Məhkəmə qərarları › İş №2(009)-38/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-38/2023

30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-38/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın cavabdehin hesabına aradan qaldırılması” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın cavabdehin hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda yaşadığı ünvan 1 ünvandakı mənzili xx.xx.2019-cu il tarixdə müqavilə əsasında alıb. X1 məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzilindən axan sular üzündən ona məxsus yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə ciddi ziyan dəymişdir. Cavabdeh dəfələrlə bir qonşu olaraq mövcud problemin həlli ilə əlaqədar müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Bu problem həmin ünvana köçdüyü tarixdən, təxminən 3 ilə yaxındır ki, davam edir. Cavabdehin mənzilindən axan çirkab sular onun mənzilinin tavanını, divarını nəmləndirir və nəticədə mənzilində olan əmlakı, dolablar, soyuducu, qabqacaq, paltarları və sairə əşyaları tam yararasız vəziyyətə düşmüş, ona dəfələrlə maddi və mənəvi ziyan dəymişdir. Cavabdehin hərəkətləri üzündən evinin divarları məhv olmuş, divarlarda və tavanda insan sağlamlığı üçün yüksək təklükəli olan kif göbələyi və rütubət əmələ gəlmişdir. Bundan əlavə cavabdeh və onun həyat yoldaşı Səmayə ikinci mərtəbədə bilərəkdən səs-küy yaradaraq onları narahat edir. Özü uzun müddət müalicə olunan xəstədir. Onların bu hərəkətləri onun səhhətinə pis təsir etmiş, əsəbindən dəfələrlə yıxılmış, dizləri xəsarət almışdır. Dəfələrlə cavabdehin bu hərəkətlərinə görə bir çox instansiyalara, polisə, prokurorluğa, sahə müvəkkilinə şifahi və rəsmi müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nəticədə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hələ bu azmış kimi Cavabdeh ona sözlə ifadəsi utandırıcı olan ifadələrlə onun şərəf və ləyaqətini alçaltmışdır. Bu hal mütəmadi davam etməkdədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu müddət ərzində cavabdeh onunla heç bir şəkildə ünsiyyətə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş, hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır, yəni qonşu kimi ona və ən əsası mövcud problemə laqeyd yanaşmışdır. Cavabdehin məsuliyyətsizliyi üzündən nəinki mənzilinə, mənzilin içində olan bütün əmlakına ziyan dəymişdir. Cavabdehin təqsiri üzündən səhhəti daha da pisləşmişdir. Belə ki, bu hadisələrə qədər etdirdiyi bütün müalicələr boşa getmişdir. Hətta cavabdehlə qonşu olduğu müddətdən bəri digər yeni xəstəliklər tapmışdır. Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, 2015-ci ildən etibarən ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Həmin ünvanda daimi olaraq yaşayır. Bu vaxta kimi heç bir zaman qonşularla bir problem yaşamamışdır. İddiaçı iddia edir ki, ünvan 2 mənzildən axan sular üzündən yaşadığı ünvan 1 mənzilə ciddi ziyan vurmuşdur. Lakin, bütün bunlar əsassız və yalandır, qəbul etmir. İddia əsassızdır və onun evi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı iki ilə yaxındır məhləyə köçüb. Qonşuların demək olar ki, hamısı ilə pis münasibəti var. Nəlayiq sözlər ilə təhqir edir. İstər böyük, istər balacaya pis münasibət göstərir. İddiaçı dəfələrlə qonşulara polis çağırıb, polisin yanında heçnəyə baxmayaraq yenədə davamlı olaraq təhqir edib. Sahə müffətişi dəfələrlə gəlib və onlara baş qoşmamağı xahiş edib. Evinin zibillərini onların qapılardan asır. Gecələr çıxır məhləyə ucadan danışır, söyüş söyür. Qonşular dediklərinin hamısını təsdiqləyir. Su borularının xətti hamamının göründüyü yerdən keçir, yəni onun evi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı barəsində yazdığı iddia ərizəsində göstərdiyi xüsusatlar tamamilə şər və böhtandır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, bu işlə bağlı ekspertiza təyin edilmişdir. Aidiyyatı orqanlar və ekspert də gəlib baxan zaman müəyyən edildi ki, onun tərəfindən heç bir ziyan dəyməmişdir. Bir il yarım bundan qabaq iddiaçının su borusu partlamışdır. Kauçuk boru olub günün altında qalıb partlayıb. Ona təmir olunmasını demişlər, lakin o, nalayiq sözlər işlədərək təmir etməmişdir. Sonradan sahə rəisi mütəxəssis gətirdib öz pulu ilə təmir etdirmişdir. Qarşı tərəf ona böhtanlar atır, nalayiq ifadələr işlədir. 1 ildən artıqdır ki, polislərə şikayət edir. Polislər də onun necə insan olduğunu bilirlər. Zibilləri çıxarıb asır, xəstə olduğu üçün gedib ata bilmir. Özü elə bir mühit yaratmışdır ki, heç kəs ona nə zibil atır, nə çörək alır. Dediklərində heç bir əsas yoxdur. Ona qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Rayonun çox yaxşı havası vardır. İddiaçı isə dar bir yerdə yaşayır, heç bir yerdən hava gəlmir. İddia əsassızdır. Qarşı tərəfə onun tərəfindən heç bir ziyan dəyməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 149 saylı MKİS-nin 6089 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/4702 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsində yerləşən Ö/t 8u (8/4) ünvanında evin yaşayış otağının( mübahisəli otağın üstünə düşən hissə) daxili hissəsindən, eləcə də döşəmənin alt hissəsindən hər hansı kommunikasiya, o cümlədən su, kanalizasiya, istilik boruları çəkilmədiyindən, İddiaçı məxsus yaşayış evinə su sızmasının 18 saylı yaşayış evindən olmadığı müəyyən edilmişdir. Tədqiq olunan evin (otağın) dam örtüyünün üstü və ətraf hissələri qonşu evlərə məxsus tikililərlə bitişik yerləşdiyindən və həmin evin dam örtüyünə baxış keçirilməsi mümkün olmadığından, su sızmasının konkret olaraq hansı səbəbdən baş verdiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus yaşayış evində (otaqda) su sızma ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 200,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunmadığından cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşımır. Bu səbəbdən iddia tələbi maddi ziyanın tutulması hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş 2000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 2000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi rədd olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar