Məhkəmə qərarları › İş №2(009)-50/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-50/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-50/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında 10 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 kv.m hissəsindən istifadə hüququna maneə yaradan hərəkətlərinə cavabdeh tərəfindən son qoyulması, iddiaçıya məxsus torpaq sahəsində kustar üsulla pilləkən və torpaq sahəsindən istifadəni məhdudlaşdıran həmin pilləkənin üst hissəsində özbaşına quraşdırılmış qapının cavabdehin hesabına sökülməsi və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsi, 1-ci döngə, 42 saylı sahə küçəsi, 12b saylı evin, 32 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24 noyabr 2017-ci il tarixli, rx seriyalı ******* saylı çıxarışına əsasən onun mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin reyestr nömrəsi **********57 olan a№ 191372 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki,, səbail rayonu, badamdar qəsəbəsi, köhnə bağlar küçəsi, 1-ci döngə, 42 saylı sahə küçəsi, 12b saylı evin, 32 saylı mənzilin sənəd üzrə faktiki sahəsi 0.06 ha təşkil edir. Bildirir ki, iddiaçının daşınmaz əmlakı cavabdehin daşınmaz əmlakına nisbətdə hündürdə yerləşir, torpaq sürüşməsinə məruz qalır, bununla da həyat və sağlamlıqlarının təhlükədə olması və maddi zərərə düşmək riskindədir. bununla bağlı müvafiq layihə əsasında istinad divarının çəkilməsinin məqsədəuyğunluğu bildirilmişdir. İddiaçı bu təhlükədən müdafiə olunmaq və sürüşmənin qarşısını almaq üçün cavabdehin mülkiyyətinə düşməyən sahədə və qanunvericiliyin tələblərinə uyğun istinad divari (dəmir-beton konstruksiyalı hasar) çəkməyə cəhd etmiş, lakin cavabdeh istinad divarının çəkilməsinə mane olmuşdur. cavabdehin istinad divarı çəkilməsinə mane olması qanunsuzdur, belə ki: 1. divar cavabdehin sahəsində çəkilmir; 2. onların öz mülkiyyətindəki sahədə divar tikmələri onların mülkiyyət hüquqlarının tərkib hissəsidir; 3. divarın çəkilməsi üçün işlər görülərkən, müvəqqəti olaraq güya onun sahəsinə girilməsi zərurəti varsa da, o buna şərait yaratmalıdır, çünki bu işlər müvəqqətidir, onların həyat, sağlamlıqları və əmlak mənafeləri zəruridir və bu halda cavabdehin «qonşuya dözmək» vəzifəsi yaranır. onun iddiaçıya yaratdığı maneə, görmək istədikləri işin məqsədlərinə adekvat deyil. Lakin artıq uzun müddətdir ki, cavabdeh tərəfindən istinad divarlarının və evin yan hissəsindən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində kustar üsulla pilləkan və torpaq sahəsindən istifadəni məhdudlaşdıran həmin pilləkanın üst hissəsində özbaşına qapı quraşdırmış və ona müraciət edilməyinə baxmayarq qanunsuz və özbaşına tikililəri sökməmiş, bununla da, mülkiyyətində olan torpaq sahədindən istifadəsinə maneə yaratmışdır. bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı tərəflərindən “X2” MMC-yə müraciət edilmiş və MMC-nin 16 may 2022-ci il tarixli 91 №li rəyindən görünür ki, naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 24 noyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı, **********57 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsi, 1-ci döngə, 42 saylı sahədə yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin yer səthi üzərində (naturada) hüdudları müəyyən edilmişdir. naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, 1-ci döngə, 42 saylı sahədə yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78.4 kv.m hissəsinin şərq tərəfində yerləşən qonşu torpaq istifadəçisinin faktiki hasar daxilində olan torpaq sahəsinin hüdudları daxilində olması müəyyən edilmişdir. müəyyyənləşdirilən torpaq sahəsinin coğrafi məkan göstəriciləri (koordinatları və ölçüləri) xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 1997-ci il tarixdən sözügedən qapı və pilləkən onun istifadəsindədir. İddiaçının öz evinə və həyətinə müstəqil şəkildə digər tərəfdən giriş-çıxışı vardır. Sözügedən pilləkənin mövcudluğu iddiaçının özünəməxsus həyətdən və evdən istifadəsinə heç bir maneçilik yaratmır. Əksinə pilləkənin sökülməsi onun hüquqlarını pozacaqdır. Belə ki, bundan sonra o, fərdi yaşayış evinə girişçıxış imkanını itirəcəkdir. Ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin çıxarışı və texniki pasportu yoxdur. Belə ki, hazırki vaxta kimi o, sözügedən əmlakları xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli 10/6239 saylı rəyindən görünür ki, 1-ci sual üzrə: iddiaçının faktiki istifadəsində 521,6 kv.m torpaq sahəsinin olduğu müəyyən edilir. 2-ci sual üzrə: Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 kv.m hissəsində iddiaçıya məxsus torpaq sahəsində taxta materialdan pilləkənin və həmin pilləkənin üst hissəsində quraşdırılmış qapının mövcud olduğu müəyyən olundu. 3-cü sual üzrə: Cavabdehin faktiki istifadəsində olan tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığına görə, qərardadın bu sualını cavablandırmaq mümkün olmadı. 4-cü sual üzrə: RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin 78,4 kv.m hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini nəzərə alaraq, mübahisəli pilləkənin və qapının quraşdırılmasının iddiaçının mülkiyyətində olan həmin hissədən istifadəyə məhdudiyyət yaradıldığı müəyyən edilir. Mübahisəli torpaq sahəsinə baxış keçirilərkən də müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin 78,4 kv.m hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin sahədə cavabdeh tərəfindən pilləkən və pilləkənin üst hissəsində qapı inşa edilmişdir. 16 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş ekspert E.Aslanlı vermiş olduğu rəyi müdafiə edərək əlavə olaraq ifadəsində göstərmişdir ki, məhkəməyə təqdim edilmiş vəsatətlə cavabdehin evinə və torpağına aid texniki pasport və çıxarış tələb edilsə də, cavabdeh tərəfindən həmin sənədlər təqdim edilməmişdir. İddiaçının evinə dair texniki pasport rəy verilməsi üçün vacib deyildir. Burada mübahisə iddiaçının torpaq sahəsi ilə cavabdehin evinin üst-üstə düşüb-düşməməsi ilə bağlıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid torpaq sahəsinin planında olan koordinat məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa olunmuş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir . Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, sökülməsi iddia edilən tikilinin mövcudluğu iddiaçının mülkiyyətindən sərbəst surətdə istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsində inşa olunmuş (pilləkən və qapı) tikilinin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Az. Resp. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə MPM-nin 115-ci və 119-cu maddələrinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 kv.m hissəsindən istifadə hüququna cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 kv.m hissəsində cavabdeh tərəfindən inşa edilən qanunsuz tikilinin (pilləkən və pilləkənin üst hissəsində quraşdırılmış qapı) sökülməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddia ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 10/6239 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar