Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-33/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Əmiraslan qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Əmiraslan qızının - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətin real bölgüsü və ya kompensasiyanın verilməsi, bu mümkün olmadığı halda evin açıq hərracdan satılaraq pulun paylara uyğun bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmiraslan qızı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin xx xxx 2006-cı il tarixli vəsiyətnamə ilə ona düşən 4/12 payın sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, reyestr nömrəsi 2v/1-5 xx xxx 2006-cı il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin 4/12 payının mülkiyyətçisidir. Həmin əmlakın onunla birgə 5 paylı mülkiyyətçisi var. Bunlar qardaşları Cavabdeh2 (1/12 hissə) və Cavabdeh1 (1/12 hissə), qonşusu X6 (6/12 hissə) və payı açıq saxlanılan vəfat etmiş X2 (1/12 hissə). X2 vəfat etdikdən sonra evin mülkiyyətçiləri arasında evin necə bölünməsinə dair mübahisə yaranmışdır və mübahisə hal-hazırda da davam edir. X1 vəfatından öncə təqdim etdiyi vəsiyyətnamədə yuxarıda qeyd olunan daşınmaz əmlakın 4/12 payını ona vəsiyyət etmişdir. Digər payçılar onun daşınmaz əmlak üzrə yaranmış hüquqlarından istifadə etməyinə cürbəcür maneələr yaratmışlar və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər payçılara dəfələrlə paylı mülkiyyət üzrə öz payının sərhədlərini müəyyən etmək üzrə dəfələrlə müraciət etsə də onlarla heç bir razılığa gələ bilməmiş və bunun üçün də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin anası rəhmətə getdikdən sonra, qeyd olunan ev üzrə yaşamaq hüququndan faktiki olaraq məhrum edilmişdir. Bu ona bir çətinliklər yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 8.2, 220.2, 220.3-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı dövrundə iddiaçı dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə ona məxsus 24/96 payın naturada ayrılması, bu mümkün olmadıqda ona müvafiq kompensasiyanın verilməsi, əks halda evin açıq hərracdan satılaraq payına düşən məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Əmiraslan qızı iddia və iddianın dəqiqləşdirilməsi ərizələrinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək onların paylarının birgə hesablanmaqla evin iki yerə bölünməsi qaydasında mübahisənin həll edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddiaçıya kompensasiyanın məbləği ilə bağlı qohumları vasitəsilə təklif göndərsələr də məbləğdə razılığa gələ bilməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı Əmiraslan qızının adına verdiyi xx.xx.2017-ci il tarixdə verdiyi seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Ə.Nəzmi küçəsi 40 saylı evin paylı mülkiyyətçiləri aşağıdakılardır: Cavabdeh2 (1/12 hissə) və Cavabdeh1 (1/12 hissə), X8 (1/12 hissə açıq saxlanılır), X6 ( 6/12 hissə) və İddiaçı Əmiraslan qızı ( 24/96) - AzərbaycanRespublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 adına verdiyi xx.xx.2017-ci il tarixdə verdiyi seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin paylı mülkiyyətçiləri aşağıdakılardır: Cavabdeh2 (1/12 hissə) və Cavabdeh1 (3/24 hissə), X8 (1/12 hissə açıq saxlanılır), X6 (6/12 hissə) və İddiaçı Əmiraslan qızı ( 24/96) -Sabunçu Rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(008)-833/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 ərizəsi təmin edilərək xx xxx 1965-ci il tarixində Bakı şəhərində doğulmuş Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, qətnamə xx xxx 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh2 üzərində qəyyum təyin edilməsi üçün əsas hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(103)-7592/2018 saylı qərardadından görünür ki, ərizəçi Cavabdeh1 iddiadan imtinası qəbul edilərək ərizəçi Cavabdeh1, qardaşı Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(008)-833/2017 saylı qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 2775 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küç. yerləşən 40 saylı evdən İddiaçı Əmiraslan qızının payı təcrid mənzillər şəklində ayrılması, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.7 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Tədqiq olunan evin bölünməsi mümkün olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Beləliklə də araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Əmiraslan qızı, Cavabdeh1 və Cavabdeh2 bacı-qardaş olmaqla İ dərəcəli qohumdurlar. ünvan 1 ünvanında yerləşən yaşayış evində paylı mülkiyyətçidirlər. Cavabdeh2 (1/12 hissə), Cavabdeh1 (1/12 hissə), İddiaçı Əmiraslan qızı (24/96). Qeyd edilən ünvan üzrə digər payçı X6 (6/12 hissə) oğlu olsa da, onun mülkiyyət payı hazırki iddianın predmeti deyildir. Tərəflərin anası olan, mərhumə X7 məxsus 1/12 hissə mülkiyyət payı açıq saxlanılmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur; - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Qanunvericiliyin göstərinlən normalarına əsasən ümumi mülkiyyət hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir. Ümumi mülkiyyətin iki növü-paylı mülkiyyət və birgə mülkiyyət nəzərdə tutulmuşdur. Paylı mülkiyyət mülkiyyətçilərin ümumi mülkiyyətdə payları müyyənləşdirilmiş mülkiyyət formasıdır, birgə mülkiyyət isə mülkiyyətçilərin ümumi payları müəyyən edilməmiş mülkiyyət formasıdır. AzərbaycanRespublikasının MülkiMəcəlləsinin: - 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. - 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. - 215.3-cü maddəsinə uyğun olaraq, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Məhkəmə baxışı zamanı iddiaçı ona məxsus olan mülkiyyət payı üzərində olan mülkiyyət hüquqlarının həyata keçirilməsində digər paylı mülkiyyətçilər tərəfindən hər hansı maneələr yaradaraq onun hüquqlarını pozmasını göstərərək onaməxsus 24/96 payın naturada ayrılması, bu mümkün olmadıqda ona müvafiq kompensasiyanın verilməsi, əks halda evin açıq hərracdan satılaraq payına düşən məbləğin ona ödənilməsini iddia edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfındən ona ödənilməsi hüququna malikdir; - 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа deyilir ki, "Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." Qərаrdа dаhа sоnrа deyilir ki, "Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." Qərаrın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." Göstərilən norma mülkiyyətdən mülkiyyətçinin payı ayrılan zaman mülkiyyətçinin payının daxil olduğu, naturada ayrılan əşyanın bölünməsi mümkün olmadığı tədqirdə tətbiq edilir. Məhkəmənin qərardadı ilə iddia tələbi üzrə ilk olaraq iddiaçının payının ayrılmasının mümkünlüyü ilə bağlı ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 2775 saylı ekspertiza rəyi ilə İddiaçı Əmiraslan qızının payının təcrid mənzillər şəklində ayrılması texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəsatətinə əsasən onların paylarının birgə qaydada hesablanmaqla yaşayış evində real bölgü aparılması və payların naturada ayrılmaqla evin iki hissəyə bölünməsi yolu ilə iddiaçının payının naturada ayrılmasının mümkünlüyü məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertiza tədqiqatının obyektinə ekspert tərəfindən baxış keçirilməsinə şərait yaradılmadığından“Məhkəməekspertizasıfəaliyyətihaqqında”AzərbaycanRespublikasınınQ anununun 12-ci maddəsinə əsasən qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Yuxarıda istinad olunun maddi hüquq normalarının tələbləri baxımından iddiaçıya məxsus 24/96 payın naturada ayrılması mümkün olmadığı üçün məhkəmə tərəfindən iddia tələbinin digər hissəsi üzrə araşdırma aparılarkən, yəni ona müvafiq kompensasiyanın verilməsi ilə bağlı cavabdeh tərəfin mövqeyi öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh tərəf bununla bağlı qohumları vasitəsilə iddiaçı ilə əlaqə saxlasalarda, hər hansı bir razılığa gəlməmişlər. Məhkəmə baxışı zamanı da tərəflərin öz aralarında kompensasiya verilməsi ilə mübahisənin həlli ilə bağlı məsələ üzrə razılığa gəlməmələri müəyyən edilmişdir. Beləliklədə, tərəflər arasındakı mübahisənin müvafiq kompensasiyanın verilməsi yolu ilə həll edilməsi də mümkünsüz olmuşdur. Məhkəmə iddianın digər tələbi, yəni, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini nəzərə alaraq ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasını nəzərdən keçirərək hesab edir ki, MM-nin 220.6-cı maddəsinin tələbləri baxımından, yəni ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığı üçün ünvan 2 ünvanında yerləşən yaşayış evinin açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə, iddiaçının Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evin digər paylı mülkiyyətçisi olan (qonşusu) X4 (6/12 hissə) qarşı tələb irəli sürməməklə onu cavabdeh qismində cəlb etməməsinə baxmayaraq, sonuncunun Mülki Məcəllənin 218.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçı və cavabdehlərin Bakı şəhəri Ə.Nəzmi küçəsi 40 saylı evə olan payları X4 təklif edildikdən, X6 tərəfindən payın əldə olunması ilə bağlı təklif qəbul edilmədikdən və ya bu təklifə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində münasibət bildirilmədikdən sonra ünvan 3 ünvanında yerləşən yaşayış evi (X3 6/12 hissədə payı istisna olmaqla) açıq hərracdan satıla bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi(X3 payı istisna olmaqla) açıq hərracdan satılaraq satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı Əmiraslan qızının, Cavabdeh1 və Cavabdeh2 arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-33/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-33/2020
06.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver