Məhkəmə qərarları › İş №2(009)-381/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-381/2022

06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-381/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə ümumilikdə 96200 manat məbləğində pulun, mənəvi zərərə görə 10000 manat məbləğində pulun, ödənilmiş 396,20 manat dövlət rüsumunun cavabdeh fiziki şəxs Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə əmək müqaviləsinə əsasən “Cavabdeh”na məxsus istehsalat sexində yaymaçı vəzifəsinə işə qəbul edilmişdir. 2019-cu il tarixdə peçin arxa tərəfinə nəzarət edən işçilər işdən azad edilmiş və texniki təhlükəsizlik qaydaları cavabdeh tərəfindən polumuşdur. Belə ki, metal əridilməsi zamanı peçin arxa tərəfində işçi olmalı və işçilərin təhlükəsizlliyini təmin etməlidir. Lakin işə götürən tərəfindən peçin arxa tərəfinə cavabdeh olan işçi götürülməmiş və texniki təhlükəsizlik qaydaları pozulmuşdur. 04 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanda yerləşən “Cavabdeh”na məxsus istehsalat sexində yaymaçı vəzifəsində işləyərkən iti uclu armaturun sağ ayağına batması nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid xəsarət almışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1449 saylı rəyinə əsasən dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarət olması müəyyən edildiyinə görə toplanmış materiallar üzrə cinayət işinin başlanması Binəqədi rayon prokurorluğunun müstətinqi X.Şamxayzadə tərəfindən 04 oktyabr 2021-ci il tarixdə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin 19 oktyabr 2021-ci il tarixdə (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında) qərar Binəqədi rayon Prokurorluğu tərəfindən qəbul edilmişdir. Fiziki şəxs Cavabdeh tərəfindən “istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” AKT tərtib edilmişdir. Məhkəmə-əmək təhlükəsizliyinin tətbiqi ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 10/5057 saylı rəyindən görünür ki, istehsalat sexində işçilərin təhlükəsizliyini təmin edən vasitələrin tətbiq edilməməsi, konkret olaraq fərdi mühafizə vasitəsi olan xüsusi ayaqqabı olmadığı üçün baş vermiş hadisəyə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nın 2.9.1. bəndinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi səbəbindən o, xəsarət almış və sağlamlığı pozulmuşdur, əmək qabiliyyətini itirmişdir. Cavabdehin tanışı olan X7 cərrah vəzifəsində işləyən X6 ayağını 6-7 ay ərzində 3 dəfə yarmış və bir dəfə də əməliyyat etmişdir. Həmçinin ayağında əməliyyat zamanı sinir ucları zədə görmüşdür. Ayağı yaxşılaşmadığı üçün özəl klinikalara müraciət etmiş və müayinə edən həkimlər bildirmişdir ki, ayağına infeksiya düşüb. Həmçinin 1 saylı klinik tibb mərkəzdə 22 gün müalicə olunduqdan sonra məlum olmuşdur ki, ayağında göyərmə var və daha sonra müxtəlif vaxtlarda “Medera Hospital”, “Azərtürkmed”, “Güvən”, “Xüsusiləşdirilmiş Anqioloji Mərkəz”, “İstanbul NS” və “Hərbi Hospital”a müraciət etmişdir. Uzun müddətli müalicələrdə olmuşdur, hal-hazırda da müalicələri davam edir, hər ay müəyyən məbləğlərdə maddi vəsait sərf edir. Ayağında ciddi problemlər yaranmış və dəfələrlə əməliyyat olunmuşdur. Ayağında olan hüceyrələrin oyadılması müalicəsi aparılmalıdır, əks halda ayağınının kəsilmək təhlükəsi vardır. İki ildir ki, ağrıkəsicilərlə yaşayır və cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilmir. Halbuki o, əmək qabiliyyətini itirmişdir. Uzun müddətli müalicələrdə olmalıdır və sağlamlığının bərpa edilməsi üçün külli miqdarda vəsait tələb olunur. Cavabdehin təqsiri ucbatından o, külli miqdarda maddi zərərə məruz qalmışdır. Belə ki, qohum-əqrabadan müxtəlif vaxtlarda 12500 + 7800 + 6000 + 3000 + 4000 manat olmaqla, cəmi 33300 manat borc almış və müalicələrə xərcləmiş, sərbəst hərəkət edə bilmədiyi üçün müalicə ilə bağlı gedib-gələrkən taksidən istifadə etmiş və bu günə qədər taksiyə iki il yarım ərzində 6000 manat pul xərcləmişdir. Müalicə ilə bağlı Bakı şəhərində yaşamağa məcbur olmuşdur və şəxsi yaşayış yerinin olmaması səbəbindən kirayədə qalır. Kirayə haqqı ümümi 7200 manat təşkil edir. Müalicəsilə bağlı olaraq gələcəkdə fizoterapiya üçün bir seansı 30 manat, taksi ilə gedib-gəlməyə 15 manat olmaqla iki il ərzində hər həftənin 5 günü aparılmalıdır və umumi seanslara isə ümumilikdə 21600 manat xərclənəcəkdir. Kislarod qəbuluna görə də 1 (bir ) il gedib-gəlmək lazım olacaqdır və bununla bağlı hər həftənin beş günü bir seans 20 manat olmaqla 4800 və 15 manat taksiyə ödənilməsi üçün cəmi 3600 manat, ümumi olaraq bir ilə 8600 manat xərc çəkilməsi zəruri olacaqdır. Ayağına hüceyrə müalicəsi ilə bağlı xaricə - Türkiyəyə getməlidir və iki dəfə müalicənin xərci 50000 ABŞ dollarıdır. Həmçinin evdə yeganə o işləyir və xaricdə olacağı müddətdə ailəsinin dolanması üçün 20000 manat pul lazım olacaqdır. Cavabdeh tərəfə müraciət edərək ona vurulmuş maddi zərəri ödəməsini tələb etmişdir, lakin cavabdeh maddi zərərin ödənilməsindən yayınmışdır. Bundan başqa, xeyli müddət işsiz qalması, sağlamlığını itirməsi və bunun müqabilində maddi sıxıntı keçirməsi səbəbindən dəfələrlə əsəb gərginliyi keçirmişdir ki, nəticədə çox ciddi stress və əsəb gərginliyi baş vermişdir. Həmçinin maddi ziyana məruz qalmağı səbəbindən sarsıntı keçirmiş və bu onun səhhətinin pisləşməsi ilə nəticələnmişdir, mənəvi zərərə məruz qalmışdır. Bu hadisənin baş verməsi və maddi zərərin qarşılanmaması onun səhhətimə ciddi şəkildə təsir etmişdir. Ona görə də, cavabdeh tərəfindən ona dəyən maddi zərərlə yanaşı 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini də tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və etiraz verərək bildirmişdir ki, İddiaçı 2017-ci il tarixdən müqavilə əsasında Cavabdeh məxsus olan dəmir istehsalı zavodunda fəhlə-yaymaçı kimi işə başlamışdır. Əvvəllər həmin zavodun rəsmi adı "xxxx" MMC olmuş, sonradan həmin zavod fərdi sahibkar Cavabdeh tərəfindən VÖEN əsasında işlədilmişdir. İddiaçı zavodun digər işçiləri kimi texniki təhlükəsilik qaydaları ilə vaxtlıvaxtında təlimatlandırılmış, texniki təhlükəsizlik qaydaları ilə bağlı kitaba qanunun tələb etdiyi qaydada və vaxtlarda imza etmişdir. 04 iyun 2019-cu il tarixdə İddiaçı səhər saatlarında işə gəlmiş, saat təxminən 14:30 radələrində, İddiaçı ayağına metal çubuq dəyərək ona xəsarət yetirmişdir. Xəsarət alan kimi ona dərhal ilkin tibbi yardım göstərilmişdir. Bundan sonra iş yerində Zaura bildirilmişdir ki, narahat olmasın, ona aldığı xəsarətdən müalicə olunması üçün kömək olunacaq və bütün zəruri dəstək veriləcəkdir. O, iş yoldaşının avtomobili ilə dərhal xəstəxanaya çatdırılmışdır. "Semaşko" kimi tanınan xəstəxanada Zaurun sağ ayağının topuq nahiyəsində cərrahiyyə əməliyyatı aparılmış və həmin gün də, o, ambulator müalicəyə göndərilmişdir. Bundan sonra da, müxtəlif vaxtlarda İddiaçı işəgötürən tərəfindən müxtəlif xəstəxanalara aparılmış, dəfələrlə onun ayağındakı zədə tibbi müayinələrdən keçirilərək, həm müayinə xərcləri, həm də müalicə üçün alınan bütün dərmanların dəyəri işəgötürən tərəfindən ödənilmişdir. İddaçı İddiaçı xəsarəti çox da ciddi olmamışdır. Belə ki, o, zədələndikdən sonra da işləməyə davam etmiş və onun əmək haqqı vaxtı-vaxtında, təxminən 2022-ci ilə qədər əmək haqqı kartına köçürülmüşdür. Məhkəmə-tibbi eksperizasının xx.xx.2021-ci il tarixli rəyi ilə onun xəsarəti az ağır xəsarət kimi dəyərləndirilmişdir. Bundan başqa, onun işləməsi və vaxtı-vaxtında əmək haqqı alması ilə yanaşı, İddiaçı bütün əlavə istəkləri təmin olunmuş və onun əlavə xərcləri də işəgötürən tərəfindən qarşılanmış, işəgötürən sahibkar daima onun yanında olmuş, bütün istəkləri qarşılanmış, heç vaxt istər maddi, istərsə də mənəvi dəstəkdən sahibkar onu məhrum qoymamışdır. Hətta qayınatası evində yaşayan İddiaçı ailə münaqişəsi zəminində evsiz qaldığı zamanda, sahibkar tərəfindən o, kirayə mənzillə təmin olunaraq, aylıq 400 manat kirayə xərci işəgötürən tərəfindən ödənilmişdir. Bu vəziyyət təxminən 2021-ci ilin sonlarına qədər davam etmişdir. Lakin İddiaçı birdən birə fərdi sahibkar Cavabdeh qarşısında ağlasığmaz tələblər qoyaraq, ondan yüksək məbləğdə pul tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir ki, bundan sonra hal-hazırki durum yaranmışdır. İddiaçı iddiası tamamilə əsassızdır, iddianın heç bir əsası yoxdur. Belə ki, iddiaçı iddia məbləğinin 96000 manatının zədə nəticəsində məhrum olduğu gəlir kimi "əsaslandırmağa" çalışsa da, bütün bu dövr ərzində, əvvəllər o hansı vəzifədə işləyirdisə, elə o vəzifədə də işləmiş, hansı məbləğdə əmək haqqı alırdısa, elə o məbləğdə də əmək haqqı almışdır. Adam eyni vəzifədə çalışaraq, eyni məbləğdə əmək haqqını aldığı halda, necə 96.000 manatlıq «gəlirdən» məhrum ola bilərdi ki? Mövcud qanunvericiliyə əsasən iddia tələbini sübutemə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iş materiallardan görünür ki, iddiaçı iddia tələbini əsaslandıracaq heç bir tutarlı sübut təqdim etmir. Belə ki, onun hesabladığı məbləğ fərziyyələrdən ibarətdir və kimlərdənsə "borc aldığını", gələcəkdə "taksi xərclərinin filan qədər, müalicə xərclərinin filan qədər ola biləcəyi" ehtimalları üzərində qurulmuşdur. İddiaçı zədəsi ağır olmadığı üçün, (məhkəmə-tibbi eksperizaının xx.xx.2021-ci il tarixli rəyi ilə onun xəsarəti az ağır xəsarət kimi dəyərləndirilmişdir) ona dövlət tərəfindən heç bir pensiya və ya digər ödənc təyin olunmamışdır. O, əmək qabiliyyətini itirməmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir: İş materiallarında olan Binəqədi rayon prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 19 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, fiziki şəxs Cavabdeh adlı dəmir sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis vəzifəsində işləyən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan 01 nömrəli istehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2021ci il tarixli 01 nömrəli İZ formalı aktdan görünür ki, 4 iyun 2019-cu il tarixdə, fiziki şəxs (VÖEN **********) Cavabdeh istehsalat sexində nahar fasiləsindən sonra yaymaçı vəzifəsində işləyən İddiaçı işlədiyi 7-ci sıradakı 2 vallı prokat dəzgahının yanına gəlib, işini davam etdirərək, dəzgahın arxa tərəfinə keçmiş, dəzgahdan kənara çıxan isti metal çubuğu əlindəki maşa ilə təkrar dəzgaha verən zaman ani olaraq metal çubuğun son uc hissəsi qatlanaraq onun sağ ayağının topuq nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Həmin vaxt usta A.Muxtarov da hadisə yerinə gəlib, İddiaçı 1 saylı X8 aparmışdır. Xəstəxanada İddiaçı müvafiq tibbi yardımlar göstərilmiş, topuq nahiyəsində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra həkim məsləhəti ilə ambulator müalicəyə göndərilmişdir. İddiaçı sonrakı dövrlərdə də müxtəlif tibb müəssisələrinə səhhəti ilə əlaqədar müraciət etmişdir. Bədbəxt hadisənin səbəbləri: 4.1. Fiziki şəxs tərəfindən təsdiq edilmiş “Yaymaçıların vəzifə təlimatı”nın 10-cu bəndinin (iş zamanı texniki təhlükəsizlik, ... qaydalarına əməl etmək) və 14-cü bəndinin (iş zamanı yaymaçılar özünü və iş yoldaşlarını təhlükəyə məruz qoymayacağı təqdirdə işi təhlükəsiz yerinə yetirməlidir) tələblərinə riayət edilməməsi. 4.2. Fiziki şəxs tərəfindən təsdiq edilmiş “Usta və usta köməkçisinin vəzifə təlimatı”nın 8-ci bəndinin (İş prosesində işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik texnikası qaydalarına, ... riayət olunmasına nəzarət edir) tələblərinə riayət edilməməsi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin əmri ilə təyin edilmiş komissiyanın fiziki şəxs (VÖEN **********) Cavabdeh işçisi İddiaçı xx.xx.2019-cu il tarixdə saat 14:30 radələrində xəsarət alması ilə nəticələnmiş badbəxt hadisənin xx.xx.2021-ci il tarixli Təhqiqat aktından görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən İstehsalat sexinin yaymaçısı İddiaçı cavabdehliyini, 4.2-ci bədinə əsasən İstehsalat sexinin ustası X1 nəzarətsizliyini müəyyən etmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X2» Publik Hüqüqi şəxsin xx.xx.2022-ci il tarixli, 215/KEŞ №-li rəyindən görünür ki, 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı X3 xx.xx.2020-ci il tarixdə doppler, xx.xx.2021-ci il tarixdə mütəxəssis müayinələrindən keçmiş və ona “İnfiltrasiyaedici trombongit. Baldır arteriyasının stenozu. İkinci dərəcəli xroniki işemiya” diaqnozu təyin edilmişdir. Qeyd edilmiş xəstəlik damar daxili patologiyalara aid olub, uzun sürən xroniki prosesin nəticəsidir və travmatik mənşəli deyildir. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda sağ aşağı ətrafda “Sağ qamış sinirinin travmatik zədələnməsi” müəyyən edilmişdir. Bu patoloji vəziyyət sinir uclarının (N.Tibialis) zədəsi ilə ola bilər və xx.xx.2019-cu il tarixdə istehsalatda almış olduğu “Sağ ayağın iç topuğunda kor deşilmiş yarası (mismar)” anatomik proyeksiyası ilə uyğun deyildir. 2.3 İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, İddiaçı xx.xx.2019- cu il tarixdə istehsalatda xəsarət almış və almış olduğu xəsarətlə əlaqədar ona ilkin tibbi yardımlar göstərilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə X9 İddiaçı “Sağ ayağın iç topuğunda kor deşilmiş yarası (mismar)” diaqnozu təyin edilmiş və yaranın birincili cərrahi işlənməsi kimi tibbi yardım göstərilmişdir. X9 23-xx.xx.2019-cu il və 04xx.xx.2019-cu il tarixlərdə İddiaçı “Sağ pəncənin infeksiyalaşmış yarası” diaqnozu ilə əlaqədar stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmişdir. Beləliklə, hazırda İddiaçı sağ aşağı ətrafın baldır səviyyəsində qeyd olunan patoloji vəziyyət damar daxili xroniki proses və sinir mənşəli olub, istehsalat travması ilə əlaqəli deyil. İddiaçı hazırki sağlamlıq durumu ilə əlaqədar onun Azərbaycan Respublikasının Səhiyyə sistemində müvafiq profil üzrə tibb müəssisələrində travmatoloq-ortoped və cərrah tərəfindən nəzarətdə olması məsləhətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı cavabdehə məxsus istehsalat sexində yaymaçı vəzifəsində işləyərkən xx.xx.2019-cu il tarixdə iti uclu armaturun sağ ayağına batması nəticəsində xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar İddiaçı xx.xx.2019-cu il tarixdə X9 “Sağ ayağın iç topuğunda kor deşilmiş yarası (mismar)” diaqnozu təyin edilmiş və yaranın birincili cərrahi işlənməsi kimi tibbi yardım göstərilmişdir. X9 23-xx.xx.2019-cu il və 04-xx.xx.2019-cu il tarixlərdə İddiaçı “Sağ pəncənin infeksiyalaşmış yarası” diaqnozu ilə əlaqədar stasionar şəraitdə müayinə və müalicələrdə olmuşdur. İddiaçı X3 xx.xx.2020-ci il tarixdə doppler, xx.xx.2021-ci il tarixdə mütəxəssis müayinələrindən keçmiş və ona “İnfiltrasiyaedici trombongit. Baldır arteriyasının stenozu. İkinci dərəcəli xroniki işemiya” diaqnozu təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli, 215/KEŞ №-li rəyindən görünür ki, qeyd edilmiş xəstəlik damar daxili patologiyalara aid olub, uzun sürən xroniki prosesin nəticəsidir və travmatik mənşəli deyildir. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda sağ aşağı ətrafda “Sağ qamış sinirinin travmatik zədələnməsi” müəyyən edilmişdir. Bu patoloji vəziyyət sinir uclarının (N.Tibialis) zədəsi ilə ola bilər və xx.xx.2019-cu il tarixdə istehsalatda almış olduğu “Sağ ayağın iç topuğunda kor deşilmiş yarası (mismar)” anatomik proyeksiyası ilə uyğun deyildir. Hazırda İddiaçı sağ aşağı ətrafın baldır səviyyəsində qeyd olunan patoloji vəziyyət damar daxili xroniki proses və sinir mənşəli olub, istehsalat travması ilə əlaqəli deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə ümumilikdə 96200 manat məbləğində pulun, mənəvi zərərə görə 10000 manat məbləğində pulun, ödənilmiş 396,20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar