Məhkəmə qərarları › İş №2(009)-367/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-367/2021

12.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-367/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğuna (Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində göstərilməklə) qarşı “ziyan” tələbi barədə iddia ərizəsi üzrə mülki işə tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ziyan” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.000 manat maddi zərərin, daşınmaz əmlaklarından məhrum olmaqları ilə bağlı vurulmuş 8,980 manat zərərin, enerji blokunun dağıdılması nəticəsində əldən çıxmış fayda olaraq 400,000 manat zərərin və 500,000 manat məbləğində zərərin cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması, polis kapitanları X6 və X1 reqres iddia qaydasında məsuliyyətə cəlb olunmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin dekabr ayında “Teliba” istirahət mərkəzinin ərazisində naməlum şəxslər tərəfindən törədilmiş müxtəlif xarakterli çoxsaylı cinayət hadisələri barədə DİN-ə məlumat verilmişdir. Polis kapitanı X4 xx xxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə Səfa Əsgərovun qərarı ləğv edilmiş və qərarın icrası İsmayıllı rayon Prokurorluğuna həvalə edilmişdir. Bu qərarın icrası ilə bağlı İsmayıllı rayon prokuroru tərəfindən 6 ay ərzində məhkəmə qərarının icrası hərəkətsiz saxlanılmışdır. Bu müddət ərzində cinayət hadisələrinin nəticəsində vurulmuş ziyanın müəyyən olunması üçün müxtəlif qurumlara sorğular ünvanlanmış, rəylər alınmış nəticədə isə vurulmuş ziyanın məbləği 8,980 manat olaraq müəyyən edilmişdir. Sonradan İsmayıllı rayon prokurorluğunun məktubundan məlum olmuşdur ki, polis kapitanı X1 xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan şikayət verilmiş və İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəhriyar Fərəcovun qərarı ləğv edilmiş və bu dəfə qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilmişdir. Yenidən başqa bir polis təhqiqatçısı X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərar qəbul qəbul edilməklə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan şikayət verilmiş və İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə Sarvan Qarayevin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmənin bu qərarında şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan bu və digər zəruri prosessual hərəkətlərin icrası ilə bağlı pozulmuş hüquqlarının bərpasına nail olmaq məqsədilə nağd pul vəsaitləri xərclənmiş, bu işlərin görülməsinə zəhmət və zaman sərf olunmuş, naməlum şəxslərin törətmiş olduqları cinayət əməlləri nəticəsində isə işgüzar nüfuza xələl gətirilmişdir. İstirahət mərkəzində olan daşınar əmlakların yararsız vəziyyətə salınması ilə iddiaçılara 8,980 manat məbləğində ziyan dəymişdir. Cinayət prosesini həyata keçirməli olan İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluğunun məsul vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində törədilmiş özbaşınalıqlar iddiaçıların qanuni mənafeyinə ziyan və zərər vurmuşdur. Obyektin enerji blokunun dağıdılması nəticəsində obyekt öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, nəticədə isə adi mülkiyyə dövrü şəraitində 2018-ci ilin dekabr ayından bugünədək olan müddət ərzində orta hesabla 400,000 manat məbləğində gəlir əldən çıxmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçıların iştirakı olmadan keçirilməsini və iddia tələbini qəbul etməyərək, təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.4-cü və 185.5-ci maddələrinə əsaslanaraq işə iddiaçıların və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, ərizənin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan: İsmayıllı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli Sərəncamının surətindən görünür ki, İddiaçı1 Basqal Meşəbəyliyinin 53-cü kvartalının 1-ci bölməsindən icarəyə götürdüyü 1,5 ha torpaq sahəsində meşə landşaftını korlamadan, əsaslı tikinti aparmadan, qırıntıya, ağacların kəsilməsinə yol vermədən, yanğın və sanitariya-gigiyena qaydalarına əməl etməklə “Teliba” istirahət mərkəzinin yaradılması məqsədilə yüngül konstruksiyadan ibarət ümumi sahəsi 1393,03 kv.metr olan binaların müvəqqəti quraşdırılmasına icazə verilmişdir. Polis kapitanı X4 xx xxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı istirahət mərkəzində hər hansı bir oğurluq faktının törədilməsi aşkar edilməmişdir. Bundan başqa baxış zamanı elektrik generatorunun yerində olması, heç bir avadanlığın sökülməməsi müəyyən edilmişdir. Baxış zamanı cinayət xarakterli hər hansı bir iz aşkar edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, X4 xx xxxx 2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək ləv edilmiş və qərarın icrası İsmayıllı rayon prokuroruna həvalə edilmişdir. Polis kapitanı X1 xx xxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, müraciət müəllifinin müraciətdə göstərdiyi xüsusatları təsdiq edə biləcək mötəbər dəlil əldə edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, X1 xx xxxxxxx 2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək ləv edilmiş və qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilmişdir. Polis mayoru X2 xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, müraciət müəllifinin müraciətdə göstərdiyi xüsusatları təsdiq edə biləcək mötəbər dəlil əldə edilməmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı2 şikayəti təmin edilməmiş və Polis mayoru X2 xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Hakim iddia ərizəsində iddiaçının əks etdirdiyi hüquqi mövqedən aslı ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən də görünür ki, hazırki iş üzrə İddiaçı2 şikayəti üzrə dəfələrlə polis tərəfindən araşdırma aparılmış, lakin iddiaçıların iddia etdiyi kimi “Teliba” istirahət mərkəzinin ərazisində hər hansı bir cinayət əməlinin törədilməsi faktı müəyyən edilməmişdir. Bu səbəbdən polis orqanının müvafiq qərarları ilə cinayət işinin başlanması rədd edilmiş və sonuncu olaraq polis mayoru Sarvan Qarayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı İsmayıllı rayon Məhkəməsinin qərarı ilə qanuni hesab edilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçıların ərizədə qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçılar məhkəməyə iddia ərizəsində göstərdikləri halları, habelə hazırki iş üzrə cavabdehlərin məsul şəxslərinin hərəkətləri nəticəsində onlara ziyan dəyməsi faktını təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdirlər. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığından isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ziyan” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar