Məhkəmə qərarları › İş №2(009)-387/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-387/2024

26.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-387/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – Cavabdeh ASC-yə qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 26 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30,16 ABŞ dolları məbləğində pulun və 5000 manat mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının adına Almaniyadan “WESTERN UNİON” pul köçürmələri həyata keçirən ödəniş sistemi vasitəsilə 200 avro pul vəsaiti göndərilmişdi. xx.xx.2023-cü ildə Cavabdeh ASC-nin Azneft filialına getmiş və 200 avro pul vəsaitini götürmək istədiyini bildirmişdir. Lakin Cavabdeh ASC-nin Azneft filialında o aldadılmış, ona 200 avronun ekvivalentindən az miqdarda pul vəsaiti təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-nin Azneft filialında 1 avro = 0.9438467 ABŞ dolları məzənnəsi ilə 200 avronun 188.77 ABŞ dolları olması ona bildirilmiş və həmin 188.77 ABŞ dolları ona 1 ABŞ dolları = 1.69 AZN məzənnəsi ilə 319.02 manat olaraq ödənilmişdir. Halbuki, xx.xx.2023-cü ildə 1 avro = 0.9438467 ABŞ dolları ola bilməzdi. Həmin gün 1 avro = 1.09465 ABŞ dolları məzənnəsi mövcud idi və 200 avro 218.93 ABŞ dolları olaraq ona ödənilməli idi. Beləliklə, Cavabdeh ASC tərəfindən ona məxsus olan 200 avro daha az məzənnə ilə hesablanaraq 30.16 ABŞ dolları əskik ödənilmişdir. Bununla bağlı, Cavabdeh ASC-уэ yazılı müraciət edərək az ödənilmiş məbləğin ona verilməsini tələb etsə də, cavabdeh pul vəsaitini ödəməkdən imtina etmişdir. O, 1-ci Qarabağ müharibəsi veteranıdır. Müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidenti X4 tərəfindən təyin edilmiş 80 manat pensiya alır, bundan başqa gəliri yoxdur. Həmin pul vəsaitini qohumu ona 8 X6 münasibətilə maddi kömək olaraq göndərmişdi. Cavabdeh ASC-nin bu hərəkətləri ona pis təsir etmiş, o mənəvi sarsıntı, iztirab keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O bildirmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi hesab üzrə çıxarışda qeyd olunan bank əməliyyatının hazırki iddia ilə heç bir əlaqəsi yoxdur. Belə ki, xx.xx.2024-cü il tarixdə məxaric olunan 31,58 ABŞ dolları məbləğində vəsait hesaba xx.xx.2011-ci il tarixdə mədaxil edilmişdir. İddiaçının Cavabdeh ASC-dən şikayəti mövcuddursa, ona başqa banklara müraciət etməsi təklif edilməsinə baxmayaraq, iddiaçı niyə bugünə qədər Cavabdeh ASC-dən pul mübadiləsi etməyə davam edir. Məhkəmə cavabdeh tərəfin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarından olan: "xxxx" ASC-nin Azneft filialının xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı valyuta dəyişmə məntəqəsində 188,77 ABŞ dolları müqabilində pul vəsaiti 319,02 manat məbləğində pul vəsaiti ilə dəyişdirilmişdir. Qəbzdən eyni zamanda görünür ki, ABŞ dollarının məzənnəsi həmin tarixdə 1,690000 manat olmuşdur. “Western Union” pul köçürmələri xidmətinin göstərilməsi şərtlərində qeyd olunmuşdur ki, Valyuta mübadiləsi – pul köçürmələri adətən vəsaiti alana ödəyən ölkənin valyutasında göndərilir. Pul köçürməsinin valyutası vəsaitin ödənilməli olduğu valyutadan fərqləndiyi halda, mübadilə “Western Union” sisteminin kursu ilə müəyyən edilir. Mübadilə pul köçürülməsi aparılan zaman həyata keçirilir və vəsaiti alan köçürmə əməliyyatı həyata keçirilən zaman qeyd edilən valyutada vəsait alır. Cavabdeh ASC tərəfindən təqdim olunmuş hesab üzrə çıxarışın surətindən görünür ki, 31,58 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus bank hesabına xx.xx.2011-ci il tarixdə mədaxil edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridi. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı adına “Western Union” pul köçürmələri xidməti vasitəsi ilə 200 avro məbləğində pul vəsaiti göndərilmişdir. İddiaçı həmin məbləği almaq üçün Cavabdeh ASC-yə yaxınlaşmış və xx.xx.2023-cü il tarixdə qeyd olunan pulun ekvivalenti kimi 319,02 manat məbləğində pul vəsaiti almışdır. İddiaçı hazırda hesab edir ki, bank tərəfindən qeyd olunan məbləğ daha az məzənnə ilə hesablanaraq, 30.16 ABŞ dolları məbləğində əksik ödənilmişdir. Bu səbəbdən həmin pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə yuxarıda qeyd olunan maddi normalara və işdə olan sübutlara istinad edərək belə nəticəyə gəlir ki, iddiaçı ona göndərilən 200 avro məbləğində pul vəsaitini almaq üçün banka yaxınlaşdıqdan sonra bank tərəfindən ona qeyd olunan məbləğin həmin gün üçün məzənnəsinin 1,690000 manat olduğu barədə məlumat verilmiş və bundan sonra iddiaçı ona göndərilən pulun həmin məzənnə ilə dəyişdirilməsinə razılıq verərək, 319,02 manat məbləğində pulu cavabdehdən almışdır. Yəni ki, iddiaçı bankın həmin gün üçün müəyyən edilmiş məzənnəsi ilə tanış olduqdan sonra müstəqil iradə ifadəsini nümayiş etdirərək qəbzə imza etməklə pulu bankdan almışdır. İddiaçı izahatında bankın sonradan ona guya səhvini başa düşərək sonradan 31,58 ABŞ dolları məbləğində pul fərqini qaytardığını bildirsə də, bank tərəfindən təqdim olunmuş iş materiallarında olan hesab üzrə çıxarışın surətindən görünür ki, həmin məbləğ onun hesabına xx.xx.2011-ci il tarixdə köçürülmüşdür. Buradan da görünür ki, iddiaçı izahatında qeyd etdiyi bu halı məhkəmədə sübut edə bilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya hər hansı bir zərərin dəymiş olduğu və əqd öhdəliklərini əməl etməməsi halı iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi faktı təsdiq edilmədiyindən və mülki hüquq pozuntusu arasında səbəbli əlaqənin mövcud olmaması səbəbindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi tələbin digər hissəsi olan “pul” tələbindən yarandığından və tələb həmin hissədə təmin edilmədiyindən, bu hissədə də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh ASC-yə qarşı «pul» barədə iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar