Məhkəmə qərarları › İş №2(009)-432/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-432/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-432/2024 19.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində 19 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9500 manat məbləğində əsas borcun, 7125 manat faiz borcunun, 5000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının tanışıdır. Cavabdeh o bir neçə ildir tanıyır, onunla normal münasibətləri vardır. Hər zaman bir-birilərinə hörmətlə yanaşmışlar. Cavabdeh 2022-ci ilin iyul ayının əvvəllərində ona müraciət edərək bildirdi ki, şəxsi işləri ilə əlaqədar olaraq onun müəyyən məbləğdə pula ehtiyacı var, lakin hazırda onda həmin məbləğdə pul yoxdur. Ona görə də ona təklif etdi ki, 9-10 nəfərdən ibarət qrupla lotereya oynasalar və birinci ay yığılan pul məbləğini ona versələr onun problemi öz həllini tapar. Sonrakı aylar da o pulu vaxtı-vaxtında onlara ödəyəcəkdir. İddiaçı, bu barədə tanışları X1, Şahid, X5 və digər qohum-qonşu, iş yoldaşlarına bildirdi və onlar öz aralarında lotereya oynamaq qərarına gəldilər. Yəni qaydalara görə hər kəs hər ay eyni miqdarda pul verir və hər ay iştirakçılardan biri bu pulları götürür. Aylar üzrə növbə hamıya çatır. Burda heç kim artıq pul götürmür, sadəcə olaraq hər ay verdiyi pul toplanaraq bir dəfə ona bütöv şəkildə verilir.Onlar Cavabdeh təklifi ilə razılaşaraq 10 iyul 2022-ci il tarixdən lotereya oyununa başladılar və birinci ay yığdlqıarı 9500 (doqquz min beş yüz) manat pulu həmin tarixdə Sevincə verdilər. Daha doğrusu o, digər 9 nəfər iştirakçıdan topladığı 9500 manat məbləğində pulu 10 iyul 2022-ci il tarixdə şəxsən Cavabdeh verdi. Hər bir iştirakçı 1000 manat pul verməli idi. İkinci ay pul yığma zamanı bütün iştirakçılar ödəniş etmələrinə baxmayaraq, Cavabdeh ödəniş etməyərək onlarla əlaqə saxlamaqdan yayındı və bir müddət onlar onu tapa bilmədilər. Bir müddət sonra iddiaçı onu taparaq götürdüyü pul vəsaitini geri qaytarmasını tələb etdi. Həmin vaxtı Cavabdeh hər ay 1000 manat olmaqla 10 ay müddətinə onların pulu geri qaytaracağına söz verdi. Hətta buna dair aralarında vətəndaş razılaşmasını təsdiq edən cavabdeh tərəfindən yazılan qəbz də vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli öz yazısında qeyd etmişdir ki, İddiaçı qızma olan 9500 manat lotereya borcunu hissə-hissə ödəyəcəkdir.(qəbz əlavə olunur). Bundan başqa Cavabdeh «WhatsApp» mesajlaşma sistemi vasitəsi ilə iddiaçıya olan borcunu etiraf etməsi barədə ona yazılı və səsli mesajlar göndərmişdir, (həmin mesajların surəti əlavə olunur). Lakin çox təəssüflər olsun ki, cavabdeh üzərinə düşən öhdəliyi bu günədək yerinə yetirməmiş və onun davranışından görünür ki, heç yerinə yetirmək niyyəti də yoxdur. Pulunu istəyəndə cavabdeh sonuncu dəfə ona bildirmişdir ki, nə vaxt pulu olanda onda qaytaracaq. Hər dəfə müxtəlif bəhanələrlə onun pulunu verməkdən yayınır. Pulunu istədiyinə görə hətda Cavabdeh iddiaçıdan Xətai RPİ-nin 36-cı polis bölməsinə guya iddiaçının ondan hədə qorxu ilə pul tələb etməyi barədə şər-böhtan dolu şikayət ərizəsi yazaraq onu və ailə üzvlərini narahat etməyə başlamışdır. Eyni məzmunlu ərizə ilə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə də müraciət etmişdir. (22-ci PB-dən aililərinı daxil olimuş məktkb əlavə olunur). Lotereya oyununun digər iştirakçıları Cavabdeh ona görə tanıdıqlarına görə onların qarşısında pis vəziyyətdə qalmışdır. Onların ona olan inamlarının itməsini hiss edirdi və o, bundan çox mənəvi əzab çəkirdi, sarsıntı keçirirdi. Stress və həyəcandan sağlamlıq vəziyyəti uzun müddət pisləşdi, mənəvi sarsıntı keçirdi. Səhhəti qorumaq üçün maddi vəsaitlər xərcləməklə maddi və mənəvi zərər çəkmişdir Cavabdeh etibardan sui-istifadə edərək aldatma yolu ilə onlara məxsus 9500 (doqquz min beş yüz) manat pul vəsaitini ələ keçirməsi faktında Azərbaycan Respublikası CM-nin 178ci maddəsinin əlamətləri olması barədə Səbail rayon prokurorluğuna ərizə ilə müraciət etdi. Onun ərizəsi Səbail rayon prokurorluğu tərəfindən baxılması üçün həmin rayonun Pİnin 39-cu PB-nə göndərilmişdir. Səbail RPİ-nin 39-cu PB-dən ərizəsi ilə bağlı ona ünvanlanmış xx.xx.2023- cü il tarixli, 47-3/2-Ə-17136 nömrəli məktubda qeyd olunmuşdur ki, müraciətinizdə göstərilən məsələ mülki xarakterlidir və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur, (məktub əlavə olunur). Hal-hazıradək nə qədər çalışsa da cavabdehdən verdiyi 9500 manat puldan bir manatda olsun ala bilməmişdir. Hesab edir ki, qanunvericiliyin tələbinə görə onlara dəymiş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ödəməlidir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sonuncu məhkəmə iclasından sonra cavabdehin vəkili ona barışıq üçün müraciət etmiş və 4000 manat pul ödənilməsi əvəzində mübahisənin barışıqla həll edilməsini təklif etmişdir. Lakin o, buna razı olmamışdır. Çünki cavabdeh ona 9500 manat pul ödəməlidir. Qarşı tərəfin barışıq üçün təklif etdiyi məbləğ isə onu qətiyyən qane etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh adından yazılmış xx.xx.2022-ci tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı olan 9500 manat borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İddiaçı ilə Cavabdeh arasında baş tutan vatsap yazışmalarının surətindən görünür ki, cavabdeh iddiaçıdan onu lotereya oyununa qoşması üçün xahiş edir. İddiaçı lotereyadan yığılmış və cavabdehə ödədiyi pulun cavabdehdən geri qaytarılmasını xahiş etməsinə baxmayaraq, cavabdeh müxtəlif səbəblərdən qaytara bilmədiyini bildirir. 09 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən Şahid bildirmişdir ki, iddiaçını uzun illərdi tanıyır, lakin cavabdehi tanımır. Onlar 11 nəfərdən ibarət qrup ilə hər ay lotereya oynayırlar. Adambaşı hər ay 1000 manat ödəniş edirlər. İlhamənin xahişi ilə Sevincin də lotereyaya qoşulmasına razılıq vermişdirlər. Sevincin təcili xərcləri olduğu üçün birinci ay üçün yığılan pulun Sevincə verilməsi razılaşdırılmışdır. Bundan sonra İlhamə tərəfindən 9500 manat məbləğində pul Sevincə verilmişdir. Lakin sonradan İlhamə hazırki vaxta kimi həmin pulu geri ala bilməmişdir. Keçən ilin mart ayında İlhamə xanımın əməliyyat olunması ilə əlaqədar onu ziyarət etmişdi. Həmin vaxt İlhamə Sevincə zəng etdi və səsucaldıcı vasitəsi ilə Sevinclə telefonda danışarkən Sevinc ona bildirmişdir ki, o pulu qaytarmayacaq və İlhaməni həbs etdirəcəyi ilə hədələmişdir. 09 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X1 bildirmişdir ki, İlhaməni uzun illərdir tanıyır. İddiaçının təşkilatçılığı ilə o və ondan başqa şəxslər hər ay adambaşı 1000 manat ödəmək şərtilə lotereya oynamaq barədə razılaşmışdırlar. Sevincə təcili pul lazım olduğu üçün lotereyanın iştirakçılarının razılığı ilə birinci ay üçün yığılmış pul İlhamə tərəfindən Sevincə verilmişdir. Sevincə verilən pul 9500 manat məbləğində olmuşdur. Lakin sonradan İlhamə hazırki vaxta kimi həmin pulu geri ala bilməmişdir. 09 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, iddiaçının təşkilatıçılığı ilə lotereya oyunu oynanılırdı. O da iştirakçı idi. Hər ay 1000 manat ödəniş edirdi. Sevinci tanımır, lakin 1ci ay üçün yığılmış pulun Sevincə verildiyini bilir. İddiaçı Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə vermiş olduğu izahatında göstərmişdir ki, Cavabdeh ona 9500 manat borcu vardır. Borcunu qaytarmasının bildirməsi üçün o, Sevincə yaxınlaşarkən Sevinc qəsdən səs-küy salmağa başlamış və onu təhqir etmişdir. 9500 manat borcun qaytarılması üçün ona kömək göstərilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “9500 manat” əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki,tələb bu hissədə əsaslıdır. AR Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Hazırkı mübahisədən görünür ki, iddiaçının təşkilatçılığı ilə lotereya oyunu oynanılmağa başlanmışdır. İştirakçılar hər ay 1000 manat ödəniş etməklə, hərəsi əvvəlcədən müəyyən edilmiş növbə üzrə yığılmış pulu almaq barədə razılaşmışdırlar. Cavabdeh iddiaçıdan onu da lotereyaya qoşması üçün xahiş etdikdən sonra iddiaçı digər iştirakçıların razılığı ilə Sevinci də lotereyada iştirak edən şəxslərin sırasına daxil etmişdir. Sevinc təcili pula ehtiyacı olduğu üçün 1ci ay üçün yığılan pulu götürmək üçün xahiş etmiş və lotereya iştirakçıları razılıq verdikdən sonra 2022-ci ilin iyul ayında İddiaçı yığılan 9500 manat pulu cavabdehə vermişdir. Bundan sonra növbəti ay üçün iddiaçı loteraya ödənişlərini yığmağa başlayarkən cavabdeh öhdəsinə düşən pulu ödəməmişdir. Növbəti aylarda iddiaçı cavabdehdən pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh pulu ödəməkdən yayınmışdır. Hazırki vaxta kimi 9500 manat puldan cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus olmayan pul vəsaitini mənimsəməklə əsassız və heç bir hüquqi əsas olmadan varlanmışdır. Məhkəmə iddia tələbinin “7125 manat” əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki,tələb bu hissədə qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2022-ci ilin avqust ayından) hazırkı vaxtadək 16 aylıq dövr üçün 9500 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 16 ay üçün 633 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 5.000 manat pul tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10,133 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar