Məhkəmə qərarları › İş №2(009)-336/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-336/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-336/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1504 (min beş yüz dörd) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ünvan 1 ünvanda yerləşən mağazada tikinti materiallarının satışını həyata keçirir. 18 iyun 2022-ci il tarixdə özünü Cavabdeh kimi qələmə verən bir şəxs mağazaya gələrək müxtəlif materiallar sifariş vermiş, onun sifarişinə əsasən 1904 manat dəyərində mal ona təhvil verilmişdir. Bundan sonra o, malın dəyərindən 400 manat ödəniş etmiş, malların qalan 1504 manat hissəsini isə ödəməmiş, mağazada mübahisə yaradaraq, işçilərə hədə-qorxu gəlmiş, guya malların ona gec verilməsini əsas gətirib, heç bir məbləğdə pul verməyəcəyini bildirmişdir. Bundan sonra əməkdaşlar Qaimədə yazılmış telefon nömrələrinə zəng edərək Cavabdehla danışmış, Cavabdeh mal alan şəxsin onun oğlu olmasını bildirmiş, oğlu ilə bu barədə danışacağını desə də, sonradan onlara heç bir məbləğdə pul ödəməyəcəyini bildirmişdir. Artıq onlar özünü Cavabdeh kimi qələmə verən şəxsin onları aldatdığını, onların etibarından sui-istifadə edərək, 1504 manat məbləğində əmlakı mənimsəməsini başa düşmüş, bunun əvvəlcədən planlaşdırılmış bir cinayət olmasını ehtimal edərək Binəqədi rayon Polis İdarəsinə müraciət etmişlər. İddiaçı şikayəti Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində araşdırılmış və həmin şəxsin Cavabdeh olması müəyyən edilmiş, onun izahatı alınaraq, mübahisə mülki xarakterli olduğuna görə material dəftərxanaya verilib, bu barədə İddiaçınə 01 mart 2023-cü il tarixli məktub təqdim edilmişdir. Hal-hazırda mübahisə ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi zərurəti yarandığına görə xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Beləliklə də Cavabdeh tərəfindən İddiaçı MMC-dən alınmış malın dəyəri qismində 1504 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Daha sonra, iddiiaçı tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək malın ödənilməmiş dəyəri qismində 1504 manat məbləğində pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün xidmət haqqı qismində 200 manat məbləğində pul vəsaitinin və 36 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1740 (min yeddi yüz qırx) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsinin dəlilləri: Hal-hazırda iddiaçı iddianın həcminin artırıb, iddia ilə məhkəməyə müraciət etmək üçün çəkdiyi məhkəmə xərclərinin də cavabdehdən tutulması qərarına gəlmiş, bununla əlaqədar məhkəməyə tələbin həcminin artırılması barədə ərizə ilə müraciət etməli olmuşdur. Belə ki, İddiaçı məhkəmədə özünün təmsil edilməsi üçün 9 saylı Vəkil Bürosunun vəkili ilə 12 yanvar 2024-cü il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalamış və həmin müqaviləyə əsasən 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə də hesab edir ki, malın ödənilməmiş dəyəri qismində 1504 manat məbləğində pul vəsaiti, 200 manat məbləğində Hüquqi yardımın göstərilməsi üçün xidmət haqqı və 36 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 1740 (min yeddi yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: o, İddiaçı MMC-dən 2022-ci ilin təxminən iyun ayında 1904 AZN dəyərində material sifariş etmiş, avans olaraq həmin tarixdə 400 AZN pul ödəmişdir. İcraçı şirkət sifariş olunan materialı 5 (beş) iş günü müddətində çatdıracağına söz vermişdir. Bir daha onlara bildirdi ki, o, iş gördürür, vaxtı ona dəqiq bildirilsin ki, planlamanı da ona uyğun aparsın. Material gecikdiyi təqdirdə işçi heyətinə və təmir işləri avadanlıqlarına (icarə haqqı kimi) əlavə saxladığı hər günə görə pul ödəməli olacaqdır. Satış məntəqəsi tərəfindən ona bir daha bildirildi ki, 5 iş günü ərzində sifarişi çatacaqdır. Razılaşmaya əsasən pulun qalan hissəsini sifariş etdiyi material ona təhvil verildikdən sonra ödəyəcəkdi. İddiaçı MMC-nin verdiyi sözə əsasən o, obyekt sahəsini hazır vəziyyətə gətirmişdir. Gördüyü iş fasad işləri idi (evin fasadına soyuq aqlayın vurulması). Ustanın üzərində işləməsi üçün günü 20 AZN olmaqla icarə leysə (saxlanc mexanizmi) götürdü. İki usta ilə hər birinə günü 25 AZN ödəməklə razılaşdı. İddiaçı MMC-nin satış ofisinə həftənin 1-ci günü getdiyi üçün 5 iş günü və şənbə, bazar günlərini də gözlədi. Növbəti həftənin birinci günü onların mağazalarına getmişdir. Ona bildirdilər ki, sifariş olunan malları indi verə bilmirlər, müəyyən problemlər çıxıb, bir həftəyə təhvil veriləcək. O, bir həftə sonra yenə onların mağazasına getmişdir. Yenə materialları təhvil verə bilmədilər. Bildirdi ki, o, günə 50 AZN ustaya, 20 AZN leysələrə pul ödəyir. Ziyana gedir. Ondan bir daha xahiş etdilər ki, bir həftə də gözləsin, materialları özləri göndərəcəklər. Bunun üzərindən də 10 gündən çox vaxt keçdi, lakin sifarişini göndərmədilər. Onların mağazalarına yenə getmiş, bir də bildirdilər ki, sabahısı gün materialı göndərəcəklər. Ertəsi gün sifariş etdiyi materiaları göndərdilər. Ümümilikdə, söz verdikləri vaxtdan 22-23 gün sonra sifarişlərini ona təqdim etdilər. Həmin gecikməyə görə o, gündəlik 70 AZN olmaqla 1500 AZN-dən cox ziyan etdi. Bundan sonra ona bildirdilər ki, həmin mağazada sifarişi qəbul edən ustaların səhlənkarlığına görə bu gecikmə olmuş, onların əmək haqqlarından tutularaq şirkətin pulu ödənmiş, nəticədə o, 1509 AZN ödəməlidir ki, ustaların pulları geri qaytarılsın. Bir müddət sonra hüquqşünasları onu dəvət edərək həmin pulu tələb etdi. Bildirdi ki, təşkilatın səhlənkarlığı ucbatından ziyan etmişdir. Lakin işdir, başa düşüləndir, dəymiş ziyanın yarısını öz üzərinə götürər. Hardasa 700-750 AZN pul ödəyə bilər. Ona bildirdilər ki, pulun hamısını ödəməlidir. O da qanunvericiliyin müddəalarını nəzərlərinə çatdıraraq, malı vaxtında təhvil verməli olduqları halda vermədikləri üçün ona dəyən ziyan barədə onları məlumatlandırdı, o ziyanın təmin edilməsi və əvəzləşdirilməsini bildirərək, bu barədə qərar qəbul etmələrinə qədər qalan məbləğin ödənilməsini saxladı. Göstərilənlər əsasında "xxxx" MMC üzərinə düşən öhdəliyi icra etməmiş və ona ziyan dəyməsi ilə nəticələnən əməllərə yol vermişdir. İddiaçı MMC tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş zərəri nəzərə alaraq qarşılıqlı icranı dayandırmaqla zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, etirazın məzmununa uyğun izahat vermiş, iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Sübutlar: İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli 20518 saylı Satış Qaiməsindən görünür ki, alıcı Cavabdeh tərəfindən 1243 manat dəyərində mal alınmışdır. - xx.xx.2022-ci il tarixli 20633 saylı Satış Qaiməsindən görünür ki, alıcı Cavabdeh tərəfindən 549.20 manat dəyərində mal alınmışdır. - xx.xx.2022-ci il tarixli 20612 saylı Satış Qaiməsindən görünür ki, alıcı Cavabdeh tərəfindən 111.60 manat dəyərində mal alınmışdır. - Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən ona 1904 manat dəyərində mal təhvil verilmişdir. Bundan sonra o, malın dəyərindən 400 manat ödəniş etmiş, malların qalan 1504 manat hissəsini isə ödəməmişdir. Halhazırda onun Cəmiyyətə 1504 manat məbləğində borcu qaldığına görə həmin borcun 3 gün müddətinə Cəmiyyətə ödənilməsi xahiş olunmuş, qeyd edilən müddətə borc ödənilmədiyi təqdirdə həmin pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 iyun 2022-ci il tarixli 20518 saylı, 23 iyun 2022-ci il tarixli 20612 saylı və 23 iyun 2022-ci il tarixli 20633 saylı Satış qaiməsi üzrə İddiaçınə 1504 (min beş yüz dörd) manat məbləğində ödənilməyən borcu vardır. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 18 iyun 2022-ci il tarixdə İddiaçı ünvan 1 ünvanda yerləşən tikinti materiallarının satışını həyata keçirən mağazasında 1904 manat dəyərində müxtəlif materiallar sifariş etmiş və 400 manat ödəniş etmiş, bir müddət sonra mallar ona təhvil verilsə də malın dəyərinin qalan 1504 manat hissəsi cavabdeh tərəfindən ödənilməmiş, hazırda iddiaçıya 1504 (min beş yüz dörd) manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin: -385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. - 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı malları cavabdehə verməklə öhdəliyini icra etmiş, lakin cavadeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə iddiaçı yaranmış borcun tələb edilməsi üçün məhkəməyə hazırki iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh pulu hələ də ödəməməsini iddiaçı tərəfin malları ona söz verdikləri vaxtdan 22-23 gün sonra təqdim etmələri və bunun nəticəsində təmirə vaxtında başlaya bilmədiyinə görə artıq xərc çəkməsi və ona zərər dəyməsi ilə əlaqələndirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh ona zərər vurulması ilə bağlı mötəbər sübutlar təqdim etməklə dəymiş zərəri qarşı tərəfdən tələb etmək hüququna maıikdir. Lakin, etirazının bu kimi dəlilləri hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Odur ki, 1504 (bir min beş yüz dörd) manat məbləğində pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən çəkilmiş məhkəmə xərcləri hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1504 (bir min beş yüz dörd) manat məbləğində pul və ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1504 (bir min beş yüz dörd) manat məbləğində pul, ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xərci tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar