Məhkəmə qərarları › İş №2(009)-424/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-424/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-424/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, iddiaçı «xxxx» ASC-nin - Cavabdeh qarşı «subroqasiya hüququ əsasında pul tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC - Cavabdeh qarşı «subroqasiya hüququ əsasında pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7,300 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “Changan” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilin sahibi “xxxx” MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sığortalanmışdır. Cavabdeh özünün sahibliyində olmuş “Toyota Prado” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci il tarixdə saat 14:00 radələrində Bayıl qəsəbəsi istiqamətindən hərəkət edərkən Salyan yoluna çıxaraq “Su idmanı sarayı” istiqamətində hərəkət edərkən ondan sağda hərəkət edən “Changan” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabağına çıxmış, nəticədə “Changan” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində “Changan” markalı avtomobil tam yararsız hala düşərək avtomobilə 11,792 manat məbləğində ziyan dəymişdir. Avtomobil tam məhv olunduğundan hazırkri sığorta məbləğindən 900 anat azaldılma məbləği və 800 manat qalıq dəyəri çıxraq maşının mülkiyyətçisi “xxxx” MMC-yə 7,300 manat məbləğində sığorta ödənişi edilmişdir. Buna görə də iddiaçı hesab edir ki, iddiaçı tərəfindən ödənilən 7,300 manat sığorta ödənişi cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində iddia tələbini müdafiə etdiyini göstərmiş və məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan: «xxxx» ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, sığortalı “xxxx” MMC-yə məxsus 2014-cü il istehsalı olan, “Changan” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil «xxxx» ASC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək sığorta olunmuşdur. Azadolma məbləği 900 AZN təşkil edir. Həmin aktdan eyni zamanda görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində baş vermiş sığorta hadisəsi nəticəsində “Changan” markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11,792 manat müəyyən olunmuş, sığorta ödənişinin məbləği 7,300 manat təşkil etmişdir və reqress tələbi irəli sürülməli şəxs qismində Cavabdeh göstərilmişdir. xx xxx 2017-ci il tarixli 3305 saylı ödəniş tapşırığından görünür ki, “xxxx” MMC-nin hesabına cəmi məbləğ 7,300 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən, zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. 916.1 maddəsinə əsasən, əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan iddiaçının təqdim etdiyi «Avtofiks» şirkətinin servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, «Changan» markalı ** PG *** dövlət nömrə nişanlı avtomobilin zərər dəymiş hissələrinin dəyişdirilməsi və təmiri, həmçinin təmirlə əlaqədar ustaların əmək haqqı üçün, cəmi 11,792 AZN vəsaitin tələb olunduğu göstərilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı avtomaşınla «Changan» markalı ** PG *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş və nəticədə «Changan» markalı ** PG *** dövlət nömrə nişanlı avtomobilə 11,792 manat ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla əlaqədar «xxxx» ASC sığorta müqaviləsinə uyğun olaraq «Changan» markalı ** PG *** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün 7,300 AZN sığorta məbləğini sığortalı “xxxx” MMC-yə ödəmiş və reqres qaydasında ziyanın əvəzinin ödənilməsi tələbi iddiaçı «xxxx» ASC-yə keçmişdir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, eyni zamanda subroqasiya iddialarına dair bütün hüquqlar sığortaçıya keçmiş və sığortaçı haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə müvafiq olaraq, "Subroqasiya hüququ MM-nin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur." 936.2-ci maddəsinə əsasən, "Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir." 21.2-ci maddəsinə əsasən, "Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür." 1096.1-ci maddəsinə əsasən, "Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)." 1096.2-ci maddəsinə əsasən, "Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır." 1097.1-ci maddəsinə əsasən, "Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir." 1108.1-ci maddəsinə əsasən, "Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur." 1114.1-ci maddəsinə əsasən, "Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a. ) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır." Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və bank xidməti haqqının əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» ASC-də sığortalanmış və “xxxx” MMC-yə məxsus «Changan» markalı ** PG *** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən sığortalıya ödənilmiş pul vəsaitinin əvəzi olaraq 7,300 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 7,330 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar