Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-415/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı X3 iştirakı ilə, iddiaçı X3 Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dəymiş 2000 manat zərərin, 3000 manat mənəvi zərərin və 70 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Həmin binanın 4 nömrəli mənzili iddiaçının mənzilinin üst mərtəbəsində yerləşir və cavabdehə məxsusdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində iddiaçıya ziyan dəymişdir. Cavabdehə kanalizasiya və su sistemində problemin olması, bununla əlaqədar lazımi təmirin aparılması barədə müraciət edilsə də, xahişləri nəzərə alınmamışdır. Cavabdehin təqsiri ucbatından iddiaçıya dəymiş zərər təxminən 2.000 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: ÖM seriyalı 035029 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 nömrəli mənzili X3 xüsusi mülkiyyətindədir. 3 saylı MKİS-in rəisi A.Mehdiyev və sahə nəzarətçisi O.Əhmədov tərəfindən tərtib olunmuş 14 sentyabr 2022-ci il tarixli aktda qeyd edilir ki, Ə.Nəzmi ev 100 mənzil 2 ünvanında yaşayan X6 qonsuşu Ə.Nəzmi 100 mənzil 4 ünvanında yaşayan Cavabdeh Dmitriyevnanın mənzilindən onun mənzilinə mütəmadi olaraq sanitar qovşağına çirkab suyun axması ilə əlaqədar 3 saylı MKİS-ə ərizə ilə müraciət edib. Tərəfimizdən yerində baxış keçirilərkən fakt öz təsdiqini tapıb, həqiqətən də çirkab suyun damcılanması müşahidə olunub. Aşkarlanıb ki, kanalizasiya borularının diametri tələb olunan standartlara cavab vermədiyindən və sanitar qovşağının yerinin dəyişdirilməsi səbəbindən çirkab sular 2 saylı mənzilə axır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 saylı mənzilinin mətbəx və hamam tikililərinin tavanı üzərində du dıxms əlamətlərinin olduğunu, iddiaçıya məxsus 2 saylı mənzilin üzərində cavabdehə məxsus 4 saylı mənzilin yerləşdiyini və eləcə də, mülki iş materiallarında əlavə olunmuş 3 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 saylı mənzilinin üst mərtəbəsində yerlşən 4 saylı mənzildən su sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Ə.Nəzmi küçəsi 100 saylı evin 2 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 258 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvan üzrə 100 saylı evin iddiaçıya məxsus 2 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən ziyanın həcmi və məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 258 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin 3000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 70 AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş 70 manat dövlət rüsumunun 35 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmətikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 258 manat, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi olmaqla, ümumilikdə 293 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub X4 ödənilsin. xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi X2, 50 manat hissəsi isə Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN ********** X1 VÖEN ********** Kod: 210005 Müxbirhesabı 41nABZ********************, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-415/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-415/2024
09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver