləndirmə həyata keçirilməlidir. İddiaçı isə əsassız olaraq əlavə pul tələb etməkdədir və hesab edir ki, ona daha çox zərər dəymişdir. Lakin özü qanunvericiliyin tələbini pozaraq yol nəqliyyat hadisəsi nəticəsində yaranmış bu münasibəti məhkəmə səviyyəsinə qaldırmışdır. Halbuki cəmiyyət tərəfindən qanunun tələblərinə tam olaraq riayət olunmuşdur. Hesab edir ki, cəmiyət tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina olunmadığından və dəymiş zərər də qanuna uyğun şəkildə müəyyən olunduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxx” ASC tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, İddiaçı Xaliq qızına məxsus “Toyoto Corolla” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 480 manat müəyyən olunmuşdur. İş materiallarında olan “X10” MMC-nin xx.xx.2019-cu il tarixli Qiymətləndirmə aktından görünür ki, İddiaçı Xaliq qızına məxsus “Toyoto Corolla” minik markalı ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 963,18 manat müəyyən olunmuşdur. İş materiallarında olan AC N 556097 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Corolla” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 13.03.19-cu il tarixli xxxxxxxxxxxxx tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, minik avtomobilinə dəymiş zərər üçün sığorta şirkəti tərəfindən 480 manat ödənilməsinə razılıq bildirilmişdir. İş materiallarında olan 05.02.19-cu il tarixli, AP N ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Binəqədi Dövlət X12 tərəfindən həmin tarixdə saat 18:15-də Saipa markalı, ** GX *** markalı dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozaraq inzibati xəta törətmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 9/334 saylı rəyindən görünür ki, X10 MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli və «xxxxxxxxxxxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Toyota Corolla» markalı ** UJ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 560 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri xx xxxxxx 2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 02.02.19-cu il tarixdə sığorta hadisə baş vermişdir. Sonradan tərəflər sığorta məbləğində razılığa gələ bilməmişdir. Buna səbəb Sığorta şirkətinin və sərbəst qiymətləndiricinin göstərdikləri qiymətdə böyük fərq olmasıdır. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə belə nəticəyə gəlir ki, minik avtomobilinə dəyən zərərin sərbəst dəyəndirilməsinə icazənin olmaması barədə cavabdehin dəlilləri əsassızdır və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təkzib olunur. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslıdır. Ekspertin rəyindən avtomobilin təmir-bərpa xərcləri 560 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh «xxxxxxxxxxxxx» ASC-dən 560 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi, əmtəə dəyərinin azalması və dəbbə pulu ilə bağlı xərcin ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 3000 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi “dəymiş mənəvi ziyanla bağlı 3000 manat ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əmtəə dəyərinin azalması və dəbbə pulu tələbi hissəsində də təmin edilməməlidir, belə ki, iddiaçı həmin tələblə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədi. İddia tələbinin cavabdeh X6 ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə bildirir ki, tərəflər arasında münasibət icbari sığorta müqaviləsindən irəli gəldiyindən, avtomobilə dəymiş ziyanla bağlı tələb üzrə cavabdehliyi «xxxxxxxxxxxxx» ASC daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı Xaliq qızının xeyrinə 560 (beş yüz altmış) manat maddi ziyan və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat cavabdeh “xxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar