Məhkəmə qərarları › İş №2(009)-353/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-353/2022

31.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-353/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 24.12.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən sahiblik və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması və cavabdehin Səbail rayonu, Səməd Vurğun küçəsi 1 nömrəli, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi ev 1, mənzil 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (obyekt) var və onu icarəyə vermək istəmişdir (hazırda vergi ödəyicisi kimi qeydiyyatda olmadığın bildirir). Cavabdeh adlı şəxs ona müraciət edərək həmin obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Danışıq zamanı belə qərarlaşıblar ki, obyekti paltar satmaq üçün müvəqqəti işlətsin, əgər işləri yaxşı olsa uzun müddətli notarial qaydada müqavilə bağlayarlar. Bununla əlaqədar 01.06.2021-ci il tarixdə sadə yazılı formada bir növ ilkin razılaşma kimi aralarında “icarə müqaviləsi adlı” bir sənəd imzalayıblar. Həmin icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Səbail rayonu, Səməd Vurğun küçəsi 1 nömrəli, 4 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşən 69 kv.m qeyri yaşayış sahəsini Cavabdeh icarəyə verib. O həmin ünvanda yerləşmiş və “Helen Petite” adlı mağaza açmışdır. İcarəçi orada fəaliyyət göstərdiyindən ilk vaxtlar icarə haqqını ödəsə də, son 3 ayda verməmiş, bununla bağlı ona dəfələrlə şəxsən, telefon vasitəsilə bildirsə də, odəniş etməmiş, obyekti isə qərəzli şəkildə tərk etməyəciyini bildirmişdir. Bu hal isə aralarında sadə yazılı formada bağlanmış müqavilənin, həmçinin şifahi razılaşmalarının şərtlərinin kobudcasına və əsassız olaraq, heç bir fors major hal baş vermədiyi halda cavabdeh tərəfindən pozulmasıdır. Cavabdeh hazırda da, ona məxsus obyektdə ticarətlə məşğuldur, gəlirlər əldə edir. Lakin icarə haqqını vermir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 26.01.2022-ci il tarixdə dəqiqləşmə ərizəsi verərək Cavabdeh tərəfindən sahiblik və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması və cavabdehin ona məxsus Səbail rayonu, Səməd Vurğun küçəsi 1 nömrəli, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olunduğu müddət ərzində qeyri-yaşayış sahəsinin Cavabdeh aylıq 1500 manata icarəyə verilməsi nəzərə alınmaqla, hər gün üçün 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (obyektinin) Cavabdeh tərəfindən ilkin razılaşma əsasında istifadə olunmağına baxmayaraq icarə haqqının verməməsi səbəbindən həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda verdiyi müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş və mağazanın fəaliyyəti 24.12.2021-ci il tarixdə dayandırılmışdır. Cavabdeh həmin qərarla əvvəlcə razılaşmış və ona məxsus əşyaların bir hissəsini mağazadan çıxarmış, digər hissəsini isə yaxın zamanda çıxaracağını bildirsə də, sonradan bu vədini yerinə yetirməmişdir. Bu hal isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmaqla davam etməsinə əsas olmuşdur. Belə ki, malların mağazada qalması oradan onun istifadə etməyinə əngəl törədir, təmir və s. digər işlərin görülməsinə maneə yaradır, ay ərzində ödənilməyən kommunal xərclərin iddiaçı tərəfindən odənilməsi məcburiyyətində qalır. Belə olan halda, hazırkı iş üzrə iddianın təmin olunacağı təqdirdə mülkiyyət hüquqlarını həyata keçirilməsindən məhrum olunduğu müddət ərzində cavabdehə sözügedən obyekti icarəyə verdiyi aylıq 1500 manat məbləğ nəzərə alınmaqla hər gün üçün 50 manatın cavabdehdən tutularaq ona odənilməsində özünü haqlı sayır. İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh 24.01.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək ilkin iddia tələbininin rədd edilməsi və onun qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 1 nömrəli, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinə onun tərəfindən təmirə, mebel əşyalarına və yaxşılaşdırılmasına qoyulmuş 40000 (qırx min) manat pulun cavabdehdən alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 27.01.2022-ci il tarixli №2(009)-353/2022 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, cavabdeh əşyalarını oradan çıxarmış, lakin bu barədə akt tərtib olunmamışdır. Cavabdeh tərəfindən sahiblik və mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması və cavabdehin ona məxsus Səbail rayonu, Səməd Vurğun küçəsi 1 nömrəli, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olunduğu müddət ərzində qeyri-yaşayış sahəsinin Cavabdeh aylıq 1500 manata icarəyə verilməsi nəzərə alınmaqla, hər gün üçün 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, müqavilədə icarə haqqı 1500 manat göstərilsə də, o Nişanə xanıma hər ay 4000 manat icarə haqqı ödəmişdir, bununla bağlı heç bir sənədi olmasa da, səs yazıları mövcuddur. Ödənişləri iddiaçının sürücüsü Seymur adlı şəxs almışdır. İcra məmuru ona zəng edərək, əşyaları oradan dərhal çıxarmalı olduğunu bildirdiyi üçün 27 fevral tarixində əşyalarını saymadan götürmüşdür. Artıq həmin obyekt başqa şəxsə icarəyə verilmişdir. Onun tərəfindən obyektin təmirinə və dizaynına xərclənmiş 40 min manat pul ona qaytarılmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X4 izahat verərək bildirmişdir ki, iddia ərizəsində obyektin sahəsi 69 kv.m olduğu qeyd olunsa da, obyektin sahəsi 15 kv.m-dir. Eyni zamanda, müqavilədə icarə haqqı 1500 manat olduğu halda iddiaçı cavabdehdən hər ay 4000 manat pul almışdır. Buradan görünür ki, ödənişlər artıqlaması ilə edilmişdir. Eyni zamanda cavabdeh ona edilən təzyiqlərə görə öz əşyalarını da obyektdən çıxarmışdır. Əşyalar çıxarıldığı üçün yeni icarədara icarəyə verilmişdir. Bu səbəbdən də, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 iyul 2021-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (obyektdən) 15 kv.m icarəyə verilib. İş materiallarında olan MH seriyalı №0006391 nömrəli X3 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.2442 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində 65.9 kv.m ümumi, 65.9 əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ İddiaçı aiddir. Bununla bağlı 08.09.2006-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrinində 8 nömrəli reyestr kitabının 899 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MH seriyalı №0035302 nömrəli X3 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.2442 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 4 mərtəbəli binada yerləşən – kv.m ümumi, 20.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 11 nömrəli mənzili tam mülkiyyət hüququ İddiaçı aiddir. Bununla bağlı 29.08.2006-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrinində 151 nömrəli reyestr kitabının 14966 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli №2(009)-353/2022 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı qeyriyaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci mad.). Qanunun yuxarıda göstərilən normalarının dispozisiyasına əsasən bağlanmış müqavilələr o şərtlər əsasında yerinə yetirilməlidir ki, tərəflər bu şərtlər əsasında razılığa gəlmişlər və bu şərtlər dəyişilməzdir. Ona görə də, müqavilənin qüvvəsi bir qayda olaraq onun iştirakçılarının öz öhdəliklərini tamamilə icra etməsi ilə bitir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunun qeyd olunan normalarının tələblərindən göründüyü kimi, öhdəliyin yerinə yetirilməməsi dedikdə müqavilə şərtlərinin pozulması və ya lazımınca yerinə yetirilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında icarə müqaviləsi bağlanılmış, cavabdeh 27.02.2022-ci il tarixdə qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil vermişdir. (tərəflər arasında təhvil-təslim aktı tərtib edilməmişdir) Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh müqaviləni icra etmədiyi müddət üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında cavabdeh müqavilənin şərtlərinə əməl etdiyini bildirsə də buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh 27.02.2022-ci il tarixdə qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verdiyindən və hal-hazırda həmin qeyri-yaşayış sahəsi başqa şəxsin icarəsində olduğundan tələb bu hissədə təmin edilməməli, Cavabdeh Bakı şəhəri Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 1, mənzil 11-də yerləşən qeyri-yaşayış sahəsinin 15 kv.m üçün 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2022-ci ilin yanvar ayından fevral ayının 27-dək (aylıq ödəniş 1500 manat, hər gün üçün 50 manat) ödənilməmiş icarə haqqı tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 70 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 1, mənzil 11-də yerləşən qeyri-yaşayış sahəsinin 15 kv.m üçün 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2022-ci ilin yanvar ayından fevral ayının 27-dək (aylıq ödəniş 1500 manat, hər gün üçün 50 manat) ödənilməmiş icarə haqqı tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 70 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar