Məhkəmə qərarları › İş №2(009)-348/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-348/2023

16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-348/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin– Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə qarajın giriş hissəsində baryerə vurulmuş ziyan nəticəsində baryerin bərpası məqsədi ilə qarajın fəaliyyətinin 3 (üç) saat müddətinə dayandırılması nəticəsində məruz qaldığı zərərlə bağlı əldən çıxmış faydaya görə hesablanmış 510 AZN (beş yüz on manat) məbləğində zərərin və tərəflərindən ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun, ümumilikdə 540 AZN (beş yüz qırx manat) pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutularaq şirkətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC-nin idarəetməsində olan Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağının xx.xx.2022ci il tarixdə Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə dayanacağın giriş hissəsində yerləşən avtomobillərin girişi və çıxışı üçün nəzərdə tutulmuş baryerə zədə yetirilmişdir. Həmin baryerin bərpası məqsədi ilə qarajın fəaliyyəti 3 (üç) saat müddətinə məcburən dayandırılması səbəbindən şirkət adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər əldə edə bilməmiş, nəticədə maddi zərərə məruz qalmışdır. Bu da özünü şirkətin zərərlə nəticələnən əldən fayda çıxarmasına səbəb olmuşdur. Hesab edirlər ki, İddiaçı MMC şirkətinin əmlakına Cavabdeh idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tərəfindən qarajın giriş hissəsindəki baryerə zərər vurulması nəticəsində 3 (üç) saat müddətinə qarajın giriş hissəsinin dayandırılması və beləliklə də, qaraja avtomobillərin girişinə maneə olunması şirkətin həmin müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etdiyindən əldən çıxmış fayda qismində ziyana görə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən, 3 (üç) saat ərzində vurulmuş zərərin məbləği 510 AZN (beş yüz on manat) həcmində hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 443.1-cü maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq hazırda cavabdehdən yalnız faktiki real olan 3 saat ərzində toplana biləcək minimal məbləğin hesablandığını və tələb edildiyini, online ödənişlərin hesablanmadığını, hesablamanın müvafiq olaraq iş gününə və həmin saatlara uyğun aparıldığını, cədvələ əsasən sınaq məqsədi ilə saat 14.19-da servis maşınının daxil olması istisna olmaqla saat 16:16-ya qədər qaraja girişin olmadığını, 13:30-dan sonra DYP və sığorta şirkətinin maşınının müstəsna hal kimi çıxışdan içəri daxil olduğunu bildirərək iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, hadisə baş verdikdən sonra baryerin işlək vəziyyətə gətirilib, işləyibişləməməsini yoxlamaq üçün servisin nümayəndələri çağırılmış və saat 14:19 da servisin maşını baryerdən istifadə edərək içəri daxil olmuşdur. Baryer işləmiş, lakin servisin rəyini gözlədikləri üçün içəri maşın buraxa bilməmişlər, çünki əgər maşın keçəndə baryer işləməsə və üçüncü şəxslərin maşınının üstünə düşməklə zərər vurulsa idi, həmin zərərə görə məsuliyyəti Garaj daşıyacaq idi, amma servisin rəyindən sonra belə bir hadisə baş versəydi məsuliyyəti sevis daşıyacaq idi. Buna görə də yoxlama və müvəqqəti təmir işləri bitənə, bununla bağlı rəy verilənə qədər içəri maşın buraxmaq mümkün olmayıb. 3 saat ərzində müvəqqəti təmir işləri aparılıb, sonrakı təmir bərpa işləri isə daha az maşının gələn vaxtı olan gecə saatlarına təxirə salınıb və gecə saatlarında tam təmir edilərək bununla bağlı da rəy verilib. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək izahatında avtomaşınla qəza törədilməsi nəticəsində avtomaşına və baryerə ziyan dəyməsini təsdiq etmiş, dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsini, iddia tələbində digər göstərilənlərin heç bir hüquqi əsasının olmamasını, xx.xx.2022-ci il tarixində 3 saat ərzində qarajın giriş baryerinin istifadə edilməməsi Cavabdeh hərəkətləri nəticəsində deyil, İddiaçı MMC-nin öz təşəbbüsü ilə baş verməsini bildirmişdir. Belə ki, servis maşını saat 14.19-da içəri giriş hissədən daxil olmuş, yəni baryer işlək vəziyyətdə olmuş, baryerlə işləmək mümkün olmuş, şirkət ehtiyat etdiyinə görə baryerdən istifadə etməmişdir. Bundan başqa bildirmişdir ki, maşınlar qarajın çıxış hissəsindən daxil ola bilər və ya insan əməyindən istifadə etməklə də maşınlar içəri buraxıla bilərdi. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı MMC-nin 21 dekabr 2022-ci il tarixli, 144 nömrəli maliyyə arayışından görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağı İddiaçı MMC şirkətinə məxsusdur. Qeyd edilən avtomobil dayanacağında xx.xx.2022-ci il tarixdə Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə dayanacağın giriş hissəsində yerləşən avtomobillərin girişi və çıxışı üçün nəzərdə tutulmuş baryerə törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 saatlıq fasilə yaranmış və həmin vaxt ərzində şirkətə dəyən zərər 510 AZN (beş yüz on manat) məbləğində qiymətləndirilmişdir. Qəza həftənin cümə axşamı günü baş verdiyindən məbləğ də uyğun olaraq həftənin həmin günləri avtomobil dayanacağından gündüz vaxtı əldə edilən gəlirin ortalama məbləğinə əsasən hesablanmışdır. - İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli, 141 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə, idarəetmədə olan “Toyota Yaris” markalı, **-HE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə torətdiyi hadisə nəticəsində şirkətin idarəetməsində olan və Azərbaycan prospekti 2 ünvanında yerləşən dayanacağın giriş hissəsində yerləşən baryerə ağır zədə yetirilmişdir. Həmin baryerin təmir edilməsi məqsədilə, qarajın fəaliyyəti 3 (üç) saat müddətinə dayandırılmış, bu isə öz növbəsində 510 (beş yüz on) AZN məbləğində gəlirin əldən çıxmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu məktub rəsmi qaydada alındığı tarixdən etibarən 10 (on) gün müddətində 510 (beş yüz on) AZN məbləğində əldən çıxmış faydanın İddiaçı MMC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir. Əks təqdirdə, qeyd olunan məbləğin ödənilməsi məqsədilə məhkəməyə müraciət ediləcəkdir. - İddiaçı MMC-nin 152 nömrəli, 16 mart 2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Azərbaycan pr., 2 ünvanında yerləşən avtomobil dayanacağı İddiaçı MMC şirkətinə məxsusdur. Qeyd edilən avtomobil dayanacağında xx.xx.2022-ci tarixdə Cavabdeh özünə məxsus “Toyota Yaris” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə avtodayanacağın giriş hissəsində yerləşən avtomobillərin girişi və çıxışı üçün nəzərdə tutulmuş baryerə zədə yetirilmişdir. (Görüntülərin əks olunduğu “disk” qoşmada əlavə olunur). Törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 (üç) saatlıq fasilə yaranmış və həmin vaxt ərzində şirkətə dəyən zərər 510 AZN (beş yüz on manat) məbləğində qiymətləndirilmişdir. Qəza həftənin cümə axşamı günü baş verdiyindən məbləğ də uyğun olaraq həftə içi və keçən həftənin həmin günü avtomobil dayanacağından əldə edilən gəlirin ədədi ortasından xx.xx.2022-ci il tarixində əldə olunan mədaxil gəliri çıxılaraq hesablanmışdır. Belə ki, hadisənin baş verməsindən yəni, həftənin cümə axşamı günü xx.xx.2022-ci il tarixdən hadisənin baş verməsindən öncəki gün, qeyd edilən qarajın gündəlik mədaxil gəlirlərini əks edərin sənədə əsasən: -xx.xx.2022-ci il tarixdə qarjın gündəlik gəliri 2.360 AZN (iki min üç yüz altmış manat), - xx.xx.2022-ci il tarix üçün 2.353 AZN (iki min üç yüz əlli üç manat) - hadisənin baş verdiyi gündən xx.xx.2022-ci il tarixdən, yəni həftənin cümə axşamı günündən bir həftə öncəki həftənin cümə axşamı günü xx.xx.2022-ci il tarix üçün isə mədaxil gəliri 2.412 AZN (iki min dörd yüz on iki manat) təşkil edir. Beləliklə, hesablamanın düzgünlüyü və ədalətli olması məqsədi ilə hadisənin baş vermə günü “həftə içi” həftənin cümə axşamı olduğundan, hesablama üçün də hadisədən öncəki məhz “həftə içi” günləri üzrə mədaxil gəlirləri əsas götürülmüşdür. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri üzrə mədaxil gəlirlərinin ədədi ortası (2.360 AZN+2.353 AZN+2.412 AZN)/3=2.375 AZN (qarajın günlük ortalama mədaxil gəliri)-1.865 AZN (xx.xx.2022-ci il hadisə günü üzrə əldə edilmiş mədaxil gəliri)=510 AZN (beş yüz on manat). - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, çağırışın səbəbi Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtodayanacağın giriş baryerində qəza baş verməsi olmuşdur. Çağırış xx.xx.2022-ci ildə olmuş, təsbit və əməliyyatlar 13.102022-ci il tarixində saat 14:48 radələrində və xx.xx.2022-ci il tarixində saat 01:20 radələrində aparılmışdır. Təsbit edilmişdir ki, 1. Giriş baryeri qəza səbəbiylə ağır zədələnib.

2. Baryer qolu əzilib, qol yenisi ilə dəyişdirilməli, qırılma mexanizmi təmir olunmalıdır.

3. Beton kaidə və ankoraj tamamilə dağılıb.

4. Rabitə və enerji qoşulmaları ayrılmalı, düzəlişdən sonra yenidən qoşulmalıdır.

5. Motor, redüktor və gərgi yayı tərəzlənməlidir.

6. Baryer gövdəsindəki boya zədələri, çizilmələr var. Servis imkan daxilində bərpa etmək mümkün deyil. Aparılmış əməliyyatlar:

1. İşlək hala salınıb. Boya işləri, yeni baryer yolu qoyulmayıb.

2. Hazırda yeni baryer qolu olmadığı üçün yenisi ilə dəyişdirilmədi.

3. Beton kaidə yeniləndi. Ankorajlar yeniləndi.

4. Rabitə və elektrik qidalandırma qoşulmaları təmir öncəsi ayrıldı. Baryer kabinəti, beton və ankoraj təmiri bitəndən sonra yerinə qoyuldu. Qoşulmalar bağlandı. Test edilib işə salındı.

5. Motor, redüktor və gərgi yayı tərəzləndi.

6. Baryer kabinəti və qapağındaki boya defektləri düzəldilmədi. Əsaslandırıcı hissə:

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin idarəetməsində olan Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağının xx.xx.2022-ci il tarixdə saat 13.30-da Cavabdeh özünə məxsus idarə etdiyi “Toyota Yaris” markalı, 77HE378 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə dayanacağın giriş hissəsində yerləşən avtomobillərin girişi üçün nəzərdə tutulmuş baryerə zədə yetirilmişdir. Tərəflərin izahatlarına əsasən hadisədən sonra DYP və sığorta şirkətinin əməkdaşlarının iştirakı ilə vurulmuş ziyanla bağlı müvafiq araşdırma aparılmış, müvaviq qaydada və həcmdə sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı əldən çıxmış fayda ilə bağlı məruz qaldığı zərərə dair iddiasının əsası kimi baryerin bərpası məqsədi ilə qarajın fəaliyyətinin 3 (üç) saat müddətinə məcburən dayandırılması səbəbindən şirkətin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər əldə edə bilməməsini göstərərək, tələbinin maddi əsası kimi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1., 21.2, 21.3, 152.1 443.1-ci maddələr və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli Qərarına istinad edərək 3 (üç) saat ərzində vurulmuş zərərin məbləği olan 510 AZN (beş yüz on manat) cavabdehdən tutulmalı olmasını iddia edir. Cavabdeh tərəf isə avtomaşınla qəza törədilməsi nəticəsində avtomaşına və baryerə ziyan dəyməsini təsdiq etməklə, dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsinə, iddia tələbində digər göstərilənlərin heç bir hüquqi əsasının olmamasına, 3 saat ərzində qarajın giriş baryerinin istifadə edilməməsinin cavabdehin hərəkətlərinin nəticəsi deyil, iddiaçının öz təşəbbüsü ilə baş verməsinə istinad edərək iddiaya etiraz etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında əldən çıxmış fayda ilə bağlı mübahisə yarandığından tələbə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər(ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Həmin norma yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması başa düşülür. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məcəllənin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfinən tanınan və qorunan hüquqdur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Lakin qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsində zərərin əvəzinin ödənilməli həcminin düzgün hesablanmasının böyük əhəmiyyəti vardır. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin özünün davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Şübhəsizdir ki, göstərilən şəxslərin davranışlarının dəymiş zərərin yaranmasına və artmasına göstərdikləri təsirə mütənasib olaraq dəymiş zərərin həcmi azaldılmalıdır. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi də mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad edilən dəlillər iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf qeyd etdiyi 3 saat ərzində İddiaçı MMC-nin idarəetməsində olan Bakı şəhəri, Azərbaycan prospekti 2 ünvanında yerləşən avtomobil dayanacağına ödənişli əsaslarla avtomaşınlar daxil olmaq istəyərkən, baş vermiş qəza nəticəsində yaranmış fasilə ilə əlaqədar onların avtoparka daxil ola bilməməsinə və beləlikdə də şirkətin həmin müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum edilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə, iddiaçının törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 (üç) saatlıq fasilə yaranması və həmin vaxt ərzində şirkətə dəyən zərərin 510 AZN (beş yüz on manat) məbləğində qiymətləndirilməsinin əsası kimi qəzanın həftənin cümə axşamı günü baş verdiyindən məbləğin də uyğun olaraq həftə içi və keçən həftənin həmin günü avtomobil dayanacağından əldə edilən gəlirin ədədi ortasından xx.xx.2022-ci il tarixində əldə olunan mədaxil gəliri çıxılaraq hesablanmasına istinad etməsinə tənqidi yanaşmaqla əsassız sayır. Belə ki, bu yanaşma yuxarıda göstərilən halın, yəni həqiqətən də 3 saat ərzində avtoparka ümumilikdə neçə avtomaşının gəlməsini, lakin baş vermiş qəza nəticəsində avtodayanacağın giriş hissəsində yerləşən (avtomobillərin girişi üçün nəzərdə tutulmuş) baryerin təmir işləri getdiyi üçün daxil ola bilməmələrini təsdiq edən sübutlar təqdim edildiyi halda inandırıcı və əsaslı olardı. İş materiallarında olan «Professional Xidmət MMC»-nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, giriş baryeri qəza səbəbi ilə ağır zədələnsə də, aparılmış əməliyyat nəticəsində işlək hala salınıb. boya işləri, yeni baryer qolu qoyulmayıb. Göstərilən işlər xx.xx.2022-ci il saat 14.48 və xx.xx.2022-ci il saat 01.20 radələrində aparılmışdır. Cavabdeh tərəfin izahatlarından görünür ki, servis xidməti gələrək baryeri işlək hala salmış, xx.xx.2022-ci il tarixdə saat 14.19-da servisin maşını avtoparkın ərazisinə daxil olmuş, 14.48-də qüsur aktı tərtib edilmişdir. Lakin baryerin işlək hala salınmasına baxmayaraq avtoparkın ərazisinə daxil olarkən baryerin qolunun maşınlara zədə vura biləcəyi ehtimalına əsaslanaraq saat 16.16-ya qədər avtoparka giriş məcburi məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf törədilmiş qəza nəticəsində avtoparkın fəaliyyətində 3 (üç) saatlıq fasilə yaranması nəticəsində 510 (beş yüz on) AZN məbləğində gəlirin əldən çıxmasının əsası kimi istinad etdiyi dəlillər ehtimal xarakterli olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində və izahatında 16:16-ya qədər giriş olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə 13.30-da baş verəndən sonra saat 14.19-da artıq Professional Xidmət MMC-nin xidməti avtomaşını avtomobil dayanacağının giriş hissəsində yerləşən avtomobillərin giriş hissəsindən içəri daxil olmuşdur. (DYP və sığorta şirkətinin maşını bundan əvvəl avtoparkın çıxış hissəsindən daxil olmuşlar) Bu həmçinin, iş materiallarında olan Professional Xidmət MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında aktın tərtibinin saat 14.48-də göstərilməsi, eləcə də məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixində qarajın gündəlik daxil olma cədvəli ilə də təsdiq olunur. Məhkəmə iş materiallarında olan Professional Xidmət MMC-nin 14.1 0.2022-ci il tarixli qüsur aktında göstərilən saat radələri də nəzərə alınmaqla iddiaçının tələblərinə qiymət verərək qeyd etməyizəruri sayır ki, təsbit və əməliyyatlar göstərilən radələrdən əvvəl həyata keçirilmiş, saat 14.19-da artıq servisin maşını həmin baryerdən təhlükəsiz olaraq avtoparka daxil olmuşdur. İddiaçı tərəf keçən müddət ərzində yalnız 13.30-dan 16.16-ya qədər olan vaxt kəsiyində əldə edəcəyi gəlirləri əldən çıxmış fayda kimi qiymətləndirir, lakin bunu təsdiq edən mötəbər sübutlar təqdim etməyərək öz mülahizəsinə uyğun hesablama apaqmaq yolu ilə cavabdehdən məruz qaldığı zərərlə bağlı əsassız olaraq əldən çıxmış faydaya görə hesablanmış 510 AZN tələb edir və tələbinin əsası kimi istinad etdiyi halları baş verə biləcək hadisələrin (baryerin üçüncü şəxslərin avtomobilinin üzərinə düşməklə zərər vura bilməsi kimi) ehtimalı üzərinə qurmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf baryerin təmirdən sonra işlək vəziyyətə salınmasına baxmayaraq, onun hələ də (3-cü şəxslərə münasibətdə) təhlükə yarada biləcəyi ehtimallarının olması əsası ilə baryerdən istifadə etməklə avtoparka maşınların daxil olmasının məhdudlaşdırılmasının Qarajın özü tərəfindən baş verməsini etiraf etmişdir. Lakin, məhdudlaşdırmanın nəyə görə məhz saat 16.16-ya qədər davam etdiyini və həmin radədə iş fəaliyyətlərinin bərpa edilməsinin səbəblərini açıqlaya bilməmişdir. Halbuki, belə təhlükə var idisə bu məhdudlaşdırmanın vaxtı daha uzun müddətə uzadıla bilərdi. Belə ki, iddiaçı tərəfin izahatlarından və iş materiallarında olan qüsur aktından göründüyü kimi, servis xidməti baryeri günorta saatlarında tam olaraq təmir etməmiş, xx.xx.2022-ci ildə gecə saatlarında- saat 01.20-də təmir-bərpa işləri davam etdirilmişdir. Məhkəmə hesab edir ki, saat 14.19-da servisin avtomaşını baryerdən təhlükəsiz qaydada keçdiyi və 14.48-də rəy tərtib edildiyi halda, saat 16.16-ya qədər olan vaxt ərzində avtoparka giriş məhz iddiaçı tərəfin öz təşəbbüsü ilə ehtimal etdiyi hallarla (baryerin 3-cü şəxslərin avtomaşınına zərər vura bilməsi ilə) əlaqədar məhdudlaşdırılmışdır. Belə olan halda baryerin təmirindən sonra fasilənin yaranması iddiaçının öz təşəbbüsü ilə baş verdiyindən cavabdehin onun qarşısında zərərlə bağlı məsuliyyətinin yaranması üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ona məruz qaldığı zərərlə bağlı 510 AZN (beş yüz on manat) məbləğində əldən çıxmış faydaya dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və yalnız ehtimallar, eləcə də özlərinin subyektiv mülahizəsinə uyğun hesablamalar üzərində qurulmuşdur ki, belə iddia iddia əsaslı sayıla bilməz və əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar