Məhkəmə qərarları › İş №2(009)-322/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-322/2023

15.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-322/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarına əsasən göstərilən əmlakın tam pay hüququ ilə onun mülkiyyətində olması təsdiq olunur. ünvan 1 ünvanında yerləşən mənzildə o öz ailə üzvləri ilə birlikdə yaşayır. Digər şəxslər olan Cavabdeh1 (qadaşı), Cavabdeh2 (bacısı) və Cavabdeh3 (bacısı qızı) ona məxsus ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan evdə istifadə hüquqlarının qalması onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. Onlar həmin mənzildə yaşamırlar, lakin formal olaraq ötən illər ərzində tərəfindən müvəqqəti qeydiyyata alınmışdırlar. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh1 iddiaçının qardaşı olmaqla doğulduğu vaxtdan mübahisəli evdə qeydiyyatda olsa da, uzun müddətdir ki, özünə məxsus başqa ünvanda yaşayır. Cavabdeh1 iddiaçıya məxsus mənzillə əlaqəsini tamamilə kəsmişdir. Cavabdeh2 iddiaçının bacısıdır və Cavabdeh2 1988-ci ildə ailə həyatı quraraq mübahisəli mənzildən köçüb getmiş və hal-hazıradək ailə üzvləri ilə daimi olaraq başqa ünvanda yaşayır. Cavabdeh3 Cavabdeh2 qızıdır, yəni iddiaçının bacısı qızıdır. Turan başqa ünvanda doğulsa da, anası Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin mənzilə qeydiyyata salınmışdır. Lakin Cavabdeh3 heç vaxt mübahisəli ünvanda yaşamamış, öz ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamışdır və artıq bir neçə ildir ki, ailə həyatı quraraq Türkiyə Respublikasında yaşayır. İddiaçıya məxsus mənzildə cavabdehlərin hər hansı əmlakı yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır. O, 1988-ci ildə ailə quraraq başqa ünvana köçüb getmişdir və hal-hazıradək də ailəsi ilə birlikdə özlərinə məxsus Badamdar qəsəbəsi, M.Müşviq küçəsi, 4 saylı evdə yaşayır. Onun qızı, iş üzrə Cavabdeh3 doğulduğu vaxtdan daima onunla birlikdə başqa ünvanda yaşamış, lakin onun qeydiyyatda olduğu ünvana qeydiyyata salınmışdır. Artıq bir neçə ildir ki, qızı Turan ailə quraraq Türkiyə Respublikasında yaşayır və onun mübahisəli mənzillə heç bir bağlılığı, əlaqəsi yoxdur. Digər Cavabdeh1 onun qardaşıdır və Elman da doğulduğu vaxtdan mübahisəli evdə qeydiyyatda olsa da, uzun müddətdir ki, özünə məxsus başqa ünvanda yaşayır və onun mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh1 notariat qaydasında təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini və pasport qeydiyyatından çıxarılmasına razı olduğunu bildirmişdir. Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, 242 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1, X3, X2, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Vİİ-JQ seriyalı, 272128 nömərəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 10 yanvar 1996-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1996 ilin yanvar ayının 10 günündə 05 № ilə qeyd edilmişdir. Arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-322/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin X1 aid hissədə geri qaytarmaqla baxılmamış saxlanılması qərara alınmışdır. Təqdim olunmuş 23 fevral 2023-cü il tarixli, 30 nömrəli 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh3 Badamdar yolu, ev 242, mənzil 3 ünvanında qeydiyyatda olsalar da, yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümükün olmamışdır. Təqdim olunmuş Cavabdeh1 məhkəməyə ünvanlanmış və notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı Müzəfər oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, ev 242 ünvanında yerləşən 3 saylı mənzildən pasport qeydiyyatından çıxarılmasına razıdır, heç bir etirazı yoxdur. Məhkəmə tərəfindən işə onun iştirakı olmadan baxılmasına etiraz etmir. Təqdim olunmuş Cavabdeh2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edir. Mənzilə onun istifadə hüququna xitam verilməsinə etiraz etmir. 1988-ci ildən ailə qurmağı ilə əlaqədar daimi olaraq ünvan 3 ünvanında yaşayır. Təqdim olunmuş Cavabdeh2 məhkəməyə ünvanlanmış yazılı izahatından görünür ki, Cavabdeh3 onun qızıdır, 1989-cu ildə doğulub və həmin ildən də Badamdar şossesi, ev 242, mənzil 3 yaşamayıb, yəni 33 ildir ki, yaşamır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, 242 saylı evin 3 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və o, ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışa əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır, lakin mənzildə yaşamırlar, uzun müddətdir başqa ünvanda yaşamaqla mənzillə əlaqələrini kəsmişlər, həmin mənzildə cavabdehlərə məxsus əmlak yoxdur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, 242 saylı evin 3 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab olunsun. Həmin qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, 242 saylı evin 3 saylı mənzilində qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar