Məhkəmə qərarları › İş №2(009)-412/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-412/2022

12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-412/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı (Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti qeyd edilməklə) Cavabdeh qarşı “qəzalı vəziyyətin aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (Maraqlı şəxs1 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti qeyd edilməklə) Cavabdeh qarşı “qəzalı vəziyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilinin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9A mənzilin aynabəndinin və eyvanının 2 metrlik sol cinah istinad divarının yerinə bərpa olunması, 14A mənzilində istinad divarın cavabdeh tərəfindən bərpasının təmin olunmasına nəzarəti, həmçinin İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh evinə baxış keçirilərkən onun 14a saylı mənzili “lüstur alçıpan tavanında” çatlama görmüşlər, buna səbəb isə 1-ci mərtəbədə yaşayan Rəşadın üst 2-ci mərtəbədəki 9a saylı mənzilinin aynabəndinin və eyvanının 2mlik sol cinah istinad divarını 14a saylı mənzilin giriş dəhlizində qanunsuz özbaşına sökməsidir. Sökməkdə məqsədi isə 14a saylı mənzilinin sahəsini genişləndirmək və ümumi həyət sahəsini zəbt etmək olmuşdur. Bununla da kifayətlənməyən cavabdeh İçərişəhər Qoruq ərazisində tarixi əhəmiyyətli binada daha 8 divarı dağıtmışdır. Cavabdeh 14 a saylı mənzilində sökdüyü divarlarla kifayətlənmir, onun 9a saylı mənzilində də sökməli məkanlar olduğunu israrla bildirir. Bu hal cavabdehin digər niyyətinin binada qəza yaradıb sığorta haqqından yararlanması məqsədini ortaya qoyur. Qanunsuz əməllərini örtbasdır etməyindən ötrü cavabdeh 2019-cu il tarixdə təkrarən DƏDRX-də 14a saylı mənzilin texniki sənədlərində dəyişiklik etmişdir. Bunu evin yeni sahəsinin 82 kv.m-dən 133 kv.m-dək artması ilə müşahidə etmək olar. Evin sahəsinə 33 kv.metrlik 2-ci dəhliz otağı da salınmışdır. Şəxsi mənafeyini düşünən cavabdeh dərk etmir ki, sakinlər yaşayan 1890-cı il tarixli binada bu kimi ekstremal divar söküntüsü işləri həyati təhlükəlidir. Cavabdeh qonşusu 9a saylı mənzilinin köhnə sahibi Mehmanı da divar sökməyə təhrik etmiş və o da 9a saylı mənzilində istinad divarını 70 sm-dən 22 sm-ə qədər nazikləşdirmişdir. Cavabdeh 14a saylı evində söküntü işlərinin aparmasına dair məhkəməyə təqdim etdiyi əsas sübutlar Qoruq İdarəsinin texniki pasport əvəzləyicisi olan 1997-ci il 14a saylı mənzilinin cizgi planı və 14a saylı mənzilinin köhnə sahibəsi Süleymanova Zibanın şahid ifadəsidir. Belə ki, cavabdeh tərəfindən 1-ci mərtəbədə 14 a saylı mənzilində aparılan rekonstruksiya işləri binanın özülünün zəifləməsinə, bu da öz növbəsində tarixi 94 saylı binanın qəzalı vəziyyətə düşməsinə və çökməsinə səbəb olacaq. Cavabdeh 14a saylı mənzilində divarları sökməklə yetməmiş, sanitar qovşağın və mətbəxin yerini də dəyişmişdir. Cavabdeh hərracla əldə etdiyi halal olmayan 14a saylı mənzilində xərc çəkib bu mənzili dağıdıb tanınmaz hala salmışdır. Bunu 14 a saylı mənzilinin köhnə sahibi Ziba xanım da öz şahid ifadəsi ilə təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya qarşı xx.xx.2021-ci il tarixli iddia ərizəsi üzrə (iddia ərizəsinin surəti əlavə edilir. Qoşma 1), Səbail rayon Məhkəməsində 2(009)- 720/2021 nömrəli mülki icraat başlanılmış və İddiaçı da, ona qarşı eyni tələb üzrə qarşılıqlı iddia ilə çıxış etmiş (Qarşılıqlı iddia ərizəsinin surəti əlavə edilir. Qoşma 2.), məhkəmə baxışı dövründə hər iki tərəfin sualları üzrə, hakim tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertin yerli baxışı zamanı, sözügedən qüsurların yəni, alçipanda olan çatların, şişmələrin, ləkələrin və s-nin, 9a saylı mənzildən çirkab suyun axıdılması nəticəsində yaranması rəsmi olaraq bildirilmiş (ekspert rəyinin surəti əlavə edilir.Qoşma 3), nəticə olaraq isə, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə, İddiaçı 333 manatın tutularaq ona ödənilməsi qət edilmişdir (Qətnamənin surəti əlavə edilir.Qoşma 4). Fakt üzrə dediklərinin digər sübutları kimi, Mənzil-Kommunal və Təmir Xidmətinin məktubunu və çox sayda aktları misal göstərə bilər (25 Yanvar tarixli məktubun və aktların surətləri əlavə edilir.Qoşma 5). Həmçinin ona məxsus mənzildə “istinad divarlarının sökülməsi” kimi, absurd iddianın əksi olaraq bildirir ki, 14a saylı mənzildə heç bir istinad və ya köməkçi daş divarlar sökülməmiş, əksinə təmir dövründə, yararsız vəziyyətdə olan, yüngül konstruksiyalı hissələr (taxta şüşəbənd, dəmir və gipsalid arakəsmələr), daş hörgü ilə möhkəmləndirilmiş, taxtadan olan çürümüş eyvan isə betonla əvəzlənmişdir. Bütün təmir işləri texniki sənədlərə uyğun olmaqla, müvafiq nəzarət altında aparılmışdır. Hətta, mənşəyi bilinməyən, üzərində müxtəlif qeydlər aparılmış, 14a saylı mənzilin sxemi kimi təqdim edilən və sübut kimi qəbul edilməsi mübahisəli olan, işə əlavə edilmiş məlum sxemlə, qanuni əsaslarla tərtib edilmiş 14 a saylı mənzilin texniki pasportundakı göstəricilərin 99% eyniliyi dediklərinin sübutudur ( 14a-nın tex.pasportunun surəti əlavə edilir. Qoşma 6). Daha sonra iddiaçı, onun 94 saylı binanın daha 8 divarını dağıtdığını iddia edir, lakin bunun sübutu kimi heç bir faktı ortaya qoymur və bununla da qərəzli, böhtançı mövqeyi ortaya çıxmış olur. Belə ki, iddiaçı özünə məxsus 9a saylı mənzildə sökülmüş istinad divarını ört-bastır etmək və gələcək məsuliyyətdən yayınmaq məqsədi ilə, habelə, sözügedən mənzilində özbaşına quraşdırılmış və sökülməsi qanunun tələbi olan, bir ədəd sanitar qovşaq və kommunikasiya xətlərinin gələcək taleyindən narahatlığı, sonuncunun ona qarşı məlum mövqeyindən xəbər verir ki, bunu da ərizəsində öz sözləri ilə bir daha bildirməsi, dediklərinin sübutudur. Həmçinin iddia ərizəsində guya onun, “qəza yaradıb sığorta haqqından yararlanmaq məqsədinin” olması kimi absurd fikir yürüdülür. Bununla əlaqədar bildirir ki, ona məxsus 14a, həmçinin 9 və 12 saylı mənzillər, hal-hazırda sığorta məsuliyyəti altında deyillər. Daha sonra iddia ərizəsində bildirilir ki, guya o “qanunsuz əməllərinin örtbastır edilməsi üçün”, 2019-cu ildə təkrarən DƏDRX-ində 14a saylı mənzilin texniki sənədlərində dəyişiklik etmiş, 82 kv. metrdən 133 kv. metrə qədər mənzili artırmış və 33 kv metrlik 2-ci dəhliz otaq da texniki sənədə salınmışdır. Əvvəla bildirir ki, 133-dən, 33 çıxılanda 100 qalır, iddiaçınin isə 82 kimi nəticəyə gəlməsi, sonuncunun qərəz dolu niyyətindən irəli gəlir. Bununla əlaqədar bildirir ki, 14a saylı mənzil tək payla ona məxsusdur, mülkiyyət eləcə də texniki sənədlərdə yaşayış sahəsi ilə yanaşı ümumi sahənin də göstərilməsi ilə bağlı, tərəfindən DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət edilmiş, məsələ məhkəmə müstəvisində baxılaraq, İnzibatı Məhkəmənin Qərarına əsasən, 2019-cu il tarixində sözügedən mənzilin sənədləri yenilənmişdir (Qərarın surəti əlavə edilir. Qoşma 7). Məlumat üçün bildirir ki, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 saylı əlavə üzrə, 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan, Mirzə Mənsur küçəsi 94 saylı ev, 1850-ci ildə inşa edilmiş və evin ona məxsus 9, 12 və 14a saylı mənzillərində heç bir istinad və ya köməkçi divarları sökülməmiş, iddiaçıya məxsus 9a saylı mənzildə isə, 7 metr uzunluğu, 0,70 metr eni olan və abidənin tərkib hissəsi olmaqla, daşıyıcı divarın sökülməsi faktı isə, mötəbər sənədlərdə öz əksini tapmışdır (ekspert rəyinə bax. Qoşma 2). Həmçinin bildirir ki, 9a saylı mənzildə istinad divarının sökülməsi və köməkçi divarların ziyan çəkməsi faktı üzrə, həm əvvəlki mülkiyyətçi (X3), eləcə də iddiaçı olan hazırki mülkiyyətçinin məsuliyyətlərinin təyini və cavabdehlik bölgüsünün aparılması yönündə, Qoruq idarəsi və tabe təşkilatları ilə, tərəfindən danışıqlar aparılır və nəticə olaraq, məsələnin məhkəmə müstəvisində araşdırılması, divarın bərpa edilməklə xərcinin və vurulmuş ziyanın cavabdehlərdən tutulması, həmçinin xüsusi qərardad çıxarılmaqla prokurora xəbər vermə kimi prosesual hərəkətlərin aparılması razılaşdırılır. İddiaçı mənşəyi bilinməyən, üzərində müxtəlif qeydlər aparılmış, 14 a saylı mənzilin sxemi kimi təqdim edilən və sübut kimi qəbul edilməsi mübahisəli olan tarixi bilinməyən, işə əlavə edilmiş məlum sxemi və Ziba Süleymanovanın şahidliyini, özünün dediyi kimi əsas sübut olaraq təqdim etdiyini bildirir. Baxmayaraq ki, məlum sxemin işə sübut kimi əlavə edilməsini mübahisələndirmək kimi hüququ var, lakin sözügedən sxemin, qanuni əsaslarla tərtib edilmiş 14a saylı mənzilin texniki pasportundakı göstəricilərlə 99% eynilik təşkil etdiyindən, bu halı öz xeyrinə daha bir faktiki sübut kimi istifadə etməyə qərarlıdır. Şahid ifadəsinə gəlincə isə, 63 yaşlı bir qadının heç bir əhəmiyyət kəsb etməyən, yalnız keçmiş qəzəbli və qərəzli xatirələrindən irəli gələn, yalan və yalnız yalan olan şahidlik halına isə yazığı gəlir. Eyni zamanda bildirir ki, o sözügedən mənzili, iddiaçının dediyi kimi hərracdan deyil, hüquqi şəxsdən alğı-satqı yolu ilə almış və bunu işə əlavə edilmiş sənədlərdən də görmək olar. Beləliklə, iddia ərizəsindəki bütün məqamlara aydınlıq gətirməklə, birmənalı olaraq o qənaətə gəlinir ki, məlum absurd ərizə, yalnız onun qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şər-böhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla və tərəflərin düzgün seçilməməsi ilə müşayiət edilməkdədir. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək iddia tələbinə yenidən baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci ildə iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 14 A mənzilində cavabdeh tərəfindən aparılmış qanunsuz söküntü işləri nəticəsində ona məxsus olan mənzilin qəzalı vəziyyətə düşməsi nəticəsində dəymiş 6600 manat maddi ziyanın və 86 manat məbləğində ödədiyi dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli iddia ərizəsində yazdığı absurd iddia tələbləri üzrə xx.xx.2022-ci il tarixli, işə əlavə edilmiş etiraz ərizəsində bütün məqamlar və ortada olan suallar ətraflı cavablandırılmışdır. İndiki iddiada iddiaçı tərəfin ekspertin yerlı baxışında iştirak etməməsi subyektiv maraqlara söykənir və bu hal ekpertizanın gəldiyi obyektiv nəticəyə heç cür təsir edə bilməz. Ekspertiza qarşısında qoyulan suala gəlincə isə bu apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qarşısında qoyduğu məsələdən irəli gələn sualdır ki, ilkin iddia tələbində də iddiaçı tərəfindən məhz bu tələb irəli sürülmüşdür. Daha sonra iddiaçı öz ərizəsində yazır ki, guya o, 2018-2019-cu illərdə özünə məxsus 14 saylı mənzildə söküntü işləri aparmış və iddiaçının mənzilinə ziyan dəymişdir. Sözügedən 14a saylı mənzili o 2007-ci ildə almışdır və təmir işləri 2007-2008-ci illərdə Qoruq İdarəsinin razılığı və nəzarəti altında, texniki sənədlərə uyğun olaraq aparılmışdır. Yəni 9 il daha sonra mülkiyyətçisi olduğu mənzilə dəymiş ziyanın məqsədli şəkildə ona yönəldilməsi isə sonuncunun qərəzliyindən xəbər verir. 2018-2019-cu illərdə cavabdehə məxsus mənzildə heç bir təmir-tikinti və s. bu kimi hərəkətlər olmamış, əksinə bu dövrdə iddiaçı tərəf ona maddi ziyan vurmuşdur ki, bu da qüvvəyə minmiş xx.xx.2021ci il tarixli məhkəmə qətnaməsində öz əksini tapmışdır. Daha sonra ərizədə abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi kimi obrazlı fikir yürüdən iddiaçının özünün 9a saylı mənzilində 7 metr istinad divarının sökülməsinin məsuliyyətini sonuncunun və aidiyyəti olan qurumun üzərinə qoyaraq bildirir ki, arakəsmə divarlarda ola bilən çatların məhz bu səbəbdən baş verməsi labüddür və ən yaxın gələcəkdə aidiyyəti qurum qarşısında bu məsələ əsaslı olaraq qaldırılacaqdır. xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə bir daha sübut olunur ki, iddia olunan 14a saylı mənzildə hər hansı bir istinad, yükdaşıyan divarının söküldüyü müəyyən olunmadı. Göründüyü kimi iddiaçı tərəf heç bir sübutu olmadan, yalnız qərəz dolu böhtanları ilə ona qarşı təzyiq vasitəsi kimi məhkəmədən suiistifadə etməkdədir. İşin hallarını, faktları və yuxarıda sadalananları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin səhvi ucbatından hal-hazırda burdadılar. Əvvəldən ona izah etmişdir ki, bu yoldan çəkinsin, amma cavabdeh çəkinməmişdir. Ardınca bu işi sülh yolu ilə həll etməyi təklif etmiş, o razılaşmamışdır. Bu gün ona təhlükəsizliyi təmin etməyi təklif edir, o yenə də razılaşmır. Qarşı tərəf öz səhvlərini görmür. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, ekspert rəyləri və xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi sübut edir ki, iddia tamamilə əsassızdır.Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı deyil və bu səbəbdən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri M.Mənsur küçəsi 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağı sökülmüş və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətləri ləğv edilmiş, 333 manat maddi ziyan cavabdehdən tutularaq Cavabdeh verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri M.Mənsur küçəsi 94 saylı evin 14a və 9a saylı mənzillərinin üst-üstə düşən hissələri üzrə istinad divarlarının söküldüyü və dəyişən hissələrinin arxiv sənədindən fərqli olduğu, Bakı şəhəri M.Mənsur küçəsi 94 saylı evin 9a saylı mənzilində quraşdırılmış qaz cihazları, su və digər kommunikasiya vasitələri Mənzil-Kommunal və Təmir Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli V-01/05/03 saylı məktubuna və baxış zamanı əldə olunmuş məlumatlara əsasən mənzildə texniki sənədlərdə öz əksini tapmayan tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmiş və həmin mənzilin sanitar qovşaq və mətbəx kommunikasiya xəttlərinin çəkilişi texniki normativlərə cavab vermədiyi, Bakı şəhəri, M.Mənsur küçəsi 94 saylı evin 14a saylı mənzilin tavanında olan qüsurları, qüsurların mövcud olan hissədə qab və paltaryuyanın yerləşdiyini və eləcə də mülki iş materiallarında olan Mənzil Kommunal və Təmir Xidmətinin məktublarını və aktın məlumatlarını nəzərə alaraq 9a saylı mənzildən 14a saylı mənzilə su axması, tədqiq olunan 14a saylı mənzildə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 333 manat məbləğində müəyyən olunur. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9a saylı mənzili xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********22-05101-093005 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə X2 adına 2530 nömrəli reyestr kitabında 235609 nömrəli vərəqdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 14a saylı mənzili xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəsi və **********22-05101-093002 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 381 nömrəli reyestr kitabında 35521 nömrəli vərəqdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 14a Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş şahid ifadəsindən görünür ki, 1997-2007-ci il tarixlərində Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi ev 94, 14a saylı mənzilin sahibi olmuş X4 bildirmişdir ki, 2007-ci il tarixdən 14 a saylı mənzilin sahibi olmuş Cavabdeh sözügedən evdə dəyişikliklər etmiş, istinad divarlarını dağıtmış, tarixi 35 kv.m otağı qanunsuz özünküləşdirmiş, sanitar qovşağı və mətbəxi söküb yerini dəyişmiş, nəticədə 94 saylı binada qəzalı vəziyyət yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilir ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, 14 a saylı mənzilin giriş dəhlizində qanunsuz özbaşına sökülmüş 9a saylı mənzilin aynabəndi və eyvanın 2 metrlik sol cinah istinad divarı ilə İddiaçı əvvəllər sökülməsini tələb etdiyi 3 metrlik divarla eyni divar olubolmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 14a isə Cavabdeh mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” oxşar tələblə məhkəmədə qarşılıqlı iddia vermiş və Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, 14 a saylı mənzilin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu və həmin mənzilin hər hansı bir istinad, yükdaşıyan divarının söküldüyü müəyyən olunmamışdır. (məhkəmə ekspertizasının rəyi ilə də öz təsdiqini tapmamışdır.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, cavabdehin mənzilində 2 metrlik divarın sökülməsi, divarın sökülməsi nəticəsində iddiaçının mülkiyyətində olan mənzilin qəzalı vəziyyətə düşməsi ilə 6600 manat ziyanın vurulması təsdiq olunmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir. Həmçinin keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci -100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci -100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar