Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-464/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat vurulmuş maddi və mənəvi ziyanın və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir (20 ildən çoxdur) ki, 4-cü mərtəbədəki qonşu ailə Cavabdeh və ailə üzvləri öz hamam və tualetindən onun mətbəxinə su axıdır. Bunu düzəltmək üçün müraciətinə cavab vermirlər. Bu hərəkət qonşu tərəfindən özbaşınalıqdır. O, mətbəxi 3-4 dəfə təmir etdirib, hətta tavanı taxtadan etmişdir ki, tavanda nəmişlik və sarı ləkələr olmasın, görünməsin, lakin bunun faydası olmamışdır. Mətbəx mebeli xarab olub, mebelin içində qara göbələk yaranıb. Onların sağlamlığı və əsəbləri gedir. Gündə axıdılan sular vedrəyə yığılır. Dayanmadan evinə su axır. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 8000 manat vurulmuş maddi, eləcə də, mətbəx mebelinə dəymiş ziyana görə 3000, antresola görə 5000 manat ziyanın və 2000 manat mənəvi ziyanın və ödənilmiş 121 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, cavabdehin mənzilindən daimi axan su nəticəsində onun mənzilində olan antresola 5.000 manat və mətbəx mebelinə 3.000 manat ziyan dəyib. Həmin ziyanın dəqiqləşdirilməsi ilə bağlı ekspertiza təyin olunmasın xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 7000 manat maddi və mənəvi ziyana görə 3000 manat ödənilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizəsinə dəqiqləşdirmə təqdim edərək bildirmişdir ki, o, cavabdehdən maddi ziyana görə 30.000 manat, mənəvi ziyana görə isə 30.000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını və ona dəyən maddi və mənəvi ziyan cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılar görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 4 saylı MKİS-nin mühəndisi Mustafayev Nazim, sahə bələdçisı Həsənov Məhəmməd, lift bələdçisi Davudov Vasif tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvana texniki baxış keçirildi. Məlum oldu ki, bu mənzilin üstündə yerləşən Sevinc Babayevaya məxsus 45 saylı mənzilin hamam tualetindən 41 saylı mənzilin yaşayış otağına su axır. Dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq bu günə kimi axma davam edir İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.1994-cü il tarixli, 14239 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyom küçəsi, 19 saylı evin, 41 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur. İş üzrə tərin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2075 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 41 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə öaxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 41 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 41 saylı mənzillərin tavanı və divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 4 saylı MKİS-n əməkdaşları tərəfindən 41 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarına əsasən, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 41 saylı mənzilinə S.Babayevaya məxsus 45 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 41 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurlrın aradan qaldırılması üçüngörülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 577 manat məbləğində müəyyən edilir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi ekspertizası üzrə X1 161 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, 41 saylı mənzildə yerləşən antresol sahəsinə və mətbəx mebelinə ziyan dəyməsi və dəymiş ziyanın aradan qaldırılması üçün, mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 2359.0 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə mütəmadi su axıdılması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə tərin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2075 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 41 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurlrın aradan qaldırılması üçüngörülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 577 manat məbləğində müəyyən edilir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi ekspertizası üzrə X1 161 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, 41 saylı mənzildə yerləşən antresol sahəsinə və mətbəx mebelinə ziyan dəyməsi və dəymiş ziyanın aradan qaldırılması üçün, mövcud bazar qiymətlərinə uyğun olaraq, təqribən 2359.0 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən edilir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə və iddiaçının tələb etdiyi məbləğlə razılaşaraq bu qənaətə gəlir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 19 saylı evin 41 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün Cavabdeh 2936.0 manat pul tutularaq İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmənin keçirdiyi ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 2936,0 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30.000 manat tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü büruzə verə bilər. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 30.000 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2936,0 (iki min doqquz yüz otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh tutularaq “X3” MMC-nin aşağıdakı hesabına köçürülsün: “X4” MMC, VOEN:**********, İBAN AZ94BRES********************, Bank Respublika ASC-nin “Nərimanov” filialı, kod: 513489, m/h AZ80NABZ**********0000014944, SWİFT: BRESAZ22. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-464/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-464/2024
23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver